Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-225/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının yaşadığı mənzilə axan su nəticəsində dəymiş zərərə görə 2000 manat məbləğində pulun və ödənilmiş 40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İddiaçının yaşadığı ünvandan bir mərtəbə yuxarıda, yəni, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, ev 28 mənzil 26-da yaşayan Cavabdeh ailəsi tərəfindən mənzilindən iddiaçının mənzilinə artıq müəyyən bir müddətdir ki, su axıdılmışdır. Dəfələrlə bu məsələ ilə bağlı Cavabdeh ailəsinə xəbərdarlıq etsə də, o hər hansı bir tədbir görməyə heç bir cəhd göstərməyib. Əksinə cavabdehin səhlənkarlığı ucbatından mənzilə birdaha su axıdıldı. İddiaçı qeyd edir ki, qonşusu olan cavabdeh X3 öz mənzilində iddiaçının mənzilinə axıdılan su ilə bağlı hər hansı bir təmir işi etməkdən və hər hansı bir tədbir görməkdən imtina edib və iddiaçı özü təmir etdirmək məcburiyyətində qalmışdır. İddiaçının yaşadığı mənzilə cavabdehin mənzilindən axıdılan su nəticəsində xeyli ziyan dəymişdir. MKİS tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı mənzilə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Baxış zamanı məlum oldu ki, həqiqətən də otaqların birinin tavanından üst mərtəbədən su sizması baş verib. Mənzilinə xeyli ziyan dəymişdir: mənzilin giriş hissəsində divar kağızları qopmuş, sanuzelin bəzək işləri zədələnmiş, sanitar qovşağın elektrik xəttləri zədələnmiş, və həmçinin döşəmə zədələnmişdir. Baxış keçirilən zaman iddiaçının yaşadığı mənzilə dəymiş ziyanın ümumi məbləğinin 2000 manat olduğu təyin edilmişdir. İddiaçı bildirir ki, baxış keçirildikdən sonra belə Cavabdeh heç bir tədbir görmədi və onun yaşadığı mənzilə hələ də zərər dəyməyə dəvam edir. Bununla bağlı iddiaçı Nərimanov rayon Polis İdarəsinə şikayət etmişdir. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru tərəfindən hadisənin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi barədə rəsmi məlumat verilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1176/2023 saylıqərardadına əsasən İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işin aidiyyatı üzrə baxılması üçün Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, əlavə olaraq bildirdi ki, ona məxsus mənzilə "xxxx" ASC-nin əməkdaşları daxil olmamışdır. Cavabdeh tərəf iddiaçıya hər dəfə maddi ziyanın əvəzini ödəməyi vəd etsə də, 150 manat məbləğində vəsaitdən başqa ödəniş edilməmişdir. İddiaçı hətta sonradan 150 manat məbləğində verilən pul vəsaitini qaytarmağı və mənzilini cavabdehin ustalarının təmir etməsini də təklif etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin əsassız olduğunu bildirərək, suyun ona məxsus mənzildən axıdılmadığını, bu səbəbdən də onun tərəfindən iddiaçıya hər hansı maddi ziyanın vurulması sübut olunmadığından iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, bildirdi ki, ekspert rəyinin 3-cü səhifəsində də qeyd olunduğu kimi, cavabdehin mənzilində su xətlərində hər hansı qüsur olmadığı və su sızıntısının olmadığı aşkar olunmuşdur. 2021-ci ildən etibarən köhnə su xətləri mənzildən çıxarılaraq pilləkən qəfəslərinə yerləşdirilməsinə başlanılmışdır. 2022-ci ildə də mənzilindən köhnə su xətləri çıxarılmışdır. Köhnə su xətləri olanda da iddiaçının evində hər hansı problem olmamışdır. Həmçinin iddiaçı da ziyanın dəyməsi ilə bağlı cavabdehə heç bir məlumat verməmişdir. "xxxx" ASC-dən cavabdehə verilən məlumata əsasən, köhnə xətt kəsiləndən sonra kimsə su xətlərinə müdaxilə etmiş və su axıdılması baş vermişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 26 saylı mənzil Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 23 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 35 saylı MKİS-in mühəndisi F.Hüseynov, texnik C.Abasov və fəhlə C.Musayev bu aktı ona görə tərtib etmişlər ki, ünvan 2 ünvanda yerləşən 23 saylı mənzilindən olunmuş şikayətə əsasən həmin ünvanda baxış keçirmişlər. Mənzil yuxarı mərtəbədə yerləşən 26 saylı mənzildən su axıntısı olmuşdur. Su axması nəticəsində 23 saylı mənzilin dəhlizinin tavanında, divara vurulmuş divar kağızı, hamamın və mətbəxin tavanı, döşəməsi suya basılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departmamenti 35 saylı MKİS-in 035401 №-li arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanda yerləşən 26 saylı mənzilində qeydiyyatsız yaşayır. Məhkəmə baxışı zamanı müvafiq ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5999 №-li ekspert rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X2 prospektində yerləşən 28a nömrəli evin, 23 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1623,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd edir ki, məhkəmə baxışı zamanı aparılmış ekspertiza ilə vurulmuş zərərin həcmi 1623,0 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının etirafından müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi zərərə görə 150 manat ödəniş edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 1473 manat İddiaçı xeyirinə tutulmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən iş üzrə ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehdən tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 2 ünvanda yerləşən 23 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 1473 (bir min dörd yüz yetmiş üç) manat məbləğində pul və iş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-225/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-225/2024
13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver