Məhkəmə qərarları › İş №e-2(005)-224/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-224/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-224/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 001CASA193320008 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 14480,22 manat əsas kredit borcu və 1819,05 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 16299,27 manat və 138,90 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 001CASA193320008 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2022-ci il tarixədək illik 25% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 16000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 001CASA193320008 saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh2 001CASA193320008 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 001CASA193320008 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin 001CASA193320008 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2022-ci il tarixinə 14480,22 manat əsas kredit borcu və 1819,05 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 16299,27 manat borclu qalmaqdadır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001CASA193320008 saylı kredit müqaviləsinə əsasən borc verən İddiaçı ASC borc alan Cavabdeh2 xx.xx.2022-ci il tarixədək illik 25% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 16000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001CASA193320008 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2019cu il tarixli, 001CASA193320008 nömrəli kredit müqaviləsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank qarşısında borcalanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyır; xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 16000 manat pul Cavabdeh2 ödənilmişdir; İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 14480,22 manat əsas, 1819,05 manat faiz borcu olmaqla, cəmi 16299,27 manat borcu yaranmışdır; İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, onlar borcun 3 iş günü müddətində ödənilməsi barədə xəbərdar olunmuşlar; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 138,90 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1553-5/1379 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC və Cavabdeh1 adlarına olan xx.xx.2019-cu il tarixli, 001FİZAM67733702 saylı zaminlik müqaviləsinin sonunda “5.2 “Zamin”” hissəsində “İmza” qrafasında “Cavabdeh1” yazıları və həmin yazıların qarşısındakı imza – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh2 kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh1 ilə bağlanan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh1 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tutulmasını məhkəmədən xahiş edir. İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə cavabdeh - Cavabdeh2 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh - Cavabdeh1 (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh2 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 14480,22 manat əsas, 1819,05 manat faiz borcu yaranmışdır. Digər Cavabdeh1 isə xx.xx.2019-cu il tarixində bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Məhkəmə iddia tələbinin “Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 001CASA193320008 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi” hissəsində qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, 001CASA193320008 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, müqavilə üzrə öhdəliklərin icrasının son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Hazırda həmin müddət ötdüyündən və müqavilənin müddəti bitdiyindən kredit müqaviləsinin ləğv edilməsi zərurəti aradan qalxmışdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyərinin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 zaminlik müqaviləsindəki imzaların ona məxsus olmadığını bildirmiş və xəttşünaslıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Lakin aparılmış tədqiqat nəticəsində imzaların Cavabdeh1 aid olduğu müəyyən edilmişdir. Bu səbəbdən ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul əlavə məhkəmə xərclərinin yaranmasına səbəb olan Cavabdeh1 tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 14480,22 manat əsas, 1819,05 manat faiz borcu olmaqla, cəmi 16299,27 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 138,90 manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 200 manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 14480,22 manat əsas, 1819,05 manat faiz borcu olmaqla, cəmi 16299,27 (on altı min iki yüz doxsan doqquz manat, iyirmi yeddi qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 138,90 (yüz otuz səkkiz manat, doxsan qəpik) manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 200 manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar