Məhkəmə qərarları › İş №e-2(005)-2507/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2507/2023

01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2507/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: pul tələbi; əsassız varlanma) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh və X4 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X1 10.000 (on min) manat məbləğində pulun və ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən 0.0305 ha torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh həmin torpağın yaxınlığında köşk quraraq orada yaşamışdır. Köşkün yerləşdiyi torpaq sahəsinin onun olduğunu bildirərək həmin ərazini ona sata biləcəyini bildirmiş və həmin torpağın müqabilində ondan ümumilikdə 10.000 manat pul almışdır. Lakin sonradan müəyyən olunmuşdur ki, torpaq cavabdehlərdən X4 məxsusdur. Cavabdehlər qəsdən və ya bilməyərəkdən onu aldadaraq torpaq sahəsini onun sərəncamına vermək üçün ondan 10.000 manat almışlar. Sonradan məlum olmuşdur ki, Cavabdeh yalan danışaraq özünə məxsus olmayan torpaq sahəsinə görə ondan pul almışdır. İddiaçı Polis Orqanına bu barədə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir və Xətai RPİ-nin 35-ci PB-də bununla bağlı araşdırma aparılmışdır və ona bu işin mülki xarakterli olduğu bildirilərək mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Araşdırma zamanı Cavabdeh həqiqətən torpaq sahəsinə görə ondan 10.000 manat pulun alınmasını etiraf etmişdir və həmin verilmiş izahatın təsdiqlənmiş surəti vəkil sorğusuna görə PB-dən alınmış və iddia ərizəsinə əlavə edilmişdir. Cavabdehlərlə müxtəlif danışıqlar aparılsa da, bu günə kimi nəticəsi olmamışdır. Hesab edir ki, cavabdeh pullarını mənimsəmiş, öz şəxsi məqsədləri üçün xərcləmiş və bu günə kimi ona həmin pulları qaytaracağına vəd versə də, hər dəfə müxtəlif bəhanələr gətirərək geri qaytarmamışdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər siyahısında göstərilən X6 əslində həmin pul vəsaitini almadığı üçün və pulu tam olaraq digər cavabdeh aldığı üçün cavabdehlər siyahısından X2 çıxarılmasını xahiş etmişdir. Ərizə təmin edilmiş, X6 cavabdehlər siyahısından çıxarılmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçı ilə razılaşmışlar ki, evini tikdikdən sonra hissə-hissə onun pulunu qaytaracaqdır. Lakin iddiaçı razı olmayıb pulun verilməsini tələb etmişdir. İddiaçı, 9-10 ildir ki, onu narahat edir. Sonda qaynı ondan bu evi verməsini xahiş etmiş, bu zaman ondan əl çəkəcəyini bildirmişdir. Xətai Rayon Məhkəməsində proses olmuş, ekspertizalar keçirilmişdir. Öz torpağının iddiaçıya aidiyyəti yoxdur. Daha sonra məcbur qalaraq demişdir ki, evi ona verəcək. Hazırda da onun pulunu verməsini istəyir. Özü də evinin tikilməsindən sonra pulu qaytaracağını bildirmişdir. İş materiallarında olan izahatı özü yazmışdır. İddiaçı ona pul verməmişdir. Ona Ramil və Məhəmməd adlı şəxslər pul verib və onlar da tələb edəndən sonra evi söküb pulunu vermişdir. 2007-ci ildən orada yaşayır, lakin torpağa dair sənədləri yoxdur. Həmin sökülən evdə öz ailə üzvləri ilə birgə yaşamışdır. 10000 manat pul məbləği öz evinin sökülməsi müqabilində verilib və oranın sənədinin olmaması barədə iddiaçının məlumatı olub. Bugünkü gündə həmin şəxlər gəlib evini tiksələr, onların pulunu qaytarmağa razıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, cavabdeh şəxsən ona zəng vuraraq hər ay 1000-1500 manat verəcəyini bildirmişdir. Daha sonra ona vaxt vermişdir, lakin beş ay keçsə də, cavabdeh pulu verməmişdir. Başqa şəxsin torpağını ona satıb və satandan beş gün keçməmiş həmin torpaq sahəsinin sahibi GPS aparatı ilə gələrək torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Cavabdeh satan ərəfələrdə qeyd etmişdir ki, torpaq sahəsi ona məxsusdur, lakin sənədləri yoxdur və buna baxmayaraq razılaşmışdır ki, bir müddətdən sonra torpağı özü sənədləşdirər. Həmin torpaq sahəsi 60 kv.m sahədən ibarətdir və o, əraziyə görə 10.000 manat məbləğində vəsaiti şəxsən cavabdehə vermişdir. Həmin pulu ərazidə birbaşa cavabdehin özünə vermişdir. Pul verilən vaxt yanlarında şahidlər olmamışdır. Hər dəfə rayondan gələndə cavabdehlə ikisi görüşmüşdür. Pulun verilməsini cavabdeh özü şəxsən etiraf edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbi müdafiə edərək əlavə olaraq bildirmişdir ki, hazırki mübahisə ürə polisdə araşdırılma aparılmışdır. Qarşı tərəfin bu barədə izahatı var. Cavabdeh özü şəxsən qısa zaman ərzində məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdeh torpağı 10.000 manat müqabilində iddiaçıya satıb. Daha sonra iddiaçıya məlum olub ki, həmin torpaq sahəsi qonşuya məxsusdur. Təqdim olunmuş izahatda da açıq şəkildə göstərilir ki, həmin pul satılma ilə bağlı verilmişdir. Torpağı satmaq üçün subyektiv hüquq olmalıdır və cavabdeh özünü həmin torpaq sahəsinin mülkiyyətçisi kimi təqdim etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Cavabdeh tərəfindən Xətai RPİ 35-ci PB-nin rəisinə verilmiş izahatından görünür ki, Cavabdeh bildirmişdir ki, İddiaçı ilə aralarında özünə məxsus olan qeyri qanuni fərdi tikilmiş 77 kv.m ərazidə olan evini satmışdır və bunun müqabilində ondan hissə-hissə olmaqla 10000 manat pul almışdır. - X5 tərəfindən Xətai RPİ 35-ci PB-nin baş təhqiqatçısına verilmiş izahatından görünür ki, X5 bildirmişdir ki, İddiaçı onun bacısının həyat yoldaşıdır. İdris adlı şəxs isə Bəxtiyarın tikdiyi evin məhəlləsində gözətçi kimi fəaliyyət göstərir. Həmin məhlədə İdrisə məxsus gözətçi buxtası var idi. Bəxtiyar evini tikdiyi zaman İdrislə onun arasında həmin butkanın yerləşdiyi ərazinin Bəxtiyara satılması barədə aralarında danışıq olmuşdur. İdiris və Bəxtiyar aralarında olan razılığa əsasən İdris 10000 manat müqabilində özünə məxsus olan torpaq sahəsini Bəxtiyara satmalı idi. Belə ki onun yaşadığı butkada və ya evi söküb ərazini Bəxtiyarın sərəncamına verməli idi. - Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaşın şikayətinə baxılmış, araşdırılma aparılmış, lakin göstərilən xüsusatların mülki xarakterli olduğu üçün aidiyyət üzrə müraciət etməsi tövsiyə olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6679/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə işin hallarından görünür ki, iddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 103 R saylı sahədə iddiaçı Mürəstə Əliyevaya məxsus torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(011)-144/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat məbləğində pulun iddiaçı X3 dövlət nəfinə tutulması, iş üzrə mütəxəssis rəyinin alınması üçün aparılmış tədqiqatın dəyərinə görə 66 (altmış altı) manat məbləğində pulun iddiaçı X3 "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6679/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(011)- 144/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1980ci il təvəllüdlü Şahid bildirmişdir ki, iddiaçı qohumudur. O, 10000 manat məbləği cavabdehə məxsus evin sökülməsi müqabilində vermişdir. Keçən ilin avqust ayında iddiaçı ona zəng vuraraq bildirmişdir ki, cavabdeh hələ də oradan çıxmayıb. İddiaçıdan cavbadehin oradan çıxması üçün nə etdiyini soruşmuş, iddiaçı isə 1000 manat məbləğində beh verdiyini demişdir. Ondan geri qalanını nə vaxt verəcəyini soruşduqda isə, iddiaçı cavabdeh evi sökdükdən sonra geri qalan məbləği də ödəyəcəyini bildirmişdir. İddiaçı həmin vaxt Şamaxı rayonunda idi. Özü isə Bakı şəhərində olduğuna görə onun vasitəsilə Cavabdeh 5.100 manat bir, 4.000 manat bir və Məhəmməd adlı şəxs vasitəsilə 1.000 manat ödəniş olunmuşdur. Həmin məbləğ veriləndən sonra cavabdeh evini sökmüş və oradan çıxmışdır. Hətta iddiaçı cavabdehə bildirmişdir ki, ərazidə ustaları işlədiyinə görə orada yerləşən sanuzel qovşağını sökməsin. Cavabdehə məxsus evdə qaz, su və internet xətti çəkilmişdir. İddiaçı həmin məbləği evin sökülməsi müqabilində vermişdir. Xətai Rayon Polis İdarəsi tərəfindən çağırılan zaman izahatımda da qeyd etmişdir ki, 10.000 cavabdehin orda olan əmlakının sökülməsi müqabilində verilmişdir. Həmin torpaq sahəsinin sənədsiz olması barədə iddiaçının məlumatı olub. Həmin ərazidə evlər tikildikdən sonra 60 kv.m üçbucaq kimi artıq yer qalmışdır və heç bir sənədi mövcud deyildi. İddiaçı prinsipial məqsədilə üzbəüz yerləşən torpaq sahəsini aldı ki, sanki cavabdehin gözü onun torpağında idi. Daha sonra Kadastrın əməkdaşı torpaq sahəsini ölçdükdən sonra bildirdi ki, cavabdehin zəbt etdiyi torpaq sahəsi iddiaçının aldığı ikinci torpağa belə heç bir aidiyyəti yoxdur. Bəxtiyar bildirdi ki, həmin ev onun evinin panoramasını pozur, lakin cavabdeh tərəfindən evin söküləcəyinə inanmır. Özü şəxsən video çəkiliş etmiş və iddiaçıya göndərmişdir ki, ev artıq sökülüb. Öz evinin panoramasının pozulmaması üçün iddiaçıya 10.000 manat ödəniş etmişdir ki, sən buradan çıx get. Polis bölməsində ona təzyiq edən olmayıb. İddiaçı 13 ildir ki, məhkəmələrdədir və elə bir qonşu qalmayıb ki, onunla yola getsin. Özü ali təhsilli həkimdir və haqq tərəfə danışır. Cavabdeh onun nə qohumudur, nə də qonşusudur. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, aralarında olan şifahi razılaşma əsasında İddiaçı tərəfindən Cavabdeh torpaq sahəsinin iddiaçının sahibliyinə verilməsi - satılması məqsədilə cəmi 10000 manat pul verilmişdir. Lakin iddiaçının verdiyi pul qarşılığından gözlədiyi əməl Cavabdeh tərəfindən yerinə yetirilməmişdir. İddiaçı pulun qaytarılması məqsədilə Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət etmiş, lakin ona göstərilən hallar mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən hazırda iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək ödədiyi 10.000 manat məbləğində pulun Cavabdeh öz xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 144.1-ci maddəsinə əsaəsn, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 394-cü maddəsinə əsaəsn, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İş materiallarından görünür ki tərəflər arasında daşınmaz əşyanın iddiaçıya satılmasına dair şifahi razılaşma olmuşdur. Belə ki, iddiaçı Cavabdeh yaşadığı torpaq sahəsini almaq məqsədilə ona 10000 manat pul vermişdir. Lakin bu barədə tərəflər arasında notariat qaydada bağlanmış alğı-satqı müqaviləsi yoxdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki iddia tələbinin əsası kimi alğı-satqı müqaviləsindən irəli gələn müddəalar deyil, əsassız varlanmaya dair müddəalar nəzərdən keçirilməlidir. Cavabdeh iddiaçının hesabına sonralar aradan qalxmış əsasa söykənən hüquqi əsas olmadan varlanması iş materialları ilə tam təsdiq olunur. Belə ki, iddiaçı Cavabdeh torpaq sahəsini satması üçün ona 10000 manat ödəniş etmişdir. Lakin varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmamış, yəni cavabdeh qeyd olunan torpaq sahəsini iddiaçının mülkiyyətinə verməmişdir. Torpaq sahəsini əldə edə bilməyən və əmlakından - pulundan məhrum olan iddiaçı da hazırda razılaşma üzrə ödədiyi pul məbləğini geri tələb edir. Pul məbləği cavabdeh tərəfindən geri ödənilməmişdir. Qeyd olunan hallar Cavabdeh tərəfindən də təkzib olunmur. Belə ki, cavabdeh polis orqanlarına verdiyi izahatda İddiaçı ilə aralarında özünə məxsus olan qeyri-qanuni fərdi tikilmiş evin alqı-satqısını və bunun müqabilində ondan hissə-hissə olmaqla 10000 manat pul aldığını təsdiq etmişdir. Cavabdeh məsuliyyət barədə xəbərdar edilmiş və izahatı imzalamışdır. Məhkəmə iclasında isə Cavabdeh 10000 manat məbləğin ona evinin sökülməsi məqsədilə verildiyini, evinin tikildiyi təqdirdə həmin pulu ödəməyə razı olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin əmlakı satmaq məqsədi ilə iddiaçıdan 10.000 pul alması, bununla belə əmlakın ona məxsus olmaması səbəbindən qeyd olunan alqı-satqının baş tutmaması, Cavabdeh əsassız varlanması ilə iddiaçının öz əmlakından məhrum olmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə - ödədiyi məbləğin qaytarılmasını Cavabdeh geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiymət nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 120 manat Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 10.000 (on min) manat məbləğində pul və ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. VI. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində pul və ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar