Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2292/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100 000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə uzun illərdir ki, yaxın münasibəti var. Aralarında inam və faktiki dostluq münasibəti mövcuddur. Cavabdeh uzun illərdir ki, bizneslə məşğuldur. Müxtəlif xarici iş adamları ilə biznes əlqələri mövcuddur və Azərbaycan Respublikasına ərzaq mallarının gətirilməsi ilə məşğuldur. Bir neçə il öncə Cavabdeh ona müraciət edərək bildirmişdir ki, xarici dövlətdən külli miqdarda ərzaq məhsulları gətirmək üçün müqavilə imzalamışdır. Lakin tələb edilən məbləği tam düzəldə bilmir və ona borc pul vəsaiti lazımdır. Söhbət zamanı məlum oldu ki, tələb edilən məbləğ 100 000 manatdır. Aralarında olan inamı nəzərə alaraq, o hər hansı bir girov tələb etmədən cavabdehə adıçəkilən məbləği verməyə razılaşdı. Təbii ki, münasibətini nəzərə alaraq, ondan hər hansı bir müqavilə imzalamağı və yaxud notariat orqanına getməyi tələb etmədi. Lakin özü israrla təkid edərək, ona xx.xx.2020-ci il tarixli imzalanmış qəbz təqdim etdi. Borc vəsaitini verdiyi zaman Cavabdeh ona 2021-ci ilin may ayına qədər aldığı 100 000 manatı qaytaracağını və hətta öz dediyinə görə “əlavə” hörmət edəcəyini də bildirmişdi. Cavabdehin verdiyi vaxt çatdıqda o, borcun qaytarılması üçün müraciət etdi, o isə hazırda bütün pullarının mal şəklində anbarda olduğunu və qısa müddətə vəsaitini ödəyəcəyini bildirdi. O, münasibətlərini nəzərə alaraq, yenə gözləməyə razılaşdı. Lakin hər dəfə cavabdehin dediyi müddət çatdıqda, Cavabdeh müxtəlif bəhanələrlə vaxtı uzadırdı. Cavabdeh beləcə münasibətdən istifadə edərək vaxt alır və hazıradək borc vəsaitini qaytarmamışdır və onun artıq məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında dostluq münasibətləri olmuşdur. Tərəfi, biznes qurmaq məqsədilə 2020-ci ildə Cavabdeh 100000 manat borc pul vermişdir. Cavabdeh borcunu 1 il müddətinə qaytarmağı öhdəsinə götürsə də, borcunu qaytarmamışdır. Dəfələrlə iddiaçı pulunu cavabdehdən tələb etsə də, cavabdeh pulu qaytarmamışdır. Tərəflər arasında yazılı formada müqavilə bağlanmışdır. Müqaviləyə iddiaçı, cavabdeh və hazırki iş üzrə şahid olan şəxs imza atmışdır. Hazırda cavabdehə qarşı çoxsaylı məhkəmə işləri vardır. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - X1 iştirakı ilə Cavabdeh, Əliyev Fərhad və İddiaçı imzaları və Cavabdeh adının əks edildiyi möhürlə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ərzaq mallarının alınması üçün İddiaçı 100000 manat pul almışdır; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, İddiaçı onun uşaqlıq dostudur, bir yerdə böyümüşlər. Cavabdeh isə ticarət əsasında tanımışdır. O, Ağahəmiddən mal alıb-satmışdır. Elə həmin dövrdə Ağahəmid ondan 100000 manat borc istədi. O da dostu Tərlana deyib. Sonra Tərlanla bir yerdə pulu Ağahəmidə verdilər. Aralarında ticarət əlaqələri olduğundan Ağahəmidə borc verdilər. Ağahəmidin ona da 190000 manat borcu var. İşlərinin güclənməsi üçün pul vermişdilər. Həm də ondan güzəştli şəkildə mal götürürdülər deyə pul verdilər. Ağahəmidin ofisində pulu vermişlər. Müqaviləni də elə ofisdə bağlamışlar. X4 əlbəəl verib. Müqaviləni Ağahəmid özü yazıb və özü də imza edib. 2021-ci il tarixdə pulu qaytarmalı idi. Onlar Ağahəmiddən mal alıb satırdılar. O, Ukraynadan mal gətirirdi. Onlar da ondan güzəştli şəkildə mal alıb satırdılar. O, özü 2022ci il tarixdə Ağahəmidə 190000 manat pul vermişdir. 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Onlar da araşdırma apardıqdan sonra cinayət əməlinin olmadığını və mülki qaydada məhkəməyə müraciət etməli olduqlarını bildiriblər. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh iddiaçıdan 100000 manat məbləğində borc almış, lakin aldığı borcu qaytarmamışdır. Hazırda iddiaçı qeyd edilən borcun ödənilmədiyini əsas gətirərək, pulun cavabdehdən tutulmasını xahiş edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Eyni Məcəllənin 385 və 386.1-ci maddələrinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 427.4-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyaya) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, borc müqaviləsinə əsasən cavabdehin iddiaçı qarşısında borc öhdəliyi yaranmışdır. Cavabdeh borc müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini icra etməyərək iddiaçıdan aldığı borc məbləğini ona geri qaytarmamışdır. Belə ki, pulun qaytarılmasını sübut etmək yükünü cavabdeh daşıyır, iş materiallarında isə belə bir sübut mövcud deyildir. Həmçinin cavabdeh məhkəmə iclası barədə dəfələrlə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu halı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini ağlabatan müddət ərzində icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 100000 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 100000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 390 manat pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 100000 (yüz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 390 (üç yüz doxsan) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2292/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2292/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver