Məhkəmə qərarları › İş №e-2(005)-2600/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2600/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2600/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş (açar sözlər: kredit borcunun ödənilməsi, cərimənin azaldılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2012-ci il tarixli 1xx/xx/5235/12 saylı kredit müqaviləsi üzrə cavabdehdən 210.24 (iki yüz on manat, 24 qəpik) manat məbləğində əsas borc, 44.36 (qırx dörd manat, 36 qəpik) manat məbləğində faiz borcu, 510.09 (beş yüz on manat, 06 qəpik) manat məbləğində cərimə borcu, 92.61 (doxsan iki manat 61 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 857.30 (səkkiz yüz əlli yeddi manat, 30 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 14 avqust 2012-ci il tarixli 1xx/xx/5235/12 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 639 (altı yüz otuz doqquz) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində CavabdehinBanka 210.24 (iki yüz on manat, 24 qəpik) manat məbləğində əsas borc, 44.36 (qırx dörd manat, 36 qəpik) manat məbləğində faiz borcu, 510.09 (beş yüz on manat, 06 qəpik) manat məbləğində cərimə borcu, 92.61 (doxsan iki manat 61 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 857.30 (səkkiz yüz əlli yeddi manat, 30 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. III. İşin faktiki halları: - X1 və Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “Toshiba” komputer və “Panasonic” telefon kredit formasında ümumi məbləğ 639 manat olmaqla, 24 ay müddətinə alıcı Cavabdeh satılmışdır. - Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı və Cavabdeh arasında bağlanmış 1xx/xx/5235/23 saylı 14 avqust 2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, məişət texnikasının alınması məqsədilə kreditor borc alana illik 25% olmaqla, 24 ay müddətinə 639 manat məbləğində pul – kredit vermişdir. - Ödəniş cədvəlindən görünür ki, kreditin məbləği – 639 manat, müddət 24 ay, faiz – 25%-dir, anniutet üzrə aylıq ödəniş 34,10 manatdır. - Hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh hesabına “kreditin verilməsi” təyinatı ilə xx.xx.2012-ci il tarixdə cəmi 639 manat daxil edilmişdir. - İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 1xx/xx/5235/23 saylı 14 avqust 2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 26 yanvar 2023-cü il tarixədək müqavilə üzrə əsas borcu 210 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 44,36 manat, cərimə borcu 510,09 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 92,61 manat, ümumi borc 857,30 manat təşkil edir. - Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən Cavabdeh ünvanlanmış 02 may 2018-ci il tarixli bildirişdən görünür ki, borcludan yaranmış 859,46 manat borcun 3 gün ərzində ödənilməsi xahiş olunmuşdur. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kreditin verilməsinə dair 1xx/xx/5235/23 saylı 14 avqust 2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, kreditor borc alana məişət texnikasının alınması məqsədilə illik 25% olmaqla, 24 ay müddətinə 639 manat məbləğində kredit vermişdir. İddiaçı kreditor müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və borcunu iddiaçıya ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Məhkəmə iddia tələbinin 510,09 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə tələb olunan tənasübsüz surətdə yüksək hesablanmış 510,09 manat məbləğində cərimənin 51 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Eyni zamanda iddia ərizəsi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddia tələbi üzrə cavabdehdən tutulmuş hissəsinə mütənasib olaraq 14 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2012-ci il tarixli 1xx/xx/5235/12 saylı kredit müqaviləsi üzrə 210.24 manat məbləğində əsas borc, 44.36 manat məbləğində faiz borcu, 51 manat məbləğində cərimə borcu, 92.61 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 398,21 manat məbləğində pul və 14 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilməlidir. VI. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2012-ci il tarixli 1xx/xx/5235/12 saylı kredit müqaviləsi üzrə 210,24 (iki yüz on manat, 24 qəpik) manat məbləğində əsas borc, 44,36 (qırx dörd manat, 36 qəpik) manat məbləğində faiz borcu, 51 (əlli bir) manat məbləğində cərimə borcu, 92,61 (doxsan iki manat 61 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 398,21 (üç yüz doxsan səkkiz manat iyirmi bir qəpik) manat məbləğində pul və 14 (on dörd) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar