Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-240/2023 26.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X12 Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X9 San. Ticaret LTD” şirkəti cəlb edilməklə, pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X9 San. Ticaret LTD” şirkəti cəlb edilməklə, pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əldə edilən iddiaçıya məxsus 134 566 ABŞ dolları məbləğində əsas vəsaitin və 17 ay ərzində istifadə etdiyi üçün 9536.32 ABŞ dolları məbləğində əlavə vəsaitin, cəmi 144102,32 ABŞ dolları vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X9 San. Ticaret LTD” şirkəti arasında bağlanmış 01 fevral 2021-ci il tarixli, 01 nömrəli Kontrakta əsasən, İddiaçı MMC müqavilədə göstərilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində həmin malları təhvil alıb, müqavilə ilə müəyyənləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Kontraktın ümumi məbləği 1 000 000 ABŞ dolları təşkil edir. Kontraktın 3-cü maddəsinə əsasən, qeyd olunan məbləğ alıcı tərəfindən hər partiya üçün satıcıya 180 gün ərzində ixracatçının bank hesabına ödənilməlidir. Lakin “X9 San. Ticaret LTD” şirkəti malları aldıqdan sonra alıcıya yalnız 187355,28 AZN pul ödəmiş, geridə qalan məbləğ hələ də ödənilməmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2022-ci il tarixində İddiaçı MMC həm DHL Express beynəlxalq nəqliyyat şirkəti vasitəsi ilə, həm də elektron poçt vasitəsi ilə “X9 San. Ticaret LTD” şirkətinə “borcun tələb olunması barədə” pretenziya ilə müraciət etdikdən sonra məlum olmuşdur ki, “X9 San. Ticaret LTD” şirkəti xx.xx.2021 tarixində 134 566 ABŞ dollarını Cavabdeh Rüfan oğlu Azərbaycan vətəndaşına ödəmişdir. “X9 San. Ticaret LTD” şirkəti tərəfindən təqdim olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh İddiaçı MMC adından ona verilmiş etibarnaməni “X9 San. Ticaret LTD” şirkətinə təqdim edərək müqavilə ilə müəyyənləşdirilmiş məbləğin bir hissəsini- 134 566 ABŞ dollarını əldə etmişdir. Təqdim olunmuş sənədlərdən aydın olur ki, tediyye makbuzu, pulun alınması barədə qəbz və invoice Cavabdeh tərəfindən imzalanmış və şirkətin möhürü ilə möhürlənmişdir. Cavabdeh aldığı vəsaiti İddiaçı MMC-yə təhvil verməmiş və onun bank hesabına ödəməmişdir. Görünür ki, Cavabdeh iddiaçıya məxsus 134 566 ABŞ dolları məbləğində pul vəsaitini əldə etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Onlar bildirmişlər ki, həmin dəmir borular əslində iddiaçıya deyil Nazim Ələkbərov adlı bir şəxsə məxsus olmuşdur. Həmin şəxs cavabdehə boruları satmaq istədiyini bildirmiş, boruları almaq istəyən tanışının olub-olmamasını soruşmuşdur. Cavabdeh bir müddət sonra öz tanışları vasitəsilə türk vətəndaşı Yusif Gümüşoğlu adlı şəxslə görüşmüş, boruları ona göstərmiş, Nazim Ələkbərov da bu işdə yardımçı olmasının müqabilində gələcəkdə onun zəhmət haqqın ödəyəcəyini bildirmişdir. Daha sonra boruların ixrac edilməsi məsələsi ortaya çıxdığından cavabdeh əvvəldən tanıdığı Arif adlı şəxslə əlaqə saxlayaraq bu işdə ona kömək etməsini xahiş etmiş, Ariflə boruları almaq istəyən türk vətəndaşını görüşdürmüşdür. Arifin hansı şirkət vasitəsilə boruları xaricə ixrac etməsini bilməmiş, bu proseslərdə iştirak etməmişdir. Bir müddət sonra Nazim Ələkbərov xəstə olduğunu, pulu dayısı oğluna ödəməyi xahiş etmişdir. Cavabdeh Ariflə əlaqə saxlayaraq məsələni bildirdikdə Arif təklif etmidir ki, Türkiyəyə cavabdeh özü gedib pulu götürsün. Cavabdeh razılaşmış, Arif şirkətin möhürünü təhvil vermiş, etibarnaməni isə elektron qaydada “Yusif Gümüşoğlu” şirkətinə göndərmişdir. Cavabdeh bir neçə dostu ilə Türkiyəyə yola düşmüş, daha sonra ona 134000 ABŞ dolları təhvil verilmişdir. Azərbaycana qayıtdıqdan sonra pulu Nazim Ələkbərovun qohumuna təhvil vermiş, möhürü isə Arifə qaytarmışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X9 San. Ticaret LTD” şirkəti məhkəməyə yazılı müraciət edərək bildirdi ki, Cavabdeh 2021-ci ilin yanvar ayında Ələkbərov Nazim adlı bir iş adamının borularını “X9 San. Ticaret LTD” şirkətinə satmağı, şirkət də bu boruları almağı qərara aldıqdan sonra Cavabdeh şirkəti Arif Rzayev adlı bir gömrük məmuru ilə tanış eledi və malların İddiaçı MMC adına ölkədən ixrac edilməsinə qərar verildi. Bundan sonra xx.xx.2023-cü il tarixdə İddiaçı MMC və “X9 San. Ticaret LTD” şirkəti arasında müqavilə bağlandı. Müqaviləyə əsasən 2500 ton istiyayılmış tikişsiz polad boru üçün “X9 San. Ticaret LTD” şirkəti tərəfindən ******* ABŞ dolları ödənilməli idi. Ödəməl hər partiya mal gəldikdə gələn malın dəyəri qədərində ediləcəkdi. “X9 San. Ticaret LTD” şirkəti İddiaçı MMC-dən xx.xx.2021-ci il tarixdə 227350 ton, xx.xx.2021-ci il tarixdə 162300 ton, xx.xx.2021-ci il tarixdə 116130 ton olmaqla 505780 ton mal almış və malın hər tonun dəyəri 450 ABŞ dolları olmaqla toplam 227601 ABŞ dolları təşkil etmişdir. “X9 San. Ticaret LTD” şirkəti bu pulu xx.xx.2021-ci il tarixdə 73035 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 20000 ABŞ dollarını İddiaçı MMC-nin hesabına Xalq Bankı vasitəsi ilə köçürmüş, 134566 ABŞ dolları ilə İddiaçı MMC-yə aid etibarnamə əsasında Cavabdeh ödənilmişdir. “X9 San. Ticaret LTD” şirkətinin İddiaçı MMC-yə hər hansı borcu yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki iddia qismən təmin edilməlidir. Məhkəmə iclasına şahid qismində çağırılmış X7 ifadəsində bildirdi ki, o Cavabdeh bir neçə ildir tanıyır. Cavabdeh metal məmulatların satışı ilə məğul olur. Bu məmulatları ölkə xaricinə çıxaraq satışını həyata keçirmək üçün cavabdeh onunla əlaqə yaratmışdır. Şahid isə öz növbəsində tanışları vasitəsilə İddiaçı adlı bir şirkət vasitəsilə bu məsələni həll etməyin mümkün olduğunu öyrənib. Şirkət ilə danışıqlarda birbaşa özü iştirak etməyib. Tərəflər arasında müqavilə imzalandıqdan sonra dəmir boruların ixracı prosesi başladı. Əvvəllər pul nağsdsız formada bank hesabına köçürülürdü, daha sonra ödəniş edilmədi. Namiq ödənişi nağd qaydada almaq istədyi bildirdi, etibarnamə hazırlanaraq elektron qaydada Türkiyəyə “X16 San. Ticaret LTD ” şirkətinə göndərildi. Namiq pulu aldıqdan sonra baş verənlər barədə məlumatsızdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid ifadəsində bildirdi ki, cavabdehin qaynatasının qohumudur. X14 metal məmulatların satışı ilə məşğul olur, özünə məxsus malları satırdı, cavabdehlə birgə işləyirdi. Ölümündən sonra onların bir-birinə borcları qalmayıb. İddiaçı MMC və “X9 San. Ticaret LTD” şirkətini tanımır. Məhkəmə iclasına şahid qismində çağırılmış X13 mərhum Ələkbərov Nazimlə eyni sahədə çalışmışdır. Hər ikisi ölkə daxilində və xaricində metal məmulatların satışı həyata keçirmişlər. X6 özünün də şirkəti var idi. İddiaçı MMC və “X9 San. Ticaret LTD” şirkəti arasında bağlanmış müqaviləni predmeti olan borular Ələkbərov Nazimə məxsus olmuşdur. Bu boruları ölkə xaricinə çıxarıb satmaq üçün şirkətin adından istifadə edilməsi zəruri idi. Ələkbərov Nazim son vaxtlar xəstə idi, koronavirus infeksiyasından əziyyət çəkirdi. Əvvəllər cavabdehə 50000 manat məbləğində borc pul verdiyini, sonra borcun qaytarıldığını bildirdi. Həmin məbləğin Türkiyədən cavabdehə ödənilən puldan ödənilibödənilmədiyini bilmir. Amma ona məlumdur ki həmin məbləğin bir qismi Ələkbərov Nazimin borclarının ödənməsinə xərclənib. Qalan hissəsi də mərhumun qohumu vasitəsilə ailəsinə çatdırıldı. Məhkəmə iclasına şahid qismində çağırılmış X10 ifadəsində bildirdi ki, mərhum Nazim Ələkbər onun dayısı oğludur. Onun vasitəsilə də cavabdehlə tanış olub. X14 metal məmulatların alqı-satqı isə məşğul olmuş, Cavabdeh ona bu işdə ona kömək etmişdir. Onların bir-birlərinə ödənilməmiş borcları qalmamışdır. İddiaçı MMC şirkətini tanımır. Ələkbərov Nazimin özünə məxsus bir şirkətin olub-olmaması barədə məlumatı yoxdur. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı MMC və “X9 San. Ticaret LTD” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli müqavilədn aydın olur ki, “satıcı” İddiaçı MMC direktor X8 şəxsində “alıcı” “X9 San. Ticaret LTD” şirkəti ilə müqavilə bağlamışdır. Müqaviləyə əsasən İddiaçı MMC “X9 San. Ticaret LTD” şirkətinə 25000 ton istiyayılmış tikişsiz polad boru satmağı, “X9 San. Ticaret LTD” şirkəti isə müqavilənin dəyəri olan ******* ABŞ dolları pulu hər aldığı malın partiyası üçün İddiaçı MMC-yə 180 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. -İddiaçı MMC tərəfindən “X9 San. Ticaret LTD” şirkətinə ünvanlanmış borcun tələb edilməsinə dair pretenziya məktubunda qeyd olunur ki, İddiaçı MMC ilə “X9 San. Ticaret LTD” şirkəti arasında bağlanmış 01 fevral 2021-ci il tarixli, 01 nömrəli Kontrakta əsasən, İddiaçı MMC müqavilədə göstərilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində həmin malları təhvil alıb, müqavilə ilə müəyyənləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Kontraktın ümumi məbləği 1 000 000 ABŞ dolları təşkil edir. Kontraktın 3-cü maddəsinə əsasən, qeyd olunan məbləğ alıcı tərəfindən hər partiya üçün satıcıya 180 gün ərzində ixracatçının bank hesabına ödənilməlidir. Lakin “X9 San. Ticaret LTD” şirkəti malları aldıqdan sonra alıcıya yalnız 187355,28 AZN pul ödəmiş, geridə qalan məbləğ hələ də ödənilməmişdir. Qeyd olunanlara əsasən “X9 San. Ticaret LTD” şirkətindən xx.xx.2021-ci il tarixli 1 nömrəli sözləşmənin tələblərini 10 gün ərzində yerinə yetirilməsi, yəni 812445 manat pulun İddiaçı MMC-yə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. -“X9 San. Ticaret LTD” şirkəti tərəfindən verilmiş pretenziya cavab məktubunda qeyd olunur ki, İddiaçı MMC-dən indiyədək xx.xx.2021-ci il tarixdə 162300 kq; xx.xx.2021-ci il tarixdə 92380 kq; xx.xx.2021-ci il tarixdə 45870 kq; xx.xx.2021-ci il tarixdə 182470 kq; xx.xx.2021-ci il tarixdə 22740 kq, cəmi 505780 kq tikişsiz polad boru alınmışdır. Bu mallar üçün xx.xx.2021-ci il tarixdə 73035 ABŞ dolları; xx.xx.2021-ci il tarixdə 20000 ABŞ dolları X20 vasitəsi ilə ödənmiş, 134566 ABŞ dolları isə xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-yə aid etibarnmə sahibi olan Cavabdeh X20 ******* çek nömrəsi, xx.xx.2021-ci il tarixli X20 Qocaəli şöbəsi çeki ilə ödənmişdir. Alınmış malların bütün dəyəri “X9 San. Ticaret LTD” şirkəti tərəfindən tam ödənmişdir, İddiaçı MMC-yə heç bir borcu yoxdur. -İddiaçı MMC tərəfindən Cavabdeh verilmiş, MMC-nin direktoru olaraq göstərilmiş “Atakishiyev R.R.” adlı şəxs tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən aydın olur ki, Cavabdeh İddiaçı MMC adından hesabat vərəqlərini imzalamaq, İddiaçı MMC-nin ünvanına gələn yükləri almaq, İddiaçı MMC-nin adından gedən yükləri göndərmək, boşaldılmış avtomaşın, vaqon və yüklərin səənədlərinin kreditləşdirilməsi, ödənişlərin alınması, kommersiya aktlarını almaq, qaimələrin alınması və imzalanması, gömrük işlərinin aparılması səlahiyyətləri verilmişdir. Etibarnamənin xx.xx.2021-ci il tarixədə qüvvədə olduğu göstərilmişdir. -xx.xx.2021-ci il tarixli qəbzin surətindən aydın olur ki, 134566 ABŞ dolları “X9 San. Ticaret LTD” şirkəti tərəfindən İddiaçı MMC-nin nümayəndəsi Cavabdeh ödənmiş, ödənişin edilməsi İddiaçı MMC-nin möhürü ilə təsdiqlənmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda idarədə olan reyestrdə xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin (VÖEN **********) direktorları sırasında R.R. Atakişiyev adlı şəxs aşkar edilməmişdir. - Şahidin dindirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan aydın olur ki, X7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o 14 il Dövlət Gömrük Komitəsində işləmiş, 2015-ci il tarixdə mayor rütbəsi ilə işdən çıxmışdır. Sonradan 2-3 il əvvəldən tandığı Cavabdeh ona özünə məxsus borular olduğunu və bu boruları ölkə xaricində satmağı istədiyini bildirdi. Bunu bildikdən sonra Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş İdarəsinə gedərək, boruların şəkillərini onlara göstərmiş, bu malları plkə xaricinə çıxara biləcəyi cavabını almışdır. Bundan sonra özü, Cavabdeh və Yusif gümüşoğlu bir oteldə görəşərək danışıqlar aparmışlar. Yusif Gümüşoğlu malların dəyərini rəsmi qaydada bank hesabı ilə ödəyəcəyini bildirmişdir. Buna görə də etibarlı şirkət axtarmağa başlamış, nəticədə Xəyalə adlı bir xanımla tanış olmuşdur. Xəyalə ona belə bir şirkətin olduğu demiş və bağalanacaq müqavilə və etibarnamə formasını X3 alaraq imzalatmışdır. X7 bu sənədləri alqıdan sonra sənədlərin İddiaçı MMC adından bağlanıldığını görmüş, daha sonra imzalanması üçün Yusif Gümüşoğluna göndərmişdir. Malların satışından ilk hissədə qazandıqları pullar bank hesabına köçdükdən sonra Xəyalə 80-90000 pulu X5 vermiş, o da öz növbəsində Xəyaləyə 800 manat, gömrük işlərində ona kömək etmiş tanışı Altuna 300 manat vermiş və gömrük ödənişlərini etmişdir. Daha sonra Cavabdeh malların dəyərini nağd almaq istədiyini bidirmiş və İddiaçı MMC-nin adından etibarnamə almışdır. Əldə etdiyi puldan isə X5 verməmişdir. -Mülki işin maeriallarında olan 4/1311-5/1068 saylı ekspert rəyindən görünür ki, 15 mart 2021-ci il tarixli "xxxx" MMC adından Cavabdeh verilən etibarnamənin kserosurətinin aşağı hissəsində Direktor qrafasında imza X8 tərəfindən imzalanmamışdır. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, İddiaçı MMC (satıcı) ilə “X9 San.Ticaret LTD” şirkəti (alıcı) arasında 01 fevral 2021-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, satıcı 2500 ton istiyayılmış tikişsiz polad boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində1000000 ABŞ dolları pulu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilnin 3-cü maddəsinə əsasən satıcı müqavilədə göstərilmiş malın dəyəri üçün hər partiya üçün “Satıcı”ya 180 gün ərzində ixracatçının bank hesabına köşülürülməsini, malın dəyərinin köçürülmə yolu ilə və ya bölünməyən və vergi qaytarılmadan akkreditiv formasında hesablaşma hesabna mal çatdırıldıqdan sonra ödənməsini razılaşdırılmışdır.”X16 San. Ticaret LTD” şirkəti malları aldıqdan sonra alıcıya 187355,28 manat pul ödənmiş,134566 ABŞ dolları İddiaçı MMC-nin Cavabdeh nağd şəkildə verilmişdir. Hzırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əldə edilmiş 134566 ABŞ dolları məbləğində pulun, həmçinin AR MM-nin 449.1-ci maddəsinə istiadən vəsaitin 17 ay ərzində istifadəsi üçün 9536,32 ABŞ dolları məbləğində əlavə vəsaitin ödənilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddiaya etiraz edərək, iddia ərizəsində göstərilən pul məbləğinin həqiqətən tərəfindən əldə etdiyini bildirir, lakin müqavilənin predmeti olan polad boruların əslində İddiaçı MMC-nin deyil, Nazim Ələkbərov adlı şəxsə məxsus olduğunu, malların İddiaçı MMC-nin adından ixrac edildiyini, buna görə də pul məbləğini həmin şəxsin borclarının ödənməsinə, yerdə qalan məbləğin isə mərhumun ailəsinə çatdırdığını bildirir, iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsinə görə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxil edilmişdir. 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 166.1-ci maddəsinə əsasən, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.5-ci maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. [718] 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsəyə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəyə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3.-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında istehsal, emal, təkrar emal olunan malların ixracında şəxslər sərbəstdirlər, Gömrük Məcəlləsində və bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla onların fəaliyyətinə məhdudiyyət qoyula bilməz. 1.2. İxrac olunan mallar gömrük orqanlarına bəyan edilməlidir. Tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Van de Hurk Hollandiyaya qarşı, § 59). Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Məhkəmə hesab edir ki, iddia tələbi “əsassız varlanma nəticəsində əldə edilmiş məbləğin geri qaytarılması” hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə “X9 San. Ticaret LTD”arasında imzalanmış 01 fevral 2021-ci il tarixli müqavilədə,22 fevral 2021-ci il tarixli, 23 fevral 2021-ci il tarixli,01 mart 2021-ci il tarixli “İnvoice” sənədlərində, həmçinin 01 mart 2021-ci il tarixli, 04 mart 2021-ci il tarixli (həmin tarixdə 2 ədəd), 09 mart 2021-ci il tarixli,10 mart 2021-ci il tarixli gömrük bəyannaməsi sənədlərində İddiaçı MMC-nin mülkiyyəti kimi qeyd edilmişdir. Eyni zamanda “X9 San. Ticaret LTD”-nin hesabdan çıxarış sənədindən görünür ki, əldə edilmiş malın (polad boruların) müqabilində xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər İddiaçıMMC-nin hesabına köçürülmüşdür. 23 mart 2021-ci il tarixdə isə etibarnamə əsasında nümayəndə olan Cavabdeh nağd şəkildə 134,566 ABŞ dolları məbləğində pul ödənmişdir. Beləliklə cavabdehin həmin pul məbləğini təhvil alması işin mübahisəsiz halıdır. Bu faktı cavabdeh etiraf etməklə yanaşı, mülki işin materiallarında olan yazılı sənədlər və şahid ifadələri ilə öz əksini tapır. Cavabdehin etirazının əsasını təşkil edən hal polad boruların əslində İddiaçıMMC-yə deyil, mərhum Ələkbərov Nazimə məxsus olması ilə bağlıdır. Cavabdeh iddia etdiklərini şahid ifadələri və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X9 San. Ticaret LTD”-nin məktubu ilə əsaslandırır. Məhkəmə ilk növbədə şahid ifadələrinə münasibət bildirərək qeyd edir ki, şahidlərdən biri (Şahid) cavabdehin qohumudur, iddiaçı və üçüncü şəxs olan hüquqi şəxsi tanımadığını, yalnız cavabdehlə X14u tanıdığını bildirmişdir. Mərhumla cavabdehin arasında pul məsələsinin olduğunu, həmin pulun mərhumun ailəsinə çatdığını bildirmişdir. Onun ifadəsində mübahisə predmeti olan polad boruların İddiaçı MMC-yə məxsus olmaması barədə fikir səsləndirilməmişdir. Digər şahid X10 da oxşar ifadə verərək, mərhum Nazim Ələkbər adlı şəxsin qohumu olduğunu, polad boruların satışından əldə edilən məbləğin onun ailəsinə çatdırdığını bildirmişdir. Onun ifadəsi də həmin pul məbləğinin məhz İddiaçı MMC-nin adından ixrac edilmiş polad boruların satılmasından əldə edildiyini təsdiq etmir. Digər şahidlər X2 Arif Fəxrəddin oğlunun ifadələri isə bir-birinə üst-üstə düşmür. Belə ki, X13 polad boruların X14a, X7 isə Cavabdeh məxsus olduğunu iddia edir. X4 Binəqədi Rayon Prokurorluğunda verdiyi ifadəsində Nazim Ələkbərov adlı şəxsi tanıması halı öz əksini tapmır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X9 San. Ticaret LTD”-nin məktubuna münasibətdə məhkəmə bildirir ki, polad boruların Ələkbərov Nazim adlı şəxsə məxsus olması halı onlara Cavabdeh və X1 məlum olduğu aydın olur. Halbuki, iddiaçı ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin arasında müqavilənin mövcudluğu işin mübahisəsiz halıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, “X9 San. Ticaret LTD”-nin iddiaçının pretenziya məktubuna cavab məktubunda məhkəməyə ünvanlanmış müraciətdən fərqli olaraq, müqaviləyə sadiq qalındığı, malların əvvəlki partiyalarına görə pul vəsaitlərinin vaxtlı-vaxtında İddiaçı MMCnin hesabına köçürüldüyü, son ödəmənin isə etibarnamə əsasında nümayəndə olan cavabdehə ödənildiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, şahid ifadələri və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin müraciətinə istinad edərək, müqavilə predmeti olan malların İddiaçı MMC-yə məxsus olmaması barədə qənaətə gəlmək mülki prosesin prinsiplərinə ziddir. Belə ki, cavabdeh tərəfindən malların əvvəldən Ələkbərov Nazimə məxsus olması barədə heç bir mötəbər sübut (yazılı sənədlər, alqı-satqı müqavilələri, ödəniş qəbzləri, idxal-ixrac sənədləri və s.), yəni malların məxsusluğunu, mənbəyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, malların göndərilməsinə görə İddiaçı MMC-nin hesabına köçürülmüş məbləğlərin malların, onların iddia etdikləri kimi, “əsl” sahibinə çatdırılmasını təsdiq edən sübutlar da işin içərisində yoxdur. Halbuki, həm şahid X4 ifadəsində, həm də üçüncü şəxsin məktubunda malların məhz Ələkbərov Nazim adlı şəxsə məxsus olması iddia edilir. Məhkəmə həmçinin cavabdehin uzun müddət polad məmulatların idxal-ixracı ilə məşğul olan şəxsin malların ixracı üçün digər hüquqi şəxsə ehtiyacının olması barədə arqumenti da əsaslı hesab etmir. Eyni zamanda malları üçüncü şəxə məxsus olduğu halda müqavilənin İddiaçı MMC və “X9 San. Ticaret LTD” arasında bağlanması halı da cavabdehin arqumentlərinin əsassızlığını təsdiq edir. Eyni zamanda məhkəmə qeyd edir ki, mülki işin materiallarında olan yazılı sübutlarla həmin malların İddiaçı-ə məxsus olduğu müəyyən edilir. Əksini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı şirkətinin adından Cavabdeh etibarnamə ilə ödəmələri təhvil almaq səlahiyyəti verilmişdir. Lakin cavabdeh etibarnamə əsasında əldə etdiyi pul məbləğini İddiaçı MMC-yə təqdim etməmişdir. Etibarnamədə olan imzanın isə həqiqi olmaması isə öz növbəsində mülki işin materiallarında olan ekspertiza rəyi ilə təsdiq edilir. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Göründüyü kimi, cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına 134566 ABŞ dolları məbləğində pul vəsaiti əldə edərək, əsassız olaraq varlanmışdır. Məhkəmə iddia tələbinin “əldən çıxmış fayda”nın tutulması tələbi ilə bağlı aşağıdakıları qeyd edir: MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Qərarına əsasən, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. İstinad edilən noralara və AR Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır bə təmin edilməlidir. İddiaçıya məxsus 134566 ABŞ dolları 17 ay ərzində cavabdeh tərəfindən təhvil verilmədiyinə görə, əldən çıxmış fayda aşağıdakı qaydada hesablanmalıdır: 135566 ABŞ dolları x 5% /360 gün x 510 gün = 9531,75 ABŞ dolları. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri“ müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə ,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, iddia təlbi qismən təmin edilməli, Cavabdeh 134566 ABŞ dollarıməbləğində əsas vəsait və əldən çıxmış faydanın əvəzi olaraq 9531,75 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı MMC-yə ödənilmıəlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddiaçı tərəfindən tələb edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 134 566 ABŞ dolları məbləğində əsas vəsait və həmin məbləğdən 17 ay ərzində istifadə etdiyi üçün 9531.75 ABŞ dolları məbləğində əlavə vəsait, cəmi 144097,75 (bir yüz qırx dörd min doxsan yeddi dollar yetmiş beş sent) ABŞ dolları vəsait ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnə üzrə İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-240/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-240/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver