Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2469/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilə bağlanması öhdəliyinin qoyulması və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 74 (hazırki ünvan 1 ünvanında yerləşən mənzilin fərdi müqaviləsin onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, Cavabdeh2 cavabdeh qismində cəlb edilməsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 74 (hazırki ünvan 1 ünvanında yerləşən mənzilə dair Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin ləğv edilməsi və müqavilənin İddiaçı ilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5411/2023 saylı qətnaməsinə əsasən İddiaçı ilə maraqlı şəxs Cavabdeh2 arasında bağlanmış MŞB/13/2023-01452 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərindən biri “xx.xx.2012-ci il tarixli, 126 nömrəli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən Cavabdeh2 adına olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 74 (indiki Baki şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 123, mən.37) ünvanında yerləşən mənzilə olan pay hüququndan Cavabdeh2 İddiaçı xeyrinə imtina etmişdir.” Yuxarıda sözügedən mənzilin xx.xx.2012-ci tarixli, 126 saylı tikintisi haqqında fərdi müqaviləyə əsasən “Podratçı” "xxxx" MTK olmuşdur. Hazırda həmin binaları Cavabdeh1 MMC idarə etməkdədir. Lakin MMC-yə qətnamənin icrasının həyata keçirilməsi məqsədi ilə müraciət etdiyi zaman, ona məlum olmayan səbəbdən X3 adına olan fərdi müqaviləni adına keçirməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, tərəflər arasında barışıq sazişi bağlanmışdır, məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Buna baxmayaraq cavabdehlər onu icra etmir. MMC həmin qətnamədə tərəf kimi göstərilmədiyinə istinad edərək qətnamənin icrasından imtina edir. Digər cavabdeh isə öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyini, xəstə olduğunu bəhanə edərək müqavilənin rəsmiləşdirilməsi üçün MMC-yə və məhkəməyə yaxınlaşmır. Lakin Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinə etiraz etmədiyini bildirmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmlarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MTK ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən “Sifarişçi” sifariş edir, “Podratçı” Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında tikilən A yaşayış binasının 1-ci blokunun Vİ mərtəbəsində 37 nömrəli, 3 otaqlı mənzili inşa edib təhvil verməyi öhdəsinə götürür; - "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 74 ünvanında tikilən A yaşayış binasının 1-ci blokunun Vİ mərtəbəsində (yaşayışın V mərtəbəsi), 37 nömrəli, 132,66 kv.m. sahəsi olan 3 otaqlı mənzil Cavabdeh2 məxsusdur və borcu yoxdur; - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5411/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh2 arasında bağlanmış MŞB/13/2023-01452 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtlərlə təsdiq edilməsi qət edilmişdir: 1.xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57-05301-093042 reyestr nömrəli İddiaçı adına olan ünvan 4 ünvanında yerləşən mənzilə olan pay hüququndan X1 Zemfira Səlvər qızının xeyrinə imitna edir. 2. xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********09- 05301-093011 reyestr nömrəli Cavabdeh2 adına olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbay Qutqaşınlı küçəsi, ev 5C, manzil 25 (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzilə olan pay hüququndan X7 Cavabdeh2 Salvar qızının xeyrinə imtina edir. 3. xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********73- 05301-093030 reyestr nömrəli Cavabdeh2 adına olan ünvan 6 ünvanında yerləşən mənzilə olan pay hüququndan Cavabdeh2 İddiaçı xeyrinə imtina edir. 4. xx.xx.2012-ci il tarixli, 126 nömrəli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən Cavabdeh2 adına olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən mənzilə olan pay hüququndan Cavabdeh2 İddiaçı xeyrinə imtina edir. 5. xx.xx.1999-cu il tarixli, 550 saylı Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Cavabdeh2 adına olan Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov (1.Qutqaşınlı) küçəsi, 500-cü məhəllədə quraşdırılmış qaraja olan pay hüququndan Cavabdeh2 İddiaçı xeyrinə imtina edir. 6. **-LJ-*** dövlət nömrə nişanı olan, HYUNDAİ SONATA markalı, 2010-cu il buraxılış ili (qeydiyyat şəhadətnaməsi AB 594086) İddiaçı adına olan nəqliyyat vasitəsinə pay hüququndan Sairbayzadə Zemfira Səlvǝr qızı İddiaçı xeyrinə imtina edir İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MTK ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında tikilən A yaşayış binasının 1-ci blokunun Vİ mərtəbəsində 37 nömrəli, 3 otaqlı mənzilə dair alğı-satqı (podrat) müqaviləsi bağlanmışdır. Mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Cavabdeh2 Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 5411/2023 saylı qətnaməsi ilə mübahisələndirilən mənzilə olan pay hüququndan İddiaçı xeyrinə imtina etmişdir. Hazırda iddiaçı mənzilin onun adına keçirilmədiyinə əsaslanaraq müqavilə bğlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını məhkmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hazırki mülki iş materiallarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5411/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin mənzildən iddiaçının xeyrinə imtina etməsinə, bunun nəticəsində də mənzilə dair iddiaçının müvafiq hüquqlarının tanınmasına baxmayaraq, cavabdehlə mənzilə dair müvafiq müqavilə hələ də imzalanmamış, bununla da məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən İddiaçı mübahisələndirilən mənzilə dair hüquqlarının mövcudluğu işin mübahisələndirilməyən halı hesab edilir. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5411/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malik məhkəmə aktı hesab edilməsə də, sübut kimi mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir (Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsi). Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (“X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarı). Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsi). Həmçinin, o da qeyd edilməlidir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi də (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu əhatə edir. Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Barışıq sazişi eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 01/2024 saylı, 23 fevral 2024-cü il tarixli qərardadı). Hazırki iş üzrə tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış və ümumi əmlaklarını saziş əsasında bölmüşlər. Sonradan həmin barışıq sazişi məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, mübahisələndirilən mənzilin iddiaçının ixtiyarına verildiyini, əlavə iddiasının olmadığını, xəstə olduğundan məhkəmə iclasına gələ bilmədiyini qeyd etmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Buna baxmayaraq Cavabdeh2 digər cavabdeh MMC-yə və ya notariusa gedərək müqavilənin ləğv edilməsi ilə bağlı ərizə yazmaqdan imtina edir. Cavabdehə münasibətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5411/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə aktlarının preyudisiallığı ilə bağlı “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu baxımdan iddiaçı ilə MTK arasında yeni müqavilə bağlanması üçün cavabdehin özü ilə bağlanmış müqavilənin ləğvi ilə bağlı ərizə yazaraq MTK-ya müraciət etməməsi qanunsuz hesab olunmalıdır. Cavabdeh1 MMC ilə bağlı isə qeyd edilməlidir ki, MMC-nin icra şöbəsinə ünvanladığı məktubdan görünür ki, o, icra vərəqəsində nə tələbkar, nə də borclu kimi göstərilmədiyini, eləcə də Cavabdeh2 müqavilənin ləğvinə dair razılaşmanı imzalamadığını əsas gətirərək yeni müqavilənin tərtib edilməsindən imtina etmişdir. Lakin nəzərə alınmalıdır ki, mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmişdir və onlar birgə nikah dövründə əldə edilmiş əmlakın qanuni rejiminin dəyişdirilməsi ilə bağlı müqavilə bağlamışlar. Belə ki, Ailə Məcəlləsinin ər-arvadın ümumi əmlakının bölünməsini müəyyən edən 36.1 və 36.2-ci maddələrinə uyğun olaraq, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmçinin qeyd edilməlidir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5411/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh1 MMC üçün MPM-in 82.3-cü maddəsinə görə preyudisial əhəmiyyətə malik olmasa da, Mülki Prosessual Məcəllənin 76cı maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Bu baxımdan Cavabdeh1 MMC tərəflər arasında bağlanmış birgə əmlakın hüquqi rejimini müəyyən edən müqaviləni və həmin müqaviləni (barışıq sazişini) təsdiq edən məhkəmə qətnaməsini nəzərə alaraq cavabdeh Sairbəzadə Zemfira ilə MTK arasında bağlanmış müqaviləni ləğv etməli və iddiaçı ilə yeni müqavilə bağlamalıdır. Belə ki, barışıq sazişində cavabdehin həmin mənzilə olan hüququndan imtina etməsi onun adına bağlanmış müqavilənin ləğv edilməsi və İddiaçı ilə bağlanmasına razılıq verməsi anlamını ifadə edir. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iş üzrə təqdim edilmiş sübutlara təttbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 (hazırki Baki şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 123, mən.37) ünvanında yerləşən 37 saylı mənzilə dair Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə ləğv edilmiş hesab edilməli və müqavilənin İddiaçı ilə bağlanması öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 (hazırki Baki şəhəri, ünvan 7 ünvanında yerləşən 37 saylı mənzilə dair Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə ləğv edilmiş hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 (hazırki Baki şəhəri, ünvan 7 ünvanında yerləşən 37 saylı mənzilə dair İddiaçı ilə müqavilə bağlanması öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2469/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2469/2024
24.07.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver