Məhkəmə qərarları › İş №e-2(005)-2229/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2229/2025

11.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2229/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən avtonəqliyyat hadisəsi nəticəsində ona dəymiş 18336 manat maddi zərərin, Cavabdeh1 ödənilmiş 149 manat dövlət rüsumunun və hüquqi xidmətə görə 1000 manat pulun, ümumilikdə 19336 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəmə ərizə ünvanlayaraq əsl olmayan cavabdeh “X10” MMC-nin əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Seyfəddin Bağırovun xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə saat 23:18 radələrində idarə etdiyi (Vöen -**********), "X10" MMC-yə məxsus “Karsan” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ilə üzü Binəqədi kəndi istiqamətində hərəkətdə olan zaman Binəqədi şossesi ilə Zəngəzur küçəsinin kəsişməsində işıqforun qırmızı işığında dayanmayaraq hərəkətə davam etmiş, bu zaman Binəqədi rayonu Zəngəzur küçəsindən işıqforun yaşıl işığında üzü Binəqədi şossesi istiqamətində hərəkətə başlayan “Opel Corsa” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun orta hissəsində vurmuş, zərbədən “Opel-Corsa” markalı avtomobil Zəngəzur küçəsindən işıqforun yaşıl işığında hərəkətə başlayan “Changan” markalı **-YL- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə və “Hunday Santa fe” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zəncirvari qəza yaratmış və nəticədə “Changan” markalı avtomobilin sürücüsü X5 müxtəlif dərəcəli bədən xəsrətləri almış, “Opel-Corsa” markalı avtomobilin sürücüsü X2 və həmin avtomobildə sərnişin olan X3 isə almış olduqları xəsarətlərdən hadisə yerində vəfat etmişdirlər. Qeyd olunan hadisə nəticəsində mülkiyyətində olan “X11” minik markalı, universal tipli, KMHST81CDDU201629 ban nömrəli, tünd boz metalik rəngli, 2013-cü il istehsal illi, **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə külli miqdarda 18336 manat məbləğində maddi ziyan dəymişdir. Maddi ziyanla bağlı “Auto Azərbaycan” şirkəti tərəfindən ehtiyat hissələrinin növləri və qiymətləri barədə AA041/1275 nömrəli qiymətləndirilmə aktı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil qiymətləndirmə rəyinə etirazının olmadığını, ƏDV-nin hesablanmalı olduğunu bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X4 bildirmişdir ki, hadisə olan zaman Cavabdeh1 onların işçisi olmuş və avtobus onların şirkətinə məxsus olmuşdur. Tələb olunan maddi zərərin qiymətləndirmə rəyi ilə müəyyən olunmuş məbləğdə tutulması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X12” markalı, **- KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən etibarən İddiaçı mülkiyyətindədir; - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1426/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir; -"xxxx" MMC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, “X12” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 18336 manat məbləğində zərər vurulmuşdur; - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “X12” markalı, **-KN- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) 11300 manat müəyyən olunmuşdur. Qiymətləndirmə xərci 350 manat təşkil etmişdir. İddiaçı tərəfindən 200 manat ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı məxsus “X12” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-yə məxsus “Karsan” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobus tərəfindən vurulmuş və nəticədə iddiaçının avtomobilinə ciddi ziyan dəymişdir. İddiaçıya məxsus nəqliyyat vasitəsinə zərər vurulmasında Cavabdeh2 MMC-yə məxsus “Karsan” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü digər Cavabdeh1 təqsirli olması, sürücünün hadisə baş verən anda "xxxx" MMC-nin işçisi olması, hadisənin baş verdiyi anda avtobusun icbari sığortasının olmaması işin mübahisələndirilməyən hallarıdır. Hazırda iddiaçı dəymiş zərərin əvəzinin nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh2 MMCdən, vəkilin göstərdiyi xidmətə görə ödənilmiş xərcin isə avtobusun sürücüsü olan Cavabdeh1 tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir (bəzi hallar istisna təşkil edir). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı məxsus nəqliyyat vasitəsi sürücü Cavabdeh1 yol vərəqəsi əsasında idarə etdiyi Cavabdeh2 MMCyə məxsus “Karsan” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobus tərəfindən vurulmaqla, iddiaçının avtomobilinə zərər dəymiş, həmçinin ehtiyatsızlıqdan bir neçə şəxsin ölümünə səbəb olmuşdur. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdeh şirkətin sürücüsünün qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Hadisənin Cavabdeh2 MMC-yə məxsus nəqliyyat vasitəsi ilə törədilməsi və nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə əhəmiyyətli dərəcədə maddi zərər dəyməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1426/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü yol hərəkəti qaydalarının pozulması faktı təsdiq olunmuş, avtobusun sürücüsü olan Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun....İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Məhkəmə qeyd olunanlara əsaslanaraq və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, işçisi Cavabdeh1 səbəb olduğu zərərə görə avtomobilin qanuni sahibi və digər cavabdehin işəgötürəni olan Cavabdeh2 MMC Mülki Məcəllənin 1099 və 1108.1-ci maddələrinə uyğun olaraq məsuliyyət daşıyır və iddiaçı nəqliyyat vasitəsinə vurulmuş zərəri cavabdeh Çinar-Trans” MMC-dən tələb etməkdə haqlıdır. Tələb edilmiş maddi zərərin məbləği ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş zərərin hesablanması aktına əsasən “X12” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 18336 manat məbləğində müəyyən edilmişdir. İddiaçı həmin məbləğin cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmə tərəfindən keçirilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən göründüyü kimi “X12” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 11300 manat (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) müəyyən olunmuşdur. Qeyd olunan məbləğə ƏDV əlavə edildikdə (18 %) ümumi zərər 13334 manat təşkil edir. Bu baxımdan məhkəmə hesab edir ki, vurulmuş zərərə görə məhkəmə tərəfindən keçirilmiş qiymətləndirmə rəyinə uyğun olaraq, ƏDV əlavə edilməklə, 13334 manat pul Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı avtobusun sürücüsünü və MMC-ni cavabdeh qismində cəlb etsə də, zərərin ancaq MMC-dən tutulmasını xahiş edir. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, vəkilin göstərdiyi xidmətə görə 1000 manat məbləğində pulun ödənilməsi ilə bağlı sübut təqdim edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 148 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının həmin xərcin cavabdehlərdən tutulması xahişi nəzərə alınaraq, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 148 manat pulun 102 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin əsas iddia tələbi "xxxx" MMC-yə yönəldiyindən və qiymətləndirmə xərci olan 350 manat məbləğində pulun 200 manatı iddiaçı tərəfindən ödənildiyindən qeyd olunan məbləğ cavabdehlər "xxxx" MMC-dən tutularaq iddiaçının xeyrinə, qalan 150 manat pul isə "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 MMC-dən vurulmuş maddi zərərə görə 13334 manat, iddiaçı tərəfindən ödənilmiş qiymətləndirmə xərcinə görə 200 manat olmaqla, cəmi 13534 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 148 manat pulun 102 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən vurulmuş maddi zərərə görə 13334 manat, iddiaçı tərəfindən ödənilmiş qiymətləndirmə xərcinə görə 200 manat olmaqla, cəmi 13534 (on üç min beş yüz otuz dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 148 manat pulun 102 (yüz iki) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndirmə tədqiqatının dəyərinin qalan hissəsi olan 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına (hesab/İBAN AZ74RBTA********************, Rabitə Bank ASC, KOD 507280, müxbir hesab AZ61NABZ********************, SWİFT RBTAA722) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar