Məhkəmə qərarları › İş №e-2(005)-2214/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2214/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2214/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən iddiaçı "Bank of Baku” ASC-nin xeyrinə 10557.63 manat məbləğində əsas borcun, 3968.9 manat məbləğində faiz borcunun, cəmi 14526.53 manat borcun və 134 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə "Bank of Baku” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 51 ay müddətinə, illik 22% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh "Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin "hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfindən ödənişlər aparılmışdır. Təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışında həmin ödənişlər nəzərə alınmışdır. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, CC/63239/66/19 nömrəli Nağd pul lahiyəsi müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 48 ay müddətinə illik 22% faiz ödəmək şərtlərlə 15.000 manat məbləğində kredit verməyi, Cavabdeh isə qeyd edilən məbləğdə krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit və ona hesablanmış faiz məbləğini qaytarmağı, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür; Kredit sazişinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh 48 ay ərzində hər ay 472.59 (sonuncu ay 480.50) manat ödəniş etməli idi; İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdehə banka olan bütün borc məbləğini tam olaraq 3 günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 gün müddətində ləğv etmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə 10557.63 manat əsas, 3968.9 manat faiz məbləğində borcu yaranmışdır; İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə 9737.03 manat əsas, 17.85 manat faiz məbləğində borcu yaranmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4836 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 12 dekabr 2018-ci il tarixli, CC/63239/66/19 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 20 aprel 2022-ci il tarixə banka olan borcu ümumilikdə 14491.58 manat məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2022-ci il tarixə 10535.11 manat əsas borc, 3956.47 manat faiz borcu məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 150 manat təşkil edir; İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 134 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, CC/63239/66/19 nömrəli Nağd pul lahiyəsi müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 48 ay müddətinə illik 22% faiz ödəmək şərtlərlə 15.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin sazişlə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüş və öhdəlikləri yerinə yetirmədiyindən banka borcu yaranmışdır. İddiaçı ASC Cavabdeh 10557.63 manat məbləğində əsas borcun, 3968.9 manat məbləğində faiz borcunun, cəmi 14526.53 manat borcun yarandığını iddia edir. İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 134 manat məbləğində dövlət rüsumunu da cavabdehdən tələb edir. Bundan başqa, İddiaçı ASC Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi tələbini də irəli sürmüşdür. Məhkəmə iddia tələbinin qeyd olunan hissəsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə bildiriş (xəbərdarlıq) göndərilərək kredit müqaviləsi üzrə yaranmış borc məbləğini tam olaraq 3 iş günü müddətində ödənilməsini tələb etmişdir, əks təqdirdə məhkəməyə və müvafiq icra qurumuna müraciət ediləcəyi bildirilmişdir. Bununla belə, məhkəmə cavabdehə ünvanlanmış bu bildirişi iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edilməsi kimi qiymətləndirir və belə qənaətə gəlir ki, iddiaçı hüquqi nəticə etibarı ilə müqavilənin ləğv edilməsi təklifi ilə cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit sazişi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin və onun tərkib hissəsi olan şərtlərin tələblərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, cavabdehin əsas və faiz borcu müəyyən edilərkən iddiaçı tərəfindən təqdim edilmiş və kredit müqaviləsi xx.xx.2022-ci il tarixinə mövcud olan borcu əks etdirən maliyyə arayışı əsas götürülməli, iddia tələbi əsas və faiz borcunun cavabdehdən tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 9737.03 manat əsas, 17.85 manat məbləğində faiz borcu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9737.03 manat əsas, 17.85 faiz borcu, habelə 134 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 9737.03 (doqquz min yeddi yüz otuz yeddi manat üç qəpik) manat əsas, 17.85 (on yeddi manat səksən beş qəpik) manat faiz, cəmi 9754.88 (doqquz min yeddi yüz əlli dörd manat səksən səkkiz qəpik) manat məbləğində borc, 134 (bir yüz otuz dörd) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar