Məhkəmə qərarları › İş №e-2(005)-2516/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2516/2024

27.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2516/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cəlb edilməklə) “maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cəlb edilməklə) “maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 7.482 manat məbləğində pulun və 320 manat vəkil xərcinin, cəmi 7.802 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs İddiaçı (Alıcı) ilə cavabdeh "xxxx" MMC (Satıcı) arasında 26 avqust 2023-cü il tarixində AAL000670 nömrəli "Avtomobilin nisyə alqı-satqı müqaviləsi" ("Müqavilə") bağlanmış, həmin Müqaviləyə əsasən, 2019-cu il istehsalı olan 1 (bir) ədəd “Hyundai Tucson” markalı (N/V Ban kodu: KMHJ2817GKU039018) nəqliyyat vasitəsi cavabdehin Otoplaza Mall, Babək pr. 61c ünvanında yerləşən "CARPRO" satış mərkəzində Alıcıya zəmanət kitabçası ilə birlikdə təhvil verilmişdir. İddiaçı 29 dekabr 2023-cü il tarixində axşam saatlarında avtomobili idarə edən zaman yağ təzyiq işiğının yandığını görmüş və dərhal avtomobili dayandırıb evakuasiya xidməti çağıraraq avtomobili həmin ünvanda yerləşən “Hyundai Servis” təmir mərkəzinə aparmışdır. Servis nümayəndəsi avtomobilin mühərrikinin yığılmalı olduğunu, təmirin 10-12 günə başa çatacağını və zəmanət şərtlərinə əsasən təmir xərcinin Satıcı tərəfindən qarşılanacağını iddiaçıya bildirmişdir. İddiaçı qeyd edilən müddətin tamamında təmir mərkəzinə yaxınlaşan zaman Satıcının servis nümayəndəsi avtomobilin detallarından çatışmayan hissələrin olduğunu və təmirin 2-3 aya başa çatacağını bildirdiyindən iddiaçı qüsurlu avtomobili qaytarmaq və ödənişini geri almaq istədiyini bildirmişdir. Cavabdehin satış mərkəzinin nümayəndələri hər dəfə müxtəlif bəhanələrlə (ehtiyat hissələrinin xaricdən satın alındığı, bəzilərinin istehsalı üçün sifariş verildiyi) iddiaçını əsassız olaraq 2024-cü ilin yanvar ayına qədər gözlətmiş, qüsurlu avtomobilə görə ödənilmiş pul vəsaitini iddiaçıya geri ödəmək öhdəliklərini yerinə yetirmədikləri kimi, bu müddət ərzində qüsurlu avtomobili təmir etməyərək öz servis mərkəzlərində saxlamış və idarə etmək üçün iddiaçıya hər hansı əlavə avtomobil təmin etməmiş və ya eyni texniki spesifikasiyalara malik avtomobillə əvəz olunma təklifi verilməmişdir. 2024-cü ilin yanvar ayının sonlarında cavabdehin öz öhdəliklərini vicdanlılıq prinsipinə uyğun olaraq icra etmədiyini görərək, iddiaçı qəti olaraq avtomobili qaytarmaq istədiyini bildirmiş və Satıcının yubandırıcı hərəkətlərinin nəticəsində 6 fevral 2024-cü il tarixdə saat 12:00 radələrində müqaviləyə xitam sənədinə qol çəkmək üçün iddiaçı cavabdehin satış mərkəzinə çağırılmışdır. İddiaçı xitam sazişinin məzmununun sadəcə həqiqəti və faktları yanıltmaqdan ibarət olduğunu, Sazişdə satılmış avtomobilin qüsurlu olması barədə hər hansı qeyd yazılmadığını, iddiaçıya qaytarılacaq məbləğin əsassız olaraq həddindən az göstərildiyini və gələcəkdə hər hansı tələb irəli sürməmək barədə öhdəliyinin qeyd olunduğunu gördükdən sonra sazişlə razılaşmamış və elə yerindəcə ona təqdim edilmiş kağız nüsxə üzərində qələm ilə qeydlərini etmiş (düzəldilməli və çıxarılmalı hissələri göstərməklə), qeydlərin əks olunduğu vərəqin şəklini çəkmiş və düzəliş olunması üçün cavbdehə geri qaytarmışdır. Lakin cavabdehin satış əməkdaşları sənədi dəyişə bilməyəcəklərini, bununla bağlı Satıcının Dərnəgül prospektində yerləşən Baş ofisində hüquqşünasa yaxınlaşmalı olduğunu və yalnız sazişi təqdim edilən məzmunda imzalayacağı təqdirdə pul vəsaitinin iddiaçıya geri qaytarılacağını bildiriblər. İddiaçının hüquqşünasla görüşmə tələbini dəfələrlə əsassız səbəblərdən yubatdıqdan sonra təmin etməyən cavabdeh öz kredit şöbəsinin rəhbəri vasitəsilə iddiaçıya psixoloji təzyiq və maddi təhdid etmiş, xitam sazişində hər hansı bir sözün belə dəyişdirilməyəcəyini və ödənişi istəyirsə sənədə qol çəkməli olduğunu bildirib. Yekunda iddiaçı öz zəruri məişət ehtiyaclarını qarşılamaq üçün yeni bir avtomobilə və bu avtomobili almaq üçün də pula ehtiyacı olduğundan məcburi olaraq sənədə qol çəkmiş, lakin sazişin qanun qarşısında etibarsız olduğunu və razılaşmadığı ödəniş məbləği ilə bağlı daha sonra məhkəməyə müraciət edəcəyini bildirərək oranı tərk etmişdir. Cavabdeh tərəfindən 14 fevral axşam saatlarında 12.088 manat məbləğində vəsait iddiaçının bank hesabına daxil olduqdan sonra növbəti gün, 15 fevral 2024-cü il tarixində iddiaçı dərhal yeni avtomobil almışdır. Avtomobil ilə bağlı iddiaçı tərəfindən aşağıdakı xərclər çəkilmişdir və hətta, avtomobilin təmir mərkəzində olduğu tarixdə də müqavilə üzrə ödənişlər vaxtı-vaxtında həyata keçirilmişdir. 11.748 manat İlkin ödəniş, 2.172 manat kasko sığorta, 530 manat nəqliyyat vasitəsinin qeydiyyatı (nağd alınıb, sənəd təqdim edilməyib), 230 manat icbari sığorta (nağd alınıb, sənəd təqdim edilməyib), 5 ay üzrə aylıq 978 manat olmaqla, cəmi 4,890 manat ödənilmişdir. İddiaçı avtomobili cəmi 4 ay və 3739 kilometr idarə etmiş və avtomobil ilə bağlı yuxarıda qeyd edilən 19.570 manat məbləğində vəsait ödəsə də, cavabdehin təqsirindən qaynaqlanan səbəblərdən və məcburiyyətdən qaytarılan avtomobil ilə bağlı Cavabdeh tərəfindən İddiaçıya cəmi 12.088 manat miqdarında vəsait qaytarılmışdır. Cavabdehin İddiaçıya ödəniləcək pul vəsaitini əsassız tutaraq çəkilmiş xərclərdən daha az vəsaiti ödəməsi qanunsuzdur və 7.482 manat vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Müqavilənin 1.1-ci bəndinə görə avtomobil texniki saz halda Alıcıya təhvil verilməli idi və Müqavilənin 3.2-ci bəndinə görə Satıcı zəmanət şərtləri çərçivəsində avtomobilin qüsurları ilə bağlı məsuliyyət daşıyır. Müqavilənin 6.1-ci bəndinə əsasən Avtomobilə dair zəmanət şərtləri avtobilllə birlikdə iddiaçıya verilən zəmanət və servis kitabçasında müəyyən edilmişdir və həmin şərtlərə əsasən avtomobilə 6 ay və ya 15.000 kilometr zəmanət verilmiş və zəmanət müddətində avtomobil və onun komponentləri ilə bağlı qüsurlar Satıcının məsuliyyətindədir. Avtomobil İddiaçıya 26 avqust 2023-cü il tarixində təhvil verilsə də, cəmi 4 ay sonra zəmanət müddəti bitməmiş cavabdehin servisində avtomobilin mühərrikinin yığılmalı olduğu bildirilmiş, yəni zəmanət şərtlərinin tətbiq olunmalı olduğu qüsur müəyyən edilmişdir. Satıcının keyfiyyət zəmanəti verdiyi avtomobildə çıxan qüsur avtomobilin əsas fəaliyyəti ilə bağlı olub (mühərriki), aradan qaldırılmadığı təqdirdə əşyadan təyinatı üzrə istifadəyə imkan verməyən və vaxt sərf etmədən (Satıcının servisi tərəfindən ən azı 2-3 aya aradan qaldırılacağı bildirilmişdir) aradan qaldırıla bilməyən qüsurdur. Həmçinin, Satıcı həmin qüsurun Alıcının istismar qaydlarının pozması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində yarandığını sübut etmədiyi üçün Alıcı qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən Alıcı qanunvericiliyə uyğun olaraq qüsurlu avtomobilə görə ödəmiş olduğu vəsaitin geri qaytarılmasını tələb etmişdir. Lakin, Satıcı yəni cavabdeh qanunsuz və əsassız olaraq Alıcını yəni iddiaçını avtmobilin qüsurları səbəbilə deyil tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verildiyini göstərən sazişi imzalamağa məcbur etmiş və iddiaçıya qaytarmalı olduğu vəsaiti əsassız olaraq tutaraq İddiaçının çəkmiş olduğu xərclərdən daha az vəsaiti ona qaytarmışdır. İddiaçı avtomobili cavabdehdən şəxsi tələbatını ödəmək məqsədilə yəni istehlakçı olaraq satın almışdır. Satıcı zəmanət şərti ilə satdığı avtomobildə mühüm qüsur (maldan onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən qüsur) aşkarlanmasına baxmayaraq, istehlakçının qanunla müəyyən edilmiş hüquqlarını pozaraq 29 dekabr 2023-cü il tarixindən etibarən müqaviləyə xitam verilən tarixə qədər avtomobili təmir adı ilə əsassız saxlamış, həmin müddət ərzində istehlakçını hər hansı oxşar təyinatlı avtomobil ilə təmin etməmiş və istehlakçının Satıcının təqsiri üzündən ləğv etmək istədiyi müqavilə üzrə onun çəkdiyi xərclərin əvəzini tam geri ödəməmişdir. Cavabdeh isə "Hyundai" markasının Azərbaycandakı yeganə distribütoru olaraq bazarda öz inhisarçı və üstün mövqeyindən istifadə edərək standart müqavilə layihəsinə aşağıda sadalanan və Mülki Məcəllə və "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" AR qanunun tələblərini pozan, İddiaçının alıcı və istehlakçı olaraq hüquqlarını məhdudlaşdıran və qeyri-bərabər şərtlər əlavə etmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən yalnız Alcının öhdəliklərinin icrasının gecikdirilməsi halı üçün cərimə hesablanmasını nəzərdə tutur və eyni öhdəlik Satıcı üçün müəyyən edilməmişdir (qeyri-bərabər şərt); Müqavilənin 3.7-ci bəndinə əsasən hər hansı səbəbdən Alıcı avtomobili Satıcıya qaytardıqda Alıcı avtomobilin bazar qiymətinin düşməsi nəticəsində yaranan fərqin Satıcıya ödənilməsini nəzərdə tutur (məhdudlaşdırıcı şərt); Müqavilənin 3.15-ci bəndinə əsasən müqaviləyə xitam verilən zaman Alıcı Satıcıdan ödədiyi vəsaitin ona verilməsini tələb etmək hüququna malik deyildir (məhdudlaşdırıcı şərt). Cavabdeh "Hyundai" markasının Azərbaycandakı yeganə distribütoru olaraq bazarda öz inhisarçı və üstün mövqeyindən (hakimiyyətdən sui-istifadə) və qarşı tərəfin ödəmiş olduğu vəsaitin onda olması səbəbindən şəxsin təcili vəsaitə ehtiyacı olmasından (şəxsin ağır vəziyyət düşməsi) istifadə edərək iddiaçını ödəmiş olduğu vəsaitdən 7.482 manat qədər az vəsait qaytarılacağına və gələcəkdə hər hansı tələb hüququnu məhdudlaşdıran xitam sazişi imzalamağa məcbur etmişdir. Xitam sazişinin 3-cü bəndinin son cümləsi alıcının və istehlakçının qanunla müəyyən edilən hüquqlarının pozduğu üçün, xitam sazişinin özü isə əqdin bağlanması ilə bağlı qanunvericiliyin imperativ şərtlərinə uyğun olmadığı üçün etibarsız hesab edilməlidir. Avtomobilin qeydiyyatı, kasko və icbari sığortası, notariat və digər xərclər Müqavilənin 3.5 və 3.6-cı bəndələrinə əsasən tamamilə Alıcı tərəfindən çəkilmişdir. Xitam sazişində Cavabdeh avtomobillə bağlı hər hansı xərc çəkmədiyi təqdirdə, Müqavilənin 3.7-ci bəndinə əsaslanaraq çəkmədiyi xərclərin əvəzini İddiaçıya ödəniləcək puldan tutması tamamilə absurddur. İddiaçı çəkmiş olduğu bütün xərcləri təsdiq edən sənədlərə malikdir, həmçinin avtomobilin İddiaçıda olduğu müddət ərzində hər hansı inzibati xətaya görə cərimə yazılmamış və İddiaçının hər hansı ödəniş gecikməsi olmamışdır (hətta avtomobildən istifadə etmədiyi dövr üztə belə ödənişlərini vaxtı-vaxtında ödəmişdir). Bütün bunlara baxmayaraq Cavabdehin "çəkmiş" olduğu xərc, inzibati xətaya görə cərimə, gecikməyə görə dəbbə pulu (penya) adı altında əsassız olaraq İddiaçının vəsaitini geri qaytarmaması tamamilə qanunsuz və absurddur. Digər bir tərəfdən, Müqavilənin 3.7-ci bəndi hər hansı səbəbdən avtomobil Satıcıya qaytarılarsa, Satıcıya həmin dövr üzrə avtomobilin bazar dəyərini müəyyən edərək yaranmış fərqi Alıcıdan tələb etmək hüququ verir. Müddəanın özlüyündə Mülki Məcəllə və istehlakçı hüquqlarına dair qanunvericiliyə zidd olmasından əlavə, işin faktiki halları üzrə Alıcının avtomobili Satıcıya qaytarması tərəflərin qarşılıqlı razılığı ilə deyil, Satıcı tərəfindən Alıcıya qüsurlu mal təchiz edilməsi və Satıcının qüsurlu malla bağlı zəmanət öhdəliklərinin yerinə yetirməməsi, yəni Satıcının təqsiri olmuşdur. Satdığı qüsurlu mala görə Alıcıya qanunvericiliyə uyğun olaraq əlavə dəymiş zərər ödəməli olduğu halda, öz təqsiri səbəbindən mal qaytarıldığına görə Alıcıdan 7.482 manat vəsaiti əsassız olaraq tutmuşdur. Həmçinin, Müqavilənin 3.7-ci bəndi özlüyündə Satıcıya həmin xərcləri Alıcıdan akseptsiz qaydada tutmaq hüququ deyil, yalnız bu xərcləri Alıcıdan tələb etmək hüququ verir. Belə ki, cavabdeh yəni Satıcı hüququ olmadığı halda İddiaçının vəsaitini onun əvvəlcədən ifadə edilmiş yazılı razılığı olmadan akseptsiz qaydada tutmuş və Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qaytarmaqda əsassız olaraq boyun qaçırmaqla Müqavilə və qanunvericiliklə müəyyən edilmiş digər öhdəlikləri kimi pul öhdəliklərini də icra etməmişdir. Müqavilənin 3.1.14-cü bəndinə əsasən Müqaviləyə xitam verilməsi Tərəfləri Müqavilə üzrə icra edilməyən öhdəliklərinə görə məsuliyyətdən azad etmir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış AAL000670 saylı, xx.xx.2023cü il tarixli avtomobilin nisyə alqı-satqı müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli sazişin etibarsız hesab edilməsi və vurulmuş maddi zərərə görə 7.482 manat məbləğində pulun və 320 manat vəkil xərcinin, cəmi 7.802 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasında iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə AAL000670 nömrəli Avtomobilin nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 2019-cu il istehsalı olan “Hyundai Tucson” modelli avtomobil İddiaçı istifadəsinə verilmiş, bunun müqabilində İddiaçı müqavilə şərtlərinə uyğun olaraq aylıq ödənişləri həyata keçirməli idi. xx.xx.2024-cü il tarixli Avtomobilin nisyə alqı-satqı müqaviləsinə xitam verilməsinə dair Sazişə əsasən adıçəkilən müqaviləyə tərəflərin razılığı ilə xitam verilmişdir. Həmin Sazişin şərtlərinə əsasən avtomobil Satıcıya geri qaytarılır, Alıcıya isə ödəmiş olduğu məbləğdən 12.088 manat məbləği geri qaytarılır. Saziş tərəflərin imzaları ilə təsdiq edilmiş və Alıcı adıçəkilən məbləği götürməklə Sazişin şərtlərini qəbul etdiyini etiraf etmişdir. Müqavilənin 3.7-ci bəndinə əsasən “hər hansı bir səbəbdən Alıcı avtomobili Satıcıya qaytardıqda, Satıcının hüququ var ki, Alıcıdan hesablanan penya pulunu, avtomobilin idarəetməsi zamanı yol verilmiş inzibati xətalara görə təyin edilən, lakin ödənilməyən cərimələrin məbləğini, avtomobilin bazar qiymətinin düşməsi nəticəsində yaranan fərqi, notariat, qeydiyyat və Müqavilənin pozulmasından irəli gələn digər xərclərini pul şəklində tələb etsin. İddiaçının iddia ərizəsində tələb etdiyi 7.482 manat fərq məbləği aşağıdakı xərclərə əsasən yaranmışdır: 1) 2.400 manat: Müqavilə imzalanan tarixə avtomobilin dəyəri 35.900 manat olaraq müəyyən edilmişdir. Avtomobil təhvil verilən vaxt avtomobilin likvid dəyəri 33.500 manat olaraq müəyyən edilmişdir. Avtomobilin dəyərindəki 2.400 manat fərq avtomobilin 4-5 ərzində istismar edilməsi (amortizasiya) və avtomobil Alıcı tərəfindən idarə edilən zaman avtomobilə vurulmuş ziyan (ön stoyka və alın şüşəsinə vurulmuş zərər) vurulması nəticəsindəki fərqdir; 2) 2.172 manat: Adıçəkilən məbləğ Alıcı tərəfindən müqavilənin 3.5-ci bəndinə uyğun olaraq avtomobilin könüllü sığortası üçün ödənilmişdir. Könüllü sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə baxmayaraq, 2023-cü ilin dekabr ayında (avtomobil Alıcının istifadəsində olduğu vaxt) avtomobilə dair sığorta hadisəsi baş verdiyindən, sığorta şərtlərinə uyğun olaraq könüllü sığorta üçün ödənilmiş məbləğ geri qaytarılmamışdır; 3) 230 manat: Adıçəkilən məbləğ İddiaçı tərəfindən icbarı sığorta üzrə ödənilmiş vəsaitdir; 4) 530 manat: Adıçəkilən məbləğ İddiaçı tərəfindən avtomobilin müvafiq dövlət orqanında qeydiyyata alınması və avtomobilə dövlət qeydiyyat nişanının alınması üçün ödənilmişdir; 5) 1.430 manat: Avtomobilin qiymətində nağd və nisyə satışın vaxtı fərq məbləği yaranır. Qeyd olunan fərq məbləği Satıcıya məxsus avtomobilin dəyərinin uzun müddətdə ödənilməsi ilə bağlı Satıcının əldə etmiş olduğu gəlir məbləğidir (“faiz”). İddiaçı müqavilə üzrə 5 ay ərzində 4.890 manat məbləğində ödəniş həyata keçirmişdir. Həmin məbləğin 1.430 manat hissəsi Satıcının həmin müddət ərzində əldə etmiş olduğu gəlirdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, şirkət tərəfindən istehlakçı hüquqları pozulmuşdur. Eyni məzmunlu şikayət ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş, Xidmət tərəfindən araşdırılma aparılmış və xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, şikayət üzrə istehlakçı hüquqlarının pozulması müəyyən edilməmiş və iddiaçıya tövsiyə edilmişdir ki, əksik ödənilmiş pul tələbi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət edə bilər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, izahatına göstərmişdir ki, iddiaçı 2023-cü ilin avqust ayında cavabdeh müəssisədən avtomobil almış və ona malda yarna biləcək qüsurlara görə 6 aylıq zəmanət verilmişdir. İddiaçı tərəfindən avtomobilin idarə olunması zamanı onun mühərrikinin sönməsi səbəbindən avtomobil dayanmışdır. Bununla bağlı mübahisəli avtomobil servisə də qəbul olunmuş və onun mühərriki çıxarılmışdır. Yəni avtomobil satıcı tərəfindən təqdim edilən qüsurlu mal olmuşdur. İddiaçı avtomobili qaytarmaq üçün cavabdeh müəssisəyə yaxınlaşdıqda, ona sazişi imzalamalı olduğu bildirilmiş, iddiaçı isə sazişin müəyyən şərtləri ilə razılaşmamasına baxmayaraq, yeni avtomobil almaq üçün pul vəsaitinə ehtiyacı olduğundan, həmin sazişi imzalamağa məcbur olmuşdur. Həmin sazişdən 1 gün sonra iddiaçı yeni avtomobil də əldə etmişdir. Həmçinin, sazişin 3.13-cü bəndinə əsasən, avtomobilin vəziyyətinin qiymətləndirilməsinə dair akt cavabdeh tərəfindən təqdim edilməli olmasına baxmayaraq, bu şərtə də əməl edilməmişdir və iş materiallarına belə bir akt mövcud deyil. Belə vəziyyətdə, mülki məsuliyyət cavabdehin üzərinə düşdüyündən, iddiaçının zərəri tam həcmdə ödənilməlidir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı verilmiş suallara cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən 11.748 manat ilkin ödəniş olunsa belə, 12.088 manat geri qaytarılma məbləğinə konkret olaraq hansı ödənişlərin daxil olması barədə məlumatı yoxdur. Cavabdeh tərəfindən artıq ödənilən 340 manat ödənişin hansı məbləğlərdən silindiyi onlara məlum deyil. Çünki cavabdeh 12.088 manat məbləğin necə yaranmasını əsaslandırmamışdır. Bu səbəbdən, əvvəlcə həmin məbləğdən ilkin ödənişi, artıq ödənilən 340 manat vəsaiti isə aylıq ödənişləri əhatə edən 4.890 manat məbləğindən çıxmışlar. Zəmanət kitabçasında mühərriklə bağlı qırmızı işıqların yanması halına dair müddəa mövcuddur. İddiaçı avtomobil dayanan zaman qaynar xətt ilə əlaqə saxlamış və evakuator xidməti dəvət olunmuşdur. Buna dair sübutlar iş materiallarına əlavə edilmişdir. Sazişlə məhz avtomobilin iddiaçı tərəfindən onun qüsurlu olmaması səbəbinə görə geri qaytarılmasının qeyd olunmaması və məbləğ hissəsində razılaşmırlar. Avtomobilin geri qaytarılması anında iddiaçının akt tərtib olunmasının tələb etməməsinin səbəbi xitam sazişi ilə razı olmaması olmuşdur. Kasko sığorta ödənişi 3 illik müddət üçün ödənilmişdir. “X1” məhz satıcıya məxsus olan servisdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh MMC (“Satıcı”) ilə İddiaçı (“Alıcı”) arasında bağlanılmış AAL000670 saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin: 1.1-ci maddəsinə əsasən satıcı “Hyundai Tucson” markalı avtomobili texniki saz halda “Alıcı”-nın istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə onun dəyərini bu müqavilə ilə müəyyənləşdirilən möhlətin son müddətindən gec olmayaraq, “Satıcı”-ya hissə-hissə tam ödəməyi öhdəsinə götürür. 2.1-ci maddəsinə əsasən bu müqavilə ilə satılan avtomobilin ƏDV daxil ümumi dəyəri 46.916 manat müəyyən edilir. 2.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə ilkin ödəniş 11.748 manat müəyyən edilir. Qalıq borc sayılacaq 35.168 manat məbləği “Alıcı” xx.xx.2023-cü il tarixdən etibarən 36 ay müddətinə, ayda 978 manatdan az olmamaqla ödəməyi “Satıcı” qarşısında öz öhdəsinə götürmüşdür. 3.3-cü maddəsinə əsasən “Alıcı” tərəfindən bu müqavilə üzrə öhdəliklər tam icra edildikdən sonra “Satıcı” avtomobil üzərində mülkiyyət hüququnu tam itirir. “Alıcı” isə avtomobili öz mülkiyyətinə qəbul edir. Bundan snra “Alıcı” avtomobili müvafiq icra hakimiyyəti orqanında “Satıcı”nın mülkiyyətindən öz mülkiyyətinə keçirtməlidir. Bu halda bütün qeydiyyat xərcləri “Alıcı” tərəfindən ödənilir. 3.5-ci maddəsinə əsasən “Alıcı” Avtomobili təhvil aldığı gün müddətində öz vəsaiti hesabına və “Satıcı”nın mənafeyinə onu bütün risklərdən və tam dəyərində (KASKO) sığorta etdirməyə, sığorta şəhadətnaməsinin surətini satıcıya təqdim etməyə borcludur. Bundan əlavə, “Alıcı” sığorta hadisəsi baş verdikdə və ya avtomobil hər hansı başqa riskə məruz qaldıqda, riskin qarşısını almalı, bu barədə dərhal “Satıcı”ya məlumat verməlidir. “Alıcı” avtomobilin sığorta müqaviləsini bu Müqavilənin qüvvədə olduğu müddətə bağlamağa, sığorta haqqını həmin müddət üçün tam ödəməyə və bunu təsdiq edən sənədləri “Satıcı”ya təqdim etməyə borcludur. 3.6-ci maddəsinə əsasən avtomobilin alqı-satqısı, qeydiyyata alınması və sair bu kimi xərclər “Alıcı” tərəfindən ödənilməlidir. Bu ödənişlər avtomobilin ümumi dəyərinə daxil deyil. 3.7-ci maddəsinə əsasən hər hansı bir səbəbdən “Alıcı” Avtomobil “Satıcı”ya qaytardıqda, “Satıcı”nın hüququ var ki, “Alıcı”dan hesablanan penya pulunu, Avtomobilin idarəetməsi zamanı yol verilmiş inzibati xətalara görə təyin edilən, lakin ödənilməyən cərimələrin məbləğini, Avtomobilin bazar qiymətinin düşməsi nəticəsində yaranan fərqi, notariat, qeydiyyat və Müqavilənin pozulmasından irəli gələn digər xərclərini pul şəklində tələb etsin. 3.13-cü maddəsinə əsasən Avtomobil qaytarılarkən onun vəziyyəti haqqında akt tərtib edilir. Aktın məzmununa dair tərəflər arasında fikir ayrılığı mövcud olduqda, müqaviləni ləğv etmiş tərəfin fikri əsas götürülür. “Alıcı” bildirişi aldığı gündən üç iş günü ərzində Avtomobilləri könüllü qaytarmaqdan imtina etdikdə, “Satıcı”nın hüququ var ki, Avtomobili “Alıcı”nın razılığı olmadan ondan geri alınması üçün bütün zəruri tədbirləri görsün. “Alıcı” Bu Müqaviləni imzalamaqla, bu cür tədbirlərə görə “Satıcı”ya əvvəlcədən razılıq verdiyini bəyan edir. 3.14-cü maddəsinə əsasən bütün hallarda, bu müqavilənin ləğv olunması və ya onun qüvvədə olma müddətinin qurtarması Tərəfi icra edilməyən öhdəliyi yerinə yetirmək vəzifəsindən azad etmir. 3.15-ci maddəsinə əsasən müqaviləyə xitam verilən zaman “Alıcı” “Satıcı”dan Avtomobilin və yaxud ödədiyi vəsaitlərin ona verilməsini tələb etmək hüququna malik deyildir. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “müraciətlərə baxılmasının nəticəsi haqqında” vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki icraat qaydasında aidiyyəti üzrə məhkəmədə iddia qaldıra bilər. İşin materiallarında olan avtomobilin girişi haqqında 231230_043 nömrəli xx.xx.2023cü il tarixli sənəddən görünür ki, “Hyundai Tucson” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil Car Pro adlı müştəri tərəfindən servisə müraciət edilmiş və “priborda yağın işığının yanması” müəyyən edilmişdir. İşin materiallarında olan zəmanət və servis kitabçasından görünür ki, zamanət şərtləri ilə bağlı məlumatda göstərilmişdir ki, zəmanətdə müddətində avtomobilin bütün növ texniki təmiri və hər hansı bir detalın dəyişdirilməsi “Hyundai Dərnəgül” və ya “Otoplaza Mall” servis mərkəzlərində həyata keçirilməlidir. Əks təqdirdə zəmanət şərtləri pozulmuş hesab olunur. Avtomobilin hər hansı mexanizm hissələrinin nasaz olubolmamasına, zəmanət çərçivəsində təmir olunmasına və ya nasaz qovşağın yenisi ilə əvəz olunmasına yalnız avtomobilə “Hyundai Dərnəgül” və ya “Otoplaza Mall” servis mərkəzlərində texniki baxış keçirildikdən sonra müvafiq məsul mütəxəssislər tərəfindən qərar verilir. Yalnız təmiri mümkün olmayan ehtiyat hisələri yenisi ilə əvəz olunur. Avtomobilin istifadəsi zamanı hər hansı nasazlıq baş verərsə və ya xəbərdarlıq işıqlarından hər hansı biri yanarsa dərhal rəsmi “Hyundai Dərnəgül” mərkəzləri ilə əlaqə saxlanılmalıdır. İşin materiallarında olan AAL000670 aylı xx.xx.2023-cü il tarixli avtomobilin nisyə alqı-satqı müqaviləsinə xitam verilməsinə dair “Satıcı” Cavabdeh MMC ilə “Alıcı” İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli sazişin surətindən görünür ki, AAL000670 aylı xx.xx.2023-cü il tarixli avtomobilin nisyə alqı-satqı müqaviləsinin 3.7-ci maddəsini rəhbər tutaraq, tərəflər müqaviləyə xitam verilməsinə dair razılığa gəlirlər. Müqavilə üzrə alıcının istifadəsinə verilmiş avtomobil satıcıya geri qaytarılır və buna dair tərəflər arasında təhvil-təslim aktı (qiymətləndirmə aktı) tərtib edilir. Həmin aktda təhvil verilən avtomobilin ani likvid dəyəri müəyyən edilir. Həmçinin müqavilənin 3.6-cı maddəsində göstərilən xərclərin ümumi məbləği də həmin aktda öz əksini tapmalıdır. Tərəflərin qarşılıqlı razılğı ilə alıcının bu saziş imzalanan tarixə satıcıya ödəmiş olduğu məbləğdən müqavilənin şərtlərinə uyğun olaraq bütün xərclər və sair tutulmalar çıxıldıqdan sonra satıcı tərəfindən alıcıya ƏDV daxil 12.088 manat məbləğində ödəniş geri qaytarılır. Alıcı bəyan edir ki, bu bənddə göstərilən məbləğdən artıq vəsaiti gələcəkdə satıcıdan tələb etməyəcəkdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh MMC-nə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən 30 təqvim günü ərzində qalıq 7.482 manat pulun MMC tərəfindən ona qaytarılması təmin edilməyəcəyi təqdirdə, tərəfindən həmin məbləğin, cərimənin və digər xərclərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli lizinq verən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə lizinq alan İddiaçı arasında bağlanmış daxili maliyyə lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən lizinq alan tərəfindən seçilmiş və bu müqaviləyə “Əlavə 1”-də nəzərdə tutulmuş “Kia Sportage” avtomobilini lizinq alana lizinqə vermişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahtını dinləyərək, iddia ərizəsini, cavabdehin etirazını və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, cavabdeh olan MMC tərəfindən iddiaçıya “Hyundai Tucson” markalı avtomobil satılmışdır. Müqavilənin şərtlərinə əsasən, avtomobilin ümumi dəyəri 46.916 manat müəyyən edilərək, həmin məbləğdən ilkin olaraq iddiaçı tərəfindən 11.748 manat ödəniş edilmiş, qalıq məbləği isə ayda 978 manat olmaqla 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin tərəflər arasında olan müqavilə şərtlərindən müəyyən edilir ki, cavabdeh iddiaçıya satdığı avtomobilə mülkiyyət hüququnu özündə saxlamış, avtomobilin 3 il müddətinə sığortalanması isə iddiaçı tərəfindən həyata keçirilmişdir. Tərəflər arasında razılaşmaya əsasən, avtomobil texniki saz vəziyyətdə təhvil verilməli, əgər avtomobildə nasazlıq olarsa, avtomobilin təmiri “Hyundai Dərnəgül” və ya “Otoplaza Mall” servis mərkəzlərində həyata keçirilməlidir. İşin mübahisəsiz halıdır ki, avtomobil alıcıya təhvil verilərkən, 6 ay müddətinə satıcı tərəfindən zəmanətlə verilmiş, 6 ay müddətində yaranan texniki nasazlıqlara görə satıcı cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin:

1. alış qiymətinin mütənasib azaldılması;

2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması;

3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:

1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;

2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 589.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 602.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının və ya alıcının əşyanı sığorta etdirmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 606.1-ci maddəsinə əsasən, əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7(1). İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Bu halda hazırki mübahisənin əsasını təşkil edən cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş daşınar əşyanın lazımi keyfiyyətdə olub-olmaması araşdırılmalıdır. Göründüyü kimi, qanunvericiliyin tələbinə, həmçinin tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən, cavabdeh tərəfindən iddiaçıya texniki saz vəziyyətdə olan əşya (avtomobil) verilməli idi. Müqavilə şərtlərinin iddiaçı tərəfindən hər hansı şəkildə pozulması müəyyən edilmir. Lakin iş materialları, habelə işin araşdırılmış halları ilə təsdiq olunur ki, iddiaçı avtomobili aldıqdan 4 ay sonra, dekabr ayının sonlarında avtomobildə olan texniki nasazlıq səbəbindən cavabdeh MMC-nə müraciət etmiş, avtomobildə olan nasazlığın aradan qaldırılması mümkün olmamış, bunun üçün vaxt tələb edildidiyi iddiaçıya bildirilmişdir. İddiaçı isə işi ilə əlaqədar avtomobilə ehtiyacı olduğu üçün ona yeni avtomobil verilməsini və ya yeni avtomobil əldə etməsi üçün etdiyi ödənişlərin geri qaytarılmasını tələb etsə də, cavabdeh tərəfindən ona müqaviləyə xitam verilməsi barədə saziş bağlamağı təklif etmişdir. Sazişə əsasən iddiaçıya 12.088 manat ödəniş geri qaytarılmalı idi. İddiaçı göstərilən sazişlə razılaşmasa da, lakin təcili avtomobilə ehtiyacı olduğu üçün edilən ödənişlə razılaşaraq xx.xx.2024-cü il tarixdə xitam sazişini imzalamışdır. Cavabdeh tərəfindən iddiaçıya satılmış “Hyundai Tucson” markalı avtomobildə razılaşdırılmış 6 aylıq zəmanət (qarantiya) müddətində nasazlıq olduğu müəyyən edilmiş və bu nasazlıq 2023-cü ilin dekabr ayının sonunda olmasına baxmayaraq, 2024-cü ilin fevral ayının 6-da xitam sazişi imzalanan zaman hələ də aradan qaldırılması mümkün olmamışdır. Bu hal avtomobildə yaranmış qüsurun onun keyfiyyətinin əhəmiyyətli dərəcədə pozulduğu qənaətinə gəlməyə əsas verir. İddiaçı isə haqlı olaraq alqı-satqı müqaviləsi üzrə etdiyi ödənişlərin (o cümlədən çəkdiyi xərclərin) cavabdeh tərəfindən geri qaytarılmasını xahiş etmiş, lakin cavabdeh ona ödənilmiş ümumi ödənişin yalnız 12.088 manat hissəsi geri qaytarılmışdır. Cavabdeh MMC-nin nümayəndəsinin məhkəməyə ünvanladığı etirazından müəyyən edilir ki, cavabdeh tərəf avtomobildə qüsurun olması faktını (ən azından birbaşa olaraq) mübahisələndirmir. Həmin qüsurun iddiaçının səhvi ucbatından baş verdiyini, yəni yalnış istehlak olunma əsasında və s. səbəblərdən yaranmasını qeyd etmir. İddiaçıya edilən ödənişin hansı səbəblərdən 12.088 manat olmasını aydınlaşdırır. Həmin etirazdan yaranmış 7.482 manat fərqin avtomobilin 4-5 ay ərində istismarı nəticəsində dəyərinin aşağı düşməsi, sığorta hadisəsinin baş verməsi üçün edilən ödənişlər, avtomobilin dövlət qeydiyyatına alınması xərcləri, avtomobilin qiymətində nağd və nisyə satış vaxtı yaranmış fərqlə bağlı olduğunu qeyd edir. Mübahisələndirdiyi hal ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə cavabdeh şirkətin təqsiri ucbatından xitam verilməmişdir, tərəflər qarşılıqlı “razılığa” gəlmişlər. İşin faktiki hallarını araşdırarkən bəlli olur ki, cavabdeh avtomobildəki yaranmış qüsura görə iddiaçı ilə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinin ləğvini qəbul etməməsi ona görə olmuşdur ki, müqavilənin məhz “Alıcı” nın təqsiri ucbatından ləğv edilməsi halında müqavilənin 3.7-ci bəndindəki “hər hansı bir səbəbdən “Alıcı” avtomobili “Satıcıya” qaytardıqda, “Satıcı” nın hüququ var ki.....” və 3.15-ci bəndindəki “müqaviləyə xitam verilən zaman “Alıcı” “Satıcı”dan Avtomobilin və yaxud ödədiyi vəsaitlərin ona verilməsini tələb etmək hüququna malik deyildir.” şərtlərinə istinad edə bilsin. Belə ki, qeyd olunan müddəaların müqaviləyə əlavə edilməsi mülki qanunvericiliyin tərəflərin bərabərliyi prinsiplərinə, o cümlədən yuxarıda sadalanan normalarına zidd olmuşdur. Həmçinin məhkəmə hesab edir ki, etibarsızlığı tələb edilən xx.xx.2024-cü il tarixli sazişin “Alıcı bəyan edir ki, bu bənddə göstərilən məbləğdən artıq vəsaiti gələcəkdə satıcıdan tələb etməyəcəkdir.” müddəası da alıcının gələcəkdə yarana biləcək mübahisələrdən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmaq, alıcını haqlı iddia irəli sürməkdən çəkindirmək niyyəti daşımaqla, mülki qanunvericiliyin tələblərinə zidd olmuşdur. İddiaçının hazırda tələblərindən biri də cavabdehlə arasında bağlanmış AAL000670 saylı, xx.xx.2023-cü il tarixli avtomobilin nisyə alqı-satqı müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli sazişin etibarsız hesab edilməsidir. O, tələbini əsaslandırarkən bildirir ki, işi ilə bağlı olaraq avtomobilə ehtiyacı olduğu üçün məcbur olaraq mövcud sazişi imzalamışdır. Həmin sazişi imzaladıqdan bir neçə gün sonra xx.xx.2024-cü il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə daxili maliyyə lizinqi müqaviləsi bağlayaraq “Kia Sportage” markalı avtomobili əldə etmişdir. İddiaçının əsaslandırdığı hallar onun tərəfindən əlavə edilən dəlillərlə məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmışdır. Belə ki, Mülki Məcəllənin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı avtomobilə olan ehtiyacını qarşılamaq üçün cavabdehlə sözügedən sazişi (ağır şərtli əqdi) bağlamağa və müəyyən məbləğdə ödənişi geri almağa məcbur olmuşdur. Bu baxımdan qeyd olunmalıdır ki, tərəflərin izahatları, iddiaçının iddia tələbi ilə bağlı dəlilləri, video yazı və fotoşəkillər, o cümlədən digər mötəbər sübutları, həmçinin də iddiaçının cavabdeh tərəfindən geri qaytarılmış pulun əldə edilməsindən qısa müddət sonra yeni avtomobil əldə etməsi işin faktiki hallarının diqqətçəkən məqamlarındandır. Göründüyü kimi, iddiaçı mövcud sazişi bağlayarkən onun iradə ifadəsi zədələnmiş, cavabdeh şəxsi mənafeyi üçün hərəkət edərək, iddiaçını ağır şərtli sazişi bağlamağa məcbur qoymuşdur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən qəbildən mülki qanunvericilyə zidd, tərəfi pis vəziyyətə salan və ciddi maddi zərərə uğradan müddəaların müqavilələrə əlavə edilməsi, həmin əqdi imzalayan alıcı qismində iştirak edən tərəflərin iradə ifadəsinə zidd olmaqla, yolverilməz olduğundan, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli xitam sazişi etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, satılmış əşyada qüsurun mövcudluğu halında cavabdehin aşağıdakı etirazının dəlillərinə - avtomobilin bir neçə ay ərzində istismarı nəticəsində bazar dəyərinin aşağı düşməsi, sığorta hadisəsinin baş verməsi, könüllü sığorta müqaviləsinə xitam verildiyi və s. kimi hallara istinad etməsi üçün heç bir qanuni əsası və mötəbər sübutları mövcud olmamışdır. Bundan başqa qanunvericiliklə qüsurun aradan qaldırılması və qüsur üçün məsuliyyət qarantiya müddətində cavabdehin üzərində idi. Digər tərəfdən, avtomobilin mülkiyyətçisi cavabdeh olduğu halda avtomobilin dövlət qeydiyyatına alınması və avtomobilə dövlət qeydiyyat nişanı alınması xərclərinin avtomobilin cavabdehə qaytarıldığı halda iddiaçı tərəfindən ödənilməsi qanunauyğun deyildir. Həmçinin avtomobilin cavabdehin xeyrinə icbari sığortası yenə də iddiaçı tərəfindən həyata keçirilməsi, avtomobilin cavabdehə qaytarıldığı halda yol verilən deyildir. Avtomobilin qiymətində nağd və nisyə satış vaxtı yaranmış fərqlər dedikdə isə cavabdeh tərəfindən həmin fərqin hansı qaydada, hansı meyarlara əsasən hesablandığı ümumiyyətlə müəyyən edilmir. Üstəlik də yuxarıda qeyd olunduğu kimi, satılmış əşyada qüsurun mövcudluğu halında qeyd olunan etirazın dəlillərinə cavabdeh şirkət istinad edə bilməzdi. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 7.482 manat pul vəsaitinin cavabdeh tərəfindən nisyə alqı-satqı müqaviləsinin ləğvi zamanı geri ödənilməməsinin əsasları öz təsdiqini tapmadığından, mülki qanunvericiliyə əsasən alıcı olan iddiaçı alqı-satqı müqaviləsi ləğv olunduqda ödədidiyi vəsaiti geri almaq hüququna malik oldğundan, iddia göstərilən hissədə də təmin edilərək, 7.482 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın 320 manat məbləğində vəkil xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. MPM-nin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə bağlı xərclərə daxil olan və iddiaçı tərəfindən ödənilmiş 320 manat hüquqi yardım görə ödənilmiş pul vəsaiti, o cümlədən 99 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış AAL000670 saylı, xx.xx.2023-cü il tarixli avtomobilin nisyə alqı-satqı müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli saziş etibarsız hesab edilsin. Cavabdeh MMC-dən 7.482 manat, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 manat və 99 manat dövlət rüsumu olmaqla, cəmi 7901 (yeddi min doqquz yüz bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar