Məhkəmə qərarları › İş №e-2(005)-253/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-253/2023

25.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-253/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" MTK və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Promart MMC-nin zəbt edilmiş sahənin xx.xx.2020-ci il tarixindən faktiki boşaldıb təhvil verdiyi günə qədər 365 kv.m sahənin hər kv.m görə 16 manat məbləğində aylıq kirayə haqqı ödənilməsi, 100 manat dövlər rüsumu, mütəxəssiz rəyi üçün ödənilmiş 100 manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Zirvə MV MTK-ilə müqavilə bağlayaraq Bakı şəhəri Nərimanov r-nu Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı qeyri-yaşayış sahələrini əldə etmişdir. Həmin sahələr 15 mart 2015-ci il tarixli müqavilələr üzrə əldə edilmişdir, həmin sahələr ayrı-ayrılıqda olmaqla 105 və 260 kv.m-dən ibarətdir. Həmin sahələr hazırdır və bina bir neçə ildir ki, tam fəaliyyətinə başlamışdır. İddiaçı məxsus sahələrdə hər hansı fəaliyyət göstərilmirdi. Bir müddət öncə ona bəlli oldu ki, həmin sahələr özbaşına olaraq cavabdeh tərəfindən zəbt edilmiş və cavabdeh həmin sahələrdə alqı-satqı fəaliyyəti ilə məşğuldur. İddiaçı məxsus sahələrlə qonşu olan digər fiziki şəxs özünə məxsus 635.29 kv.m sahəni xx.xx.2020-ci tarixində Promart MMC-yə icrarəyə vermişdir, lakin həmin şirkət əlavə olaraq İddiaçı məxsus sahələri də zəbt edərək biznes fəaliyyətilə məşğul olmuşdur. Promart MMC isə qanunsuz olaraq İddiaçı məxsus səhələri də zəbt edərək istifadə etmişdir. İddiaçı bununla bağlı qonşu olan şəxsə müraciət etdi ki, o icarəçiyə məlumat verərək dərhal ona məxsus səhələrin boşaldılmasını təmin etsin, lakin Promart MMC buna məhəl qoymadan zəbt etməni davam etdirir, özünü haqlı hesab edərək həmin sahələri boşaltmır və qanunsuz olaraq İddiaçı məxsus sahənin fəaliyyətindən fayda aldə edir. Yuxarıda qeyd edilən səbəblərdən İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı tərəfindən MBA Consalting MMC müraciət edilmiş və zəbt olunmuş sahələrinin orta Aylıq kirayə haqqına dair müvafiq arayış alınmışdır. Həmin Arayışa əsasən qeyd edilən sahələrin aylıq kirayə haqqı 15-16 manat təşkil edir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC üzərinə zəbt edilmiş 105 kv.m və 260 kv.m sahələrini boşaldaraq İddiaçı təhvil verilməsi, Cavabdeh MMC-nin zəbt edilmiş sahənin xx.xx.2020-ci il tarixindən faktiki boşaldıb təhvil verdiyi günə qədər 365 kv.m sahənin hər kv.m görə 16 manat məbləğində aylıq kirayə haqqı ödənilməsi, 100 manat dövlət rüsumu, mütəxəssiz rəyi üçün ödənilmiş 100 manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, mülki iş üzrə əldə edilmiş ekspert rəyindən cavabdehin iddiaçının əmlakını qanusuz zəbt etməsinin aydın göründüyünü bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 cavabdehin icarə müqaviləsi üzrə əldə etdiyi hüquqları realizə etdiyini, müqavilədən kənar hərəkətlər etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Satıcı "xxxx" MTK və alıcı İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli qeyri-yaşayış sahəsinin satışı haqqında müqavilədən görünür ki, satıcı Bakı şəhəri Nərimanov r-nu Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 260 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini 153400 manata alıcıya satmışdır. Satıcı "xxxx" MTK və alıcı İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli qeyri-yaşayış sahəsinin satışı haqqında müqavilədən görünür ki, satıcı Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini 61950 manata alıcıya satmışdır. xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X3 Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 635,29 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini icarəçi Cavabdeh MMC-nin istifadəsinə vermişdir. X3 tərəfindən Cavabdeh MMC-nin qanuni təmsilçisi Məmmədov Ramil əşrəf oğluna ünvanlanmış xəbərdarlıq məktubunda Cavabdeh MMC-nin icarə müqaviləsi üzrə onun istifadəsinə verilmiş, 635,29 kv.m sahənin hüquqlarını aşaraq əlavə 364,71 kv.m artıq sahəsi zəbt etdiyi, aralarında olan danışıqlara baxmayaraq Cavabdeh MMC-nin qanunsuz istifadə etdiyi torpaqla bağlı qarşılıqlı razılıqla yekun nəticəyə gəlməyin mümkün olmadığını bildirirək, artıq zəbt edilmiş torpaq sahəsinə görə ümumilikdə 41314,34 manat pulun 3 iş günü ərzində ödənilməsi, o cümlədən icra haqqının məbləğinin artırılması barədə xəbərdarlıq edilmiş, əks halda icarə müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli məktubla verilmiş qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.m aylıq icarə haqqının dəyəri qiymətləmdirmə tarixinə 8 manat müəyyən edilmişdir. Məhkəmə Ekspert Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 10/4498 nömrəli ekspert rəyində qeyd olunur ki, İddiaçı "Zirvə MV” MTK-ilə arasında bağlanmış müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Nərimanov rayonu Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m qeyri-yaşayış sahələrinin bütövlükdə “Promart" MMC tərəfindən istifadə olunduğu müəyyən edilir. Bakı şəhəri Nərimanov rayonu Ü.Bünyadzadə 2 ünvanında yerləşən yaşayış binasının 1K, 2K və 3K mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri razılaşdırılmış sxemlərə əsasən ayrı-ayrı mərtəbələrdə yerləşən sahələr olduğu müəyyən edilir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m sahədən ibarət qeyri-yaşayış sahələri İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Həmin ünvanda 635,29 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan X3 özünə məxsus bu sahəni Cavabdeh MMC-yə icarəyə vermişdir. Cavabdeh MMC həmin sahə ilə yanaşı İddiaçı məxsus yuxarıda qeyd olunan 105 kv.m və 260 kv.m sahədən ibarət qeyri-yaşayış sahələrindən də istifadə etmiş və buna davam edir. İddiaçı aralarında heç bir razılaşma olmadığı halda, "xxxx" MMC-dən həmin qeyri-yaşayış sahələrinin hər kv.m-i üçün 16 manat aylıq icarə haqqının verilməsini tələb edir. Cavabdeh MMC isə X3 ilə bağladığı icarə müqaviləsi əsasında onun icarəsinə verilmiş sahəni istifadə etdiyini bildirir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m sahədən ibarət qeyri-yaşayış sahələrinin İddiaçı tam payda xüsusi mülkiyyətində olması mübahisələndirilmir. Bu əmlakların iddiaçının mülkiyyəti olması qəbul edildiyindən iddiaçının bu əmlaklarla bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Məhkəmə qeyd edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 158.1.2.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla b i l ə r. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m sahədən ibarət qeyri-yaşayış sahələrinin İddiaçı tam payda xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Mübahisə edilən məsələ bu sahələrin Cavabdeh MMC tərəfindən qanunsuz zəbt edilməsidir. Tərəflərin izahatlarından və iş materiallarından aydın olmuşdur ki, Cavabdeh MMC eyni ünvanda X1 mülkiyyətində olan 635,29 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. İddiaçı cavabdehin bu sahədən kənara çıxaraq ona məxsus qeyri-yaşayış sahələrindən də istifadə etdiyini iddia edir. Bu halın müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, əldə edilmiş ekspert rəyindən İddiaçı "Zirvə MV” MTK-ilə arasında bağlanmış müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Nərimanov rayonu Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m qeyri-yaşayış sahələrinin bütövlükdə “Promart" MMC tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Yəni iddia tələbinin əsaslandırılması məhkəmə tərəfindən araşdırma aparılan zaman öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya etiraz edərək, X3 ilə bağladıqları icarə müqaviləsində nəzərdə tutulmuş qeyri-yaşayış sahəsindən istifadə etdiklərini bildirsələr də, qeyd edilən ekspert rəyi bunun əksini sübuta yetirmişdir. Cavabdeh iddiaya etirazını hər hansı əsaslı dəlillərlə, sübutlarla əsaslandıra bilməmişdir. Halbuki iddianın əsassız olduğunu bildirən cavabdeh bunu sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmlakın qanunsuz zəbt edildiyi iş materialları ilə təsdiq olunduğunu bu əmlakların boşaldılaraq İddiaçı təhvil verilməsi öhdəliyi də Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə maddi zərərin ödənilməsi hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur” Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı mülkiyyət hüququnu pozan təqsirli hərəkətlər edilmişdir. Belə ki, cavabdeh iddiaçının əmlakınız qanunsuz zəbt edərək həmin əmlakdan fayda götürmüşdür. İddiaçı cavabdeh tərəfindən əldə edilmiş faydanı deyil, əmlakından istifadə etməməsi nəticəsində əldən çıxmış faydanı tələb edir. İş materiallarında iddia tərəfindən verilmiş hesabatdan həmin ünvanda qeyriyaşayış sahələrinin hər kvadrat metirinin icarə haqqının 16 manat olduğu qeyd olunsa da, məhkəmə bu hesabatda olan məbləğin şişirdilmiş məbləğ oldğu qənaətinə gəlmişdir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə hesabatında qeyd edilən ünvanda qeyri-yaşayış sahələrinin hər kvadrat metrinin icarə haqqının 5-6 manat olduğu qeyd edilmişdir. Məhkəmə öz təşəbbüsü ilə qiymətləndirmə ekspertizası təyin etmiş və əldə edilmiş rəydən qeyri-yaşayış sahələrinin hər kvadrat metrinin icarə haqqının 8 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş hesabatda qeyd edilən məbləğin ağlabatan olmayan dərəcə yüksək olduğu, cavabdeh tərəfindən təqdim edilən hesabatında əskini tapan məbləğin isə qiyməti müəyyən edən təkzibedilməz sübut kimi qəbul edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq məhkəmə təşəbbüsü ilə təyin edilmiş ekspertiza nəticəsində əldə edilmiş qiymətləndirmə rəyində müəyyən edilmiş məbləğin əsas götürülməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m sahədən ibarət qeyriyaşayış sahələrinin İddiaçı tam payda xüsusi mülkiyyətində olması, bu əmlakların Cavabdeh MMC tərəfindən qanunsuz zəbt edilərək fayda götürülməsi və bununla da İddiaçı maddi ziyan vurulması iş materialları ilə sübuta yetirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m sahədən ibarət qeyri-yaşayış sahələri Cavabdeh MMC tərəfindən boşaldaraq İddiaçı təhvil verilməli, Cavabdeh MMC-nin zəbt edilmiş sahənin xx.xx.2020ci il tarixindən faktiki boşaldıb təhvil verdiyi günə qədər 365 kv.m sahənin hər kv.m görə 8 manat məbləğində aylıq kirayə haqqı ödənilməlidir. Məhkəmə mütəxəssis rəyi üçün ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etdiyindən, bu rüsumun əvəzi olaraq 100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutumalıdır. Eyni zamanda aparılmış məhkəmə ekspertizasının dəyəri olan 100 manat Cavabdeh MMCdən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m sahədən ibarət qeyri-yaşayış sahələri Cavabdeh MMC tərəfindən boşaldaraq İddiaçı təhvil verilsin. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixindən Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m sahədən ibarət qeyri-yaşayış sahələrini faktiki boşaldıb təhvil verdiyi günə qədər 365 kv.m sahənin hər kvadrat metrinə görə 8 (səkkiz) manat məbləğində aylıq icarə haqqı Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumuna görə 100 manat, iddiaçının təşəbbüsü ilə aparılmış qiymətləndirməyə görə 100 manat pul Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə ekspertizanın dəyəri olan 100 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar