Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2572/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMMC-yə qarşı icarə haqqı borcunun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMMC-dən xx.xx.2022-ci il tarixli icarə müqavilələri üzrə yaranmış 30458 manat məbləğində icarə haqqı borcunun, hüquqi xidmət haqqı kimi vəkilə ödənilmiş 800 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilmiş 184,40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Aksa markalı 550 kVA gücündə qurğu- elektrik generatoru Cavabdeh MMMC-yə icarəyə verilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə görə aylıq icarə haqqının məbləği 80 manat müəyyən olunmuşdur. Aralarında bağlanmış xx.xx.2022-ci il tarixli digər icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 36 ünvanında olan istehsalat bazasında yerləşən 154,90 kv.m-dən ibarət ərazidə qurulmuş nasosxana və hovuzdan ibarət sahə Cavabdeh MMMC-yə icarəyə verilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə görə müqavilə üzrə aylıq icarə haqqının məbləği 1549 manat müəyyən olunmuşdur. Bundan əlavə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli digər icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən 37,26 kv.m hissəsi ofis olaraq Cavabdeh MMMC-yə icarəyə verilmiş və müqavilənin 4.1-ci bəndinə görə aylıq icarə haqqı 400 manat müəyyən olunmuşdur. Lakin aralarında bağlanmış yuxarıda qeyd olunan icarə müqavilələrinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq bugünədək Cavabdeh MMMC müqavilə öhdəliklərini hələ də tam yerinə yetirməyərək ona icarə haqqını ödəməmişdir. Sözügedən icarə müqavilələri üzrə bu günədək aşağıda göstərilən məbləğdə cavabdehin ödənilməmiş icarə haqqı borcu yaranmışdır. 1. Elektrik generatoruna görə bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə-1600 manat; 2. Nasosxana və hovuza görə bağlanmış icarə müqaviləsi üzrə 30980 manat; 3. Ofisə görə bağlanmış icarə müqaviləsi üzrə 8000 manat. Ümumilikdə 40580 manat icarə haqqı borcu hesablanmışdır. Həmin borc məbləğindən də xx.xx.2024-cü il tarixədək cəmi 8008 manat ödənilmiş, cəmi 32572 manat ödənilməmiş icarə haqqı borcu qalmışdır. İcarə müqavilələrinin 4.2-ci bəndinə uyğun olaraq xx.xx.2024cü il tarixli akt əsasında əvəzləşdirmə aparılmış və nəticədə cavabdehin cəmi 30458 manat ödənilməmiş icarə haqqı borcu qalmışdır. Pretenziya məktubuna cavab olaraq cavabdeh tərəfindən ona göndərilmiş xx.xx.2024-cü il tarixli məktubunda Cavabdeh MMMC-nin həqiqətən də ona 30458 manat icarə haqqı borcunun qaldığı etiraf edilmiş və həmin borcun ona ödəniləcəyi bildirilsə də, lakin xeyli müddət keçməsinə baxmayaraq bu günədək ona ödənilməmişdir. Bundan əlavə o, hüquqlarının məhkəmədə müdafiəsi üçün vəkillə müqavilə bağlamış və hüquqi xidmət haqqı olaraq 800 manat pul ödəmişdir. Həmin pul vəsaiti də cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə bir neçə icarə müqavilələri bağlamışdır, bir müddət ödəniş etsələr də, pulun olmamasını bəhanə edərək ödəniş etməkdən yayınırlar. Otuz mindən çox borcları vardır. Özləri də borc olduğunu etiraf edir. Vəkilə də 800 manat pul ödəmişdir. Lakin hazırda bununla bağlı sübutu yoxdur. Növbəti iclasda təqdim edə bilər. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, 30458 manat borcunun olmasını qəbul edirlər. Vəsait azlığı olduğu üçün ödənişlər edilməyib. Lakin, borcun hissə-hissə ödənilməsinə razıdırlar. Birdəfəlik 30458 manat ödəniş etməyə vəsaitləri yoxdur. Ödəyəcəklərini iddiaçıya da dəfələrlə bildirmişlər. Lakin iddiaçı gözləmir. İddianın icarə haqqı hissəsində təmin edilməsinə etiraz etmirlər. Vəkil xərcinə aid hissədə isə iddiaya etiraz edirlər. Buna dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq olunmuş: - “İcarəyəverən” İddiaçı ilə “İcarəçi” Cavabdeh MMMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyəverən” Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanıda yerləşən qeyri-yaşayış sahəsindən 37,26 kv.m–ni ofis olaraq “İcarəçi”yə verməyi, “İcarəçi” isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Aylıq icarə haqqının məbləği 400 manat təşkil edir; - “İcarəyəverən” İddiaçı ilə “İcarəçi” Cavabdeh MMMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyəverən” Aksa markalı, 550 kVA gücündə qurğu-elektrik generatoru “İcarəçi”yə verməyi, “İcarəçi” isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Aylıq icarə haqqının məbləği 80 manat təşkil edir; - “İcarəyəverən” İddiaçı ilə “İcarəçi” Cavabdeh MMMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyəverən” Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 36 ünvanında ona məxsus istehsalat bazasında yerləşən 154.90 kv.m-dən ibarət açıq sahədə qurduğu nasosxana və hovuzdan ibarət sahəni yaşayış və qeyri-yaşayış obyektlərinin su ilə təchiz edilməsi üçün “İcarəçi”yə verməyi, “İcarəçi” isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.Aylıq icarə haqqının məbləği 1549 manat təşkil edir; - Cavabdeh MMMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Nəsimi-45” MMMC icarə haqqı borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - Cavabdeh MMMC-nin X1 xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubun surətindən görünür ki, ona bildirilmişdir ki, 35572 manat icarə haqqı borcundan 2114 manat məbləğində hissə - ödənilməli olan kommunal borcu ilə əvəzləşdirilərək, qalan 30458 manat icarə haqqı ona ödəniləcəkdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMMC arasında müxtəlif icarə obyektləri üzrə xx.xx.2022-ci il tarixdə 3 ayrı-ayrı icarə müqavilələri bağlanmışdır. Hazırda iddiaçı qeyd edilən müqavilələr üzrə yaranmış icarə haqqı borcunun tam ödənilmədiyini bildirərək, məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş və məhkəmə iclasının fasiləsiz audio yazısı aparılarkən borclarının olduğunu etiraf etdiyindən, iddiaçı bunu sübut etmə vəzifəsindən azaddır. Məhkəmə tərəfindən həmin etirafın qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas aşkar edilməmişdir. Bununla belə məhkəmə digər şəxslərin hüquq və mənafelərinə toxunma ehtimalından çıxış edərək, hazırki iddia tələbi üzrə hüquqi əsaslandırma aparılmasını zəruri hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırki mülki iş üzrə materiallardan və tərəflərin izahatlarından aydın olur ki, tərəflər arasında icarə müqavilələri bağlanmış, Cavabdeh MMMC-nin həmin müqavilələr üzrə icarə haqqının müqavilələrdə müəyyən edilmiş qaydada və formada ödənilməsi öhdəliyi yaranmış, lakin buna baxmayaraq, öhdəliyin icrası təmin edilməmişdir. Belə ki, iddiaçı icarə müqavilələri üzrə cavabdehin ona 30458 manat borcunun olduğunu qeyd edir və iddia tələbini təsdiq etmək üçün icarə müqavilələrini məhkəməyə təqdim edir. Bu halda icarə haqqı borcunun ödənildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən isə bunu təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə vurğulayır ki, iddiaçının qeyd edilən tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə həmçinin iddia tələbinin hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 800 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 21.1 və 21.3-cü maddələrinə uyğun olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən isə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki iş üzrə iddiaçı tərəfindən vəkilə 800 manat məbləğində pulun ödənildiyini təsdiq edən hər hansı bir sübutun təqdim edilmədiyinə əsaslanaraq hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMMC-dən xx.xx.2022-ci il tarixli icarə müqavilələri üzrə yaranmış 30458 manat məbləğində icarə haqqı borcu və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 184,4 manat pulun 180 manatı tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMMC-dən xx.xx.2022-ci il tarixli icarə müqavilələri üzrə yaranmış 30458 (otuz min dörd yüz əlli səkkiz) manat məbləğində icarə haqqı borcu və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 184,4 manat pulun 180 (yüz səksən) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2572/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2572/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver