Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2482/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı Cavabdeh MMMC-yə qarşı “binanın əvvəlki vəziyyətinə qaytarılması və s.” tələbinə dair mülki işə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMMC-yə qarşı “binanın əvvəlki vəziyyətinə qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının hər bir blokuna quraşdırılmış liftlərə kart sisteminin və mənzil mülkiyyətçilərinin birgə mülkiyyəti hesab edilən parklanma yerlərinə quraşdırılmış şlaqbaumların Cavabdeh MMMC-nin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması, eyni zamanda, binanın D2 və C1 bloklarında liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin Cavabdeh MMMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMMC-nin vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MMMC-yə qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair 2(006)-2113/2024 nömrəli mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2113/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işi baxılması üçün ərazi aidiyyətı üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə aşağıdakılara əsasən mülki işin Nərimanov Rayon Məhkəməsində baxılmalı olmaması barədə qənaətə gəlir. İlk növbədə qeyd edirəm ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2113/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında hazırki iddianı cavabdehin hüquqi ünvanı üzrə baxılması nəticəsinə gəlmiş, lakin iddianın Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin təsir dairəsinə düşməsini nəzərə almamışdır. Mülki işə cavabdehin hüquqi ünvanı üzrə deyil, daşınmaz əmlakın və həmin daşınmaz əmlakın ərazisində görüləcək işlərin yerinə görə baxılmalıdır. Belə ki, mülki iş materialları ilə müəyyən edilir ki, iddia tələbi Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının hər bir blokuna quraşdırılmış liftlərə kart sisteminin və mənzil mülkiyyətçilərinin birgə mülkiyyəti hesab edilən parklanma yerlərinə quraşdırılmış şlaqbaumların Cavabdeh MMMC-nin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması, eyni zamanda, binanın D2 və C1 bloklarında liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin Cavabdeh MMMC-nin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 36.1-36.13-cü maddələrində iddianın hansı hallarda iddiaçının seçiminə görə məhkəməyə verilməsi qeyd edilmişdir. Hazırki iddia tələbi Azərbaycan Respublikası MPM-nin 36.1-36.13-cü maddələrinin təsir dairəsinə düşmür və bu səbəbdən iddia Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsində imperativ norma olaraq qeyd edildiyi kimi iddia daşınmaz əşyanın olduğu yerin məhkəməsinə, yəni Nəsimi Rayon Məhkəməsinə verilməlidir. Nəzərə alınmalıdır ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsinə görə, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edirəm ki, İddiaçı Cavabdeh MMMC-yə qarşı “binanın əvvəlki vəziyyətinə qaytarılması və s.” tələbinə dair mülki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan, mülki iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 35, 39, 45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMMC-yə qarşı “binanın əvvəlki vəziyyətinə qaytarılması və s.” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2482/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2482/2024
16.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver