Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-238/2024 31.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 139700 (yüz otuz doqquz min yeddi yüz) manat pulun, dövlət rüsumu kimi ödədiyi 430 manatın, ümumilikdə 140130 (yüz qırx min yüz otuz) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər (ata və oğul) Cavabdeh2 və Cavabdeh1 müxtəlif vaxtlarda hissə-hissə iddiaçıya ümumilikdə 139700 (yüz otuz doqquz min yeddi yüz) manat borclanmışlar. Belə ki, ilk olaraq cavabdehlər ondan bizneslərinin inkişafı üçün borc istəmişlər. 06 dekabr 2017-ci il tarixdə Cavabdeh2 ilə aralarında bağlanmış Kredit Müqaviləsi ilə iddiaçı faktiki olaraq cavabdehlərə 60000 (altmış min) manat borc vermişdir. Bundan sonra cavabdehlər ondan əlavə olaraq 3 il müddətində 79700 (yetmiş doqquz min yeddi yüz) manat daha əlavə borclanmışlar. Ümumi borcu təsdiq etmək üçün aralarında xx.xx.2020-ci il tarixdə yazılı sənəd tərtib edilərək imzalanmışdır. İddiaçı bildirir ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək hüququnun istifadəsi labüd olmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin qismən 20 000 (iyirmi min) manat tutulmaqla qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, işə əlavə olunmuş, notarial təsdiq olunmuş Borc Müqaviləsindən də aydın görünür ki, idiaçı Cavabdeh2 60 000 AZN pul məbləğində 5 il müddətində qaytarmaq şərti ilə borc vermişdir. Həmçinin iddiaçı tərəfindən işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli əlyazmasına əsasən yalnız 139 700 AZN olduğu qeyd olunmuşdur ki, bu da iş üzrə sübut qismində qəbul edilə bilməz. Həmin məbləğin nə olduğu kimin kimə borclu olduğu, haradan əmələ gəldiyi qeyd olunmamışdır. Odur ki, həmin əl yazısı ilə cavabdehlərdən 139700 AZN pulun tutulmasına kifayət etmir. Belə ki, əlavə olunmuş digər xx.xx.2019-cu il tarixli əlyazmasına əsasən iddiaçının 60000 AZN əsas borcdan əlavə 40 800 manat faiz borcunun hesabladığı aydın görünür. Həmin qəbzə iddiaçı şəxsən imza etmişdir. Həmin qəbzə əsasən iddiaçının xx.xx.2020-ci ildə borcu 124250 AZN təşkil etdiyi qeyd olunmuşdur. Bu onu göstərir ki, iddiaçının təqdim etdiyi əlyazısı daha əvvəl tərəflərin tərtib etdiyi əlyazısının heç bir hüquqi əhəmiyyəti yoxdur. Birincisi – cavabdehin təqdim etdiyi əlyazması iddiaçının təqdim etdiyi əlyazmasından daha sonra imzalanmışdır. Bu daha cavabdehin təqdim etdiyi sübutun üstün qüvvəyə malik olduğunu göstərir. İkincisi- iddiaçı öz iddia tələbində qeyd edir ki, “06 dekabr 2017-ci il tarixdə Cavabdeh2 ilə aralarında bağlanmış Kredit Müqaviləsi ilə faktiki olaraq cavabdehlərə 60000 (altmış min) manat borc vermişdir. Bundan sonra cavabdehlər ondan əlavə olaraq 3 il müddətində 79700 (yetmiş doqquz min yeddi yüz) manat daha əlavə borclanmışlar. Ümumi borcu təsdiq etmək üçün aralarında xx.xx.2020-ci il tarixdə yazılı sənəd tərtib edilərək imzalanmışdır.” Əgər xx.xx.2020-ci ildə cavabdehlərin borcu 124250 AZN təşkil edirdisə (hesablanmış faizlərlə birlikdə) və iddiaçının bildirdiyinə görə son üç ildə əlavə 79700 AZN də götürmüşdülərsə, onda borc məbləği 213 950 AZN etməliydi ki, bu da absurd olmaqla yanaşı iddiaçının gətirdiyi dəlillərlə ziddiyyət təşkil edir. İddiaçı cavabdehə 60000 AZN-dən əlavə bir qəpik də verməmiş, yalnız qanunsuz olaraq, faiz hesablamışdır. Üçüncüsü-Bundan başqa İddiaçı 2020-2021-ci illərdə cavabdeh barəsində Baş Mütəşşəkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə şikayətlə müraciət etmiş və cavabdeh idarəyə dəvət olunmuşdur və ətraflı araşdırma aparılmışdır. Tərəflərin izahatları alındıqdan sonra iddiaçının ona qanunsuz faiz hesablaması və məbləği qəsdən şişirdildiyi müəyyən olunmuş, nəticədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Qeyd edir ki, cavabdeh iddiaçıya 40000 (qırx min) manat pul ödəmiş, lakin iddiaçı həmin pulu da faizə silmişdir. Bu əlavə olunmuş səs yazısından da aydın görünür. Həmin səs yazısında iddiaçı cavabdehin götürdüyü 60000 AZN pulun əvəzinə 40 000 manatı qaytarmışam deyərkən kim versəydi sənə faizlə vercəkdi deyə bildirir. Beləliklə, iddiaçı cavabdehə 60000 AZN pul verdiyi və həmin pulun 40000 manatını qaytarıldığını təsdiq etmişdir (səs yazısı əlavə olunur). Göründüyü kimi, iddiaçı cəmi 60 000 AZN pul veridyinə baxmayaraq, həmin məbləğin üzərinə qanunsus və əsassız olaraq, faiz hesablayaraq, 140 000 AZN etməklə şişirtmişdir. Odur ki, iddia tələbi qismən qanunsuz və əsassızdır. Cavabdehlər bildirir ki, hazırda iddiaçıya real borcu 20000 (iyirmi min) AZN təşkil edir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edib, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək, yazılı etirazın dəlillərinə uyğun izahat verib, iddianın qismən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı onlara 60.000 manat borcdan əlavə hər hansı miqdarda pul verməmiş, qeyd olunan 79700 manat pulun icarə haqqından yaranmasının mümkün olmadığını, belə ki, bu qədər müddətdə oğlu hər hansı icarə pulu ödəməzdisə, iddiaçı oğlunu həmin obyektdə işləməyə imkan verməzdi, əlavə olaraq qeyd etdi ki, borclu olduğu məbləğdən özünə məxsus evini satıb iddiaçıya 30000 manat geri qaytarmışdır. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş İddiaçı (Borc verən) ilə Cavabdeh2 (Borc alan) arasında 06 dekabr 2017-ci il tarixdə bağlanmış “Borc müqaviləsi”ndən görünür ki, “Borc verən” tərəfindən “Borc alan”a 60000 manat məbləğində pul borc vermiş, “Borc alan” krediti xx.xx.2022-ci il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür.Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişdir. - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə yaranmış borc məbləğinin 7 (yeddi) iş günü ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - AR DİN BMCMİ tərəfindən İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciətində göstərilən xüsusatların mülki xarakterli olmasından ona mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 06 dekabr 2017-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh2 60000 manat məbləğində borc pul məbləğini verməyi, Cavabdeh2 isə həmin məbləğdə borc pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini iddiaçıya qaytarmamışdır. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, cavabdehlər kredit müqaviləsi üzrə borcdan başqa həmin müddətdən sonra 3 il ərzində iddiaçıya 79700 manat borclanmışlar. İddia tələbini təsdiq etmək üçün iddiaçı xx.xx.2020ci il tarixli əlyazmaya istinad edir. Həmin borcun 7 il ərzində aylıq 700 manat olan icarə haqqı borcundan yarandığını bildirir. Cavabdehlər “79700 manat borc”un olması hissəsində iddianı qəbul etmirlər, həmin məbləğdə iddiaçıdan hər hansı borc almadıqlarını, iddiaçının cavabdehlər tərəfindən ödədiyi pulların faiz borcuna sildiyini, bu məbləğin əsas borca hesablanmış faiz olduğunu göstərən “...ana borc - 60000 faiz ; 40800 + 1650 = 42450...və s.” ifadələri yazılmış əlyazmanı təqdim edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə mülki işdən göründüyü kimi, 06 dekabr 2017-ci il tarixli borc müqaviləsi əsasında Cavabdeh2 İddiaçı 60.000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydada təsdiq edilmiş müqavilə mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır. Burada nəzərə alınmalıdır ki, cavabdehin borcu qaytarmaq üçün götürdüyü öhdəlik müddəti başa çatmışdır, istər borc öhdəliyinin yaranmasından, müqavilənin 06 dekabr 2017-ci il tarixdə bağlanmasından ötən müddət ərzində, istərsə də müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən sonra cavabdeh borcu və ya onun müəyyən hissəsini ödəmək üçün real hərəkət etməmişdir.Cavabdeh məhkəmə iclasında verdiyi izahatında və etiraz ərizəsində borcun 40.000 manat hissəsini ödədiyini, bildirsə də, borcdan ödəniş etdiyinə dair mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi borc məbləğinin “60000 manat” hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 İddiaçı xeyrinə 60000 manat pul məbləği tutulmalıdır. Məhkəmə iddia tələbində qeyd olunan “79700 manat borc məbləği” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə cavabdehlərin ona 79700 manat həcmində əlavə borclandığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini ziddiyyətli və mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin ona 3 il ərzində 79700 manat borclandıqlarını (iddia ərizəsində), daha sonra məhkəmə iclasında sualı cavablandırarkən həmin borcun 7 il ərzində qeyri-yaşayış sahəsinin icarə haqqlarından yarandığını, digər tərəfdən də polis orqanında iddiaçının verdiyi şikayətdə isə 80000 manat pulu nağd şəkildə Cavabdeh1 verdiyini qeyd etməklə, həmin ziddiyyətli halların aydınlaşdırılmasına dair mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan borcun nədən ibarət olmasını, (borcun yaranma mənbəyini, yaranma tarixlərini, habelə uzun müddət icarə haqları ödənilmədiyi halda, hansı səbəbdən icarə haqqının ödənilməsini ayrıca mübahisələndirmədiyini, icarə haqqı kimi tələb etdiyi pulun hansı səbəbdən nağd pul vəsaiti verməsi kimi göstərdiyini və s.ni) izahatlardakı ziddiyyətləri aradan qaldıracaq dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız əlyazma və ziddiyyətli izahatları mövcuddur ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Bununla belə cavabdehlər təqdim olunmuş əlyazmadakı məbləğlərin faiz borcundan yarandağını qeyd etmişlər. Yuxarıda qeyd olunanlar birbaşa sübutlarla təsdiq olunmasa da, işin gedişatı, borcun yaranmasının ziddiyyətli ifadələrlə izah edilməsi, iddiaçının təqdim etdiyi whatsapp sosial şəbəkəsi üzərindən aparılmış yazışmaların ekran görüntüsündəki əlyazmanın bir qismində borc məbləğinin üzərində “faiz”, bir qisminin “arenda” ifadəsinin yazılması, icarə haqqı borcu kimi qeyd olunan vəsaitin əvvəl 3 il daha sonra 7 il ərzində yarandığının bildirilməsi, bundan başqa aylıq 700 manat icarə haqqının 3 illik və 7 illik ümumi məbləği (3x12x700=25200; 7x12x700=58800), o cümlədən yuxarıda sadalanan digər xüsusatlar həmin əlyazmadakı məbləğdə borcun cavabdehlərə verilmədiyini sübut edən dəlillər olmaqla diqqətçəkən məqamlardır. Yuxarıda sadalananlara əsasən, məhkəmə iddiaçının borcun mövcudluğunu təsdiq edən və məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli əlyazmanı (qəbz) aradan qaldırılmayan ziddiyyətlərin kontekstində sübut kimi qəbul etmir və bu halın cavabdehlərin ziyanına şərh olunmasını qanunvericiliyin məqsədlərinə uyğun hesab etmir. Çünki həmin qəbzdəki məlumatlar birbaşa pulun verilməsini və həmin pulun cavabdehlər tərəfindən qəbul edilməsini təsdiq edən məlumatları özündə əks etdirməməklə mötəbər yazılı sübut növü kimi qiymətləndirilə bilməz. Sözügedən qəbz cavabdeh tərəfindən və öhdəlik münasibətlərinin yaranması üçün tərtib olunsa da, iddiaçı tərəfindən həmin məbləğdə vəsaitin verilməməsi səbəbindən öhdəliyin sonuncu tərəfindən yerinə yetirilmədiyi müəyyən edilir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı 79700 manat məbləğində borcun tərəflər arasındakı icarə münasibətlərindən yaranmasını bildirsə də, məhkəmə araşdırması zamanı icarə müqaviləsinə və ya icarə haqqına dair müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi məhkəmədə müəyyən olunan hallarla bu hissədə öz təsdiqini tapmamış və iddiaçı tərəfindən əsaslandırıla bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 60.000 manat borc tutularaq İddiaçı ödənilməlidir. İddi tələbinin qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflər arasında bölüşdürülməli, ödənilmiş 430 manat dövlət rüsumunun 185 manat hissəsi Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, 245 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 60.000 (altmış min) manat pul vəsaiti və 185 manat dövlət rüsumu tutulsun İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 430 manat dövlət rüsumunun 245 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-238/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-238/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver