Məhkəmə qərarları › İş №e-2(005)-2577/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2577/2025

30.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2577/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin indeksasiyası tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin indeksasiyası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,206 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş və xx.xx.2007-ci il təvəllüdlü oğlu X1 və xx.xx.2009-cu il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 110 manat alimentin tutulması qət edilmişdir. Nərimanov məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aylıq alimentin məbləği dəyişdirilərək hər bir uşaq üçün aylıq 140 manat müəyyən edilmişdir. Hazırkı vəziyyətdə aliment məbləğinin indeksasiyasının tətbiq edilməsi zərurəti yaranmışdır. Hesab edirik ki, ərizəçinin xx.xx.2009-cu il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aylıq 140 manat aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğində aliment təyin olunarkən onun nisbətinə uyğun qiymətləndirilməlidir. Belə ki, məhkəmənin 2017-ci ildə bir uşağa görə təyin etdiyi 140 manat aliment 2017- ci il üçün minimum əmək haqqının 1,206 mislini təşkil etmişdir (140:116=1,206). Məhkəmə iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, təqdim olunmuş iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləğinin indeksasiya edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin indeksasiyası qaydasını müəyyən edən 110-cu maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1 və 8.4-2-ci yarımbəndlər əlavə edilmişdir: 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1 və 232.3-cü maddələrinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, alimentin indeksasiyası ayrıca iddia icraatının predmeti ola bilməz və həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır (müvafiq yekun məhkəmə aktının icrası qaydasında). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, Məcəllənin 153.2.1-ci maddəsində əks olunmuş “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, yaxud iş məhkəməyə aid olsa da qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırkı tələbə müstəqil iddia ərizəsi əsasında baxılmalı olmadığından, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin: 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin indeksasiyası tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçı icra icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar