Məhkəmə qərarları › İş №e-2(005)-2220/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2220/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2220/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğvi və kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğvi və kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə İddiaçı ASC-nın arasında bağlanmış xx.xx.2019-ci il tarixli Rest № 011CASA192670005 saylı Güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3 Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 5184.06 manat məbləğində əsas kredit borcunun, 2.94 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 3.09 manat məbləğində hesablanmış cərimənin, cəmi 5190.09 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 91.66 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli Rest № 011CASA192670005 saylı Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh3 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 9643.24 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh1 ilə 011FİZAM10384408 saylı xx.xx.2019-cu il tarixli, Cavabdeh2 ilə 011FİZAM48082602 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış və onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh3 onunla bağlanmış Güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminləri Cavabdeh1, Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 xx.xx.2023-ci il tarixə İddiaçı ASC-yə 5184.06 manat məbləğində əsas kredit borcu, 2.94 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 3.09 manat məbləğində cərimə olmaqla, cəmi 5190.09 manat məbləğində borcu qalmaqdadır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, iddia tələbində qeyd edilən borcla razıdır və əvvəlki qaydada olduğu kimi hər ay 300 manat məbləğində borcu ödəyir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Rest № 011CASA192670005 saylı kredit müqaviləsindən görünür ki, restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə Cavabdeh3 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 9643,24 manat kredit verilmişdir. - 011FİZAM10384408 saylı xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin Cavabdeh1 verilmiş kreditin təminatı olaraq Cavabdeh3 ilə Bank arasında bağlanmış kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsulliyyət daşıyır. - 011FİZAM48082602 saylı xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin Cavabdeh2 verilmiş kreditin təminatı olaraq Cavabdeh3 ilə Bank arasında bağlanmış kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsulliyyət daşıyır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixinə yaranmış borcu 5184,06 AZN əsas, 2,94 AZN faiz, 3,09 AZN cərimə borcu təşkil edir. - 13 aprel 2023-cü il tarixli 02/245 №-li pretenziya məktubundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsinin ləğv edilməsi üçün 3 bank iş günü müddətində banka yaxınlaşması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, cavabdeh hər ay - beşinci aydır ki 300 manat ödədiyini bildirmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, bundan 200 manatı cədvəl üzrə kredit borcu, 100 manat isə gecikməyə görə ödəyir. Sonadək ödəməyi də öhdəlik olaraq üzərinə götürür. - Cavabdeh1 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh iddia tələbi üzrə qeyd olunan borcu məbləği ilə razı olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli Rest № 011CASA192670005 saylı kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə cavabdeh restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 5 il ərzində illik 1% olmaqla 9643,24 manat məbləğində kredit məbləği ilə təmin edilmişdir. Habelə qeyd olunan kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında eyni tarixli Zaminlik müqavilələri bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul edib, borcunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə cavabdeh tərəfindən icra edilmədiyi halda vaxtından əvvəl ləğv edilə bilər. Hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da o, müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi qanunverici öhdəliklərin təminatı olaraq zaminlik münasibətini müəyyən etmişdir. Hazırda iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Belə olan halda hazırki iddia tələbi üzrə müəyyən edilmiş öhdəliklər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada yönəlməlidir. Odur ki, cavabdehlərin iddiaçı qaşısında yerinə yetirilməmiş öhdəlikləri üzrə cavabdehlərdən 5184,06 manat əsas borc tutulmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə nəzərdə tutulmuş faiz dərəcəsinə görə hesablanan faiz borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Yuxarıda qeyd olunan hallara əsasən cavabdehlər tərəfindən müqavilə üzrə götürülmüş kreditə dair hesablanmış faizlər müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər müqavilə üzrə götürdükləri öhdəlikləri tam yerinə yetirməmişlər. Belə olan halda onlar əsas məbləğ üzrə qalıq borcları ilə bərabər hesablanmış faiz borclarını ödəməlidirlər. Odur ki, hazırda iddia tələbi üzrə 2,94 AZN faiz borcu hissəsi cavabdehlərdən tutulmalıdır. Məhkəmə iddia tələbinin 3,09 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 3,09 manat cərimənin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli, iddia tələbinin tam təmin olunması və cavabdehlərin dövlət rüsumundan azad olması hallarının məhkəmə tərəfindən müəyyən olunmaması nəzərə alınaraq, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 91,66 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Rest № 011CASA192670005 saylı kredit müqaviləsi ləğv edilməli və həmin kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 5184,06 (beş min yüz səksən dörd manat altı qəpik) manat əsas, 2,94 (iki manat doxsan dörd qəpik) manat faiz, 3,09 (üç manat doqquz qəpik) manat cərimə olmaqla, cəmi 5190,09 (beş min yüz doxsan manat doqquz qəpik) manat və iş üzrə ödənilmiş 91,66 (doxsan bir manat altmış altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Rest № 011CASA192670005 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Rest № 011CASA192670005 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5184,06 (beş min yüz səksən dörd manat altı qəpik) manat əsas, 2,94 (iki manat doxsan dörd qəpik) manat faiz, 3,09 (üç manat doqquz qəpik) manat cərimə olmaqla, cəmi 5190,09 (beş min yüz doxsan manat doqquz qəpik) manat və iş üzrə ödənilmiş 91,66 (doxsan bir manat altmış altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar