Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-239/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: kredit müqaviləsi üzrə borc) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı ASC ilə borcalan Cavabdeharasında bağlanmış 27 dekabr 2021 il tariхli, 105804-421638/4 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 21.9% dərəcəsi ilə 8000 manat məbləğində krеdit vеrilmişdir. Müqaviləyə əsasən İddiaçı ASC borcalan Cavabdeh kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6466.18 manat məbləğində əsas bоrc və 887.29 manat faiz borcu оlmaqla, cəmi 7353.47 (Yeddi min üç yüz əlli üç (.47)) manat borcun və 93.94 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeharasında bağlanmış 27 dekabr 2021 il tariхli, 105804-421638/4 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 21.9% dərəcəsi ilə 8000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 14 iyul 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 6466.18 manat məbləğində əsas bоrc və 887.29 manat faiz borcu оlmaqla, ümumilikdə 7353.47 (Yeddimin üç yüzəlli üç (.47)) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə (o cümlədən SMSbildiriş göndərilməsinə) baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdirlər. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materialları - İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 27 dekabr 2021 il tariхli, 105804-421638/4 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 21.9% dərəcəsi ilə 8000 manat məbləğində krеdit vеrilmişdir. - xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 27 dekabr 2021 il tariхli, 105804-421638/4 nömrəli istehlak krеditi müqaviləsinə əsasən 6466,18 manat əsas, 887,29 manat faiz, cəmi 7353,47 manat borcu yaranmışdır. - Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 6965,46 manat əsas borc və 120,67 manat faiz borcu olmaqla cəmi 7086,13 manat vəsaitin xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq banka ödəməyi tələb edilmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3391 №-li ekspert rəyindən məlum olur ki, hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 27 dekabr 2021 il tariхli, 105804-421638/4 nömrəli istehlak krеditi müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 6799,71 manat, faiz borcu üzrə 128,23 manat, xx.xx.2024-cü il tarixə əsas borc 6799,71 manat, faiz borcu 802,48 manat müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Qeyd olunmalıdır ki, cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşə baxan məhkəmənin mövqeyi: Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Məhkəmə ekspertiza rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasını nəzərə alır. Beləliklə də, məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından qeyd edilən rəyi hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. Beləliklə, məhkəmə əsas və faiz borc məbləğinin tutulması hisəsində onu qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində əsas borc məbləği 6466,18 manat tələb edilir. Belə olan halda məhkəmə iddia ərizəsində qeyd edilən əsas cavabdehdən tutulmasını daha ədalətli hesab edir. Belə ki, verilmiş ekspert rəyində əsas borc məbləği iddia tələbində tələb olunan məbləğdən artıqdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddianın iddia tələblərini artırmadığını nəzərə alaraq iddia tələbində qeyd edilən əsas borc məbləğinin cavabdehdən tutulmasını qanuni hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Faiz borcunun məbləğinə münasibətdə isə məhkəmə xx.xx.2022-ci il tarixli bildirişi əsas götürərək hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 120,67 manat (pretenziya məktubunun ünvanlandığı tarixə yaranmış faiz borcu) faiz borcu tutulmalıdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 6466,18 manat əsas borc, 120,67 manat məbləğində faiz borcu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq ödənilmiş 93,94 manat dövlət rüsumunun 84 manatı Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilsin, qalan hissədə iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 89 manatı Cavabdeh, 11 manatı isə İddiaçı ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27 dekabr 2021 il tariхli, 105804-421638/4 nömrəli istehlak krеditi müqaviləsinə əsasən 6466,18 (altı min dörd yüz altmış altı manat on səkkiz qəpik) manat əsas; 120,67 (yüz iyirmi manat altmış yeddi qəpik) manat faiz; cəmi 6586,85 (altı min beş yüz səksən altı manat səksən beş qəpik) manat pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş 93,94 (dosxan üç manat doxsan dörd qəpik) manat dövlət rüsumunun 84 (səksən dörd) manatı Cavabdeh tutularaq, İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 89 (səksən doqquz) manatı Cavabdeh, 11 (on bir) manatı isə İddiaçı ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-239/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-239/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver