Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-259/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2335,71 manatın, ödədiyi 43,36 manat dövlət rüsumunun, cəmi 2379,07 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (Məhkəmə tərəfindən kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı-Quba yolunun 39-cu km.-də ona məxsus “Hyundai Elantra” markalı, ** GH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən cavabdehin təqsiri ucbatından yol nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində onun avtomobilinə ziyan dəymiş, hadisə yerinə DYP əməkdaşları gələrək, rəsmiləşdirmə aparmış və nəticədə hadisənin təqsirkarı cavabdeh müəyyən edilmişdir. Cavabdehin idarə etdiyi avtomobil "xxxx" ASC-də sığortalandığından ASC tərəfindən onun avtomobilinə dəyən zərər 4890 manat qiymətləndirilərək, ona 2554,29 manat ödənilmişdir. Hazırda isə cavabdehdən qalan məbləği tələb edir. Məhkəməyə müraciət etməmişdən əvvəl həmin məbləğin ödənilməsi ilə bağlı cavabdehin özünə müraciət etsə də, cavabdeh ona hər hansı məbləğ ödəməmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək iddiaçının avtomobilinə onun tələb etdiyindən daha az ziyan dəydiyini bildirdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən məlum olur ki, “Hyundai Elantra” markalı, ** GH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. İddiaçı tərəfindən ərizəsinə əlavə edilmiş "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə biləb halların təfərrüatları barədə" arayışla da müəyyən edilir ki, o, həqiqətən də həmin yol-nəqliyyat hadisəsi zamanı zərər çəkən şəxs olmuşdur. Yol nəqliyyat hadisəsi zamanı təqsiri müəyyən edilən və avtonəqliyyat vasitəsinin mülkiyyətçisi olan şəxs isə Cavabdehdur. Məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli, 9/9122 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus sözügedən avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4041 manatdır. Ödəniş tapşırığından görünür ki, iddiaçıya 2554,29 manat məbləğində pul köçürülmüşdür. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, yuxarıda təsvir olunan yol nəqliyyat hadisəsi zamanı cavabdeh həqiqətən də təqsirli olmuş, bunun nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Cavabdeh də bu halı mübahisələndirməyərək, yalnız dəymiş ziyanın məbləğinə etiraz edir ki, bununla bağlı da məhkəmə tərəfindən yuxarıda istinad olunan ekspert rəyi alınmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materialları əsas götürülməklə iddia qismən təmin edilməlidir. Belə ki, yuxarıda qeyd olunanlardan müəyyən olunduğu kimi cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği ekspert rəyində göstərildiyi kimi 4041 manat təşkil edir. Həmin məbləğin 2554,29 manatı "xxxx" ASC tərəfindən iddiaçıya ödənildiyindən hazırda yerdə qalan məbləğ-1486,71 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 115-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məsrəflərə ... ekspertlərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalı, həmçinin cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat da tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 1486,71 (bir min dörd yüz səksən altı, yetmiş bir) manat və dövlət rüsumunun əvəzi olaraq 43,36 manat İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh (Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-259/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-259/2023
28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver