Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2219/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 11080***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasının ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7333,31 manat əsas kredit borcu, 401,37 manat kreditdən istifadəyə görə faiz borcu və 29,55 manat cərimə borcu olmaqla, cəmi 7764,23 manat və iddianın verilməsi üçün ödənilmiş 97,65 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11080***-*******02L saylı, xx.xx.2022-cu il tarixli əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2032-ci il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh həmin əsas kredit limiti razılaşması çərçivəsində bankdan xx.xx.2025-ci il tarixədək qaytarmaq və illik 15 % ödəmək şərti ilə aldığı 9000 manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 08-dək ayda 312,09 manat ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcun məbləği əsas borc üzrə 7333,31 manat, faizlər üzrə 401,37 manat, cərimə üzrə 29,55 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehə poçt vasitəsilə pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc ondan məhkəmə qaydasında tutulmalıdır. İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11080***- *******20L saylı əsas kredit limiti razılaşmasının surətindən görünür ki, borc verən İddiaçı ASC borc alan Cavabdeh 120 ay müddətinə, illik minimum 15, maksimum 40% hesablanmaqla, 50000 manat məbləğində kredit limiti açmağı, borcalan isə borcu vaxtında və tam şəkildə kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür; - xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunun olması və onun 3 iş günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; - xx.xx.2022-xx.xx.2023-cü illər arasındakı dövr üçün Cavabdeh hesabından çıxarışdan görünür ki, kreditin karta köçürülməsi əsası ilə Cavabdeh hesabına 9000 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh əsas borcu 7333,31 manat, faiz borcu 401,37 manat, cərimə borcu 29,55 manat olmaqla, cəmi 7764,23 manat təşkil edir. - Dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin surətindən görünür ki, 97,65 manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2022-ci il tarixində tərəflər kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən İddiaçı ASC “borclu” Cavabdeh 9000 manat məbləğində kredit verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu hissə-hissə “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək kredit müqaviləsinin ləğv edilməsini və müqavilə üzrə yaranmış əsas borca görə 7333,31 manat, faiz borcuna görə 401,37 manat, cərimə borcuna görə 29,55 manat olmaqla, cəmi 7764,23 manat pulun və 97,65 manat dövlət rüsumunun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin bağlanması və İddiaçı ASC tərəfindən cavabdehə 120 ay müddətinə, illik 15 faiz olmaqla, 9000 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidir. Faiz borcunun məbləğinə gəlincə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən borcluya göndərilmiş 13 aprel 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən əsas borca görə 7333,31 manat, faiz borcuna görə 363,81 manat və cərimə borcuna görə 22,63 manat olmaqla, cəmi 7719,75 manat borcunun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. Qeyd olunmalıdır ki, daha əvvəl cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia faiz borcuna görə 401,37 manat pulun tutulması hissəsində qismən təmin edilməli, bildirişdə göstərilmiş məbləğdə, yəni 363,81 manat hissədə təmin edilərək borcludan tutulmalı, qalan hissədə isə təmin edilməməlidir. Cərimə borcu ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə, yəni 29,55 manat dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə iddia tələbinin “cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.2-ci maddəsi). Həmin Məcəllənin 421.3-cü maddəsinə görə isə müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarına görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Yuxarıda sadalanan qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun Qərarından da göründüyü kimi, digər tərəf müqavilədən irəli gələn öhdəliklərini icra etmədikdə müqavilənin tərəfi müqavilədən birtərəfli qaydada imtina etməklə müqaviləyə xitam verə bilər və bu halda müqavilə Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq ləğv edilmiş hesab olunur. Bu zaman əsas aydınlaşdırılmalı olan hal isə cavabdeh tərəfindən öz öhdəliyinin qanunauyğun şəkildə icra edilib-edilməməsinin müəyyənləşdirilməsidir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Hazırki iş materiallarından görünür ki, borclu müqavilə ilə müəyyənləşdirilmiş annuitet ödənişlərini dəfələrlə gecikdirməklə müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bununla da iddiaçının şərtləri pozulmuş kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Bu zaman iddiaçı tərəfindən öhdəliyin tam icra edilməsi barədə bildiriş göndərilməklə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilsə də, məhkəmə qeyd edir ki, bu hal gələcəkdə müqavilənin birtərəfli qaydada ləğvi ilə bağlı yarana biləcək mübahisələrin qarşısını almaq məqsədilə iddiaçının müqavilənin ləğv edilmiş hesab edilməsini məhkəmə qaydasında tələb etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən müqavilənin ləğvi ilə bağlı mübahisənin olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməli və müqavilə ləğv edilmiş hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11080***-*******20L saylı əsas kredit limiti razılaşması ləğv edilmiş hesab edilməli, Cavabdeh əsas borca görə 7333,31 manat, faiz borcuna görə 363,81 manat, cərimə borcuna görə 29,55 manat olmaqla, cəmi 7726,67 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 97,65 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11080***- *******20L saylı əsas kredit limiti razılaşması ləğv edilmiş hesab edilsin. Cavabdeh əsas borca görə 7333,31 manat, faiz borcuna görə 363,81 manat, cərimə borcuna görə 29,55 manat olmaqla, cəmi 7726,67 (yeddi min yeddi yüz iyirmi altı manat, altmış yeddi qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 97,65 (doxsan yeddi manat, altmış beş qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2219/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2219/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver