Məhkəmə qərarları › İş №e-2(005)-225/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-225/2023

07.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-225/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7528,80 manat məbləğində sığorta ödənişinin, 95.29 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının, cəmi 7624.49 (yeddi min altı yüz iyirmi dörd manat, qırx doqquz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia tələbini Mülki Məcəlləsinin 21, 385.1, 430.1, 448.1, 459.1, 936.1, 936.2, 936.5, 1097, 1108.1, 1108.2 və 1114-cü maddələrinə istinadən onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Ş.Qurbanov küçəsində həmin vaxt Cavabdeh1 mülkiyyətində olmuş “Mercedes Benz” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də MİB-HO-0261/08 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış “Mitsubishi Lancer” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 3(004)-779/20l2 saylı inzibati xəta haqqında iş üzrə Qərarına əsasən Cavabdeh2 AR İXM-in 151.5-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarəetmə hüququ 4 ay müddətinə məhdudlaşdırılmışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün ASC tərəfindən 7528.80 (yeddi min beş yüz iyirmi səkkiz manat, 80 qəpik) sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş, nəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Mitsubishi Lancer” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək əmlak sığortası qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş zərər aktından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Mitsubishi Lancer” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 7528,80 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından müəyyən olunur ki, qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 7528,80 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş geriyə tələb (subroqasiya) məktublarından görünür ki. Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 7528,80 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində cavabdehlərdən müştərək qaydada tutularaq geri ödənilməsi tələb edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 7528,80 manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Belə ki, 95.29 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının ödənilməsi haqqında qəbz iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh1 “iddia müddətinin tətbiqinə dair” ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mülki iş üzrə qeyd edilən hadisədən 10 il müddət keçmişdir. Buna görə də iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bütün məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitələrinin kompleks sığorta şəhadətnaməsindən görünür ki, “Mitsubihi Lancer” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2008-ci il tarixli sığorta şəhadətnaməsi əsasında xx.xx.2013-cü il (saat 24:00) tarixə qədər kompleks şəkildə (23500 manat məbləğində) sığortalanmışdır; 10 avqust 2012-ci il tarixli sığorta aktından görünür ki, Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi və Cavabdeh1 mülkiyyətində olmuş “Mercedes Benz” markalı, **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 26 iyun 2012-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Ş.Qurbanov küçəsində hərəkət edərkən "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmış X2 idarə etdiyi “Mitsubihi Lancer” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sığorta hadisəsi baş vermişdir; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2012-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ dörd ay müddətinə məhdudlaşdırılmışdır; İcbari sığorta bürosunun elektron məlumatından görünür ki, sığorta hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası mövcud olmamışdır; "xxxx" MMC tərəfindən 26 iyul 2012-ci il tarixdə tərtib edilmiş “X3 məxsus “Mitsubihi Lancer” markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün Hesablama” adlanan sənəddən görünür ki, həmin avtomobildə dəyişilməli olan ehtiyat hissələrinin və görülməli işlərə görə əmək haqqının ümumi dəyəri 10559 manat təşkil edir; 10 avqust 2012-ci il tarixli 261/20**-CM-***/2012 saylı sığorta aktından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində sığortalı X3 ödənilməli olan sığorta ödənişi 7528,80 (yeddi min beş yüz iyirmi səkkiz manat. 80 qəpik) manat təşkil edir; 16 avqust 2012-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən müştərinin "xxxx" ASC-nin Sumqayıt filialındakı hesabına 10 avqust 2012-ci il tarixli 261/20**-CM-***/2012 saylı sığorta aktına əsasən 7528,80 manat məbləğində sığorta ödənişi ödənilmişdir; "xxxx" ASC tərəfindən cavabdehlərə göndərilmiş “Geriyə tələb (subroqasiya) məktubu”ndan görünür ki, zərərin aradan qaldırılması üçün ödənilmiş 7528,80 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində ödənilməsi tələb edilmişdir; Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli, 9/7753 saylı rəyində ekspert qarşısında qoyulan suala cavab olaraq göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2012-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Mitsubishi Lancer” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9251,0 manat müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edlmiş hallarından görünür ki, 26 iyun 2012-ci il tarixdə saat 04 radələrində Cavabdeh2 idarə etdiyi, digər Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol nişanının tələblərini pozduğundan son nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmış X2 idarə etdiyi “Mitsubihi Lancer” markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2012-ci il tarixli qərarı ilə Cavabdeh2 həmin faktla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ dörd ay müddətinə məhdudlaşdırılmışdır. “Mercedes Benz” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin dövrdə icbari sığorta olunmamışdır. Hadisə nəticəsində "xxxx" ASC tərəfindən sığortalı X3 7528,80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı subroqasiya qaydasında pul tələbi irəli sürərək yol nəqliyyat hadisəsi törətmiş avtomobili etibarnamə əsasında idarə edən şəxsdən və onun mülkiyyətçisindən sığorta ödənişinin tutulmasını tələb edir. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəyə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırkı işdə Cavabdeh2 iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan həmin şərtlər mövcuddur. Belə ki, onun qanuni əsasla (etibarnamə ilə) sahiblik etdiyi yüksək təhlükə mənbəyi olan “Mercedes Benz” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq, iddiaçının sığortalamış olduğu X3 məxsus olan “Mitsubihi Lancer” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması və həmin zərər üzrə iddiaçı "xxxx" ASC-nin X3 7528,80 manat məbləğində sığorta ödənişi ödəməsi işin mübahisəsiz hallarındandır. Belə olan halda, iddiaçının Cavabdeh2 qarşı 7528,80 manat məbləğində subroqasiya tələbi haqlıdır. Çünki subroqasiya hüququ sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı zərərin ödənilməsinin sığorta ödənişi həcmində sığortaçıya keçməsini nəzərdə tutur. Məhkəmə, yol nəqliyyat hadisəsi nəticəsində X3 vurulmuş maddi ziyanın "xxxx" ASC tərəfindən sığorta ödənişi vasitəsilə aradan qaldırıldığını nəzərə alaraq hesab edir ki, Cavabdeh2 X3 qarşı vurulmuş ziyanın ödənilməsi tələbi 7528,80 manat sığorta ödənişi həcmində "xxxx" ASC-yə keçmişdir. Cavabdehdən məhz iddia tələbində göstərilən məbləğdə (7528,80 manat) pul vəsaitinin tutulmalı olması qənaətə gələrkən məhkəmə xüsusi ilə nəzərə alır ki, iddiaçı zərər çəkmiş sığortalı şəxsə 7528,80 manat məbləğində sığorta ödənişi ödənildiyinə əsaslanmaqla müvafiq iddia tələbini irəli sürmüş, məhkəmənin təyin etdiyi ekspertizanın rəyi ilə isə zərər vurulmuş avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9251,0 manat müəyyən edildiyi göstərilmişdir. Bu mənada cavabdehdən məhz 7528,80 manat məbləğində pul tutulmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı "xxxx" ASC Cavabdeh2 qarşı 7528,80 (yeddi min beş yüz iyirmi səkkiz manat, 80 qəpik) manat məbləğində pulun tutulması tələbini irəli sürməkdə haqlıdır. Bu səbəbdən iddia qismən təmin edilməklə, Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə həmin sığorta şirkəti tərəfindən sığortalanmış və X3 məxsus “Mitsubishi Lancer” markalı, **-MZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzində ödənilmiş 7528,80 manat məbləğində pul tutulmalıdır. Məhkəmə, iddianın Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı “Mercedes Benz” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 sahibliyindən qanuni əsasla çıxması və yol-nəqliyyat hadisəsi baş verən zaman onun birbaşa sahibliyində olmaması müəyyən edilmişdir. Belə olan halda, Cavabdeh1 hadisənin törədildiyi anda sahibliyində olmayan yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə mülki hüquqi məsuliyyətə cəlb edilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinin mülkiyyətinin həmin anda Cavabdeh1 olması da bu hüquqi vəziyyəti dəyişmir. Çünki yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət mülkiyyətçiyə deyil, onun sahibinə aiddir. Təsadüfü deyil ki, bu münasibətləri tənzimləyən Mülki Məcəllənin 1108.1-ci maddəsi zərərin əvəzini ödəmək vəzifəsinin yüksək təhlükə mənbəyinin mülkiyyətçisinin deyil, mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulduğunu təsbit etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair Cavabdeh1 dəlili əsaslı deyildir. Belə ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 375.2 və 377.1-ci maddələrinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; İşin hallarından göründüyü kimi, baş vermiş sığorta hadisəsinə görə iddiaçı "xxxx" ASC tərəfindən sığorta ödənişi sığortalının hesabına 16 avqust 2012-ci il tarixdə həyata keçirilmişdir. Bu o deməkdir ki, iddiaçının subroqasiya hüququ da məhz sığorta ödənişi həyata keçirildiyi həmin tarixdən yaranmışdır. Hazırkı iddia 08 avqust 2022-ci il tarixdə qaldırılmışdır. Bütün bunlar isə iddia müddətinin ötürüldüyünə dair Cavabdeh1 arqumentinin əsassız olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməli, Cavabdeh2 sığorta ödənişinə görə 7528,80 manat, ödənilmiş dövlət rüsumuna görə 95.29 manat və xidmət haqqına görə 0.40 qəpik olmaqla, cəmi 7624.49 manat məbləğində pul tutularaq "xxxx" ASC-nın hesabına ödənilməli, iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Həmçinin ekspertiza xərcinə görə 100 manat pul Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh2 münasibətdə təmin edilsin. Cavabdeh2 sığorta ödənişinə görə 7528,80 manat, ödənilmiş dövlət rüsumuna görə 95.29 manat və xidmət haqqına görə 0.40 qəpik olmaqla, cəmi 7624.49 (yeddi min altı yüz iyirmi dörd manat, qırx doqquz qəpik) manat məbləğində pul tutularaq "xxxx" ASC-nın hesabına ödənilsin. İddia Cavabdeh1 münasibətdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar