Məhkəmə qərarları › İş №e-2(005)-262/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-262/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-262/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 36.615,24 manat - bundan 19.696,06 manat əsas, 12.586,05 manat faiz borcu, 4.333,13 manat cərimə borcu və 199,84 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və "xxxx" ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “X3” ASC arasında Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixində birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Bundan sonra, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, AK-180 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 mənzil alınması məqsədi ilə 239 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 23.803,30 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Həmçinin, birgə fəaliyyət haqqında müqavilənin 2.12-ci maddəsində qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borc alanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir. Həmin müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdir ki, bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə məsuliyyət daşıyırlar. Bank tərəfindən Cavabdeh2 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmuş və **********207 saylı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən **********218 saylı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-yə göndərilmiş, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Cavabdeh2 xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 36.615,24 manat təşkil edir. Bundan 19.696,06 manat əsas, 12.586,05 manat faiz borcu, 4.333,13 cərimə borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2010-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı “X2” MMC Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqait şosesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 61-ci blok, 34a saylı 1 otaqdan ibarət, ümumi sahəsi 49,72 kv.metr olan mənzili “alıcı” Cavabdeh2 satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 64965,76 manat təşkil edir; - “Texnikabank" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, AK- 180 nömrəli kredit müqaviləsi və ödəniş cədvəlinin surətindən görünür ki, borc verən İddiaçı ASC borc alan Cavabdeh2 239 ay müddətinə, illik 12% hesablanmaqla, 23803,3 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - İddiaçı ASC ilə “X3” ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin surətindən görünür ki, tərəflər “Şirkət” tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün “Şirkət”in inşa etdikləri mənzillərin satışının “Bank” tərəfindən kreditləşdiirlməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdəsinə götürürlər; - "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli xx.xx.2010-cu il tarixli müqaviləyə əlavənin surətindən görünür ki, tərəflər müqavilənin 2.6-cı bəndində “alıcının” sözünün “alıcısına” sözü ilə əvəz edilməsi, “adına order verilməsi üçün” sözlərinin çıxarılması, müqavilənin 2.7-ci bəndində “order əsasında” sözlərinin çıxarılması, müqavilənin 2.9-cu bəndində “dərhal mənzilin alıcısının adına order verilməsi” sözləri “mənzilin alıcısına verdiyi” sənədlər sözləri ilə əvəz edilməsi, müqavilənin 2.12-ci bəndinin birinci cümləsinin dəyişdirilməsi və aşağıdakı redaksiyada verilməsi barədə razılığa gəlmişdirlər: “Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda, “Bank” qeyd edilən pozuntu barədə dərhal “Şirkəti” məlumatlandırmalıdır. “Şirkət” məlumatlandırıldıqdan 30 iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə “Bank” ödənilməmiş krediti və ona hesablanmış faizləri “Şirkətin” bankda olan hesabından, ona xəbərdarlıq etməklə silir”; - Cavabdeh2 ünvanlana xəbərdarlıq məktubunun surətindən görünür ki, o, borcunun olması və ödənilməsi barədə xəbərdar edilmişdr; - "xxxx" ASC-yə ünvanlana xəbərdarlıq məktubunun surətindən görünür ki, o, borcunun olması və ödənilməsi barədə xəbərdar edilmişdir; - xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli AK-180 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 19,969,06 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcuna görə 12586,05 manat, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesabalnmış və tələb olunana cərimə borcuna görə 4333,13 manat olmaqla, ümumi borc 36615,24 manat təşkil edir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6737 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli AK-180 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur:xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 21141,84 manat, faiz borcu üzrə 12904,94 manat, xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 21141,84 manat, faiz borcu üzrə 13525,1 manat. Ekspertiza xərci 50 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh2 kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi "xxxx" ASC ilə bağlanmış xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin "xxxx" ASC borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icrası üçün cavabdehdir (2.12-ci bənd). Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tutulmasını məhkəmədən xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hüquq münasibətlərinin yarandığı zaman mövcud olan və iddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh2 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmışdır. Kredit müqaviləsinin bağlanması və İddiaçı ASC tərəfindən Cavabdeh2 239 ay müddətinə, illik 12 faiz olmaqla, 23803,3 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur. Digər cavabdeh "xxxx" ASC isə xx.xx.2010-cu il tarixində bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə cavabdeh – Cavabdeh2 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının digər cavabdeh - "xxxx" ASC-yə (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Belə ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda Bankın hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini Şirkət öz üzərinə götürür. Bu halda Şirkət borcalanın Bank qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləi kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. Şirkətin zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər Banka ödənilənə qədər qüvvədədir. Göründüyü kimi, Cavabdeh2 müqavilənin 2.12-ci bəndinin tələblərinə görə müəyyən olunmuş müddətlərdə borcunu ödəməmiş, öhdəliyini pozmuş, iddiaçının tələb etməsinə baxmayaraq öz öhdəliyini icra etməmişdir. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidirlər. Əsas və faiz borcunun məbləğinə gəlincə məhkəmə qeyd edir ki, iddiaçı əsas borca görə 19696,06 manat, faiz borcuna 12586,05 manat pul tələb etmişdir. Məhkəmə tərəfindən keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 21141,84 manat, faiz borcu üzrə 12904,94 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 21141,84 manat, faiz borcu üzrə 13525,1 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixində olmuş, iddiaçı tərəfindən Cavabdeh2 borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində yazılı xəbərdarlıq ünvanlanmışdır. Həmin tarixə isə faiz borcu ekspert rəyi ilə 12904,94 manat hesablanmışdır. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, əsas və faiz borcuna görə cavabdehlərdən iddia ərizəsində göstərilən məbləğlər, yəni əsas borca görə 19696,06 manat, faiz borcuna görə 12586,05 manat pul tutulmalıdır. Cərimənin ödənilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 19696,06 manat əsas borc, 12586,05 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 32782,11 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 199,84 manat pulun 180 manatı tutularaq LPO İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat pul cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən 19696,06 manat əsas borc, 12586,05 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 32782,11 (otuz iki min yeddi yüz səksən iki manat, on bir qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 199,84 manat pulun 180 (yüz səksən) manatı tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar