Məhkəmə qərarları › İş №e-2(005)-2431/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2431/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2431/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3, Cavabdeh2 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 6458,66 (altı min dörd yüz əlli səkkiz manat, 66 qəpik) AZN-bundan 2012,47 (iki min on iki manat, 47 qəpik) AZN əsas, 1519,04 (bir min beş yüz on doqquz manat, 04 qəpik) AZN faiz, 2632,03 (iki min altı yüz otuz iki manat, 03 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 295,12 (iki yüz doxsan beş manat, 12 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 84,59 (səksən dörd manat, 59 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan “Dəmir Bank" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Dəmir Bank" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh2 arasında bağlanmış ******* SSUDA hesablı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank müştərinin nəfinə 12 ay müddətinə visa classic tipli kart buraxmışdır. Həmin karta əsasən Bank müştəriyə 2000 (iki min) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Kredit xətti xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək açılmışdır. Cavabdeh2 kredit xətti açılarkən Cavabdeh1 ilə Bank arasında ******* SSUDA hesablı, ZM-433/15 saylı xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə 1 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən müqaviləyə dəyişikliklər edilmişdir. “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə ifadəsi “Kredit Müqaviləsi" ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit ******* saylı xx.xx.2015-ci il tarixli kredit kartı üzrə əsas borc üzrə qalığı 2627 (iki min altı yüz iyirmi yeddi) AZN təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixinə kimi uzadılmışdır. Eyni zamanda xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ilə yenidən ZM1/002T05170019 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********656 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 6458,66 (altı min dörd yüz əlli səkkiz manat, 66 qəpik) AZN təşkil edir. Bundan 2012,47 (iki min on iki manat, 47 qəpik) AZN əsas, 1519,04 (bir min beş yüz on doqquz manat, 04 qəpik) AZN faiz, 2632,03 (iki min altı yüz otuz iki manat, 03 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 295,12 (iki yüz doxsan beş manat, 12 qəpik) AZN faiz borcu təşkil edir. Məhkəmə iclasında LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 yazılı etiraz təqdim edərək, bildirmişdir ki, belə ki, iddia tələbindən də göründüyü kimi o "xxxx"ASC-nin Nəsimi filialından xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən visa classic tipli kart əsasında 2000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit xətti xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək açılmışdır. Hazırki müqaviləyə münasibətdə manatın birinci devalvasiya tarixinədək, yəni 21 fevral 2015-ci il tarixədək o müqavilə üzrə müəyyən edilmiş aylıq kredit ödənişlərini vaxtı-vaxtında ödəmişdir. Manatın birinci devalvasiyasından sonra (1 manat 05 qəpik; 21 fevral 2015-ci il) o, banka müraciət edərək gələcəkdə dolların qalxacağı təhlükəsini nəzərə almaqla dollarla açılmış kredit xəttinin manata çevrilməsini xahiş etmişdir. Lakin, bank onun xahişini təmin etməmiş, kredit xəttinə münasibətdə dolların manatla əvəz edilməsindən imtina etmişdir. Bundan sonra o çətinliklə də olsa kredit ödənişlərini davam etdirmişdir. Lakin, manat ikinci dəfə devalvasiyaya uğradıqdan sonra, (xx.xx.2015-ci il 1 manat 50 qəpik) kreditin müqavilə üzrə müəyyən edilmiş məbləğdə ödənilməsində maddi çətinliyinin olduğunu bildirmiş və bir daha kreditin manata çevrilməsini xahiş etmişdir. Lakin, bank yenidən bundan imtina etmiş və bundan sonra maddi çətinlik ucbatından krediti ödəmək imkanım olmamış və ödəniş tərəfimdən ondan asılı olmayan səbəblərdən dayandırılmışdır. Bundan sonra bankın təşəbbüsü əsasında dolların manatla əvəz edilməsinə dair xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə saziş tərtib edilərək bankla onun arasında xx.xx.2017-ci il tarixli yeni müqavilə bağlanılmış və yeni ödəniş cədvəli təqdim olunmuşdur. Həmin ödəniş cədvəli əsasında o, heç bir gecikdirməyə yol vermədən ardıcıl olaraq 2017-ci ilin dekabr ayınadək manatla ifadədə bütün ödənişləri həyata keçirmişdir. Lakin, 2017-ci ilin dekabr ayının əvvəllərindən başlamaqla "xxxx" ASC-nin fəaliyyəti artıq faktiki olaraq dayandırıldığından nə bank, nə də ödəniş terminalları vasitəsilə kredit borcunun ödənilməsi qeyri-mümkün olmuşdur. Eləcə də, Maliyyə Bazarlarına Nəzarət X1 2017-ci il 22 dekabr tarixli qərarına əsasən "xxxx" ASC-nin lisenziyası 23 dekabr 2017-ci il tarixdən ləğv edilmişdir. Qeyd edilən müddətdən hal-hazıradək ona sms və ya rəsmi poçt vasitəsilə kredit borcunun hara və hansı qaydada ödənilməsi barədə bildiriş və ya hər hansı bir məlumat ( bildiriş) daxil olmamışdır. Lakin, 2022-ci il aprel ayının əvvəllərində ləğv prosesində olan "xxxx" ASC tərəfindən ona 18 mart 2022-ci il tarixli bildiriş ünvanlandıqdan sonra cavabdehə məlum olmuşdur ki, iddiaçının guya banka 2012,47 (iki min on iki manat qırx yeddi qəpik), AZN əsas, 1519, 04 (min beş yüz on doqquz manat, dörd qəpik) AZN faiz, 2632, 03 (iki min altı yüz otuz iki manat üç qəpik) AZN cərimə, 295,12 (iki yüz doxsan beş manat on iki qəpik) faiz, cəmi 6449,42 manat borcu yaranmışdır. Göründüyü kimi, kredit borcunun ödənişində yaranmış olan fasilələr ondan asılı olmayan səbəblərdən baş vermiş və ötən müddət ərzində həmin ödənişlərin hara və hansı qaydada ödənilməsinə dair iddiaçı tərəfindən ona heç bir rəsmi məlumat daxil olmamışdır. Ötən məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 yazılı etiraz təqdim edərək, bildirmişdir ki, işdə olan ******* saylı xx.xx.2015-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə 25 may 2017-ci il tarixli Əlavə Sazişin 3.2-ci bəndinə əsasən hazırkı kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil edir. Eləcə də işdə olan zaminlik müqaviləsinə əsasən həmin müqavilənin tarixi xx.xx.2019-cu ilə qədər olmuşdur. Həmin tarixdən bu günədək iddiaçı tərəfindən hər hansı iddia tələbi qaldırılmamışdır. Qeyd edilən zaminlik müqaviləsindən və AR Mülki Məcəlləsinin 477-ci maddəsindəki göründüyü kimi kreditin müddəti bitdiyindən zaminlik müqaviləsinə də xitam verilməlidir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 433/15 saylı kredit kartın verilməsi müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh2 nəfinə 12 ay müddətinə illik 27%-lə visa classic tipli kart buraxmağı, bank müştəriyə 2000 (iki min) ABŞ dolları məbləğində kredit xətti açmağı, cavabdeh isə krediti qəbul etməyi, həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür; İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən borcalan Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin Cavabdeh1 borcalan Cavabdeh2 ilə İddiaçı ASC qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür; Kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı əsas borc üzrə qalığı 2627 manat təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən 25 may 2019-cu il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 18 (on səkkiz) % ödənilir. xx.xx.2017-ci il Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh2 24 ay ərzində, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 131.15 (sonuncu ay 131.18) manat ödəməli idi; İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən borcalan Cavabdeh2 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin Cavabdeh1 borcalan Cavabdeh2 ilə İddiaçı ASC qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür; xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2017-ci il tarixli, KM002T05170019S01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 2012.47 manat məbləğində əsas, 1519.04 manat faiz, borcun gecikdirildiyinə görə 2632.03 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 295.12 manat məbləğində faiz, cəmi 6458.66 manat məbləğində borcu var; LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə ünvanlanan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından müəyyən olunur ki, cavabdehlərə kredit müqaviləsindən irəli gələn borcun 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı LPO İddiaçı ASC iddia üçün 84.59 manat məbləğində dövlət rüsumu ödəmişdir; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəsini almış 2- 1(103)-3194/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qərarının surətinə əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 433/15 saylı kredit kartın verilməsi müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh2 nəfinə 12 ay müddətinə illik 27%-lə visa classic tipli kart buraxmağı, bank müştəriyə 2000 (iki min) ABŞ dolları məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 həmin məbləğdə krediti qəbul etmişdir. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borcalan Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı əsas borc üzrə qalığı 2627 manat təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən 25 may 2019-cu il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 18 % ödənilir. Eyni zamanda xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ilə yenidən ZM1/002T05170019 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etmək hüququ vardır. Lakin borclu kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə borc məbləğini geri qaytarmamışdır. Bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Məhkəmə aparılmış araşdırmanın nəticələrinə istinadən belə qənaətə gəlir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh2 iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 2012,47 (iki min on iki manat, 47 qəpik) AZN əsas, 1519,04 (bir min beş yüz on doqquz manat, 04 qəpik) AZN faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləği 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmişöhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehlərdən 295,12 (iki yüz doxsan beş manat, 12 qəpik) manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəsini almış 2-1(103)-3194/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qərarının surətinə əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Bu səbəbdən də illik 5% dərəcəsi ilə hesablama bu tarixədək aparıla bilər, kredit müqaviləsi üzrə isə kredit müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən kredit müddətinin bitdiyi, yəni xx.xx.2019-cu il tarixdən sonra illik 5 faiz dərəcəsi ilə hesablamaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması tələbinin əsassız olduğunu şərtləndirir. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehlərdən 295,12 (iki yüz doxsan beş manat, 12 qəpik) manat məbləğində faiz borcunun tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Eyni zamanda, müəyyən edilmişdir ki, İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşlər. Məhkəmə qeyd edir ki, həm kredit, həm də zaminlik müqavilələri eyni tarixdə bağlanmış və zaminlik müqaviləsi kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra edilənədək qüvvədə olması barədə razılığa gəlmişlər. (4.2) Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. "Zaminliklə təmin edilmiş öhdəlik “Kredit alan” tərəfindən “Bank” qarşısında tam həcmdə icra edilənədək qüvvədədir" ifadəsi (müddəası) isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətini ehtimal etmək mümkün deyil. Həmçinin, Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, xx.xx.2017-ci tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Tərəflər arasında bağlanılmış müqavilənin şərtindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci xx.xx.2019-cu il tarixdə qaytarılmasını razılaşdırmışlar. İddiaçı zaminə qarşı iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmiş, hazırki məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 2012,47 (iki min on iki manat, 47 qəpik) AZN əsas, 1519,04 (bir min beş yüz on doqquz manat, 04 qəpik) AZN faiz, 200 manat cərimə, 84.59 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 2012,47 (iki min on iki manat, qırx yeddi qəpik) AZN əsas, 1519,04 (bir min beş yüz on doqquz manat, dörd qəpik) AZN faiz borcu, 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 3731.51 (üç min yeddi yüz otuz bir manat əlli bir qəpik) manat məbləğində borc və 84.59 (səksən dörd manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar