Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2563/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Express Home MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair mülki iş (açar sözlər: kredit müqaviləsi, vəkil xərci) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Express Home MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 000 (on səkkiz min) manat kredit müqaviləsi üzrə borcun, 417,50 (dörd yüz on yeddi manat 50) manat məbləğində qalıq borc məbləğinə hesablanmış faiz borcunun, 1105 (bir min yüz beş) manat məblığində kart hesabına köçürülmüş vəsaitin, 152 (bir yüz əlli iki) manat məbləğində kredit müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə ödənilmiş vəsaitin, 450 (dörd yüz əlli) manat məbləğində hüquqi yardımın göstərilməsi üçün ödənilmiş vəsait və 150,37 (bir yüz əlli manat 37 qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 20 274,87 (iyirmi min iki yüz yetmiş dörd manat 87 qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 22 noyabr 2022-ci il tarixində borc (kredit) müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixinədək qaytarılması şərti ilə 18 000 (on səkkiz min) manat məbləğində pul vəsaiti verilmişdir. Verilmiş borc məbləği faizsiz formada şərtləşdirilmişdir. Müqavilənin rəsmiləşdirilməsi məqsədi ilə İddiaçı tərəfindən Bakı şəhəri 6 saylı notariat ofisinin inzibati binasında yerləşən "xxxx" ASC vasitəsilə 116 (bir yüz on altı) manat məbləğində, 36 (otuz altı) manat məbləğində isə 18 000 (on səkkiz min) manat məbləğin məxaric edilməsi məqsədi ilə pul vəsaiti ödənilmişdir. Bundan əlavə xx.xx.2022ci il tarixində Cavabdeh istifadəsində olan və "xxxx" KB ASC-nin tabeliyində olan və “**********484187” nömrəli Leobank kartına "xxxx" KB ASC-nin proqram təminatı olan Ubank mobil tətbiqi vasitəsilə 705 (yeddi yüz beş) manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Eyni zamanda yenə xx.xx.2022-ci il tarixində Cavabdeh məxsus “**********484187” nömrəli Leobank kartına Bakı şəhəri, Nizami rayonu, M/P Neftçilər stansiyası 3 ünvanında yerləşən və Modenis MMC-yə məxsus olmuş 2401 №-li “E-manat” terminalı vasitəsilə 400 (dörd yüz) manat məbləğində vəsait mədaxil edilmişdir. Qeyd edilən pul vəsaitlərinin cavabdehə ödənilməsinə səbəb "xxxx" MMC adlı şirkətin vasitəçiliyi ilə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi-9, 1174 ünvanında yerləşən beşmərtəbəli binanın, 3-cü mərtəbəsində yerləşən 57 kv.m-dən ibarət 2 otaqlı mənzilin ipoteka ilə alınması məqsədi ilə verilmişdir. Belə ki, İddiaçı ilə "xxxx" MMC arasında 28 noyabr 2022ci il tarixində 174/3 saylı müqavilə imzalanmış, həmin müqavilənin 2.1-ci maddəsinə əsasən “İcraçı” “Sifarişçi”yə ünvan 3 ünvanında yerləşən mənzilin verilməsi ilə əlaqədar sənədlərin toplanması, aidiyyəti qruma müraciətin edilməsi və edilmiş müraciətin cavablandırılması ilə bağlı xidmət göstərilməsini öhdəsinə götürmüşdür. Yenə həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən “İcraçı”nın müqavilənin 2.1-ci yarımbəndində qeyd edilmiş xidmətlərin göstərilməsinə görə “Sifarişçi” “İcraçı”ya 2000 (iki min) manat pul ödəyir. Qeyd edilən məbləğin 1000 (bir min) manat məbləği "xxxx" MMCnin direktoru X1 istifadəsində olan “4098 58 ******6270” nömrəli “Leobank” kartına "xxxx" ASC KB-nin ödəmə terminalından istifadə edilməklə, 1000 (bir min) manatı isə şəxsən verilmişdir. Qeyd edilməlidir ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixində verilmiş 18 000 manat, xx.xx.2022-ci il tarixində ödənilmiş 705 manat və xx.xx.2022-ci il tarixində ödənilmiş 400 manat məbləği əslində vasitəçi kimi Cavabdeh İddiaçı ilə "xxxx" MMC arasında 28 noyabr 2022-ci il tarixində 174/3 saylı müqavilə üzrə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi-9, 1174 ünvanında yerləşən beşmərtəbəli binanın, 3-cü mərtəbəsində yerləşən 57 kv.m-dən ibarət 2 otaqlı mənzilin alınması məqsədi ilə ilkin ödəniş məbləği kimi ödənilsə də faktiki olaraq iddiaçının etibarından sui-istifadə edilməklə ona zərər vurulmasına yönəlmişdir. İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022ci il tarixli kredit müqaviləsinin bitmə müddəti xx.xx.2022-ci il tarixində bitdiyindən və hazırkı dövrə kimi alınmış pul məbləği geri qaytarılmadığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən iddiaçının cavabdehdən faiz borcu tələb etmək hüququ vardır. 18 000 manat (qalıq borc) x 5% = 2,5 manat (bir günlük) 360 (gün) Gecikdirilmiş günlərin ümumi sayı: 167 gün (Kreditin bitmə tarixi xx.xx.2022, hazırkı tarix: xx.xx.2023. Bir ay üzrə 30 gün nəzərə alınsa, toplam 5 ay 17 gün) 167 gün x 2,5 manat = 417,50 (dörd yüz on yeddi manat 50 qəpik) Ümumilikdə qeyd edilməlidir ki, hazırkı dövrə qədər cavabdeh tərəfindən iddiaçıya alınmış borc məbləği üzrə heç bir vəsait geri qaytarılmamışdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi Bakı şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirildiyindən müqavilənin rəsmiləşdirilməsi məqsədi ilə iddiaçı tərəfindən 116 (bir yüz on altı) manat məbləğində dövlət rüsumu, həmçinin notariusun depozit hesabına mədaxil edilmiş məbləğin məxaric edilməsi məqsədi ilə 36 (otuz altı) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ümumilikdə cavabdehin hazırkı günə iddiaçı qarşısında mövcud olan borc öhdəliyinin həcmi 18 000 (on səkkiz min ) manat borc məbləği, 417,50 (dörd yüz on yeddi manat 50 qəpik) manat qalıq borc məbləğinə hesablanmış 5%, əlavə olaraq cavabdehin kart hesabına köçürlümüş 1105 (bir min yüz beş) manat və 152 (bir yüz əlli iki) manat notariat xərci olmaqla ümumilikdə 19 674,50 (on doqquz min altı yüz yetmiş dörd manat 50 qəpik) manat təşkil edir. Mpay terminalı vasitəsilə ödənilmiş xx.xx.2023-cü il tarixli 26010 saylı ödəniş qəbzindən bəlli olur ki, iddiaçı hüquqi yardımın göstərilməsi ilə əlaqədar “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 450 (dörd yüz əlli) manat məbləğində ödəniş həyata keçirmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2563/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. III. İşin faktiki halları: - İddiaçı və Cavabdeh arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 18000 manat məbləğində borc pul verir. Müqavilənin 2-ci bəndinə görə borc alan krediti xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. - "xxxx" ASC 22 noyabr 2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən hesaba 18000 manat mədaxil etmişdir. - "xxxx" ASC22 noyabr 2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 6 saylı notariusuna 36 manat ödənilmişdir. - 6 saylı Notarius - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, 6 saylı notarius ofisinə notariat haqqı kimi 116 manat köçürülmüşdür. - “eManat” 218996 saylı qəbzdən görünür ki, Cavabdeh hesabına xx.xx.2022-ci il tarixdə, saat 14:20-də 400 manat daxil edilmişdir. - Elektron çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 548290******4699 saylı kart hesabından 4009858******4187 nömrəli kart hesabına 705 manat köçürülmə edilmişdir. - "xxxx" MMC və İddiaçı arasında ünvan 3 mənzilin verilməsi ilə əlaqədar sənədlərin toplanması, aidiyyəti quruma müraciət edilməsi və edilmiş müraciətin müsbət cavablandırılması ilə bağlı xidmət göstərilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 174/3 saylı müqavilə bağlanmışdır. - “Mpay” 26010 saylı qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə vəkil xərci kimi “Mirzəyev və partnyorları” vəkil bürosuna 450 manat ödəniş edilmişdir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında 22 noyabr 2022-ci il tarixdə 6 saylı notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı 18000 manat pulu iddiaçıdan almış, borcu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin qeyd olunan tarixdə borcu qaytarmamaqla müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, pul məbləğinin ödənilməsini gecikdirmişdir. Həmçinin tərəflər arasında olan şifahi razılaşmaya əsasən, iddiaçı tərəfindən Cavabdeh məxsus (4009858**********) kart hesabına cəmi 1105 (705+400) manat pul köçürülmüş, cavabdeh həmin məbləği də iddiaçıya geri qaytarmamışdır. Bu səbəbdən iddiaçı borc məbləğinin ona geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cüil tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında borca dair öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş borc məbləğini cavabdehə ödəmiş, cavabdeh isə həmin borcu tam ödəmədiyindən iddiaçının iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Bu səbəbdən də iddiaçı haqlı olaraq hazırki iddia tələbi məhkəmə müraciət etmişdir. Yuxarıda qeyd olunan işin halları və onlara tətbiq olunuş maddi hüquq normalarının tələblərindən görünür kimi hazırda tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilməsinə baxmayaraq cavabdeh tərəfindən qeyd olunan öhdəliklər tam yerinə yetirilməmişdir. Bu səbəbdən də məhkəmə hazırda iddiaçı tərəfindən qaldırılmış iddia tələbini həmin hissədə əsaslı hesab edir. Həmçinin iddiaçı 152 (bir yüz əlli iki) manat məbləğində kredit müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə ödənilmiş vəsaitin, 450 (dörd yüz əlli) manat məbləğində hüquqi yardımın göstərilməsi üçün ödənilmiş vəsaitin ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli kredit müqaviləsinin 11-ci bəndinə əsasən, müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini borc alan – yəni Cavabdeh çəkir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə ödənilmiş 152 (bir yüz əlli iki) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı və bu zaman iddia tələbinin qiyməti nəzərə alınmalıdır. Məhkəmə hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 450 manat pul məbləğini, 20274,87 manat qiymətində olan iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150,37 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 18000 manat kredit müqaviləsi üzrə borc, 417,50 manat faiz borcu, kart hesabına köçürülmüş 1105 manat, kredit müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə ödənilmiş 152 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 450 manat və 150,37 manat dövlət rüsumu olmaqla ümumilikdə 20274,87 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. VI. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 18000 (on səkkiz min) manat kredit müqaviləsi üzrə borc, 417,50 (dörd yüz on yeddi manat 50 qəpik) manat faiz borcu, kart hesabına köçürülmüş 1105 (bir min yüz beş) manat, kredit müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə ödənilmiş 152 (bir yüz əlli iki) manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 450 (dörd yüz əlli) manat və 150,37 (bir yüz əlli manat 37 qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 20274,87 (iyirmi min iki yüz yetmiş dörd manat 87 qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2563/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-2563/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver