Məhkəmə qərarları › İş №e-2(005)-2277/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2277/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2277/2023 30.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh3 zaminləri Cavabdeh1 və Cavabdeh2ödənilməmiş 4300 (Dörd min üç yüz) manat məbləğində əsas borcu, 1029 (Bir min iyirmi doqquz) manat faiz borcu, 330 (Üç yüz otuz) manat cərimə borcu olmaqla, cəmi 5659 (Beş min altı yüz əlli doqquz) manat məbləğində borc və 76.59 (yetmiş altı manat 59 qəpik) manat ödənilmiş dövlət rüsumunun kreditor "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmiş, cavabdehin müraciətinə müvafiq olaraq onunla "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli PKLMB-0809 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, cavabdehə 24 ay müddətinə illik 40 % (qırx) olmaqla 4500 (Dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq borclu Cavabdeh3 zaminləri Cavabdeh1 və Cavabdeh2 ilə PKLMB-0809 nömrəli Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi bağlandığı müddətdən öhdəliklərin icrası vaxtında və lazımınca yerinə yetirilməmişdir. Halhazırda isə borclular tərəfindən müqavilə üzrə öhdəliklər ümumiyyətlə icra olunmur. Təşkilatla borclu Cavabdeh3 zaminləri arasında bağlanmış xx.xx.2022-ci il tarixli PKLMB- 0809 nömrəli Zaminlik müqavilələrinin 2.1 və 2.2 bəndlərinə əsasən borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zamin kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz öhdəsinə götürüb. Borclular dəfələrlə xəbərdarlıq olunmalarına baxmayaraq müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdirlər. Borclu Cavabdeh3 zaminləri Cavabdeh1 və Cavabdeh2ödənilməmiş 4300 (Dörd min üç yüz) manat məbləğində əsas borcu, 1029 (Bir min iyirmi doqquz) manat faiz borcu, 330 (Üç yüz otuz) manat cərimə borcu olmaqla, cəmi 5659 (Beş min altı yüz əlli doqquz) manatməbləğində borc pul tutulmalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçı “elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKLMB-0809 saylı kredit müqaviləsinə əsasən borc verən "xxxx" ASC borc alan Cavabdeh3 24 ay müddətinə illik 40% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4500 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKLMB-0809 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, PKLMB- 0809 nömrəli kredit müqaviləsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank qarşısında borcalanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyır; "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKLMB-0809 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, PKLMB- 0809 nömrəli kredit müqaviləsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank qarşısında borcalanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyır; xx.xx.2023-cü il tarixli, 96 nömrəli hesabdan çıxarışdan görünür ki, **********00944- 003424 saylı hesab üzrə 786 manat ödəniş edilmiş, qalıq borc 4300 manat əsas, 1029 manat faiz və 330 manat cərimə borcu olmaqla, cəmi 5659 manat təşkil edir; "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4300 manat əsas, 1029 manat faiz, 330 manat cərimə borcu olmaqla, cəmi 5659 manat borcu yaranmışdır; "xxxx" ASC tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, o borcun xx.xx.2023-cü il tarixinədək ödənilməsi barədə xəbərdar olunmuşlar; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 76.59 manat məbləğində dövlət rüsumu ödənilmişdir; AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli 3-16- 16/2-9/5088/2023 nömrəli rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli, PKLMB-0809 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə olan əsas borcu 4302,30 manat, faiz borcu 1056,45 manat müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh3 kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri ilə təmin olunmuşdur. Həmin müqavilələrə əsasən digər cavabdehlər – zamin Cavabdeh2 , Cavabdeh1 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdirlər. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tutulmasını məhkəmədən xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə cavabdeh - Cavabdeh3 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının digər cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 (zaminlərə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh3 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4300 manat əsas, 1029 manat faiz, 330 manat cərimə borcu yaranmışdır. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə xx.xx.2022-ci il tarixində bankla bağladıqları zaminlik müqavilələrinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Eyni zamanda AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli 3-16-16/2-9/5088/2023 nömrəli rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli, PKLMB-0809 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə olan əsas borcu 4302,30 manat, faiz borcu isə 1056,45 manat təşkil edir. Qeyd olunmalıdır ki, kredit müqaviləsinin bağlanması və "xxxx" ASC tərəfindən Cavabdeh3 24 ay müddətinə, illik 40 faiz olmaqla 4500 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış, kassa məxaric orderi ilə təsdiq olunur. Cərimənin ödənilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4300 manat əsas, 1029 manat faiz, 330 manat cərimə borcu olmaqla, cəmi 5659 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 76.59 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyərlərinin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ekspertiza üçün ödənilmiş 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4300 manat əsas, 1029 manat faiz, 330 manat cərimə borcu olmaqla, cəmi 5659 (beş min altı yüz əlli doqquz) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 76.59 manat pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Ekspertiza üçün ödənilmiş 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar