Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2502/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, sənədlərin verilməsi” tələbinə dair mülki iş (açar sözlər: əmlakın sahiblik və istifadəyə verilməsi, sənədlərin verilməsi, vəkil xərci) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzil tikinti kooperativinin üzərinə onun sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 6-cı mərtəbədə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı 158-nömrəli mənzilə və 23 may 2009-cu il tarixli, 5-nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün qarajın iddiaçının sahibliyinə və istifadəsinə verməklə həmin qaraja hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş yuxarıda qeyd olunan hüquqverici sənədlərin iddiaçıya verilməsi vəzifəsinin qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun, vəkil üçün çəkdiyi xərc olan 120 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK arasında bağlanmış 23 may 2009-cu il tarixli, 204-nömrəli müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 6-cı mərtəbədə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı 158-nömrəli mənzil və 23 may 2009-cu il tarixli, 5-nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün qaraj almışdır. Hazırda iddiaçı həmin daşınmaz əmlakların dəyərini tam ödəmişdir və qarajın dəyərini ödəməyinə görə ona 04/11-№-li, 04 yanvar 2011-ci tarixli maliyyə arayışı verilmişdir. İddiaçı həmin mənzili təmir etmiş və hazırda da həmin mənzildə yaşayır. Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq dəyərini tam ödədiyi qaraj bu günə kimi cavabdeh tərəfindən iddiaçının sahibliyinə və istifadəsinə verilməmişdir. Bu mənzilin və qarajın iddiaçı tərəfindən alınması və dəyərinin ödənilməsi Cavabdeh MTK-da olan sənədlər, müqavilələr, maliyyə arayışı, məhkəmə qətmaməsi və qərarı ilə təsdiq olunmuşdur. İddiaçı 2016-ci ildə mənzilin təmir işlərini başa çatdırıb, mənzilə köçmüşdür. Həmin vaxtdan mənzil onun sahibliyində və istifadəsindədir və bu günə kimi orada yaşayır. Mənzilə köçdükdən sonra qarajın iddiaçının sahibliyinə və istifadəsinə verilməsi üçün Cavabdeh MTK-ya bildirsə də, MTK tərəfindən bir ədəd maşın üçün aldığı, dəyərini ödədiyim qaraj iddiaçının sahibliyinə və istifadəsinə verilməmişdir. 2017-ci ilin oktyabr ayında iddiaçı ilə cavabdeh arasında ziddiyyətlər olmuşdur. Belə ki, iddiaçı həmin vaxt cavabdehə mənzilin dəyərindən 18.540-manat borcu qalmışdır. Mənzili alan zaman aralarında olan şifahi razılaşmaya görə iddiaçı qalan borcu ona mənzilə və qaraja çıxarış almaq üçün sənədlər verilən zaman ödəməli idi. Cavabdeh həmin sənədləri iddiaçıya vermək istəmədiyi üçün o da borcu ödəməmişdir. Bu səbəbdən Cavabdeh MTK qış aylarında istifadə etdiyi elektrik enerjisinə görə heç bir borcu olmadığı halda yaşadığı mənzilə verilən elektrik enerjisini kəsmişlər. Bu səbəbdən atası cavabdehdən şikayət etmişdir. Sonra iddiaçı mənzilə verilən elektrik enerjisinin kəsdiklərinə görə cavabdeh haqqında Binəqədi rayon Məhkəməsində iddia qaldırmışdır. Sonradan cavabdeh iddiaçıya qarşı Nəsimi rayon Məhkəməsində iddia qaldıraraq ondan həm 18.540-manat olan borcunu və əlavə olaraq qaraja görə pul tələbi barədə iddia qaldırmışdır. Sonradan iddialara birlikdə aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsində baxılmış, məhkəmənin 03 may 2018-ci il tarixli, 2(001)-885/2018-№-li qətnaməsi ilə hər iki iddia qismən təmin olunmuş, cavabdehdən 1000-manat alınaraq ona, ondan isə 18.540 manat alınaraq Cavabdeh MTK-ya ödənilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəlmiş, qətnamə tam icra olunmuş və icra işinə xitam verilmişdir. Bununla da mənzilin dəyərini tam ödəmişdir. Bu mənzilin və qarajın iddiaçı tərəfindən alınması və dəyərinin tam ödənilməsi Cavabdeh MTK-da olan sənədlər, müqavilələr, maliyyə arayışı və məhkəmə qətnaməsi və qərarı ilə təsdiq olunmuşdur. İddiaçı Cavabdeh MTK-ya qeyd olunan mənzilə və qaraja mülkiyyət hüququnun qeydə alınması məqsədi ilə qanunla nəzərdə tutulmuş yuxarıda qeyd olunan hüquqverici sənədlərin iddiaçıya verilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin rəsmi müraciət etməyindən bir aydan artıq müddət keçməsinə baxmayaraq cavabdeh müraciətə rəsmi cavab verməməklə, faktiki olaraq həmin sənədləri verməkdən boyun qaçırır. Eyni zamanda qarajı iddiaçının sahibliyinə və istifadəsinə vermir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2502/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: - Cavabdeh və İddiaçı arasında bağlanmış 23 may 2009-cu il tarixli 204 №-li müqavilədən görünür ki, müqavilənin predmetini Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa olunan 20 mərtəbəli yaşayış evinin 3-cü blokunun (İİ korpus) 6cı mərtəbəsində ümumi sahəsi 172.6 kv.metr olan izolə olunmuş 4 otaqlı 158 nömrəli mənzil təşkil etmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən payçı mənzilin dəyəri olaraq hər kv.metri üçün 800 manat olmaqla 138080 manat ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən payçı məbləğin ilkin pay kimi 60000 manatını ödəyir. - İş materiallarına əlavə edilmiş “MTK-REAL" MTK ilə İddiaçı arasında bağlanmış 23 may 2009-cu il tarixli 5 saylı müqavilənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 21,20 mərtəbəli yaşayış evinin zirzəmisində yerləşən bir maşınlıq qarajı 16000 manata almış, ilkin pay kimi 4000 manat ödəniş etmişdir. - İş materiallarına əlavə edilmiş 04 yanvar 2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binası "REAL-MTK”nə məxsusdur, həmin binanın İ-ci blok İİ korpusun zirzəmisində bir maşınlıq qaraj payçı İddiaçı məxsusdur və onun "REAL-MTK“ MTK-nə borcu yoxdur. - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-885/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MTK-nə qarşı "vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh MTK-dən yetirilmiş mənəvi zərərin əvəzi olaraq 1000(bir min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddiaçı "xxxx" MTK-nin cavabdeh İddiaçı qarşı “pul" tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı 18540 (on səkkiz min beş yüz qırx) manat pul tutularaq iddiaçı "xxxx" MTK-nə ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-885/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məlumatın verilməsi barədə məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa olunan 20 mərtəbəli yaşayış binasının 3-cü blok, 6-cı mərtəbəsində ümumi sahəsi 172.6 kv.metr olan 4 otaqlı 158 nömrəli mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iclasında təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında 23 may 2009-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa olunan 20 mərtəbəli yaşayış evin 3-cü blokunun (İİ korpus) 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 172.6 kv.metr olan 4 otaqlı 158 nömrəli mənzilin və həmin yaşayış evinin zirzəmisində yerləşən bir maşınlıq qarajın satılmasına dair müqavilələr bağlanmışdır. İddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam icra etmişdir. "REAL- MTK” tərəfindən iddiaçıya 04 yanvar 2011-ci il tarixli maliyyə arayışı verilərək, ünvan 1 ünvanında yerləşən yaşayış binasının İ blok İİ korpusun zirzəmisində bir maşınlıq qarajın payçı İddiaçı məxsus olduğu və onun "REAL-MTK“ MTK-nə borcunun olmaması qeyd olunmuşdur. Müqavilə predmeti olan qaraj iddiaçıya təhvil verilməmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya müqavilə predmeti olan həmin əmlaklara dair sənədlər təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddsəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddia tələbi üzrə qarajın tələb edilməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin tələbləri baxımından cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklərin təmin edilməsini əhatə edir. Tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmişdir. Belə ki, qeyd olunan qarajın dəyərinin tam şəkildə cavabdehə ödənilməsi – iddiaçının cavabdehə borcunun olmaması iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən iddiaçıya verilmiş 04 yanvar 2011-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə yaranmış münasibətlərin Mülki Məcəlllənin 178.8ci maddəsinə edilmiş dəyişiklərdən öncə yaranması bu müddəanın həmin tarixdəki redaksiyasının tətbiqini ehtiva edir. Belə ki, müqavilə bağlandığı zaman Mülki Məcəllənin 178.8-ci maddəsinin qüvvədə olmuş redaksiyasına görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında qarajın alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş əmlakın dəyərini cavabdehə ödəmiş, cavabdeh isə həmin qaraj sahəsini iddiaçıya təhvil verməyərək öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hazırda qarajın iddiaçıya təhvil verilməsi hissədə iddia tələbini əsaslı hesab edərək, həmin müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsini iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirərək, qarajın təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini qanuni hesab edir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında 2009-cu ildə bağlanmış müqavilələr üzrə Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa olunan 20 mərtəbəli yaşayış evin 3-cü blokunun (İİ korpus) 6-cı mərtəbəsində ümumi sahəsi 172.6 kv.metr olan 4 otaqlı 158 nömrəli mənzilin və həmin yaşayış binasından yerləşən qarajın dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı həmin mənzildə yaşayır, mənzil onun istifadə və sahibliyindədir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən lazımı sənədlər verilmədiyi üçün iddiaçı əmlaklarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirə bilmir. Bu səbəbdən hazırki tələb ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilələr əsasında aldığı mənzilin və qarajın dəyərini cavabdehə tam ödədiyindən, həmçinin müqavilələr üzrə iddiaçı tərəfindən icra edilməmiş öhdəliklər qalmadığından, iddiaçı sözügedən əmlakların daşınmaz əmlakın rəsmi reyestrində qeydiyyatdan keçirmək üçün müvafiq sənədlərin cavabdeh tərəfindən verilməsi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçı həmçinin vəkil üçün çəkdiyi xərc olan 120 manat pulun cavabdeh tərəfindən ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı və bu zaman iddia tələbinin qiyməti nəzərə alınmalıdır. Məhkəmə hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 120 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 6-cı mərtəbə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı, 158 nömrəli mənzilə və 23 may 2009-cu il tarixli, 5 nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün qarajın iddiaçının sahibliyinə və istifadəsinə verməklə həmin qaraja hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş hüquqverici sənədlərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalı, eyni zamanda ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və vəkil üçün ödənilmiş 120 (yüz iyirmi) manat Cavabdeh MTKdan alınaraq İddiaçı xeyrinə ödənilməlidir. VI. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 6-cı mərtəbə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı, 158 nömrəli mənzilə və 23 may 2009-cu il tarixli, 5 nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün qarajın iddiaçının sahibliyinə və istifadəsinə verməklə həmin qaraja hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş hüquqverici sənədlərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və vəkil üçün ödənilmiş 120 (yüz iyirmi) manat Cavabdeh MTK-dan alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2502/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-2502/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver