Məhkəmə qərarları › İş №e-2(005)-2419/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2419/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2419/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9290,35 manat pulun - bundan 3206,13 manat əsas, 1528 manat faiz, 4149,66 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 406,56 manat faiz borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə Cavabdeh2 arasında bağlanmış 4126NF №-li 08.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 4600 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 08.07.2014-cü il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə NRF031460 saylı 02.06.2016-cı il tarixli və NRF031460 saylı 02.06.2016-cı il tarixli bildirişlər məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehlərin kredit üzrə cəmi borcu 9290,35 manat təşkil edir. Bundan 3206,13 manat əsas, 1528 manat faiz, 4149,66 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 406,56 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil əsas məbləği qəbul edirlər, lakin faiz və cərimə məbləğləri ilə razi olmadıqlarını bildirmişdilər. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 İmişli rayonu, Allahmədətli kəndində qeydiyyatdadır. Cavabdehlərə ünvanlanmış NRF031460 saylı 02.06.2016-cı il tarixli və NRF031460 saylı 02.06.2016-cı il tarixli xəbərdarlıqların surətindən görünür ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunverciliyinə müvafiq olaraq lazımi tədbirlər görülərək Cavabdeh2 ilə birlikdə barəsində məhkəməyə müraciət olunacaqdır. Bütün kredit məbləğinin və hesablanmış fazilərin tam ödənilməsi üçün qanunverciliydə nəzərdə tutulmuş qaydada iş məhkəmə yolu ilə həllini tapacaqdır. Nəticədə bankın məhkəmə ilə bağlı bütün xərcləri də borcun üzərinə gələrək borcalan və zamin tərəfindən ödəniləcək. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 08.07.2014-cü il tarixli 4126NF nömrəli kredit müqaviləsinin 3.1-ci bəndindən görünür ki, bu müqavilə üzrə “kredit alana” 4600 manat məbləğində kredit verir. Bu müqavilənin 3.4-cü bəndinə əsasən kredit alan kreditdən istifadəyə görə kredit verənə illik 24 % ödəyir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2014-cü il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndindən görünür ki, bu müqaviləyə görə “zamin” 1.2 bəndində göstərilən müqavilə üzrə “borclu”nun “kreditor” qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “kreditora” dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. LPO İddiaçı ASC tərəfindən 19.02.2021-ci il tarixdə **********508 nömrəli bildiriş ilə tərtib edilmiş maliyyə arayışının surətindən görünür ki, 08.07.2014-cü il tarixli 4126NF saylı kredit müqaviləsi üzrə 02.02.2021-ci il tarixinə yaranmış tələb müqavilə üzrə əsas borc 3206,13 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 1528 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 4149,66 manat, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5%, həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayı 0,44 manat*924, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 406,56 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 9290,35 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27.10.2021-ci il tarixli, 9/5037 nömrəli ekspert rəyindən görünür ki, 08.07.2014-cü il tarixli, 4126NF saylı kredit müqaviləsi üzrə Cavabdeh1 08.07.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) əsas borc üzrə 3221,89 manat, faiz borcu üzrə 1482,07 manat; 02.02.2021-ci il tarixə (maliyyə arayışının tarixi) 3221,89 manat, faiz borcu üzrə 1895,55 manat; 19.10.2021-ci il tarixə (ekspert rəy verdiyi tarix) 3221,89 manat, faiz borcu üzrə 2010,55 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Ona görə də, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilərək bu barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zaminlər Cavabdeh1 ilə zaminlik müqaviləsi üzrə borc məbləğinin tələb edilməsi hissəsində iddia tələbi əsassızdır. Məhkəmə dəbbə pulunun cavabdehdən tutulması ilə bağlı aşağıdakı nəticəyə gəlmişdir: İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, müqavilə üzrə cərimə borcları 4149,66 manat təşkil edir. Məhkəmə hesab edir ki, müqavilə üzrə cərimə məbləğləri azaldılmalı 200 manata endirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia qismən təmin edildiyi üçün, iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, 17,10 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27.10.2021-ci il tarixli, 9/5037 nömrəli ekspert rəyini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 08.07.2014-cü il tarixli 4126NF saylı kredit müqaviləsi üzrə Cavabdeh2 3206,13 manat əsas, 1482,07 manat faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik hesablanmış 406,56 manat faiz borcu və 200 manat cərimə borcu olmaqla, ümumilikdə 5294,76 manat məbləğində borc və 17,10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 08.07.2014-cü il tarixli 4126NF saylı kredit müqaviləsi üzrə Cavabdeh2 3206,13 manat əsas, 1482,07 manat faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik hesablanmış 406,56 manat faiz borcu və 200 manat cərimə borcu olmaqla, ümumilikdə 5294,76 (beş min iki yüz doxsan dörd manat, 76 qəpik) manat məbləğində borc və 17,10 manat məbləğində ödənilmiş dövlət rüsumu LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar