Məhkəmə qərarları › İş №e-2(005)-2456/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2456/2024

25.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2456/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı (X1, X3 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin onunla bağlanmış hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən 92 kv.m. sahəsi olan 2 otaqlı, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 90.8 kv.m. olan 2 otaqlı və 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 109 kv.m. olan 3 otaqlı mənzillərin İddiaçı təhvil verilməklə sahiblik, istifadə və sərəncam hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi və Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsində yerləşən 92 m2 sahəsi olan 2 otaqlı mənzilin satılmasına dair bağlanılmış 20 iyun 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə dair müqavilənin İddiaçı ilə bağlanılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulmaqla həmin mənzilin təhvil verilməsi, üzərində sahiblik və istifadə hüquqlarının tanınması, bundan başqa 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 90.8 m2 olan 2 otaqlı mənzilin və 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 109 m2 olan 3 otaqlı mənzillərin İddiaçı təhvil verilməklə sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu ilin iyun ayında bir qədər nağd pulu olduğundan bir neçə tanışı ilə maraqlanıb ünvan 2 ünvanında yeni bina inşa edilməsini, həmin binada mənzillərin münasib qiymətə satılmasını öyrənib iyun ayının ortalarında həmin binanı inşa edən Təbriz MTK-nın faktiki sahibi Nofəl Hacıyevin qeyd edilən ünvanda yerləşən ofisinə gəlib oradan mənzil almaq istədiyini bildirib. Aralarında razılaşma əldə edildikdən sonra 19 oktyabr 2019-cu il tarixdə həmin binada 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 90.8 m olan 2 otaqlı mənzili Nofəl Hacıyevə 108.960 manat ödəməklə sonuncudan almışdı. Həmin vəsaiti tam həcmdə ödədiyindən Nofəl Hacıyev tərəfindən qeyd edilən mənzilin ona satılması barədə 19 oktyabr 2019-cu il tarixli müqavilə və mənzilin dəyərinin tam həcmdə ödənilməsi barədə maliyyə arayışı tərtib edilərək verilmişdir. Eyni zamanda 19 oktyabr 2019-cu il tarixdə 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 109 kv.m olan 3 otaqlı mənzili Nofəl Hacıyevə 130.800 manat ödəməklə sonuncudan almışdır, həmin vəsaiti tam həcmdə ödədiyindən Nofəl Hacıyev tərəfindən qeyd edilən mənzilin ona satılması barədə 19 oktyabr 2019-cu il tarixli müqavilə və mənzilin dəyərinin tam həcmdə ödənilməsi barədə maliyyə arayışı tərtib edilərək verilmişdir. Daha sonra 20 iyun 2019-cu il tarixdə həmin binada 1-ci blok 11-ci mərtəbədə yerləşən 92 kv.m sahəsi olan 2 otaqlı mənzili 115.000 manat müqabilində alıb. Lakin, həmin mənzili formal olaraq tanışı Cavabdeh2 adına rəsmiləşdirdi. Bundan sonra Nofəl həmin mənzilin Cavabdeh2 satılması barədə 20 iyun 2019-cu il tarixli müqavilə və mənzilə görə MTK-ya borcun olmaması barədə maliyyə arayışlarını hazırlayıb imza və möhürlə təsdiq etməklə ona təqdim etdi. Cavabdeh2 ərizə ilə istintaq orqanına müraciət edərək Cavabdeh1 MTK tərəfindən qeyd edilən ünvanda inşa edilən yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən 92 m sahəsi olan mənzilin 20 iyun 2019-cu il tarixli müqavilə və maliyyə arayışı əsasında ona satılmasına baxmayaraq həmin mənzilin dəyəri qismində 115.000 manatın tanışı İddiaçı Məmməd oğlu tərəfindən ödənilməsi səbəbindən sonuncunun hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırki iddia etdiyi 1-ci blok 11-ci mərtəbədə yerləşən 92 kv.m sahəsi olan 2 otaqlı mənzili, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 90.8 kv.m olan 2 otaqlı mənzil və 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 109 m olan 3 otaqlı mənzilin ilkin sahibi (yəni ilk əldə edən) onun olması həm istintaq dövrü ifadə verən Təbriz MTK-nın rəhbəri Nofəl Hacıyev həm də şahid ifadələri ilə təsdiq olunmuşdur. Belə olan halda işin halları ilə müəyyən olunur ki, MTK ilkin olaraq onunla həmin mənzillərə dair müqavilə bağlandığından və onun tərəfindən mənzillərin (əvəzi) dəyəri MTK-ya ödənildiyindən, Mülki Məcəllənin 178.8-ci maddəsinin tələbləri baxımından o həmin mənzillərin mülkiyyət hüququnu əldə etmişdir. Demək ki, həmin tarixdən sonra həmin mənzillərə dair MTK hər hansı sərəncam verə bilməzdi, o cümlədən də başqa şəxslərlə həmin mənzillərə dair alqısatqı müqavilələri bağlaya bilməzdi. Məhkəmə tərəfindən X1, X3 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, iddiaçının 3 mənzili olmuşdur. Həmin mənzillərdən ikisini öz adına, bir mənzili isə qohumu Cavabdeh2 adına almışdır. Lakin, mənzilin pulu iddiaçı tərəfindən ödənilmişdir. Hər 3 mənzilin ilkin alıcısı İddiaçıdur. Mənzilin biri formal olaraq Səriyyə xanımın adına alınmışdır. Cinayət işinin materiallarından da görünür ki, pul iddiaçı tərəfindən ödənilib və Cavabdeh2 istintaq orqanına verdiyi ifadəsində də mənzilin İddiaçı məxsus olduğunu etiraf etmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər proses iştirakçıları heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “Satıcı” Cavabdeh1 MTK ilə “Alıcı” İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 25 saylı müqavilədən görünür ki, alıcı Cavabdeh1 MTK-nın ünvan 3 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində, 2 otaqlı mənzili almaq üçün satıcıya müraciət edir və tərəflər arasında müqavilə bağlanır. Mənzilin sahəsi 90,8 kv.metr təşkil edir və hər bir kv.metr sahəsinin ilkin dəyəri 1200 manatdır. Müqavilənin ümumi məbləği 108960 manatdır; - Cavabdeh1 MTK-nın maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 13-cü mərtəbəsində sahəsi 90,8 kv.m olan, 2 otaqlı mənzilin pay dəyəri 108960 manat payçı İddiaçı tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur; - “Satıcı” Cavabdeh1 MTK ilə “Alıcı” İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 27 saylı müqavilədən görünür ki, alıcı, Cavabdeh1 MTK-nın ünvan 3 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində, 3 otaqlı mənzili almaq üçün satıcıya müraciət edir və tərəflər arasında müqavilə bağlanır. Mənzilin sahəsi 109 kv.metr təşkil edir və hər bir kv.metr sahəsinin ilkin dəyəri 1200 manatdır. Müqavilənin ümumi məbləği 130800 manatdır; - Cavabdeh1 MTK-nın maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 13-cü mərtəbəsində sahəsi 109 kv.m olan, 3 otaqlı mənzilin pay dəyəri 130800 manat payçı İddiaçı tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur; - “Satıcı” Cavabdeh1 MTK ilə “Alıcı” Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 21 saylı müqavilədən görünür ki, alıcı, Cavabdeh1 MTK-nın ünvan 3 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində, 2 otaqlı mənzili almaq üçün satıcıya müraciət edir və tərəflər arasında müqavilə bağlanır. Mənzilin sahəsi 92 kv.metr təşkil edir və hər bir kv.metr sahəsinin ilkin dəyəri 1250 manatdır. Müqavilənin ümumi məbləği 115000 manatdır; - Cavabdeh1 MTK-nın verdiyi maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində, 2 otaqlı mənzilin pay dəyəri 115000 manat payçı Cavabdeh2 tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 25 saylı və xx.xx.2019-cu il tarixli, 27 saylı müqavilələrə əsasən, İddiaçı ünvan 4 ünvanında yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 13-cü mərtəbəsində, sahəsi 90,8 kv.m olan, 2 otaqlı mənzil və ünvan 4 ünvanında yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 13-cü mərtəbəsində sahəsi 109 kv.m olan, 3 otaqlı mənzillərin dəyərlərini tam ödəmiş, lakin mənzillər ona təhvil verilməmişdir. Eyni zamanda iddiaçı Cavabdeh1 MTK ilə digər Cavabdeh2 arasında bağlanmış müqavilə üzrə ünvan 3 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində, 92 kv.m. sahəsi olan 2 otaqlı mənzilə dair müqavilə və maliyyə arayışlarının əslini təqdim edərək, həmin mənzilin faktiki sahibi olduğuna, dəyərinin onun tərəfindən ödənildiyinə, formal olaraq onun xahişi əsasında digər cavabdehlə bağlandığına istinad edir. Hazırda iddiaçı onunla bağlanmış müqavilələr üzrə mənzillərin ona təhvil verilməsi, digər Cavabdeh2 ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və onunla bağlanmış hesab edilməsini xahiş edir. Məhkəmə ilk növbədə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsində yerləşən 92 kv.m. sahəsi olan 2 otaqlı mənzilin satılmasına dair bağlanılmış 20 iyun 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə dair müqavilənin İddiaçı ilə bağlanılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması tələbinə münasibət bildirilməsini zəruri hesab edir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışını və onun nəticələrini müəyyən edən 337-ci maddəsində göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.1, 337.4 və 337.5-ci maddələr). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hər hansı əqdin (o cümlədən müqaviləsinin) etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). İşin hallarına əsasən, Cavabdeh2 ilə alğı-satqı müqaviləsi bağlamalarına baxmayaraq cavabdeh MTK tərəfindən müqavilənin əsli və maliyyə arayışı İddiaçı təqdim edilmişdir. Məhkəmə hesab edir ki, işin qeyd olunan halları iddiaçının irəli sürdüyü dəlillərin əsaslı olduğunu göstərməklə Cavabdeh2 ilə MTK arasında müvafiq hüquq münasibətinin yaranmadığı, müqavilə imzalanarkən onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcud olmadığı, beləliklə də qanunvericinin müqavilənin etibarlılığı üçün nəzərdə tutduğu əsas şərtin reallaşmadığı qənaətinə gəlməyə əsas verən göstəricilərdən biridir. İddia tələbinin mahiyyətindən də görünür ki, iddiaçı göstərilən əqdin başqa əqdi, yəni əslində onunla bağlanmış müqaviləni pərdələmək məqsədi ilə bağlandığına istinad edir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında vurğulamışdır ki, ...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında həmçinin qeyd etmişdir ki, ...məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Hazırki mülki iş üzrə preyudisiallığı olmasa da qeyd edilməlidir ki, cinayət işi üzrə xx.xx.2023-cü il tarixli ittiham aktına əsasən təqsirləndirilən şəxs qismində dindirilərkən Nofəl Hacıyev ifadəsində göstərmişdir ki, 11-ci mərtəbədə yerləşən 90-92 m2 sahəsi olan mənzil üzrə də bir neçə dəfə satış həyata keçirmişdir. Həmin mənzilin ümumi sahəsi 80-90 m2 aralığındadır və mənzil 2 otaqlıdır. Həmin mənzili bina üzrə 80, 85, 90, 92, 92.9 m2 sahəsi olan mənzil kimi ayrı ayrı şəxslərə satmışdır. İlk dəfə həmin mənzili 2019-cu ilin iyun ayında 92 m2 sahəsi olan mənzil kimi təqdim edib 115.000 manat müqabilində İddiaçı satmış, sonuncu 20 iyun 2019-cu il tarixdə mənzilin dəyərini tam həcmdə ödədiyindən İddiaçı xahişi ilə mənzilin tanışı Cavabdeh2 satılması barədə həmin tarixli müqavilə və maliyyə arayışı hazırlayıb imza və MTK-nın möhürü ilə təsdiq edərək İddiaçı vermişdir. Həmçinin mülki iş materiallarına əlavə edilmiş Cavabdeh2 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh1 MTK tərəfindən qeyd edilən ünvanda inşa edilən yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən 92 m2 sahəsi olan mənzil onun adına rəsmiləşdirilsə də həmin mənzilin müqavilə dəyəri olan 115.000 manat tanışı İddiaçı Məmməd oğluna məxsus olmaqla sonuncu tərəfindən MTK-ya ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı 20 iyun 2019-cu il tarixli müqavilə əsasında onun adına rəsmiləşdirilmiş 11-ci mərtəbədə yerləşən 92 kv.m. sahəsi olan mənzil üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən 2 otaqlı mənzilin “Satıcı” Cavabdeh1 MTK tərəfindən “Alıcı” Cavabdeh2 satılması barədə xx.xx.2019-cu il tarixli müqavilənin bağlanmasına və ona MTK-ya borcunun qalmaması barədə arayış verilməsinə baxmayaraq, MTK ilə əsl razılaşma hazırki mülki iş üzrə İddiaçı arasında olmuş və Cavabdeh2 ilə müvafiq müqavilə həmin razılaşmanı pərdələmək məqsədilə formal olaraq bağlanmışdır. Bu hal ittiham aktında əks olunmuş hər üç şəxsin izahatları ilə, Cavabdeh2 notarial qaydada vermiş olduğu ərizə, eləcə də müüqavilə və maliyyə arayışının əslinin iddiaçıda olması ilə təsdiq olunur. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd edilən müqavilə Cavabdeh2 münasibətdə etibarsız olmaqla heç bir hüquqi nəticə doğura bilməz. Beləliklə, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2019-cu il tarixli müqavilə ilə bağlı iddiaçının istinad etdiyi hallar Mülki Məcəllənin 340.2-ci maddəsinin dizpozisiyası ilə uzlaşdığından məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli, qeyd edilən müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2019-cu il tarixli müqavilənin İddiaçı ilə bağlanmış hesab edilməsi tələbi ilə bağlı qeyd edir ki, hazırki mülki iş üzrə qeyd edilən müqavilənin həqiqi tərəfi İddiaçı olmuşdur. Yuxarıda qeyd edilənləri və xx.xx.2019-cu il tarixli müqavilənin yalan əqd olmaqla Cavabdeh2 üçün heç bir nəticə doğura bilməyəcəyini əsas götürməklə məhkəmə hesab edir ki, müqavilə İddiaçı ilə bağlanmış hesab edilməlidir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Xüsusilə onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, ...hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddia tələbinin mübahisələndirilən yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsində yerləşən 92 m2 sahəsi olan 2 otaqlı mənzilin, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 90.8 m2 olan 2 otaqlı mənzilin və 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 109 m2 olan 3 otaqlı mənzillərin İddiaçı sahiblik və istifadəsinə verilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (Mülki Məcəllənin 178.8-ci maddəsi) Eyni Məcəllənin 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1 və 113.2-ci maddələrinə görə, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır” (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərar). Hazırki işdən göründüyü kimi, satıcı Cavabdeh1 MTK müqavilələr üzrə mənzilləri alıcıya təhvil verməyi, İddiaçı isə isə öz növbəsində mənzilin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı tərəfindən mənzillərin dəyəri ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra edilməsinə baxmayaraq, Cavabdeh1 MTK onları alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Halbuki iddiaçının həmin mənzillərə dair hüquqi şəxslə bağladığı müqavilələr qüvvədədir, onların etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının müqavilələrdə verilməsi öhdəliyi nəzərdə tutulmuş mənzillərə münasibətdə sahiblik və istifadə hüququ yaranmaqla yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntisi də yaranmışdır. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməli və müqavilələrdə nəzərdə tutulmuş mənzilləri iddiaçıya təhvil verməlidir. Qeyd olunduğu kimi, həmin müqavilə tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları qarışıq (əsasən podrat) müqavilədir və həmin müqavilə çərçivəsində sifarişçi kimi çıxış edən iddiaçı üzərinə düşən vəzifələri yerinə yetirərək mənzillərin dəyərini ödəmiş, MTK isə mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq cavabdeh MTK, aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını verdiyi mənzillərə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzilləri iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, razılaşdırılmış mənzilləri tələb etmək iddiaçının hüququdur, mənzilləri iddiaçıya təhvil vermək isə cavabdeh MTK-nın vəzifəsidir. Hazırki iş üzrə cavabdeh mənzilləri iddiaçıya təhvil vermək öhdəliyini yerinə yetirmək vəzifəsi daşımasına baxmayaraq, müqavilələrin bağlanmasından xeyli müddət keçsə də öz öhdəliklərinin icrasından yayınmışdır. Bu baxımdan iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsində yerləşən 92 kv.metr sahəsi olan 2 otaqlı mənzilin satılmasına dair bağlanmış 20 iyun 2019-cu il tarixli müqavilə etibarsız hesab edilməli və həmin mənzilə dair müqavilə İddiaçı ilə bağlanılmış hesab edilməli, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsində yerləşən 92 kv.metr sahəsi olan 2 otaqlı mənzil, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 90.8 kv.metr olan 2 otaqlı mənzil və həmin binanın 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 109 kv.metr olan 3 otaqlı mənzillərin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi Cavabdeh1 Mənzil- Tikinti Koorperativinin üzərinə qoyulmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsində yerləşən, 92 kv.metr sahəsi olan 2 otaqlı mənzilin satılmasına dair cavabdehlər Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 20 iyun 2019-cu il tarixli müqavilə etibarsız hesab edilsin və həmin mənzilə dair müqavilə İddiaçı ilə bağlanılmış hesab edilsin. ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsində yerləşən 92 kv.metr sahəsi olan 2 otaqlı, 1-ci blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 90.8 kv.metr olan 2 otaqlı və həmin binanın 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 109 kv.metr olan 3 otaqlı mənzillərin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Koorperativinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar