Məhkəmə qərarları › İş №e-2(005)-2422/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2422/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2422/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (açar sözlər: kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsi; cərimənin azaldılması; zamin) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 Cavabdeh1 Ehtibar oğlunda birgə qaydada İddiaçı ASC-nin xeyrinə 8256.98 manat məbləğində əsas borcun, 556.51 manat məbləğində faiz borcunun, 1243 manat məbləğində cərimə borcunun cəmi 10056.49 manat borcun və 121 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Məmiyev X1 Maşallah Şirzad oğlu (zamin) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh3 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh3 aid bütün öhdəlikləri icrа еtməlidirlər. II. Tərəflərin mövqeləri: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bununla belə, iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını və təqdim olunmuş sübutlar əsasında iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişindən görünür ki, bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi zaminliklə təmin olunmuşdur. İş üzrə borcalan Cavabdeh3, zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4dur. -xx.xx.2022-ci il tarixli Kredit sazişinə əlavə ödəniş cədvəli ilə müəyyən olunur ki, kreditin məbləği 30000 manat, faiz dərəcəsi 24 %, müddəti 36 aydır. Ödəniş məbləği aylıq 1176,99 manatdır. - İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 8256.98 manat məbləğində əsas, 556.51 manat məbləğində faiz, 1243 manat məbləğində cərimə borcu vardır. - Bank tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərdən borcun dərhal ödənilməsi tələb olunmiş, əks təqdirdə borcun qaytarılması tələbinə dair məhkəməyə müraciət olunacağı, xərclərin ondan tutulacağı bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər – iddiaçı və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişinə əsasən sonuncuya 36 ay müddətinə illik 24 % dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit zaminliklə, zaminlər - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 – ilə təmin olunmuşdur. Müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin iddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh aylıq ödənişləri etməyərək müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə bildiriş məktubu ünvanlanmışdır. Bununla belə, borc ödənilməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh3 tərəfindən kredit müqavilələri üzrə götürülmüş öhdəliklər ödəniş qrafiki üzrə tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq kredit müqaviləsinə əsasən 8256.98 manat əsas borcunu iddiaçıya ödəməlidir. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, kreditin illik faiz dərəcəsi 24 % müəyyən olunmuşdur (1-ci bənd). Yuxarıda qeyd olunan hallara əsasən cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə götürdükləri öhdəlikləri tam yerinə yetirməmişdir. Belə olan halda cavabdeh əsas məbləğ üzrə qalıq borcu ilə bərabər hesablanmış faiz borcunu da ödəməlidir. Odur ki, hazırda iddia tələbi üzrə 556.51 manat faiz borcu hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 1243 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hesab edir ki, dəbbə pulunun iddia tələbində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qanunverici tənasübsüz surətdə yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldılması imkanını nəzərdə tutmuşdur. Qanunvericinin qeyd olunan mövqeyini, tərəflərin maddi vəziyyətini nəzərə alan məhkəmə tənasübsüz surətdə yüksək 1243 manat cərimə borcunun 200 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi qanunverici öhdəliklərin təminatı olaraq zaminlik münasibətini müəyyən etmişdir. Hazırda iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 zaminliyi ilə təmin olunmuşdur. Zaminlər kredit müqaviləsi ilə öhdəliklərin lazımınca icra edilməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdürlər. Belə olan halda hazırki iddia tələbi üzrə müəyyən edilmiş öhdəliklər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia qismən təmin edildiyindən və tərəflərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 108 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 8256,98 (səkkiz min iki yüz əlli altı manat doxsan səkkiz qəpik) manat əsas, 556,51 (beş yüz əlli altı manat əlli bir qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 9013,49 (doqquz min on üç manat qırx doqquz qəpik) manat pul vəsaiti və 108 (yüz səkkiz) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 8256,98 (səkkiz min iki yüz əlli altı manat doxsan səkkiz qəpik) manat əsas, 556,51 (beş yüz əlli altı manat əlli bir qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 9013,49 (doqquz min on üç manat qırx doqquz qəpik) manat pul vəsaiti və 108 (yüz səkkiz) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar