Məhkəmə qərarları › İş №e-2(005)-2576/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2576/2023

11.10.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2576/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 (Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun tanınması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 (Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs cəlb edilməklə) qarşı “yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 (Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs cəlb edilməklə) qarşı “yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında mənzil inşaatına, faktiki olaraq mənzil alqı-satqısına dair müqavilə bağlanmış və tərəfindən həmin mənzilin dəyəri olaraq Cavabdeh1 MTK-ya 682500 ABŞ dolları məbləğində inşaat materialı verilmişdir. Tərəfindən öhdəlik yerinə yetirilmiş, qeyd edilən materiallar Cavabdeh1 MTK-ya təqdim edilmiş və MTK həmin binanın inşaatını tamamlayaraq binanı təhvil vermişdir. Lakin bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, qeyd edilən mənzilə dair digər cavabdehlərə mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilmişdir. Mənzilin ona məxsus olmasına baxmayaraq, hüquqları pozularaq çıxarışlar kənar şəxslərə verilmişdir. Bununla bağlı iddiaçı cavabdehlərə, xüsusən də Cavabdeh1 MTK-ya müraciət etsə də, bu heç bir nəticə verməmiş və ona bildirmişlər ki, sənədləşmə keçirildiyi üçün heç nə etmək mümkün deyil. Hesab edir ki, iddiaçıya məxsus mülkiyyət üzərində başqalarının əsassız hüquq əldə etməsi qanunsuz və əsassızdır. Sahənin mülkkiyyətçisi, sahibi iddiaçı özüdür. Bununla bağlı Əmlak Xidmətləri Məkanına müraciət etmişdir. Lakin alt çıxarışın verilməsindən imtina etmişdirlər. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı mənzilin əldə edilməsi ilə bağlı hazırki cavabdehlərdən olan Cavabdeh1 ilə müqavilə bağlamışdır. Mənzil ona həmin Cavabdeh1nə 600.000 ABŞ dollardan yuxarı armatur materialının verilməsi nəticəsində keçmişdir. Lakin bir müddət keçdikdən sonra Cavabdeh1 tərəfindən bildirilmişdir ki, mənzilin sənədləşdirilməsi bina tam təhvil veriləndən sonra həyata keçiriləcəkdir. Tərəflər arasında gərgin münasibətlər olmadığına görə, həm də iddiaçı işgüzar səfərlərlə bağlı xaricdə olduğuna görə bu sənədləşdirilmə prosesi qalmışdır. Cavabdeh1 tərəfindən müxtəlif vaxtlarda menecerlər vasitəsilə əlaqə saxlamışdır, lakin sonradan iddiaçıya məlum olmuşdur ki, sənədləşmə prosesi keçirilib, hətta həmin vaxtdan sonra bu işlə bağlı məhkəmələr olub və eyni zamanda həmin əmlak hazırda iki şəxsin arasında bölünüb. İddiaçı həmin mənzilin mülkiyyətçisidir və bunu təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim olunmuşdur. İddiaçı uzun müddət armatur işi ilə məşğul olduğuna görə bu ilk mənzili deyildir. Yəni nəğd pulun əvəzinə ona mənzillər veriblər. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı mübahisəli daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu, habelə lazımi sənədləri ala bilməməsini mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməyib. İddia ərizəsində göstərilib ki, iddiaçı mübahisəli daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün inzibati orqana (Əmlak Xidmətləri Məkanına) müraciət edib, lakin həmin orqan ona alt çıxarışın verilməsindən imtina edib. Lakin iddia ərizəsinə həmin imtina əlavə edilməyib. Belə olan halda iddiaçı inzibati orqan olan Əmlak Xidmətləri Məkanının ona alt çıxarışın verilməsindən imtina etməsinə görə inzibati məhkəmədə iddia qaldıra bilərdi. Lakin iddiaçı başqa məqsədlər güdərək bilərəkdən qanunla müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrinə qarşı inzibati məhkəmədə iddia qaldırmayıb. Bakı Şəhəri Nərimanov raynu 802-803-cü məhəllə K.Kazımzadə küçəsi ev 30d1 blok d1 mənzil 54 Cavabdeh2 və iddiaçının qızı Məmmədov Nigarla birgə nikahları dövründə Cavabdeh2 öz vəsaiti ilə əldə olunub və Məmmədov Nigarın adına rəsmiləşdirilib. Sonradan həmin nikah pozulduqdan sonra əmlak bölgüsü ilə bağlı aralarında məhkəmə mübahisəsi baş verib. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5055/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak birgə nikah dövründə əldə olunmuş əmlak olaraq Cavabdeh2 ilə cavabdeh arasında ½ nisbətdə bölünüb. Məhkəmənin həmin qətnaməsi 13 iyun 2022-ci il tarixdə qanuni qüvvəsinə minib. 11 avqust 2022-ci il tarixdə icraya yönəlib, Cavabdeh2 və Cavabdeh3 paylarına mütənasib olaraq mülkiyyət hüquqları qeydə alınıb. Həmin işə baxılarkən mübahisəli mənzilin guya cavabdehin vəsaiti ilə əldə olunduğu iddia edilib, lakin məhkəmə həmin arqumentləri əsassız olduğu üçün rədd edib. Cavabdeh3 tərəfindən Cavabdeh2 mübahisəli mənzilə olan hüquqları pozulduğu, ona mənzildən istifadə etməyinə imkan verilmədiyi, Cavabdeh3 və onun valideynləri tərəfindən mənzil aylıq 4000 manata kirayəyə verilərək, əldə olunan vəsaitin payına münasib nisbətdə ona çatan hissəsi də mənimsənildiyi üçün Cavabdeh2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq, Bakı şəhəri ünvan 2-ün Cavabdeh2 ilə Cavabdeh3 arasında paylarına mütənasib surətdə ½ nisbətdə bölünməsi, bu mümkün olmadıqda həmin daşınmaz əmlakın hərracdan qiymətləndirilərək satılması və satışdan əldə edilən pulun Cavabdeh2 ilə Cavabdeh3 arasında paylarına mütənasib surətdə 1/2 nisbətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ilə bağlı e-2(005)-811/2023 saylı iş hakim Solmaz Ədilovanın icraatındadır. İddiaçı da həmin işlə bağlı icraatın əsassız olaraq dayandırılması və işə baxılmasının sünii şəkildə uzadılması məqsədilə bu iddianı qaldırıb. İddiaçının bu iddiasını verməsilə paralel olaraq onun həyat yoldaşı X5 da Nərimanov Rayon Məhkəməsində baxılan e-2(005)-811/2023 saylı mülki işin icraatının əsassız olaraq dayandırılması və işə baxılmasının süni şəkildə uzadılması məqsədilə həmin işdə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iddia qaldıraraq mübahisəli mənzilə dair Cavabdeh2 adına Reyestr Xidmətində aparılmış qeydiyyatın ləğv edilməsinin 1 saylı Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Məhkəmə həmin iddianı geri qaytarıb. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzillə bağlı ilk dəfə Yasamal Rayon Məhkəməsində araşdırılma aparılıb və həmin mənzil Şamxal və Nigar arasında ½ hissədə bölünüb. Nigar İddiaçı qızıdır. Həmin işə baxılarkən İddiaçı, o cümlədən Cavabdeh1 hesab edirdilər ki, mənzil İlqara məxsusdur, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh3 adına qeydiyyatdan keçdiyi üçün məhkəmə hesab edib ki, nə qədər ki, birgə nikah dövründə əldə olunub ½ hissədə bölünməlidir. Məhkəmə qətnaməsi yuxarı instansiya məhkəmələrində mübahisələndirilib və sonda həmin qətnamə qüvvəsində qalıb. Həmin mənzilin hərracla bağlı işinə baxılarkən İddiaçı ərizə verərək, işə cəlb olunmasını xahiş edir və bundan başqa arvadı qarşılıqlı iddia qaldıraraq Cavabdeh2 barəsində qeydiyyatın ləğv olunması barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iddia verir, lakin məhkəmə bunu qəbul etmir. Bu mülki iş icraata qəbul olandan sonra Nigar ərizə verərək, mülkiyyət hüququnun tanınması barədə iddia olduğuna görə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə baxışın uzadılmasına görə bu iddia ilə müraciət olunub və nə qədər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınıb və inzibati akt ləğv olunmadan başqa şəxsin hüququ tanına bilməz. İddiaçı və Cavabdeh1 saxta sənədlər təqdim etdiklərinə görə, yəni bir mənzilin iki şəxsə məxsus olması barədə sənədlər olduğuna görə Yasamal Rayon Məhkəməsi xüsusi qərardad çıxarmışdır. Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə iddianın etiraf edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 MTK tərəfindən hazırki iddia ərizəsi üzrə araşdırma aparılarkən kargüzarlıq və sənəd dövriyyəsi səhvi nəticəsində, o cümlədən ayrı-ayrı şəxslərin qohumluq münasibətlərindən asılı olmayaraq eyni şəxs kimi qəbul edilməsinin hüququ əsasının olmamasım bilməməsi səbəbindən yanlış olaraq İddiaçı məxsus mənzilin heç bir əsas olmadan başqa bir şəxsin adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, bu illər ərzində mənzilə dair bütün kommunal ödənişlər də mənzilin əsl sahibi İddiaçı tərəfindən həyata keçirilmişdir. Mənzilin əsl sahibi kimi yalnız İddiaçı tanınmışdır. Bundan əlavə, İddiaçı ilə Cavabdeh1 MTK arasında mənzil inşaatına, faktiki olaraq mənzil alqı-satqısına dair müqavilə bağlanmış və onun tərəfindən həmin mənzilin dəyəri əvəzinə Cavabdeh1 MTK-ya inşaat materialları verilmişdir. Həmin müqavilə 2016-cı ilin dekabr ayında bağlanmış və qeyd edilən mənzil İddiaçı təqdim edilmişdir. Lakin sonradan kargüzarlıqda olan formallıq nəticəsində mənzilin mülkiyyətçisi kimi Cavabdeh3 qeyd edilmişdir. Əslində mənzilin mülkiyyətçisi iddia ərizəsində göstərildiyi kimi İddiaçıdur. ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi üzərində İddiaçı mülkiyyəti hüququnun tanınmasına dair iddianı etiraf edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: - 14 dekabr 2016-cı il tarixdə Cavabdeh1 MTK və İddiaçı arasında bağlanmış mənzil inşaatı müqaviləsindən görünür ki, inşaatçı inşaat sənayesində mövcud olan işgüzar adətlərə və hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan «Plan» və «Spesifikaya»ya uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsindəki 802-803 saylı məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilən yeni yaşayış massivinin D blokunun 4-cü mərtəbəsində Sahibi mərtəbənin ümumi dəhlizin bir hissəsi, eyvan, sirkulyasiya boşluğu, çöİ və daxili divarlar və kolonların tutduğu sahə də daxil olmaqla brüt 275 kv.m tikinti sahəsi olan 4 otaqlı, 54 saylı mənzil ilə və D14 avtomobil dayanacaq yeri ilə təmin elməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, mənzilin ümumi dəyəri avtomobil dayanacaq yeri daxil olmaqla 682 500 USD (altı yüz səksən iki min beş yüz ABŞ dollar), məbləğində müəyyən olunur. Bu Müqavilə bağlanıldığı anda Sahib İnşaatçıya mənzilin və avtomobil dayanacağının razılaşdırılan dəyərinin əvəzinə dəyəri 682 500 USD (aİtı yüz səksən iki min beş yüz ABŞ dolları) olan 1050 ton Ukrayna istehsalı armatur ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh1 MTK tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli 006/21 №-li məktubdan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh1 MTK tərəfindən ünvan 4 ünvanında inşa edilmiş yaşayış massivinin D blokunda yerləşən 54 nömrəli mənzil 14 dekabr 2016-cı il tarixində bağlanmış Mənzil inşaatı müqaviləsinə əsasən İddiaçı tərəfindən əldə edilmişdir və onun adına rəsmiləşdirilmişdir. Sonradan, yəni xx.xx.2017-ci il tarixində qeyd olunan mənzil İddiaçı xahişi ilə onun qızı X1 adına rəsmiləşdirilmişdir. Mənzilin dəyəri tam olaraq İddiaçı tərəfindən ödənilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 206,5 m2 olan mənzil xx.xx.2017-ci il tarixdən X1 adına tam payla xüsusi mülkiyyət kimi qeydə alınmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5055/2021 saylı qətnaməsindən görünür ki, ilkin iddia ərizəsi qismən təmin edilmişdir. Birgə nikah dövründə əldə olunmuş “Mitsubishi L200” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilə X1 ½ hissədə, Cavabdeh2 ½ hissədə payının müəyyən edilməsi, birgə nikah dövründə əldə olunmuş “Volkswagen Tuareg R-line” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 ilə X6 arasında bağlanmış 08 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş AD999834 nömrəli 08 fevral 2021-ci il tarixli şəhadətnamənin ləğv edilməsi, 08 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında “X8” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 10000 (on min) manat Cavabdeh2 alınaraq X4 qaytarılması, birgə nikah dövründə əldə olunmuş “Volkswagen Tuareg R-line” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilə X1 ½ hissədə, Cavabdeh2 ½ hissədə payının müəyyən edilməsi qət edilmişdir. Qarşılıqlı iddia ərizəsi təmin edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, 802- 803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D blok D1, 54 nömrəli mənzilə X1 ½ hissədə, Cavabdeh2 ½ hissədə payı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2862/2022 saylı Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2(103)-1251/2022 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və A.N.İmanovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(004)- 5055/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2862/2022 saylı Qərarı ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Məmmədova (Abdullayeva) Nigar İlqar qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2(103)-1251/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5055/2021 saylı icra vərəqəsindən görünür ki, icra sənədi 11 avqust 2022-ci il tarixdə verilmişdir. Məhkəmə aktı 13 iyun 2022-ci il Ali Məhkəmənin Qərarına əsasən qüvvəyə minmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 206,50 m2 olan mənzil xx.xx.2022-ci il tarixdə ½ hissədə Cavabdeh3, xx.xx.2023-cü il tarixdə ½ hissədə isə Cavabdeh2 adına qeydə alınmışdır. - Cavabdeh1 MTK X3 tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli № 02-112 saylı arayışdan görünür ki, ünvan 7 ünvanında yerləşən "X3" yaşayış kompleksində, Blok D1, mənzil 54 Cavabdeh3 məxsudur. Mənzilin ümumi kommunal xərci aylıq 200.00 (iki yüz) manat təşkil edir. Mənzilin kommunal xərcləri üzrə ödənişləri xx.xx.2017-ci il tarixdən etibarnən İddiaçı tərəfindən ödənilir və xx.xx.2022-ci il tarixinə borcu yoxdur. - Cavabdeh1 MTK X3 tərəfindən verilmiş 18 sentyabr 2023-cü il tarixli № 02-124 saylı arayışdan görünür ki, ünvan 7 ünvanında yerləşən "X3" yaşayış kompleksində, Blok D1, mənzil 54 Cavabdeh3 adınadır. Mənzilin ümumi kommunal xərci aylıq 200.00 (iki yüz) manat təşkil edir. Mənzilin kommunal xərcləri üzrə ödənişləri xx.xx.2017-ci ildən, yəni mənzil İddiaçı tərəfindən barter üsulu ilə əldə edildiyi tarixdən etibarən, elə həmin şəxs, yəni İddiaçı tərəfindən ödənilir və bu günə borcu yoxdur. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 14 dekabr 2016-cı il tarixdə Cavabdeh1 MTK və İddiaçı arasında bağlanmış müqaviləyə əsasən sonuncu Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30 D, blok D1, 4 otaqlı 54 saylı mənzilin və D 14 avtomobil dayanacaq yerinin əvəzi olan 682.500 dolları əvəzinə 1050 ton Ukrayna istehsalı armaturu Cavabdeh1 Mənzil Tikinti Kooperativinə ödəməyi öhdəsinə götürmüşdür. Mənzil xx.xx.2017-ci il tarixdə iddiaçının qızı - cavabdeh X1 adına tam payla xüsusi mülkiyyət kimi daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İddiaçının qızı X2 və digər Cavabdeh2 arasında bağlanmış rəsmi nikah pozulmuşdur. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5055/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30 D blok D1, 54 nömrəli mənzil tərəflərin birgə mülkiyyəti hesab edilmiş və mənzilə X1 ½ hissədə, Cavabdeh2 ½ hissədə payı müəyyən edilmişdir. Həmin mənzil xx.xx.2022-ci il tarixdə ½ hissədə Cavabdeh3, xx.xx.2023-cü il tarixdə ½ hissədə isə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Qeyd olunan işin hallarına əsasən məhkəmə aktının qanuni qüvvəsini almasına dair qanunvericliklə müəyyən edilmiş maddi hüquq normaları ilk növbədə tərəflərin hüquqlarının tam bərabər təmin edilməsinə yönəlmişdir. Məhkəmədə işlərə çəkişmə prinsipi əsasında baxılması müəyyən edilmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək qətnamədən razı qalmayan tərəfə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi çəkişmə prinsipinin gözlənilməsi nəinki məhkəmə aktı qəbul edilənədək gedən proseslərdə, hətta məhkəmə aktı qanuni qüvvəsini alanadək və hətta ondan sonrakı prosesləri ümumilikdə əhatə edir. Odur ki, qeyd olunan proseslərin hər-hansı hissəsində tərəflərdən birinin hüquqlarının pozulması daha sonra edilməsi zəruri olan prosesin qanuniliyini şübhə altına almaqdadır. Eyni zamanda məhkəmə aktının qanuni qüvvəsini alması hadisəsinin baş verməsi, baxılmış mübahisəyə dair tərəflərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına və ya əksinə əlavə hüquqlarının əmələ gəlməsinin hüquqi keçidi kimi qiymətləndirilir. Cavabdehlər Məmmədova (Abdullayeva) Nigar İlqar qızı və Cavabdeh2 arasında olan əmlak mübahisəsinə, habelə hazırki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D blok D1, 54 nömrəli mənzilə dair qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5055/2021 saylı qətnaməsi mövcuddur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlardan görünür ki, X2 mənzil dəyərinin atası tərəfindən ödənildiyini desə də, Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışında Bakı şəhəri, Nərimanov rayonu, 802-803cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30 D, blok D1, 54 saylı mənzilin pay dəyərinin payçı X2 tərəfindən tam ödənildiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunan Cavabdeh1 MTK-nınxx.xx.2021-ci il tarixli, 005/21 saylı məktubunda mübahisəli mənzil X1 adına rəsmiləşdirilsə də, mənzilin dəyəri tam olaraq İddiaçı, yəni ilkin iddiaçının atası tərəfindən ödənildiyi qeyd edilmişdir. Məhkəmə mübahisəli mənzilin dəyərinin ödənilməsi ilə bağlı verilmiş fərqli arayışlar arasında ziddiyyət olduğunu nəzərə alıb ilkin verilmiş maliyyə arayışını əsas götürərək hesab etmişdir ki, qeyd edilən mənzil birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan, həmin əmlak üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ½ hissədə payı müəyyən edilməlidir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun tanınmasını xahiş etdiyi mənzil üzərində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında cavabdehlər X1 ½ hissədə, Cavabdeh2 ½ hissədə payı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı mübahisəli mənzilin İddiaçı hesabına alınması dəlili irəli sürülmüş, lakin qeyd olunan hal məhkəmə tərəfindən müəyyən olunmamışdır. Əksinə mübahsəli mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi müəyyən edilərək, cavabdehlər arasında bölünmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericiliklə çəkişmə prinsipi mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirilir. Tərəflərin çəkişmə prosesində iştirak dərəcəsi onların öz iradələrindən asılıdır. Tərəfin çəkişmədəki passiv iştirakı onun özü üçün mənfi nəticələrə səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5055/2021 saylı qətnaməsi mübahisələndirilmiş, qətnamədən şikayətlər verilmişdir. Məhkəmə aktı apellyasiya və kassasiya instansiyası məhkəmələrində mübahisəli əmlaka dair hissədə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 5055/2021 saylı icra vərəqəsi qanuni qüvvəyə minmiş, 11 avqust 2022-ci il tarixdə icraya göndərilmişdir. Müvafiq nəticə olaraq, mənzil xx.xx.2022-ci il tarixdə ½ hissədə Cavabdeh3, xx.xx.2023-cü il tarixdə isə ½ hissədə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə tərəflərə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə mübahisəli mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilməsi təsdiq olunur. Bunu inşaat aparmış şirkət də açıq təsdiq edir. Onların arasında müqavilə də mövcuddur. Lakin Ali Məhkəmənin əmlak bölgüsü ilə bağlı qüvvədə olan qərarının mövcudluğu nəzərə alınaraq, hazırki iş üzrə iddia tələbinin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Göründüyü kimi, sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin hüquqlarını qorumaqdadır. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin əmlak üzərində hüquqlarının qəbul edilməli olmasıdır. Reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əldə edən üçüncü şəxslərin hüquq və mənafelərinin müdafiəsinə yönələn institutdir. Hazırki iş üzrə mübahisəli mənzil xx.xx.2017-ci il tarixdə iddiaçının qızı - cavabdeh X1 adına tam payla xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu zaman reyestrdəki qeydə dair etiraz daxil edilməmiş, əmlak üzərində yüklülük olmamış, habelə qeydin aparılmasını istisna edən digər hallar müəyyən edilməmişdir. AR MM-in 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Lakin belə bir mübahisə olmamış, iddiaçı belə bir tələblə müvafiq məhkəməyə müraciət etməmişdir. Həmçinin iş materiallarında cavabdehlər Məmmədova (Abdullayeva) Nigar İlqar qızı və Cavabdeh2 əmlaka dair mülkiyyət hüququnu şübhə altına alan hər hansı mötəbər sübutlar (məlumatlar) mövcud deyildir və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, “tələb” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə ’’mülkiyyət” kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Cavabdeh3 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Məhkəmə qeyd edir ki, nə qədər ki, daşınmaz əmlak üzərində məhkəmə qərarı əsasında (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2862/2022 saylı Qərarı) cavabdehlər Cavabdeh3 və Cavabdeh2 pay hüququ tanınmışdır və həmin əmlaka dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən adlarına qeyd aparılmış, belə olan halda iddiaçının həmin mənzilə mülkiyyət hüququ tanınması yolverilməzdir. Məhkəmə Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddianın etiraf edilməsinə dair ərizəsinə də münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.4-cü maddəsinə əsasən, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Hazırki iş üzrə cavabdehlər Məmmədova (Abdullayeva) Nigar İlqar qızı, Cavabdeh2 və Cavabdeh1 MTK-dır. Cavabdeh1 MTK İddiaçı məxsus mənzilin heç bir əsas olmadan başqa bir şəxsin adına rəsmiləşdirilməsinin müəyyən edildiyini bildirsə də, hazırki, habelə tərəflər arasında olan əvvəlki məhkəmə prosesləri zamanı iş materiallarına əlavə edilmiş məktubu ilə xx.xx.2017-ci il tarixində qeyd olunan mənzilin İddiaçı xahişi ilə onun qızı X1 adına rəsmiləşdirildiyini bildirmişdir. Göründüyü kimi cavabdehin bildirdiyi hallar fərqli olmaqla birbirinə ziddiyyət təşkil edir. Bu isə etirafın işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradır. Bununla yanaşı Cavabdeh1 MTK tərəfindən iddianın etiraf edilməsi Məmmədova (Abdullayeva) Nigar İlqar qızı və Cavabdeh2 hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Halbuki AR MM-in 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 MTK tərəfindən edilmiş etirafın məhkəmə tərəfindən qəbul edilərək iddianın təmin edilməsi digər şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarmaqla, mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı ”İddiaçı Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. VI. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı ”İddiaçı Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar