Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2405/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Calalov Nizami Firdovsi oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 07 aprel 2022-ci il tariхli, 2022/00071-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kreditin əsas borcu üzrə 19919,26 manat məbləğində qalıq, ona hesablanmış 5430,16 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 26349,42 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 169,05 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1-ya yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 70 000 manat olmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 19919.26 manat məbləğində qalıq, ona hesablanmış 5430,16 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 26349,42 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 169,05 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh1 kreditin əsas borcu üzrə 15314,26 manat məbləğində qalıq, ona hesablanmış 4655,82 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 20970,08 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 169,05 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 70000 manat olmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 15314,26 manat məbləğində qalıq, ona hesablanmış 4655,82 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 20970,08 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 169,05 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 aprel 2022-ci il tariхli, 2022/00071- 01 №-li istehlak krеditi müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 24000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1-nı ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 07 aprel 2022-ci il tariхli, 2022/00071-01 EY №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 70000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2405/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata, “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində mənzilin boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsində məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00071-01 saylı kredit müqaviləsinə əsasən borc verən İddiaçı BOKT ASC borc alan Cavabdeh1 24 ay müddətinə illik 30% olmaqla 24000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 hesabına 24000 manat məbləğində pul köçürülmüşdür; - Azərbaycan Respublikası DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, 46 saylı mənzil Cavabdeh2 xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır; - İpoteka saxlayan İddiaçı BOKT ASC, ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00071-01 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi ev 6a ünvanında yerləşən 46 saylı mənzili xx.xx.2022-ci il tarixli, 2022/0071-01 saylı istehlak kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir; - Azərbaycan Respublikası DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2, 46 saylı mənzilin İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2022-ci il tarixində qeydə alınmışdır; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2, 46 saylı mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; - xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 2022/00071-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 15314,26 manat əsas, 4655,82 manat faiz, 1000 manat cərimə borcu olmaqla, cəmi 20970,08 manat borcu vardır; -İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2023cü il tarixli bildirişdən görünür ki, cavabdehlər xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn 19919,26 manat əsas borc, 4201,76 manat faiz borcu, 3336 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 27457,02 manat borcun ödənilməsi barədə xəbərdar olunmuşlar; - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 0126 saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 66,64 kv.m olan 46 saylı mənzilin bazar dəyəri 80000 manat, likvid dəyəri 72000 manat olaraq müəyyən edilmişdir; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 169,05 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC borcalan Cavabdeh1 24000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi ipoteka qoyan Cavabdeh2 ilə bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən sonuncuya məxsus əmlak ilə təmin edilmişdir. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh1 tutulmasını, tutmanın cavabdeh - ipoteka qoyan Cavabdeh2 məxsus ipoteka predmetinə yönəldilməsini məhkəmədən xahiş edir. İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, borc (kredit) müqaviləsinin bağlanması və İddiaçı BOKT ASC tərəfindən borcalan Cavabdeh1 24 ay müddətinə, illik 30 faiz olmaqla 24000 manat məbləğində kredit verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, hesabdan çıxarış, həmçinin maliyyə arayışı ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş 15314,26 manat əsas borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Faiz borcunun məbləğinə gəlincə qeyd edilməlidir ki, iddiaçı tərəfindən borcluya göndərilmiş 27 fevral 2023-cü tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən əsas borca görə 19919,26 manat, faiz borcuna görə 4201,76 manat, cərimə borcuna görə 3336 manat olmaqla, cəmi 27457,02 manat məbləğində borcunun 21 gün müddətində ödənilməsi tələb edilmişdir. Qeyd olunmalıdır ki, cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia faiz borcuna görə 4655,82 manat pulun tutulması hissəsində qismən təmin edilməli, bildirişdə göstərilmiş məbləğdə, yəni 4201,76 manat hissədə təmin edilərək Cavabdeh1 tutulmalı, faiz borcuna dair tələb qalan hissədə təmin edilməməlidir. Cərimə borcu ilə əlaqədar məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462 və 467-ci maddələrinə uyğun olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilən hüquq normalarının tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, hazırki iş üzrə tələb olunan cərimə borcu (1000 manat) tənasübsüz surətdə yüksək olduğundan iddiaçının cərimə borcu hissəsində tələbi də qismən təmin edilməli, Cavabdeh1 250 manat dəbbə pulu (cərimə) tutulmalıdır. İddianın, Cavabdeh2 məxsus mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və kreditorun tələbinin satılmış əmlak hesabına ödənilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından göründüyü kimi, İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00071-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tərəflər arasında xx.xx.2022 il tarixli, 2022/00071-01 saylı ipoteka müqaviləsi bağlanılmışdır. Həmin ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi ev 6a, 46 saylı mənzil İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cu maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Bunlardan biri də ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsidir. İş materiallarından göründüyü kimi, borclu müqavilənin şərtlərinə əməl etməyərək öhdəliyin icrasını 90 təqvim günündən artıq müddətə pozmuşdur. Bu səbəbdən ipoteka saxlayanın tələbini ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini tələb etmək hüququ yaranmışdır. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndinə uyğun olaraq əmlakın açıq bazar və ya hərrac vasitəsilə satılması razılaşdırılmışdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddia tələbinin ipoteka predmetinin ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, ipoteka müqaviləsində ipteka predmetinin ilkin satış qiyməti 70000 manat göstərilsə də, məhkəmə cavabdehin məhkəmə iclaslarında iştirak etmədiyini, qanunvericilikdə, mübahisə olduqda ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi imkanının nəzərdə tutulduğunu nəzərə alaraq, həmçinin gələcəkdə əsassız məhkəmə mübahisələrinin qarşısının alınması məqsədilə əmlakın məhkəmə tərəfindən qiymətləndirilməsini zəruri hesab etmişdir. Yuxarıda sadalanan normalara əsasən və "xxxx" MMC tərəfindən ipoteka predmetinin likvid dəyərinin 72000 manat həcmində qiymətləndirildiyi nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, ipoteka predmetinin, yəni ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi ev 6a ünvanında yerləşən 46 saylı mənzilin ilkin satış qiyməti 72.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 15314,26 manat əsas borc, 4201,76 manat faiz borcu, 250 manat cərimə borcu olmaqla, cəmi 19766,02 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 169,05 manat pulun 152 manatı tutularaq İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilməli, tutma ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 72000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan məbləğ borc tələbinin ödənilməsinə yönəldilməli, satışdan artıq qalan vəsait Cavabdeh2 qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 15314,26 manat əsas borc, 4201,76 manat faiz borcu, 250 manat cərimə borcu olmaqla, cəmi 19766,02 (on doqquz min yeddi yüz altmış altı manat, iki qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 169,05 manat pulun 152 (yüz əlli iki) manatı tutularaq İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilə yönəldilsin. Mənzil, ilkin satış qiyməti 72000 (yetmiş iki min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan məbləğ borc tələbinin ödənilməsinə yönəldilsin. Satışdan artıq qalan vəsait Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2405/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2405/2023
18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver