Məhkəmə qərarları › İş №e-2(005)-2656/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2656/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2656/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı LPO QSC "xxxx" KB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO QSC "xxxx" KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı LPO QSC «Bank Standard” KB iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, QSC "xxxx" KB ilə X8 arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı kredit müqaviləsi üzrə cavabdehin hüquqi varisi X4 330.89 (üç yüz otuz manat, 89 qəpik) manat məbləğində əsas borc, 235.15 (iki yüz otuz beş manat, 15 qəpik) manat məbləğində faiz borcu, 298.11 (iki yüz doxsan səkkiz manat, 11 qəpik) manat məbləğində cərimə borcu, 128.30 (bir yüz iyirmi səkkiz manat 30 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 992.45 (doqquz yüz doxsan iki manat, 45 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə X8 (bundan sonra – Cavabdeh) arasında 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər (iddia ərizəsinə əlavə edilən) tərəflər arasında bağlanmış Kredit Müqaviləsi, Lənkəran rayon 1 saylı Notariat Ofisindən daxil olmuş xx.xx.2022-ci il tarixli 215 saylı məktubu, Elektron notariat X1 Çıxarış, 17 dekabr 2023-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışlardır. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 330.89 (üç yüz otuz manat, 89 qəpik) manat məbləğində əsas borc, 235.15 (iki yüz otuz beş manat, 15 qəpik) manat məbləğində faiz borcu, 298.11 (iki yüz doxsan səkkiz manat, 11 qəpik) manat məbləğində cərimə borcu, 128.30 (bir yüz iyirmi səkkiz manat 30 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 992.45 (doqquz yüz doxsan iki manat, 45 qəpik) manat məbləğində borcu qalmışdır. Bildirmək istəyirik ki, cavabdeh X8 xx.xx.2016-cı il tarixində vəfat etmiş, Lənkəran rayon 1 saylı Notariat Ofisindən daxil olmuş xx.xx.2022-ci il tarixli 215 saylı cavaba əsasən mərhum X7 aid Lənkəran rayon 1 saylı Notariat Ofisində 18 oktyabr 2018-ci il tarixdə 2 V-653 nömrəli reyestrlə təsdiq edilmiş Cavabdeh adına “Qanun üzrə Vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi qeyd edilmişdir. Həmçinin, məlum olmuşdur ki, X10 18 oktyabr 2018-ci il tarixində mərhum X3 miras qalmış ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qəbul etmişdir. Qanuni vərəsə qismində X10 müəyyən edilmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək QSC "xxxx" KB ilə X8 arasında bağlanmış 29 noyabr 2023-cü il tarixli 1xx/xx/50132/13 saylı kredit müqaviləsi üzrə cavabdehin hüquqi varisi Cavabdeh 330.89 manat məbləğində əsas borc, 235.15 manat məbləğində faiz borcu, 298.11 manat məbləğində cərimə borcu, 128.30 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 992.45 manat məbləğində pulun və QSC "xxxx" KB ilə X8 arasında bağlanmış 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı kredit müqaviləsi üzrə cavabdehin hüquqi varisi Cavabdeh 1161.21 manat məbləğində əsas borc, 1413.95 manat məbləğində faiz borcu, 930.47 manat məbləğində cərimə borcu, 319.04 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3824.67 manat məbləğində məbləğində pulun və 88.25 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-665/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) Cavabdeh qarşı pul tələbinə dair 2(049)- 665/2024 saylı mülki iş aidiyyəti üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin baxış iclasında iştirak etmiş iddiaçı LPO QSC "xxxx" KB-nin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə teleqramla müraciət edərək, həyat yoldaşının nə sağlığında, nə vəfatından sonra kredit borcunu ödəmədiyini, buna görə də, iddiaya xitam verilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları QSC "xxxx" KB ilə X8 arasında 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı Kredit Müqaviləsinə əsasən borcverən bank tərəfindən borcalan X7 36 ay müddətinə illik 26 % faiz hesablanmaqla 500 manat kredit verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, QSC "xxxx" KB ilə X8 arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranan əsas borcu 330 manat, faiz borcu 235.15 manat, 298.11 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 128.30 manat, ümumi borcu 992.45 manat təşkil edir. QSC "xxxx" KB ilə X8 arasında 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı Kredit Müqaviləsinə əsasən borcverən bank tərəfindən borcalan X7 36 ay müddətinə illik 25 % faiz hesablanmaqla 5000 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, QSC "xxxx" KB ilə X8 arasında bağlanmış 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranan əsas borcu 1161.21 manat, faiz borcu 1413.95 manat, 930.47 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 319.04 manat, ümumi borcu 3824.67 manat təşkil edir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, LPO QSC "xxxx" KB Cavabdeh həmin tarixə yaranan gecikdirilmiş borc məbləğini ödəməyi, əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll olunacağı ilə bağlı xəbərdar edilmişdir. “Elektron Notariat” X1 çıxarışdan müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş miras qoyan X6 vərəsəsi Cavabdehdır. Miras əmlak ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsidir. EMİS-dən əldə olunan məlumatlardan görünür ki, X8 ilə Cavabdeh birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X14 adlı yetkinlik yaşına çatmayan övladları var. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: LPO QSC "xxxx" KB ilə X8 arasında 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı Kredit Müqaviləsinə əsasən borcverən bank tərəfindən borcalan X7 36 ay müddətinə illik 26 % faiz hesablanmaqla 500 manat; 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı Kredit Müqaviləsinə əsasən isə 36 ay müddətinə illik 25 % faiz hesablanmaqla 5000 manat kredit verilmişdir. X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. “Elektron Notariat” X1 çıxarışa əsasən Cavabdeh X6 vərəsəsi olmasına dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə aldığı müəyyən olunmuşdur. Miras əmlak ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən ibarətdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmişdir... Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir...Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, borcalan X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh onun qanun üzrə vərəsəsi kimi tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, iş materialları ilə Cavabdeh mərhum borclu X6 vərəsəsi olması və miras əmlakı qəbul etməsi sübuta yetirildiyindən Cavabdeh mərhum borclunun kredit müqaviləsi üzrə borcunun ödənilməsinə görə məsuliyyət daşıyır. Məhkəmə vərəsənin borc müqaviləsi üzrə məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il Qərarında qeyd olunur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə onu qeyd edir ki, borclu X6 digər vərəsələri, yəni X11, X9 və X14 yetkinlik yaşına çatmayan şəxslər olsa da, onların qanuni nümayəndəsi - anası Cavabdehdır. Halbuki iddia ərizəsinin məzmununda iddiaçı mərhum borcalanın yeganə vərəsəsi kimi Cavabdeh göstərmiş, digər vərəsələri ümumiyyətlə qeyd etməmişdir. Digər vərəsələr yetkinlik yaşına çatmamış şəxslər olmaqla Cavabdeh himayəsində olsalar da, hüquqi nəticə etibarı ilə vərəsəlik payları onlara şəxsən məxsusdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh X6 yeganə vərəsəsi deyil və digər vərəsələrin qanuni nümayəndəsi kimi də iddiaçı tərəfindən işə cəlb edilməli idi. Digər vərəsələr barədə iddiaçı tərəfindən heç bir şifahi və yazılı məlumat verilmədiyi, bununla bağlı sonradan hər hansı vəsatətin olmadığı halda məhkəmənin öz təşəbbüsü ilə Cavabdeh digər vərəsələrin qanuni nümayəndəsi kimi cavabdeh olaraq işə cəlb etmək səlahiyyəti yoxdur. Buna görə də, məhkəmə məhz X6 vərəsəsi kimi Cavabdeh qarşı yönəlmiş olan hazırki iddia tələbinə baxır. Yuxarıda qeyd olunanlara və iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı müqavilə üzrə 330.89 məbləğində əsas borc, 235.15 manat məbləğində faiz borcun; 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı müqavilə üzrə 1161.21 manat məbləğində əsas borc və 1413.95 manat məbləğində faiz borcun tutulması hissəsində və həmin borc məbləği Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “gecikdirilmiş vaxt üçün hesablanan faiz borcun tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı Kredit Müqaviləsi 128.30 manat məbləğində, 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı Kredit Müqaviləsi üzrə isə 319.04 manat faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4498/2016 saylı qərarına əsasən iddiaçı Bank müflis elan edilmiş və iflas başlanılması və Əmanətlərin Sığortalanması Fondunun bankı ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Bu səbəbdən də illik 5% dərəcəsi ilə hesablama bu tarixədək aparıla bilər, 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı kredit müqaviləsi üzrə isə kredit müddəti xx.xx.2016-cı il tarixdə, 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə kredit müddəti bitmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən kredit müddətinin bitdiyi tarixlərdən sonra illik 5 faiz dərəcəsi ilə hesablamaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması tələbinin əsassız olduğunu şərtləndirir. Qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun tutulması hissəsində iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləği müvafiq olaraq azaldılmalı, 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı Kredit Müqaviləsi üzrə 10 manat, 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı Kredit Müqaviləsi üzrə isə 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzinin qaytarılmasını tələb etdiyindən iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı Kredit Müqaviləsi üzrə 330.89 manat məbləğində əsas borc, 235.15 faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 576,04 (beş yüz yetmiş altı manat, dörd qəpik) manat; 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı Kredit Müqaviləsi üzrə 1161.21 manat əsas borc, 1413.95 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, ümumilikdə 2595,16 (iki min beş yüz doxsan beş manat, on altı qəpik) manat borc məbləği və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı LPO QSC "xxxx" KB-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 noyabr 2013-cü il tarixli 1xx/xx/50132/13 saylı Kredit Müqaviləsi üzrə 330.89 manat məbləğində əsas borc, 235.15 faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 576,04 (beş yüz yetmiş altı manat, dörd qəpik) manat; 26 may 2014-cü il tarixli 1xx/xx/70838/14 saylı Kredit Müqaviləsi üzrə 1161.21 manat əsas borc, 1413.95 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, ümumilikdə 2595,16 (iki min beş yüz doxsan beş manat, on altı qəpik) manat borc məbləği və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı LPO QSC "xxxx" KB-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar