Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2646/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2021-ci il tarixli CP_RUR337900-01 saylı “Kart hesabı müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 28.457,67 (iyirmi səkkiz min dörd yüz əlli yeddi, 67) RUB məbləğində əsas borc, 17.430,32 (on yeddi min dörd yüz otuz, 32) RUB məbləğində cərimə, ümumilikdə isə 45.887,99 (qırx beş min səkkiz yüz səksən yeddi, 99) RUB məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında 24 dekabr 2021-ci il tarixli CP_RUR337900-01 saylı“Kart hesabı müqaviləsi” bağlanmış və həmin müqavilənin 1-ci bəndinə əsasən Bank tərəfindən Cavabdeh RUB valyutasında olan AZ17VTBA**********7900RUB001 nömrəli kart hesabı açılmışdır. Bundan sonra, Cavabdeh tərəfindən 27 fevral 2022-ci il tarixdə (həmin tarixdə RUB məzənnəsi 0,0163 AZN) RUB kartınından AZN ilə əməliyyatlar həyata keçirilmiş və bu əməliyyatların silinməsi 01 mart 2022-ci il tarixdə (həmin tarixdə RUB məzənnəsi 0,0130 AZN) icra olunduğu üçün məzənnə fərqindən onun texniki overdraft borcu yaranmışdır. Bununla əlaqədar olaraq, yaranmış texniki overdraft nəticəsində Cavabdeh Banka 28.457,67 (iyirmi səkkiz min dörd yüz əlli yeddi, 67) RUB məbləğində əsas borc, 17.430,32 (on yeddi min dörd yüz otuz, 32) RUB məbləğində cərimə, ümumilikdə isə 45.887,99 (qırx beş min səkkiz yüz səksən yeddi, 99) RUB məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış “Kart hesabı müqaviləsi”nin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək cavabdehin vəzifəsidir. “Kart hesabı müqaviləsi”nin 3.3.7-ci bəndinə görə kart hesabı üzrə ödəniş limiti çərçivəsində kart əməliyyatları aparmaq və kart hesabı üzrə texniki kart overdraftının yaranmasına yol verməmək cavabdehin vəzifəsinə aid edilmişdir. Texniki kart overdraftı yaranacağı təqdirdə isə texniki overdraftın yarandığı andan etibarən Banka olan borcu ödəmək cavabdeh öz öhdəsinə götürmüş, əks halda, cavabdehə Bankın tarifləri ilə nəzərdə tutulan miqdarda dəbbə pulunun hesablanması nəzərdə tutulmuşdur. Banklar arası kart mərkəzi üzərindən əməliyyatların aparılmasına dair kollektiv sazişinin 3-cü bəndində (əməliyyatların aparılması) əməliyyatların aparılmasının ardıcıllığı müəyyən olunmuşdur. Banklararası kart mərkəzi vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmaların aparılması məqsədilə klirinq fayları 30 (otuz) təqvim günündən gec olmayaraq banklar arası kart mərkəzinə ötürülə bilər. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 6-1.11-2-2022-14384 saylı məktubunda göstərilmişdir ki, klirinq fayları banklar arası kart mərkəzinə təqdim edildikdə həmin gün hesablaşmalar başa çatdırılır. Əməliyyatlar fərqli valyutalarda aparıldıqda, Sazişin 5.3 bəndinə uyğun olaraq Banklararası kart mərkəzində interçeync üzrə komissiyanın hesablanması zamanı konvertasiya əməliyyatlarında hesablaşmanın aparıldığı əməliyyat gününə Mərkəzi Bankın rəsmi məzənnəsi əsas götürülür. Bu isə əməliyyatın aparıldığı günün valyuta məzənnəsi ilə fərqli ola bilər. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında 24 dekabr 2021-ci il tarixli CP_RUR337900-01 saylı“Kart hesabı müqaviləsi” bağlanmış və həmin müqavilənin 1-ci bəndinə əsasən Bank tərəfindən Cavabdeh RUB valyutasında olan AZ17VTBA**********7900RUB001 nömrəli kart hesabı açılmışdır. Bundan sonra, Cavabdeh tərəfindən 27 fevral 2022-ci il tarixdə (həmin tarixdə RUB məzənnəsi 0,0163 AZN) RUB kartınından AZN ilə əməliyyatlar həyata keçirilmiş və bu əməliyyatların silinməsi 01 mart 2022-ci il tarixdə (həmin tarixdə RUB məzənnəsi 0,0130 AZN) icra olunduğu üçün məzənnə fərqindən onun texniki overdraft borcu yaranmışdır. Bununla əlaqədar olaraq, yaranmış texniki overdraft nəticəsində Cavabdeh Banka 28.457,67 (iyirmi səkkiz min dörd yüz əlli yeddi, 67) RUB məbləğində əsas borc, 17.430,32 (on yeddi min dörd yüz otuz, 32) RUB məbləğində cərimə, ümumilikdə isə 45.887,99 (qırx beş min səkkiz yüz səksən yeddi, 99) RUB məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcu nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən arayışı əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 28.457,67 RUB əsas borc, 17.430,32 RUB cərimə borcu olmaqla, ümumilikdə 45.887,99 RUB məbləğində pulun və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 28.457,67 RUB əsas borc, 17.430,32 RUB cərimə borcu olmaqla, ümumilikdə 45.887,99 RUB məbləğində pul (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2646/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2646/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver