Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2243/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 2923 manat əsas borc, 198,54 manat cari faiz borcu və 177,03 manat cari dəbbə borcu olmaqla, cəmi 3298,57 manat kredit borcunun və 53,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı” X2 ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2023-cü il tarixli, GARA-18573- 22190 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik 20% faizlə 36 ay müddətinə 3 750.00 (üç min yeddi yüzəlli) manat kredit verilmiş və kreditin aylıq 139.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-dən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 15 fevral 2023-cü il tarixli, GARA-18573-22190+BAKU1-65883 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Cavabdeh1 18 aprel 2024-cü il tarixinədək verilmiş kredit üzrə 2 923.00 manat əsas borc, 198.54 manat cari faiz borcu və 177.03 manat cari dəbbə borcu olmaqla, cəmi 3 298.57 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Cavabdeh2 nümayəndəsi (vəkili) X5 xx.xx.2024-cü il tarixində EMİS vasitəsilə məhkəməyə iddia tələbinə yazılı etiraz təqdim edərək iddiaçı "xxxx" MMC-nin cavabdehlər X3 və zamini Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” üzrə iddia ərizəsi Cavabdeh2 münasibətdə təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi olduqca şişirdilmişdir və reallığı əks etdirmir. Cavabdeh X4 onu banka aparanda demişdir ki, o yalnız formal olaraq onu tanımağı barədə iltizama imza edəcəkdir. Zaminlik müqaviləsini bağladığını yalnız iddia ərizəsi ona təqdim olunandan sonra peşakar hüquqşünasların vasitəsilə bilmişdir. O vaxta qədər həmin müqavilənin hüquqi nəticələri barədə məlumatlı olmamışdır. Həmçinin qeyd etmək istəyir ki, o Azərbaycan dilini olduqca pis bilir. Məhkəmə iclasında iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, müqavilə müddəti hazırda bitməmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubunda faiz borcu 141 manat təşkil edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh1 "xxxx" BOKT MMC ilə xx.xx.2023-cü il tarixdə Ərizə əsasında aylıq faiz dərəcəsi 20% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3750 (üç min yeddi yüz əlli manat) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli GARA-18573-22190 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 15 fevral 2023-cü il tarixli, GARA-18573-22190 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 139 manat, xx.xx.2026-cı il tarixdə isə 158,60 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli, GARA-18573-22190+BAKU1- 65883 saylı Zaminlik Müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə “Borcalan ”Cavabdeh1 arasında bağlanan 15 fevral 2023-cü il tarixli GARA-18573-22190 saylı kredit müqaviləsi əsasında ona veriləcək 3750 AZN məbləğində kreditlə əlaqədar olaraq Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin" - Cavabdeh2 “Borcalan" ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 15 fevral 2023-cü il tarixli, GARA-18573-22190 saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC xx.xx.2024-cü il tarixinə 2923 manat əsas, 141,71 manat faiz, 77,04 manat cərimə borcu olmaqla, 3141,75 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1, Cavabdeh2dən 15 fevral 2023-cü il tarixli, GARA-18573-22190 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 "xxxx" BOKT MMC –yə ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və 15 fevral 2023-cü il tarixli, GARA-18573-22190 saylı müqavilənin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2024-cü il (pretenziya məktubu), xx.xx.2024-cü il (maliyyə arayışı), və xx.xx.2024-cü il (ekspert rəyi) tarixlərə banka olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilir. O cümlədən: xx.xx.2024-cü il (pretenziya məktubunun tarixinə) tarixə əsas borc üzrə - 2919,26 manat faiz borcu üzrə - 121,64 manat xx.xx.2024-cü il (maliyyə arayışının tarixinə) tarixə əsas borc üzrə - 2919,26 manat faiz borcu üzrə - 178,40 manat xx.xx.2024-cü il (ekspert rəyinin verildiyi tarixə) tarixə əsas borc üzrə - 2919,26 manat faiz borcu üzrə - 420,05 manat. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər 15 fevral 2023-cü il tarixli, GARA-18573-22190 saylı kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən iddiaçı MMC “borclu” Cavabdeh1 3750 manat məbləğində kredit verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu hissə-hissə “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehlərin öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək 15 fevral 2023-cü il tarixli, GARA-18573-22190 saylı müqavilə üzrə yaranmış əsas borca görə 2923 manat, faiz borcuna görə 198,54 manat, cərimə borcuna görə 177,03 manat olmaqla, cəmi 3298,57 manat pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Eyni zamanda “borclu” Cavabdeh1 15 fevral 2023-cü il tarixli, GARA-18573-22190 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq “zamin” Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixdə Zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, kredit müqaviləsinin bağlanması və iddiaçı MMC tərəfindən cavabdehə 36 ay müddətinə, illik 20 % olmaqla 3750 manat məbləğində kredit verilməsi, həmin kredit müqaviləsinin zaminin öhdəliyi ilə təminat verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə mötəbər sübut olan ekspert rəyini əsas götürərək hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə ödənilməmiş əsas borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə qeyd edir ki, cavabdehlərdən iddiaçının xeyrinə ekspertiza rəyində göstərilən məbləğdə, yəni 2919,26 manat əsas borc tutulmalıdır. Faiz borcunun məbləği ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının cavabdehə borcun tam qaytarılması haqqında borcluya borcu tələb edilməsi barədə xəbərdarlıq etməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Bu baxımdan məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, iddia 15 fevral 2023-cü il tarixli, GARA-18573-22190 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 198,54 manat pulun tutulması hissəsində qismən təmin edilməli, ekspert rəyində göstərilən məbləğdə, yəni 121,64 manat hissədə, təmin edilərək borcludan tutulmalı, qalan hissədə isə təmin edilməməlidir. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 177,03 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 100 manata endirilməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddia tələbi üzrə tutulmalı məbləğin zamin Cavabdeh2 münasibətdə əsaslı hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir. Digər Cavabdeh2 oğlu xx.xx.2023-cü il tarixində kredit təşkilatı ilə bağladıqları zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində MMC qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliklərinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidirlər. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə həmçinin zaminlik müqaviləsinin etibarsız olması ilə bağlı Cavabdeh2 mövqeyinə münasibətdə aşağıdakıları qeyd edir. Müqavilənin etibarsızlığına dair iddialara baxılarkən sübutetmə yükü bağlanmış müqavilənin etibarsız olduğunu iddia edən tərəfin üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə müəyyən və konkret şərtlər nəzərdə tutulsa da, məhkəmə tərəfindən işin faktiki halları və iş materialları araşdırılarkən, bu cür şərtlərin hazırkı mülki mübahisədə mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilənin etibarsızlığı üçün qanunvericilikdə müəyyən edilmiş əsasların mövcudluğuna dair hazırkı iş üzrə sübutetmə yükü üzərinə düşən iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən, sözügedən müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Göründüyü kimi, hazırda mübahisələndirilən müqaviləyə münasibətdə müqavilənin etibarsızlığı barədə dəlili cavabdeh tərəfindən əsaslandırılmamış, mübahisələndirilən əqdin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmiş və etibarsızlıq şərtlərinin mövcudluğu aşkarlanmamışdır. Bütün bu deyilənlərin mövcudluğu isə cavabdehin dəlillərinin əsassızlığı üçün əsas yaradır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15 fevral 2023-cü il tarixli, GARA- 18573-22190 saylı kredit müqaviləsi üzrə 2919,26 manat əsas, 121,64 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, ümumilikdə 3140,9 manat pul vəsaiti iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 53,40 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa ekspertiza xərci olan 145 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15 fevral 2023-cü il tarixli, GARA-18573- 22190 saylı kredit müqaviləsi üzrə 2919,26 manat əsas, 121,64 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, ümumilikdə 3140,9 manat pul vəsaiti və 53,40 manat dövlət rüsumu iddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 manat Cavabdeh1 və Cavabdeh2 tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2243/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2243/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver