Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2223/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (açar sözlər: borcun etirafı haqqında müqavilə; iddia müddəti; borcun vərəsələrdən tutulması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Cavabdeh2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6.850 (altı min səkkiz yüz əlli) manat müqavilə üzrə borc, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumu 91 (doxsan bir) manat olmaqla cəmi 7.241 (yeddi min iki yüz qırx bir) manat məbləğin, İddiaçı xeyrinə tutuluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə arasında xx.xx.2021-ci il tarixli borcun etirafı müqaviləsi imzalamışlar. Həmin borc müqaviləsinə əsasən Maraqlı şəxs 6850 (altı min səkkiz yüz əlli) manat borc pul vermişdir. Borç müqaviləsinə əsasən Maraqlı şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq 3 (üç) il müddətində pulu geri qaytarmağını öhdəsinə götrürmüşdür. Lakin, müqavilənin imzalanmasından uzun müddət keçməsinə baxmayaraq, ona olan borc geri qaytarılmamışdır. Müqavilə üzrə borclu Maraqlı şəxs vəfat etmişdir. Onun qanun üzrə üç vərəsəsi və həmin vərəsələrin əməli istifadəsinə olan öləndən miras qalmış daşınmaz əmlak aşkar edilmişdir. Qanun üzrə vərəsələr miras əmlaka vərəsəliklə əldə etdikləri mülkiyyət hüquqlarını qeydiyyata almasalar da, miras əmlakı faktiki qəbul etmişlər və onların əməli istifadəsindədir. Bu baxımdan miras qoyanın borcları da miras əmlakı həcmində ödənilməsi onlara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında nümayiş etdirilən mövqeyə görə miras əmlakdan imtina edildiyi halda vərəsə mirası qəbul etməmiş hesab olunur. Mirasdan imtina isə notariat qaydada təsdiq edilməsi tələb olunur. Həmin qərarda xüsusilə vurğulanmışdir ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. X1 Məhkəməsinin Plenumu qeyd edir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, cavabdehlərdən iddiaçının xeyrinə 6850 manat əsas borc və 89 (səksən doqquz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Cavabdehlər, habelə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə yazılı formada iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi mərhum Maraqlı şəxs ilə hazırki iddia tələbi üzrə İddiaçı arasında 07 fevral 2013-cü il tarixində kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 6850 (altı min səkkiz yüz əlli) manat pul məbləği mərhum Maraqlı şəxs verilmiş və 01 noyabr 2014-cü il tarixinədək geri ödənilməsi nəzərdə tutulmuşdur. Daha sonra 02 fevral 2021-ci il tarixində əvvəlki kredit müqaviləsinin tərəfləri arasında borcun etirafı müqaviləsi imzalanmışdır. İddia ərizəsində 07 fevral 2013-cü il tarixli kredit müqaviləsinə qəsdən toxunulmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddia müddəti 01 noyabr 2017-cü il tarixində bitmişdir. Həmin tarixə qədər İddiaçı mərhum Maraqlı şəxs qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda bunu etməmişdir. Bundan əlavə, həmin müddətdə məhkəməyə hansı səbəbdən müraciət etmədiyini sübuta yetirilməsini müəyyən edən faktları (sübutları) məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edir ki, iddia müddətinin tətbiqi tərəflər arasında bağlanmış kredit müqaviləsinə tətbiq edilməlidir. Belə ki, tərəflər arasında münasibətlərin ilkin və əsas mərhələsi həmin tarixdə olmuşdur. İddiaçı iddia ərizəsində cavabdehləri düzgün müəyyən edə bilməmişdir. Belə ki, iddia ərizəsinin mətnindən görünür ki, mərhum Maraqlı şəxs ilə hazırki iddia tələbi üzrə İddiaçı arasında 07 fevral 2013-cü il tarixində kredit müqaviləsi bağlanılmışdır. Daha sonra 02 fevral 2021-ci il tarixində əvvəlki kredit müqaviləsinin tərəfləri arasında borcun etirafı müqaviləsi imzalanmışdır. İddiaçı cavabdehlər siyahısının məhz Kərimov Səfər Oktay oğlu, Cavabdeh2 Oktay qızı və Cavabdeh3 ibarət olmasını sübuta yetirə bilməmişdir. İddia ərizəsində miras kütləsinin məhz cavabdehlər arasında necə və hansı qaydada bölüşdürülməsini, miras payının cavabdehlərə aid olmasını sübuta yetirən heç bir sənəd(lər) mövcud deyildir. Belə olan halda görünür ki, iddiaçı ilk növbədə pul tələbinə dair iddia ərizəsi üzrə cavabdehləri düzgün müəyyən etməli və daha sonra iddia ərizəsi üzrə müvafiq instansiya məhkəməsinə müraciət etməli idi. İddiaçı cavabdehlər Kərimov Səfər Oktay oğlu, Cavabdeh2 Oktay qızı və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras kütləsinin faktiki qəbul edilməsini və mərhum Maraqlı şəxs məxsus əmlakın cavabdehlərə aid olmasını iddia etmişdir. İlk növbədə qeyd edək ki, həmin əmlak faktiki və ya rəsmi formada miras kütləsinə aid edilməmiş və ya qəbul edilməmişdir. Əgər iddiaçı həmin əmlakın cavabdehlər tərəfindən faktiki qəbul edilməsini iddia edirsə, miras kütləsinin faktiki qəbul edilməsini sübuta yetirməlidir. Cavabdehlərin həmin əmlakda qeydiyyatda olması heç də onların miras əmlakının faktiki qəbul edilməsini şərtləndirmir. Belə ki, cavabdehlərdən heç biri həmin əmlakı faktiki olaraq da qəbul etməmişdir. 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. İş materiallarından göründüyü kimi, həmin əmlakın faktiki olaraq məhz cavabdehlər tərəfindən qəbul edilməsini şərtləndirən amillər və sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, miras kütləsi cavabdehlər arasında bölüşdürülməsi müəyyən olunmadığından mərhum Maraqlı şəxs borcunun da onun hüquqi varisləri arasında bölüşdürülməsini müəyyən etmək qeyri-mümkündür. Çünki, əmlakın faktiki olaraq hansı cavabdehlər tərəfindən və hansı hissədə qəbul edilməsi müəyyən edilməmişdir. Buna görə də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, atası ilə iddiaçı arasında 2013-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. İddiaçı ilə nə özünün, nə də atasının qohumluq əlaqəsi olmayıb. Hansı marağa görə iddiaçının atasına pul verdiyini bilmir. 2013-cü ildə tərəflər arasında 1 illik müqavilə bağlanıb və düşünür ki, 2014-cü ilədək atası həmin pulu qaytarıb. 2014-cü ildən bugünədək iddia müddəti bitib. Hal-hazırda borcun etirafı müqaviləsi mövcud deyil. Atası xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra cavabdeh atasını məhkəməyə vermişdir. Atası həmin borcu ödəmişdir. Hazırda tələb olunan borcu ödəməyə də imkanları yoxdur. Çünki ailədə yalnız özü işləyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, etiraz ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - İddiaçı və Maraqlı şəxs arasında bağlanmış 07 fevral 2013-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Əliyeva X2 Oktay Səfər oğluna 6850 (altı min səkkiz yüz əlli) AZN məbləğində pul verdi. Həmin borc pul xx.xx.2014-cü il tarixinədək İddiaçı tam qaytarılmalıdır. Maraqlı şəxs borcu vaxtında ödəməzsə, İddiaçı həmin müqaviləsi üzrə iddia qaldırmaq hüququna malikdir. - İddiaçı və Maraqlı şəxs arasında Bakı şəhəri 22 saylı notariat ofisində bağlanmış 02 fevral 2021-ci il tarixli borcun etirafı müqaviləsindən görünür ki, Maraqlı şəxs etiraf edir ki, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, 22 saylı notariat kontorunda reyestrdə 3M/26 nömrə ilə qeyd olunaraq təsdiqlənən kredit müqaviləsi üzrə İddiaçı 6850 AZN (altı min səkkiz yüz əlli manat) borc pul məbləği almışdır. Həmin məbləği xx.xx.2021-ci il tarixindən başlayaraq 3 (üç) il müddətində geri qaytarmağı öhdəsinə götürür. İddiaçı xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, 22 saylı notariat kontorunda reyestrdə 3M/26 nömrə ilə qeyd olunaraq təsdiqlənən kredit müqaviləsi üzrə Maraqlı şəxs borc verdiyi 6850 AZN (altı min səkkiz yüz əlli manat) borc pul məbləğini xx.xx.2021-ci il tarixindən başlayaraq 3 (üç) il müddətində qəbul etməyi öhdəsinə götürür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 22888/2024 saylı məktubla xx.xx.1995-ci il tarixdən Maraqlı şəxs mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi ev 52, mənzil 10 ünvanına dair müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. - “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin, tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı və Maraqlı şəxs arasında bağlanmış 07 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən sonuncuya 6850 manat məbləğində pul verilmişdir. Bundan sonra İddiaçı və Maraqlı şəxs arasında notariat ofisində 02 fevral 2021-ci il tarixli borcun etirafı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Maraqlı şəxs kredit müqaviləsi üzrə İddiaçı 6850 manat borc pul məbləği aldığını etiraf etmiş, həmin məbləği xx.xx.2021-ci il tarixindən başlayaraq 3 (üç) il müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qeyd olunan borcun mərhum Maraqlı şəxs övladları - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və həyat yoldaşı - Cavabdeh3 müştərək qaydada tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. -882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. -882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Hazırki mülki iş üzrə iddiaçı və mərhum Maraqlı şəxs arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 6850 manat məbləğində borc pul verilmişdir. Maraqlı şəxs həmin borcu xx.xx.2014-cü il tarixinədək iddiaçıya qaytarmağı öhdəsində götürmüşdür. Bununla belə kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc qeyd olunan tarixədək iddiaçıya geri qaytarılmamışdır. Göründüyü kimi, iddiaçı ilə Maraqlı şəxs arasında tərtib edilmiş müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə Maraqlı şəxs borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, Maraqlı şəxs isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Digər tərəfdən iddiaçı və Maraqlı şəxs arasında 6850 manat məbləğində borc olması barədə borcun etirafı müqaviləsi mövcuddur, mərhum Maraqlı şəxs sözügedən borcun etirafı barədə müqaviləni imzalamaqla iddiaçıya 02 fevral 2021-ci il tarixə olan borcunu 6850 manat həcmində etiraf etmiş, həmin məbləği xx.xx.2021-ci il tarixindən başlayaraq 3 il müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. Qanunvericiliyə əsasən, borcun, öhdəliyin yaranmasına əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Yazılı şəkildə tərtib edilmiş və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş borcun etirafı haqqında müqaviləyə əsasən borclu başlıca əqddən irəli gələn müəyyən borcu etiraf edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Maraqlı şəxs borcun etirafı müqaviləsi ilə 6850 manat məbləğində borc öhdəliyinin yarandığını aşkar və anlaşılan şəkildə, həmçinin yazılı formada bəyan etmişdir. Borc müqaviləsi üzrə borc verənin borc verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. Mübahisələndirilən məbləğdə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 qeyd olunan borc məbləğinin atası tərəfindən iddiaçıya qaytarıldığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu barədə izahatı özü-özlüyündə iddianın tam və ya qismən əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. İş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Cavabdeh borcun qaytarıldığını bildirsə də, borcun ödənilməsinə (tam və ya qismən) dair sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdehin izahatında qeyd etdiyi hal mövcud sübutlarla təsdiq olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 558.1 -ci maddəsinin tələbinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. - 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. - 1313-cü maddəsinə əsasən, tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. - 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. -1301.1-ci maddəsinə əsasən, Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. - 1301.2-ci maddəsinə əsasən, əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə formalaşdırılmış hüquqi müvqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli Qərarında qeyd edilir ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Mirasdan imtina şəxsin konstitusiya ilə təmin olunan vərəsəlik hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada - notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Hazırki iş üzrə borc, habelə borcu etirafı müqaviləsini bağlamış Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun qanun üzrə birinci dərəcəli vərəsələri olan övladları Cavabdeh1, Cavabdeh2 və həyat yoldaşı Cavabdeh3 miras qoyandan qalmış mirasdan imtina etmədiklərindən universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini qəbul etmiş olur. Qanunvericiliyə görə şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi (onun əsasında bağlanmış borcun etirafı müqaviləsi) üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, Maraqlı şəxs vəfatı ilə onun əmlak xarakterli öhdəliklərinə xitam verilmədiyindən və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməli olduğundan, iddiaçı cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehlərin iddia müddətinin ötürülməsi ilə bağlı dəlillərinə münasibətdə isə hesab edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Belə ki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. Həmin Qərara əsasən, mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddiaçı və mərhum Maraqlı şəxs arasında bağlanmış 07 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən borc pulun xx.xx.2014-cü il tarixinədək İddiaçı tam qaytarılmalı olduğu razılaşdırılmışdır. Bundan sonra tərəflər arasında 02 fevral 2021-ci il tarixli borcun etirafı müqaviləsi bağlanmış, Maraqlı şəxs xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, 22 saylı notariat kontorunda reyestrdə 3M/26 nömrə ilə qeyd olunaraq təsdiqlənən kredit müqaviləsi üzrə İddiaçı 6850 manat borc pul məbləği aldığını etiraf edərək, həmin məbləği xx.xx.2021-ci il tarixindən başlayaraq 3 il müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı qeyd olunan borcun etirafı müqaviləsinə əsasən 6850 manat məbləğin cavabdehlərdən öz xeyrinə tutulmasını xahiş edir. Yəni iddiaçının tələbi Maraqlı şəxs ilə arasında bağlanmış borcun etirafı müqaviləsinə əsaslanır. Qeyd olunan müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış, borcun qaytarılmalı olduğu son tarix – xx.xx.2024-cü il tarixi olaraq razılaşdırılmışdır. Yəni, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən 3 illik iddia müddətinin axımı müvafiq olaraq həmin andan – xx.xx.2024-cü il tarixdən başlamışdır. İddiaçı tərəfindən isə xx.xx.2024-cü il tarixdə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və cavabdehlərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən təmin edilmiş iddianın həcmi nəzərə alınmaqla iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 89 (səksən doqquz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6850 (altı min səkkiz yüz əlli) manat borc və 89 (səksən doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216-220, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6850 (altı min səkkiz yüz əlli) manat borc və 89 (səksən doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2223/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2223/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver