Məhkəmə qərarları › İş №e-2(005)-2436/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2436/2023

19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2436/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin və 13 saylı Mediasiya təşkilatına ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2016-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Bu nikahdan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. Sonradan nikahları məhkəmə qaydasında pozulmuş, uşaqların onun himayəsində saxlanılması və onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulan alimentin məbləği artırılaraq hər uşaq üçün 160 manat müəyyən edilmişdir. Hal-hazırda uşaqlar 7 və 5 yaşındadırlar. Uşaqlar böyüdükcə onların tələbatları da artır və verilən alimentlə uşağın saxlanılmasında çətinlik çəkir. Uşaqların bütün qayğısını ehtiyacını əsasən o çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də alimentin məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, hal-hazırda kirayə mənzildə yaşayır, tək anadır, ingilis dili üzrə fərdi uşaq hazırlayır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, hazırda 320 manat aliment ödəyir, həmin məbləği ödəyə bilər, lakin 440 manat ödəməyə imkanı yoxdur, sürücülük edir, ikinci dəfə nikaha daxil olmuşdur, lakin bu nikahdan övladı yoxdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəfllərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki: İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)- 2051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4717/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə, hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, qətnamənin xx.xx.2018-ci il təvəllüdlü X5 münasibətdə dərhal icra olunması, xx.xx.2016-cı il təvəllüdlü X3 münasibətdə isə alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, Əliyev X4 Cihazqayırma Məxsusi Konstruktor Bürosundan montyor vəzifəsində işləyir, əmək haqqı 422 manatdır. Həmçinin Cavabdeh adına iki yol nəqliyyat vasitəsi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı rəsmi iş yeri - əmək müqaviləsi yoxdur, onun adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018- ci il təvəllüdlü X7 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Halhazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək aliment məbləğinin artırılaraq hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Bununla yanaşı, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşaqların valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə uşaqların yaş həddini, onların təhsilini, cavabdehin rəsmi iş yerinin olmasını, onun əmlak vəziyyətini – adına iki nəqliyyat vasitəsinin qeydə alınmasını, məhkəmə iclasında sürücülük fəaliyyəti ilə məşğul olduğunu bildirməsini, iddiaçının maddi və əmlak vəziyyətini, 2023-cü il üzrə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, habelə uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, idida tələbi təmin edildiyindən, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat pul tutularaq İddiaçı ödənilsin. Mediasiya keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar