Məhkəmə qərarları › İş №e-2(005)-231/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-231/2024

28.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-231/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı ilə Cavabdeh arasında iddiaçıya məxsus fərdi yaşayış evinin 11 ədəd qapısının (7 ədəd təkqapı, 1 ədəd 4 laylı şəbəkə, 1 ədəd 3 laylı şəbəkə, 1 ədəd 2 laylı şəbəkə və mansard üçün 1 balaca qapı olmaqla) cavabdeh tərəfindən hazırlanacağına, əvəzində iddiaçının 11500 manat pul ödəyəcəyinə razılaşmışlar.

2. İddiaçı cavabdehə cəmi 8350 manat məbləğində pul ödəmiş və sifarişinin hansı formada olmasını istədiyini göstərən fotoşəkillər göndərmişdir.

3. Daha sonra cavabdeh tərəfindən qapılar təqdim edildikdən sonra iddiaçı 6 qapını qəbul etmiş, 5 qapını isə qəbul etməyərək, dəyişdirilməsini tələb etmişdir. Cavabdeh isə həmin qapıları qüsurun aradan qaldırılması üçün geri götürmüşdür.

4. Cavabdeh qüsurların aradan qaldırılması üçün əlavə pul tələb etmiş, lakin iddiaçı ilə pulun məbləği barədə razılığa gələ bilməmişlər.

5. Həmin qapılar cavabdehdə qalmış və ona məxsus sex yandığından qapıların qaytarılması mümkün olmamışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8350 (səkkiz min üç yüzəlli) manat məbləğində pulun və ödənilmiş 104 (yüz dörd) manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci il tarixdə ona məxsus olan fərdi yaşayış evinə 11 qapı sifariş vermək qərarına gəlmişdir. Bir müddət usta axtardıqdan sonra Cavabdeh ilə tanış olmuş və onu qapı ustası kimi tanımışdır. Cavabdeh məxsus olan qapıpəncərə sexinə gedərək onun əl qabiliyyətinə baxmış və onun əl qabiliyyəti onun xoşuna gəlmişdir. Bundan sonra evinin qapıların düzəltməsini qapı-pəncərə ustası olan Cavabdeh sifariş eləmək qərarına gəlmişdir. Ona məxsus olan fərdi yaşayış evinin birinci mərtəbəsi üçün 5 qapı, ikinci mərtəbə üçün 5 qapı və mansart üçün isə bir qapı düzəltməli idi. Razılaşmaya əsasən birinci mərtəbə üçün hazırlanmalı olan qapılardan 1-i 4 şəbəkədən, 1-i 3 şəbəkədən, 1-i isə 2 qapılı, digər 2 qapı isə tək qapıdan, ikinci mərtəbədə isə beş qapı tək qapıdan və mansarta isə düzəlməli olan qapı 1 ədəd balaca qapı düzəltməsi tərəfindən sifariş verilmişdir. Həmçinin bildirmək istəyir ki, həmin qapılar maşın rəngi ilə rənglənməli idi. Həmin qapıların düzəlməsi üçün ümumi olaraq Cavabdehlə 10.000 manata razılaşmışdırlar. Sifarişi qəbul etdikdən sonra ilkin olaraq Cavabdeh öz evində 5000 manat və 600 manat vermişdir. Həmçinin qapıların plintusları üçün cəmi 750 manatda ayrıca vermişdir. Bir müddətdən sonra birinci mərtəbə üçün sifariş verilmiş 1 ədəd tək qapı və 2-ci mərtəbə üçün 5 ədəd tək qapılar təhvil verilmişdir. Lakin, 1-ci mərtəbə üçün sifariş verilmiş 3 ədəd şəbəkəli qapılar gətirlib təhvil veriləndə xoşuna gəlməmiş və onun sifariş verdiyi formada yığılmamışdır. Bununla bağlı Cavabdeh bildirdikdə ona demişdir ki, qapıları yerlərinə yığandan sonra qərar verərsiniz. Lakin, mən ona bildirdim ki, şəbəkəli qapılar yığılandan sonra xoşuna gəlməsə qəbul etməyəcəkdir. Cavabdeh bildirmişdir ki, yığılandan sonra xoşunuza gəlməsə söküb aparmaq bizlikdir. Şəbəkəli qapılar birinci mərtəbəyə yığılandan sonra onun xoşuna gəlməmiş və şəbəkəli qapıların çıxarılmasını tələb etmişdir. Həmin vaxt Cavabdeh ondan 2000 manatda qapıların hazırlanması üçün razılaşdıqları puldan almışdır. İddiaçı ondan qapıların tam şəkildə hazırlanıb təhvil verilməsini tələb etdikdə, ona bildirdi ki, şəbəkəli qapılar yenidən yığılması üçün sifariş verməlidi buna görə də razılaşdığı puldan qalan 2400 manatı və əlavə olaraq 3000-4000 manat pul tələb etmişdir. İddiaçı ona əlavə olaraq insanlıq xatirinə 1000 manat verə biləcəyini bildirdi. Cavabdeh bununla razılaşmıyaraq şəbəkəli qapıları sökərək aparmış və ona hara isdəyirsə şikayət edə biləcəyini bildirmişdir. Dəfərlərlə Cavabdeh ya şəbəkəli qapıların təhvil verməsini ya da ona verdiyi ödənişləri geri tələb etsə də, bugünə kimi heç bir nəticəsi olmamışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri

8. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar

9. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı tərəfindən 6 qapı qəbul edilmişdir, lakin iddiaçı qəbul etdiyi qapılarıda istəmir, çünki yeni qapılar qoyulsa qapılar arasında fərq olacaq və bu görüntünün pozulmasına səbəb olacaqdır. Bu səbəbdən də 11 qapı üçün ödənilmiş pulun tam şəkildə geri qaytarılmasını tələb edirlər.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ona həqiqətən 11500 manatın 8350 manatı ödəmişdir. Lakin cavabdeh qapıların qoyulacağı yerlərin ölçüləri götürülərkən iddiaçıya əvvəldən bildirmişdir ki, bu ölçülərdə onun istədiyi şəkildə şəbəkə qapıların qoyulması mümkünsüzdür, qapı keçidləri genişləndirilməlidir. İddiaçı əvvəl razılaşsa da, sonra məlum oldu ki, yenə də cavabdehin bildirdiyindən daha kiçik ölçüdə genişlənmə aparmışdır. Buna baxmayaraq, cavabdeh qapıları hazırlamış, iddiaçı qapılara sexdə baxmış və bəyənmişdir. Qapılar qoyularkən də bir narazılıq olmamışdır. 6 qapı qoyularaq tərəfə təhvil verilib və iddiaçı qəbul etmişdir. Qapılar qoyulduqdan bir neçə gün sonra iddiaçı zəng vuraraq bildirmişdir ki, qapıların bir qismini bəyənmir, mansard qapının isə mexanizmində problem var. Cavabdeh ünvana gedərək qapılara baxış keçirmiş, qapıları razılaşdıqları kimi düzəltdiyini, bu ölçülərdə bundan daha yaxşı nəyisə düzəltməyin mümkün olmadığını bildirmişdir. Daha sonra razılaşmışlar ki iddiaçı ödəmədiyi 2400 manatı və əlavə 2000 manatı ödəyəcək. İddiaçı razılaşdığına görə qapılar sökülərək sexə aparılmışdır. Lakin sonra iddiaçı həmin məbləğdə pulu ödəyə bilməyəciyini bildirdiyindən razılaşma pozulmuşdur. Sexdə olan 27 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanda, “Bakı Ağac Emalı” ərazisində yerləşən mebel aksesuarları sexində baş vermiş yanğın nəticəsində onun sexində yanğının təsirinə məruz qalmış və mebel sexindəki bütün avadanlıqlar yanmışdır. İddiaçı ilə ümumi sifarişin qiyməti razılaşdırılmış, həmin tarixlərdə tək qapı təxminən 500 manata hazırlanılırdı.

11. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Cavabdehlə onları ailəvi dostları tanış etmişdir. O beh verilən zaman orada olmamışdır. Onlar pulun bir hissəsini isə Gənclikdə vermişdir. Qapılar gələndə üst mərtəbənin qapısı qoyuldu və hər şey normal idi. Sadəcə qapılar örtülən zaman problem olurdu, onu da cavabdeh boya vurulanda düzələcəyini bildirmişdir. Alt mərtəbənin qapıları qoyulduqda isə həyat yoldaşı şəkillərini atmış, o bəyənmədiyini, qapıların fərqli olduğunu dedikdə bildirdi ki, şəkildə fərqlidir özü baxanda bəyəcəyini bildirdi. Mənzilə gəldikdə isə bəyənməmişdir. Hazırda cavabdeh tərəfindən aparılmış qapıların yeri boşdur. Mansardın qapısı da cavabdeh tərəfindən tam oturmadığı üçün düzəldilməsi məqsədilə aparılmış, geri qaytarılmamışdır. İş otağının da qapıları qoyulmamışdır.

12. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X1 ifadəsində bildirmişdir ki, Cavabdehlə qohumdur. Qapıların sifarişi daxil olduqda Xalid qəbul edib qiymətini özü danışır, onlar sadəcə qapıların hazırlayır və Xaliddən pullarını alırlar. Sifarişi qəbul etdikdən sonra onlar qapıları hazırlayırlar. Hazırkı işdə də qapıları hazırlayan zaman iddiaçı və həyat yoldaşı sexə gələrək qapılara baxıb və bəyəndikləri üçün onlar işlərinə davam etmişdirlər. Evin 2-ci mərtəbənin qapılarını qoymuşdurlar və iddiaçı tərəfindən bəyənilmişdir. Sadəcə mansardın qapısı qoyulmamışdı.

13. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçının qaynatası olduğunu, qapılar düzəldilən zaman cavabdehə 5000 manat və 2000 manat məbləğində pul veriləndə özünün şəxsən iştirak etdiyini bildirmişdir. İddiaçı və qızı qapıları bəyənmədiyindən cavabdeh qapıları sökərək aparmış, lakin indiyədək təmir edib gətirməmişdir.

14. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid2 ifadəsində bildirmişdir ki, fəhlə kimi işləyir, mebel sexində yanğın başladıqdan sonra işləmir, işi yekunlaşdırdıqdan sonra iddiaçı pulu cavabdehə vermək üçün vermişdir.

Mülki işin materialları

15. AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Nərimanov rayonu, Habil Mirzəyev küçəsi,döngə 2, 6 saylı fərdi yaşayış evi qeydiyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına ARnın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

16. AR DİN Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı şikayət ərizəsi daxil olmuş, araşdırma zamanı müəyyən edilmişdir ki, yazmış olduğu şikayət ərizəsi mülki xarakterlidir. Məhkəməyə müraciət etməsi məqsədə müvafiqdir.

17. 06 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, 27 avqust 2023-cü il tarixdə, saat 19 radələrində ünvan 3 ünvanda, "xxxx" ASC-nin ərazisində yerləşən mebel aksesuarları sexində baş vermiş yanğın hadisəsi ilə əlaqədar X3 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir.

18. 17 aprel 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev ünvanında qeydiyyatda olmaqla hmin ünvanda yaşayan Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır.

19. İddiaçı tərəfindən təqdim edilən "xxxx" memarlıq və mebel Şirkətinin rəyindən görünür ki, 4 laylı qapı içi şam ağacı, üzlük MDF boya 4800 manat, 3 laylı qapı içi şam ağacı, üzlük MDF boya 3600 manat, 2 laylı qapı içi şam ağacı, üzlük MDF boya 2400 manat, tək qapı 1100 manat, tək qapı 9mansardın qapısı) - içi şam ağacı, üzlük MDF boya 1000 manat təşkil edir.

20. İddiaçı tərəfindən təqdim edilən AR "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, taxta qapı (iç taxtası şam ağacı) ölçüsü 2,78 x 2,82 m üzlük MDF boyası 4 gözlü şəbəkə 1 ədəd-4350 manat, taxta qapı (iç taxtası şam ağacı) 2,78 m x 2,08 m üzlük MDF boya 3 gözlü şəbəkə 1 ədəd 3250 manat, taxta qapı (iç taxtası şam ağacı) 2,78 x 1,75 m üzlük MDF boya 2 gözlü şəbəkə 1 ədəd-2250 manat, taxta qapı (iç taxtası şam ağacı) ölçüsü 2,42 m x 0,88 m üzlük MDF boya tək qapı 1 ədəd - 1050 manat, taxta qapı (iç taxtası şam ağacı) ölçüsü 1,93 m x 0,86 m üzlük MDF boya tək qapı 1 ədəd -1050 manat müəyyən edilmişdir.

21. Cavabdeh tərəfindən təqdim edilən qiymət təklifindən görünür ki, 4 laylı qapı (iç taxtası şam ağacı) üzlük MDF boya 2,78x2,82 1 ədəd – 2900 manat, 3 laylı qapı (iç taxtası şam ağacı) üzlük MDF boya 2,78 m x 2,05 m 1 ədəd -2200 manat, 2 laylı qapı (iç taxtası şam ağacı) üzlük MDF boya 2,78 x 1,75 m 1 ədəd – 1800 manat, tək qapı (iç taxtası şam ağacı) üzlük MDF boya 2,44 m x 0,88 m 1 ədəd -850 manat, tək qapı ( mansardın qapısı) (iç taxtası şam ağacı) üzlük MDF boya 1,93x0,86 m 1 ədəd – 700 manat, ümumi məbləğ 8450 manat müəyyən edilmişdir.

22. Cavabdeh tərəfindən təqdim edilən cd diskdən görünür ki, İddiaçı tərəfindən cavabdehə aşağıdakı məzmunda səsli mesaj göndərilmişdir: “ .. İnşallah hər şey ürəyimizcə olar, sexdə gördük bəyəndik, sonra da inşallah belə olar.”

Mülki işə tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

25. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

26. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür;

27. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

28. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

29. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

30. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

31. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır;

32. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər;

33. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəSinə götürür.

34. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

35. 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

36. 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

37. 762.4-cü maddəsinə əsasən, əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

38. 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

39. 763.2-ci maddəsinə əsasən, əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

40. 763.3-cü maddəsinə əsasən, əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.

41. 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur

İşə baxan məhkəmənin mövqeyi:

42. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?

43. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında yazılı müqavilə bağlanmasa da, yaranmış münasibətlər mahiyyət etibarı ilə podrat müqaviləsindən irəli gəlir. Bu səbəbdən də hazırki münasibətlərin tənzimlənməsi həmin müqaviləyə və bu hüquqi fakta əsasən yaranmış hüquq münasibətlərinə dair qanunvericiliklə nəzərdə tutulmuş hüquq normaları ilə tətbiq edilməklə həyata keçirilməlidir.

44. Mülki Məcəllənin 385-ci madəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir.

45. Məhkəmə qeyd edir ki, cavabdeh şifahi razılaşma üzrə qapıların hazırlanıb iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən tam yerinə yetirilməmişdir.

46. Belə ki, işin məhkəmə tərəfindən müəyyənləşdirilən mübahisəsiz halı bundan ibarətdir ki, iddiaçı cavabdehə razılaşdırılmış 11500 manat puldan 8350 manat məbləğində pulu ödəmişdir. İddia ərizəsində qeydedilən bu hal cavabdeh tərəfindən də etiraf edilmişdir. Daha sonra hazırlanan 11 qapıdan 6-nın (beş ədəd 2-ci mərtəbədə, bir ədəd birinci mərtəbədə olmaqla) iddiaçı tərəfindən qəbul edilməsi, qalan qapıların qəbul edilməməsi də tərəflərin izahatları ilə təsdiqini tapır. Mübahisəli məsələ eyni zamanda cavabdehin etirazının əsasını da təşkil edən – qapıların əvvəldən bəyənilməsi, daha sonra iddiaçının fikir dəyişərək qəbul etməkdən imtina etməsidir. Cavabdeh bu halı sübut etmək məqsədilə məhkəmə CD disk təqdim etmiş, lakin iddiaçı sexdə bəyənilən qapıların qəbul edilən qapılar olduğunu bildirir.

47. Məhkəmə iddiaçının izahatını ağlabatan mühakimə əsasında daha inandırıcı hesab edir. Belə ki, cavabdeh özü də bildirir ki, iddiaçı qapı girişlərinin genişləndirilməsinin zəruri olduğunu bildirmiş, lakin iddiaçının qapı girişlərini cavabdehin dediyi ölçülərdə hazırlatmamasına baxmayaraq, sifarişi hazırlamağa başlamış və son nəticədən iddiaçının razı qalacağını bildirmişdir. Mülki işin materiallarında olan fotoşəkillərdən də aşkar görünür ki, iddiaçının evinə quraşdırılan şəbəkə qapı ilə, nümunə götərilən fotoşəkildəki qapı bir birindən kəskin surətdə fərqlənir. Digər tərəfdən, cavabdeh sifarişə uyğun gəlməyən qapıları sökərək sexə geri aparmışdır. Hətta bu qapılardan biri – mansard qapısının mexanizmində olan problem də cavabdeh tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. Lakin qapılar, uzun müddət keçməsinə baxmayaraq hazırlanmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin davranışı – qapıları sökərək sexə aparması özü-özlüyündə cavabdehin icranı qüsurlu icra etdiyini etiraf etməsinin göstəricisidir.

48. Məhkəmə onu da qeyd edir ki, iddiaçının icrasını bəyənmədiyi sifariş məhz şəbəkə şəklində olan 1 ədəd ikilaylı, 1 ədəd üçlaylı, 1 ədəd dördlaylı qapılar olmasına baxmayaraq, digər 2 ədəd – mansard otağının qapısı və bir tək qapının da qüsuru aradan qaldırılaraq yenidən quraşdırılmamışdır. Göründüyü kimi, cavabdeh öhdəliklərinin icrasına laqeyd yanaşmış, aradan qaldırılması xərclər çəkilmədən də mümkün olan əlavə icranı icra etməmişdir.

49. Məhkəmə onu da qeyd edir ki, cavabdeh sonrakı məhkəmə iclaslarında yanğın nəticəsində qapıların məhv olduğunu bildirərək, məhkəməyə zərərçəkmiş şəxs qismində tanıtma barədə qərar təqdim etsə də, ilkin hazırlıq iclaslarında da mebel emalatxanasında yanğın olduğunu, bütün sənədlərin məhv olduğunu, qapıların sexdə qaldığını qeyd etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən uzun müddət ərzində qapılar qüsurların aradan qaldırılması üçün sexə aparılsa da, geri qaytarılmamışdır. Yəni, əlavə icra üçün müəyyənləşdirilmiş müddət ərzində əlavə icranı həyata keçirməmişdir. Belə olan halda sifarişçinin icradan imtina edərək, çəkdiyi xərclərin əvəzini tələb etmək hüququ yaranır.

50. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş 27 iyun 2024-cü il tarixli qiymətləndirmə rəyi ilə bağlı qeyd edir ki, həmin rəydə əks edilən məbləğ – yəni cavabdeh tərəfindən icra edilməmiş sifarişin icra edilməsi üçün lazım olan məbləğ 11950 manat dəyərində qiymətləndirilir. Halbuki iddiaçı tam sifariş üçün cavabdehə 11500 manat ödəməyi razılaşdırmışdır. Göründüyü kimi qiymətləndirmə rəyi ilə mülki işin materialları, o cümlədən iddia ərizəsinin məzmunu arasında uyğunsuzluq mövcuddur. Buna görə də mötəbər sübut qismində qiymətləndirilmir.

51. Məhkəmə iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş müxtəlif qiymət cədvəlləri ilə bağlı qeyd edir ki, həmin sənədlərdə qeyd edilən məbləğlər indiki vaxt üçün nəzədə tutulan məbləğlərdir. Eyni zamanda iddiaçı və cavabdeh tərəfindən təqdim edilən qiymət təklifləri arasında xeyli fərq olmaqla, orada əks edilən qiymətlər tərəflərin özlərinin də verdiyi izahatlarda səsləndirdikləri məbləğlərlə üst-üstə düşmür. Eyni zamanda tərəflər razılaşma əldə edərkən özləri azad şəkildə sifariş üçün məbləğ müəyyənləşdirmişdirlər və ona uyğun ödəniş edilmişdir.

52. Məkəmə hazırlıq iclasında cavabdeh tək qapının təxminən 500 manata razılaşdırıldığını qeyd etmiş, iddiaçı buna etiraz eməmişdir. Məhkəmə məhz tərəflərin izahatlarında göstərilən həmin məbləği əsas götürməyi ağlabatan mühakimə əsasında daha inandırıcı hesab edir.

53. Məhkəmə ümumilikdə 11 qapı üçün 8350 manat ödənilməsini nəzərə alaraq, həmin məbləği ağlabatan hesab edir. Belə ki, bir qapının dəyərinin 500 manat olması və iddiaçı tərəfindən onların bəyənilməsi nəzərə alınaraq, 8350 manat puldan 3000 manat hissəsinin (6x500=3000 manat) cavabdehdən tutulması əsassızdır. Məhkəmə qalan hissə ilə bağlı qeyd edir ki, cavabdeh özü də izahatında bildirir ki, qapılar onun tərəfindən geri götürülmüşdür. Bu cavabdehin həmin qapıların qüsurlu olmasını qəbul etməsi kimi qiymətləndirilir. Eyni zamanda iş materiallarından və cavabdehin izahatından müəyyən edilir ki, qapılar baş vermiş yanğın nəticəsində məhv olmuşdur və onların faktiki olaraq qaytarılması mümkün deyildir. Məhkəmə hesab edir ki, cavabdehin faktiki olaraq qüsursuz icra etdiyi və iddiaçı tərəfindən qəbul edilmiş qapılar üçün ödədiyi məbləğdən savayı, yerdə qalan məbləğ iddiaçıya qaytarılmalıdır.

54. Məhkəmə iddiaçının ödənilən bütün məbləğin qaytarılması, yeni qapılar hazırlanarkən əvvəlki qapılarla uyğunsuzluğun olacağı, tam sifariş razılaşdırılarkən qiymətin daha münasib olduğu lakin natamam sifariş zamanı daha baha başa gəldiyi ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh faktiki olaraq sifarişin bir hissəsini qüsursuz icra etmiş və icra iddiaçı tərəfindən qəbul edilmişdir. Belə olan təqdirdə məhkəmə bütün məbləğin cavabdehdən tutulması barədə tələbi əsassız hesab edir.

55. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir.

56. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri)

57. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır.

58. Məhkəmə şahidlərdən Ə.Kəmalə və Y.Adilin ifadələrini mötəbər sübut qismində qiymətləndirmir. Belə ki, Ə.Kəmalə iddiaçının həyat yoldaşı, Y.Adil isə qaynatası olmaqla, onların mülki mübahisənin iddiaçının xeyrinə həll olmasında maraqlı olmaları yüksk ehtimaldır. Cavabdeh tərəfindən tədim edilən şahidlər isə onun işçiləri olmaqla aralarında olan münasibətin xarakterinə görə onların da ifadələri mötəbər sübut qismində qiymətləndirilimir.

59. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir.

60. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5350 (8350- 3000=5350) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 104 manat pulun, 66 manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 5350 (beş min üç yüz əlli) manat məbləğində pul və 66 (altmış altı) manat pul tutularaq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 66 manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun,qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar