Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2556/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4546 manat əsas, 164,41 manat faiz borcu olmaqla, cəmi 4710,41 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 68 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "İnternational” ASC ilə Cavabdeh arasında olan xx.xx.2021-cü il tarixli, 006/2021/520 saylı kredit müqaviləsinə əsasən ona 1 ay müddətinə illik 42% ödəmək şərtilə 4546 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən borclu müqavilə üzrə müəyyən edilmiş borcu aldığı gündən hər ayın 21-i hesablanmış faiz və əsas borclarını ödəməlidir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, cavabdehin etirazı işi uzatmaq, məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyır. Cavabdeh filial müdiri tərəfindən pulun götürülməsini, kartın verilməməsini və ya polis şöbəsində bununla bağlı iş başlanmasını bildirsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Kart ona təhvil verilmiş və o, bunu imzası ilə təsdiq etmişdir. Sonradan kartı kiməsə verməsinə görə, iddiaçı hər hansı bir məsuliyyət daşıya bilməz. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, ona kart verilməmişdir, filialın müdiri kartı götürmüşdür. Onun barəsində polis bölməsində iş başlanmışdır. O, filial müdirini 15 ildir ki, tanıyır. Başqa BOKT-da krediti olduğu üçün onunla danışaraq, sərfəli şərtlərlə kredit verilməsini xahiş etmişdir. İşlətdiyi mağaza filial ilə üzbəüz. Kartı səhərisi gün verəcəyini bildirsə də sonradan verməmişdir. Həmin pulun müqabilində hər hansı girov qoymamışdır. Əgər o pulu qaytarmalıdırsa, o zaman müqavilədə göstərilən girov predmeti də ona qaytarılmalıdır. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh "xxxx" QSC-yə ünvanlığı ərizənin surətindən görünür ki, o, 4546 manat məbləğində və 1 ay müddətinə kreditin verilməsini xahiş etmişdir; -"xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 006/2021/520 saylı kredit müqaviləsinə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən borc verən "xxxx" QSC borc alan Cavabdeh 1 ay müddətinə, illik 42% hesablanmaqla 4546 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - xx.xx.2021-ci il tarixli plastik kartın təhvil aktından görünür ki, müştəri Cavabdeh 1 ədəd plastik kart təhvil aldığını imzası ilə təsdiq etmişdir; - xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə Cavabdeh məxsus hesabdan çıxarışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə onun hesabına kreditin verilməsi təyinatı ilə 4546 manat pul köçürülmüşdür; -Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən X1 barəsində hər hasnı şikayət ərizəsi PŞ-yə daxil olmamışdır; -Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh 4546 manat kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək müqavilə üzrə yaranmış əsas borca görə 4546 manat, faiz borcuna görə 164,41 manat olmaqla, cəmi 4710,41 manat pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə kartın ona verilmədiyinə istinad edərək iddia tələbinə etiraz edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, kredit müqaviləsinin bağlanması və "xxxx" ASC tərəfindən cavabdehə 1 ay müddətinə, illik 42 faiz olmaqla 4546 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, həmçinin hesabdan çıxarış ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən iddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdehin etirazı ilə əlaqədar məhkəmə qeyd edir ki, o, kartın ona verilmədiyini bildirsə də, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh imza edərək kartı qəbul etmişdir. Cavabdeh isə imzanın ona məxsus olmadığını mübahisələndirməmiş, əksinə kartı qəbul etməyinə dair imza çəksə də kartın ona təqdim edilmədiyini bildirmişdir. Həmçinin cavabdeh filial müdirinin barəsində 19-cu polis bölməsində iş başlandığını, şikayət etdiyini bildirsə də, məhkəmə sorğusuna cavab olaraq belə bir şikayətin olmadığı bildirilmişdir. Cavabdehin filial müdirini uzun müddətdir ki tanıması, yaxın tanışlıq əlaqələrinin olması diqqətçəkən məqamdır. Həmçinin qeyd edilməlidir ki, hətta kartdan pul cavabdeh tərəfindən deyil, digər şəxs tərəfindən çıxarılmış olsa da, yəni cavabdehin bildirdiyi kimi, digər şəxsə güvəndiyindən kartı vermiş olsa da, yenə də bunun məsuliyyəti cavabdehin üzərinə düşür. Belə ki, kreditorun öhdəliyi yalnız pul köçürülmüş kartı borcluya təqdim etməkdən ibarətdir. Cavabdehin pul ödəməli olduğu halda, müqavilədə əks olunmuş girov predmetinin də ona qaytarılmalı olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının izahatına əsasən müqavilədə girov ilə bağlı müddəa formal olaraq əks olunmuş, hər hansı girov predmeti qoyulmamışdır. Cavabdeh də öz növbəsində girov qoymamasına baxmayaraq kreditin verildiyini bildirmiş, eyni zamanda girov predmetinin qaytarılmasını tələb etmişdir. Mülki Məcəllənin 560.2-ci maddəsinə uyğun olaraq, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borca görə 4546 manat, faiz borcuna görə 164,41 manat məbləğində pulu iddiaçıya ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4546 manat əsas borc, 164,41 manat faiz borcu olmaqla, cəmi 4710,41 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 68 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4546 manat əsas borc, 164,41 manat faiz borcu olmaqla, cəmi 4710,41 (dörd min yeddi yüz on manat, qırx bir qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 68 (altmış səkkiz) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2556/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2556/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver