Məhkəmə qərarları › İş №e-2(005)-2309/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2309/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2309/2021 11.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 21 saylı Notariat Ofisininə və Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “evin boşaldılaraq təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC və Cavabdeh arasında bağlanmış 13.04.2020-ci il tarixli, AN - İN № ******* nörmrəli alğı-satqı müqaviləsinin və onun nəticəsi olaraq cavabdehə verilmiş ********** nömrəli, 21.04.2020-ci il tarixli çıxarışın etibarsız elan olunması barədə qətnamə qəbul edilmıəsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Bildirirk ki, otən ildən dünyanı cənginə almış pandemiya (COVİD19) bağlı olaraq şirkətin fəaliyyətində bir sıra sıxıntılar və problemlər yaranmışdır. Bununla bağlı olaraq bir sıra banklara, kredit təşkilatlarına müraciət etsələr də, yaranmış durğunluqla bağlı olaraq heç bir təşkilat onlara kredit verməmişdir. Həmin bu vaxt ortaq tanışları vasitəsi ilə Cavabdeh adlı bir şəxslə tanış oldular. Həmin şəxs bizə aylıq təqribən 13% olmaqla 300.000 manat borc verə biləcəyini bildirdi. Danışdıqları kimi 2020-ci ilin mart ayının sonlarında borc müqaviləsi bağlamaq üçün Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 227d ünvanında yerləşən notariusa yaxınaşdılar. Orada Hikmət onlara bildirdi ki, borc müqaviləsi alınmıyacaq yalnızca formal olaraq daşınmaz əmlak, məsələn ev, torpaq sahəsinin alqı satqı müqaviləsini bağlasalar və həmin əmlak onun mülkiyyətinə verilsə o, bizə bu borcu verə bilərəm. İlk öncə bununla razılaşmadilar. Daha sonra 13.04.2020-ci il tarixində həmin notarisuda “xxxx” MMC məxsus olan real bazar qiyməti bir milyon manatdan çox olan Bakı şəhəri, Tanrıverdiyev küçəsi,ev 6a ünvanında olan fərdi yaşayış evinin Cavabdeh satılması barədə AN - İN № ******* nörmrəli alğı-satqı müqaviləsi bağladılar. Danışdıqları kimi 1 il müddətin tamamında müqavilə ləğv edilməli idi. Tərəflərindən 200.000 manata yaxın faiz borcu ödənilmiş və bugün borcun bağlanması Cavabdeh təklif edilmişdir. Lakin o əsassız olaraq, onlardan əlavə 600.000 manat pul tələb etməkdə davam edir. Bildirilir ki, aralarında real dəyərindən dəfələrlə az qiymətə formal, uydurma əqd bağlanmış, Cavabdeh bir gün də olaraq, həmin evdə yaşamamış həmin evdə təsərüffat aparmamışdır. Hesab edirəm ki, sözü gedən 13.04.2020-ci il tarixli, AN - İN № ******* nörmrəli alğı-satqı müqaviləsi və onun nəticələri etibarsız olunmalıdır. Çünki faktiki olaraq aralarında bağlanmış əqd başqa əqdi pərdələmək üçün bağlanmışdır. Sözügedən əqd etibarsız olduğu səbəbindən Bakı şəhəri, Tanrıverdiyev küçəsi,ev 6a ünvanında olan fərdi yaşayış evinin Cavabdeh mülkiyyət hüquqları təsbit edilmiş qeydiyyat nömrəsi ********** nömrəli, 21.04.2020-ci il tarixli çıxarışda ləğv edilməldir. Cavabdeh məhkəmə dəftərxanası vasitəsilə 16.05.2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış 13.04.2020-ci il tarixli, AN İN ******* nömrəli müqavilə üzrə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini boşaldaraq Cavabdeh təhvil verilməsi öhdəliyinin icrası, eyni zamanda həmin evə sahiblik, ondan sərbəst istifadə etmək üçün yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırlmışdır ki, İddiaçı MMC Cavabdeh qarşı « ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış 13.04.2020ci il tarixli, AN İN ******* nömrəli müqavilənin etibarsız hesab edilməsi tələbinə» dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İşin mübahisəsiz hallarına əsasən İddiaçı MMC ilə Cavabdeh arasında ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın 300.000 AZN qarşılığında alqı-satqısına dair 13.04.2020-ci il tarixli, AN İN ******* nömrəli müqavilə bağlanmışdır. Cavabdeh tərəfindən bank vasitəsi ilə İddiaçı MMC-yə müqavilə üzrə evin müəyyən edilmiş 300.000 AZN dəyəri vaxtında, tam ödənilmiş və hüquqların dövlət qeydiyyatı aparılaraq, bu barədə Cavabdeh adına DƏDRX-dan müvafiq çıxarış verilmişdir. Evdə heç kimin qeydiyyatı və istifadə hüququ (mülkiyyətçi Cavabdeh başqa) yoxdur. Tərəflərin razılığına əsasən ev işin sonuna qədər boşaldılaraq alıcıya tam təhvil verilməli idi. Lakin İddiaçı MMC hər dəfə bu müddəti müxtəlif bəhanələrlə uzadaraq, evi təhvil vermir, maneələr yaradırdı. Bu barədə tərəflər arasında dəfələrlə aparılan danışıqlar nəticə vermədiyi üçün Cavabdeh hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Lakin məsələ mülki xarakter daşıdığından bu da bir nəticə verməmişdir. İddiaçı MMC-nin rəhbərliyinin hazırkı iddiası bir daha təsdiq edir ki, onların niyyəti əslində evi təhvil verməyərək, süni maneələr yaradıb Cavabdeh evə görə əlavə pul tələb etməkdir. Satıcı İddiaçı MMC müqavilənin 11-ci bəndinə əsasən daşınmaz əmlakı, yardımçı vasitələri ilə birlikdə alıcı Cavabdeh faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də bu öhdəliyini pozmuşdur. Belə ki, İddiaçı MMC mənzili boşaldaraq, onu təhvil vermir və eyni zamanda mülkiyyətdən sərbəst istifadə etmək və sahibklik etmək üçün Cavabdeh maneələr yaradır. 17.05.2021-ci il tarixli məhkəmə iclasında qarşılqlı iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iclasında qarşılqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ilə eyniməzmunlu izahat verərək, ilkin iddia tələbinə yazılı etiraz təqdim etməklə, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi tələbinə» dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında borc müqaviləsinin bağlanması mümkün olmadığı üçün, borc müqaviləsini pərdələmək məqsədi ilə ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın 300.000 AZN alqı- satqısına dair 13.04.2020-ci il tarixli, AN İN ******* nömrəli müqaviləsi bağlanmışdır. Əslində isə cavahdeh iddiaçıya 300.000 AZN dəyərində aylıq 13% şərti ilə borc pul vermişdir. İddanın sübutu kimi, mənzilin faktiki dəyərinin, rəsmi alqı-satqı dəyərindən yüksək olması göstərilir. Belə ki, alqı-satqı müqaviləsində evin 300.000 AZN-ə satıldığı göstərilsə də, qiymətləndirmə rəyinə əsasən bu dəyərindən daha yüksək olduğu müəyyən edilmişdir. Bu səbəbdən də müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia ərizəsi ilə razı deyil və iddianı etiraf etmir. Hesab edir ki, İddiaçı MMC evi təhvil verməyərək əlavə pul tələb etmək üçün müqavilənin etibarsızlığı haqqında əsassız iddia ilə məhkəməyə müraciət edib. Belə ki, Cavabdeh yaxın tanışları vasitəsi ilə məlum olmuşdur ki, İddiaçı MMC tərəfindən dəyərindən çox ucuz qiymətə ev satılır. Evə dair torpaq sahəsinin dövlət mülkiyyətində olduğundan, karantin dövründə ev satmaq çətin olduğundan və mülkiyyətçiyə çox təcii şəkildə pul lazım olduğundan evi təcili olaraq satır. Cavabdeh bu təklif cəlbedici gəldiyindən qeyd edilən evi almaq istədiyini bildirmiş və tərəflər 300.000 AZN məbləğində alqı-satqı barədə razılaşmışlar. İddiaçı MMC Cavabdeh arasında ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın 300.000 AZN alğı-satqısına dair notariat ofisində 13 04.2020-ci il tarixli, AN İN ******* nömrəli müqavilə bağlanmışdır. Əqdin bağlanması ilə əlaqədar bütün əməliyyatlar qanun çərçivəsində icra edilmişdir. Bu səbəbdən evin mülkiyyətçisi olan İddiaçı MMC-nin təsisçisi və direktorunun özünün iştirakı ilə müqavilə notariat ofisində bağlanmış, e/ni zamanda təsisçisi və direktorun həyat yoldaşının notarial qaydada təsdiq edilmiş razılığı alınmışdır. Bundan başqa əmlaka dair gələcəkdə baş verə biləcək mümkün risklərin, narazılıqların sığortalanması məqsədi ilə İddiaçı MMC-nin təsisçisi və direktoru X5 öz iradə ifadəsini notarial qa/dada təsdiq edilmiş 13.04.2020-ci il tarixli ərizə ilə bildirərək, ünvan 5 ünvanında yerləşən 640.3 m2 sahəsi olan fərdi yaşayış evinin alğı-satqısına dair Cavabdeh qarşı şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Tərəflər arasında əldə edilmiş razılığa əsasən iddiaçı mənzili bir müddət sonra, lakin 2020-ci ilin sonundan gec olmayaraq cavabdehə təhvil verməli idi. Cavabdeh buna etiraz etməmiş, bununla əlaqədar iddiaçıya güzəşt etmişdir. Lakin müddət keçdikcə iddiaçı tərəf evi ucuz satdığından peşman olduğunu bildirib, əsassız olaraq əlavə ödəniş tələb edərək, evi təhvil verməkdən boyun qaçırmışdır. Bununla əlaqədar olaraq dəfələrlə hüquq mühafizə orqanlarına tərəfindən müraciət edilsə də, məsələ mülki xarakter daşıdığından bu bir nəticə verməmişdir. Eyni zamanda əmlakın dəyəri üçün razılaşdırılmış 300.000 AZN pul bank vasitəsi ilə ödənilmişdir ki, bu da Cavabdeh müqavilə üzrə öhdəliyini tam və vaxtında icra etdiyinin və müqavilənin formal əqd olmadığının təsdiqidir. İddiaçının alğı-satqı müqaviləsini borc müqaviləsini pərdələmək niyyəti ilə bağlanması barədə mövqeyi tam əsassızdır. Əslində isə hazırda məhkəmədə qaldırılan iddia ərizəsindən də göründüyü kimi iddiaçı evi dəyərindən ucuz satdığı üçün peşmançılıq hissi keçirir və bu dəlilə görə müqavilənin etibarsızlığını məhkəmədən xahiş edir. İddia ərizəsində istinad ediən yeganə əsas da evin dəyərindən ucuz satılması ilə bağlıdır. Bununla əlaqədar olaraq bildirir ki, müqavilə dəyəri onun etibarsızlığı üçün əsas hesab edilə bilməz. Tərəflər mülkiyyətlərində olan əmlaka dair sərəncam verməkdə, eyni zamanda əqdlərin bağlanmasında tam azad və sərbəstdirlər. Şəxs sərəncamında olan əmlaka dair istənilən qiyməti müəyyən etməkdə tam sərbəstdir və bu qanunla zidd deyil. Anoloji iddia üzrə Konstitusiya Məhkəməsinin Plenumu bu halın müqavilənin etibarsızlığı üçün əsas olmadığını qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır.» İddia ərizəsinə əlavə edilmiş 0D1-01/04-AL/20 nömrəli, 01.04.2020-ci il tarixli qiymətləndirmə hesabatı iş üçün hər hansı əhəmiyyət kəsb etməsə də, onun özü belə etibarsız və mötəbər olmayan sənəddir. Belə ki, həmin hesabata daxil edilmiş fotoşəkillərdən göründüyü kimi, fotoşəkillər XİAOMİ markasına daid olan REDMİ NOTE 9 modelli telefonla çəkilmişdir. Həmin modelin satışa hazır olması barədə məlumat 17.04.2020-ci il tarixdə elan edilmiş, ondan bir neçə ay sonra satışa çıxarılmışdır. 01.04.2020-ci il tarixdə mövcud olmayan telefonla çəkilmiş şəkillər çəkilməsi və ona istinad edilərək, hesabatın hazırlanması, həmin tarixli hesabatın ümumiyyətlə mövcudluğunu inkar edir və məhkəmə üçün əübut hesab edilə bilməz. Bundan başqa Cavabdeh evə sahiblik etməməsi barədə İddiaçı MMC-nin arqumenti müqavilənin etibarsızlığı üçün əsas hesab edilə bilməz. Eyni zamanda bu Cavabdeh iradəsindən asılı olmayan səbəbdən, İddiaçı MMC-nin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, tərəflərin ilkin razılığına əsasən Cavabdeh evi təhvil vermək üçün İddiaçı MMC-yə vaxt versə də, sonradan İddiaçı MMC evi boşaltmaqdan və onu təhvil veməkdən imtina etmiş və mülkiyyətçiyə mülkiyyət hüquqlarını həyata keçirmək üçün manelər yaratmışdır. Bununla əlaqədar tərəflər arasında uzun müddət danışıqlar olsa də bu bir nəticə verməmiş, bu səbəbdən də Cavabdeh bu barədə hüquq mühazifə orqanlarına müraciətlər etmişdir. Nərimanov RPİ 16-ci PB-nin 08.03.2021-ci il tarixli, 079/5191M nömrəli məktubundan göründüyü kimi 06.02.2021-ci il tarixli şikayət mülki xarakater daşıdığından məhkəməyə mraciət etmək tövsiyə edilmişdir. Bundan başqa tərəflər borc müqaviləsi bağlamaq istəsəydi, bunun üçün notariat ofisinə getməyə ehtiyac yox idi. Yəni qanunvericilikdə borc müqaviləsinin notarial olması barədə tələb yoxdur. Tərəflər öz arasında yazılı şəkildə borc müqaviləsi bağlaya, hüquqi şəxsin möhürü ilə təsdiq edə bilərdilər. Belə bir əqd olmadığı üçün, bununla bağlı hər hansı sübutdan da söhbət gedə bilməz. İddiaçının bu mövqeyini çarəsizlikdən və peşmançılıqdan qaynaqlanan addım kimi dəyərləndirir. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olur ki, alqı-satqı qanuna uyğun şəkildə, satıcının iradəsini ifadə edən formada və razılaşdığı məbləğdə bağlanıb. Alıcı öhdəliklərinə tam əməl edib. Alqı-satqı müqaviləsinin borcun pərdələnməsi üçün bağlanması barədə deyilənlərin heç bir əsası yoxdur. İddia tələbi hər hansı sübutla öz təsdiqini tapmır. İddia ərizəsinə əlavə edilmiş hesabat özü etibarsızdır. İlk iddiaçının və ilk iddia üzrə digər cavabdehin səlahiyyətli nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ilk iddiaçının və ilk iddia üzrə digər cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edilmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxx” MMC tərəfindən tərtib edilmiş 001-01/04-AL/20 saylı, 01.04.2020-ci il tarixli rəyin surətindən görünür ki, İddiaçı MMC-yə məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin müqayisəli stış metodunun istifadə etməklə aparılmış hesablamaların nəticəsinə uyğun olaraq 01 aprel 2020-ci il tarixinə bazar dəyəri 1.100.000 ( bir milyon yüz min manat) həcmində müəyyən edilmişdir. 13.04.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini “Satıcı” İddiaçı MMC “Alıcı” Cavabdeh mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 21.04.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh tam mülkiyyətindədir. İddiaçı MMC-nin adından ünvan 7 ünvanında qeydiyyatda olan X1 ünvan 8 ünvanlandığı ərizəsindən görünür ki, Bildirirəm ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15.11.2016-ci il tarixdə verilmiş **********27-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında "İddiaçı"MMC-yə məxsus olan BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYONU, TARİVERDİYEV KÜÇƏSİ, EV 6a ünvanında yerləşən fərdi yaşayış evini satmaq istəyirəm. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olubolmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin etməyinizi xahiş edirəm. 8i-2113 reyestr nömrəli, 10.04.2020-ci il tarixli X2 razılıq ərizəsinin surətindən görünür ki, ərim X3 təsisçi olduğu İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına heç bir etirazım yoxdur. 8i-2117 reyestr nömrəli, 13.04.2020-ci il tarixli İddiaçı MMC-nin adından X3b ərizəsindən görünür ki, İddiaçı MMC-yə məxsus olan ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 640.3 kv.m metr olan fərdi yaşayış evinə dair gələcəkdə Cavabdeh qarşı heç bir maddi və mənəvi iddia tələbim olmayacaq hüquq mühafizə orqanlarında və məhkəmədə bu fərdi yaşayış evinə dair iddia tələbim və şikayətim olmayacaq. Satıcı İddiaçı MMC və alıcı Cavabdeh tərəfindən 13.04.2021-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı MMC adından X4 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 300000 qiymətə satılması barədə razılığa gəlmişik. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halı ondan ibarətdir ki, 13.04.2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi satıcı İddiaçı MMC alıcı Cavabdeh mülkiyyətinə vermişdir. İddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmiş və iddia tələbini iddiaçı ərizəsində göstərdiyi xüsusatlarla əsaslandırmış, qeyd etdiyi əsaslara görə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə iddiaçının mübahisələndirdiyi hal ondan ibarətdir ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış 13.04.2021-ci il tarixli, AN-İ ******* saylı alqısatqı müqaviləsi real dəyərindən dəfələrlə az qiymətə formal, uydurma əqddir. Bu səbəbdən iddiaçı hesab edir ki, sözügedən alqı-satqı müqaviləsi bağlandığı andan etibarən etibarsız əqd hesab olunmalıdır. Cavabdeh ilk iddia tələbinə yazılı etiraz edərək, bildirir ki, hazırda məhkəmədə qaldırılan iddia ərizəsindən də göründüyü kimi iddiaçı evi dəyərindən ucuz satdığı üçün peşmançılıq hissi keçirir və bu dəlilə görə müqavilənin etibarsızlığını məhkəmədən xahiş edir. İddia ərizəsində istinad ediən yeganə əsas da evin dəyərindən ucuz satılması ilə bağlıdır. Bununla əlaqədar olaraq bildirir ki, müqavilə dəyəri onun etibarsızlığı üçün əsas hesab edilə bilməz. Eyni zamanda qarşılıqlı iddia tələbi irəli sürərək, fərdi yaşayış evinin boşaldaraq ona təhvil verilməsi öhdəliyinin icrası və həmin evə sahiblik, ondan sərbəst istifadə etmək üçün yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilk iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə görə, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə, Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.12.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il Qərarına əsasən, .... Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.... O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.... Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il Qərarına əsasən, .... Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanır. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla hüquqi görünüş yaradaraq tamam başqa məqsəd güdürlər. Lakin hazırki işdə İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə mübahisəli fərdi yaşayış evi nəticə etibarilə Cavabdeh verilmişdir. Fərdi yaşayış evinin satılması üçün lazım olan bütün sənədlər, o cümlədən alqı-satqı müqaviləsinin özünü iddiaçının nümayəndəsi şəxsən imzalamış və hərəkətlərinin hüquqi nəticələri ona məlum olmuşdur. Alqı-satqı müqaviləsi tərəflər arasında hüquq və vəzifələr yaratdığından və görünüş üçün bağlanmadığından, həmin əqd uydurma, yəni əhəmiyyətsiz əqd hesab edilə bilməz. Bundan əlavə iddiaçının mübahisəli fərdi yaşayış evinin satış qiymətinin ucuz olması tərəflər arasında qanunvericiliyin tələblərinə əsasən bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyildir. Bu baxımdan məhkəmə iddia tələbi üzrə əsaslandığı hallara dair əlavə sübutların təqdim edilməsi məqsədilə iddaiçının nümayəndəsinin şifahi vəsatətini təmin edərək, iddiaçıya sübutların təqdimi üçün əlavə vaxt versə də, iddiaçı həmin imkandan istifadə etməyərək, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il Qərarına əsasən,... Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014cü il 15 sentyabr tarixli Qərarı)...Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır. Qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.7-ci maddəsinə əsasən, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipidir. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında 13.04.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, “Satıcı” İddiaçı MMC ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini “Alıcı” Cavabdeh mülkiyyətinə verməsi barədə öhdəlik götürmüşdür. Bundan başqa ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh tam mülkiyyətindədir. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Yuxarıda sadalanan qanunvericilik müddəalarından və işin faktiki hallarından göründüyü kimi, qarşılıqlı iddia tələbi əsaslıdır, bu səbəbdən də ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh tərəfindən boşaldılaraq Cavabdeh təhvil verilməsi öhdəliyi icra edilməli, eyni zamanda həmin evə sahiblik, ondan sərbəst istifadə etmək üçün yaradılan maneələrin aradan qaldırılması vəzifəsi cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən, məhkəmə sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 21 saylı Notariat Ofisininə və Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsində istinad etdiyi hallar məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən, həmçinin əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbləri ilə bağlı ödənilmiş dövlət rüsumları bununla bağlı tələb olmadığından iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 21 saylı Notariat Ofisininə və Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı MMC-nin üzərinə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh təhvil və həmin evə sahiblik, ondan sərbəst istifadə etmək üçün yaradılan maneələrin aradan qaldırılması öhdəliyi həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar