Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2680/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndələri X5 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bildirişin etibarsız sayılması və icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 16 fevral 2024-cü il tarixli, 997İK/24 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız sayılması və Nərimanov rayonu 38 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2778 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 sentyabr 2022-ci il tarixdə oğlu X3 ilə "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatı 36 ay müddətinə qaytarmaq şərti ilə 32000 manat məbləğində kredit götürülməsi məqsədilə müqavilə bağlamışdır. Bu müqavilənin təminatı olaraq onunla BOKT arasında 26 sentyabr 2022-ci il tarixdə 09/512-2022 saylı ipoteka müqaviləsi bağlanmış və bununla da ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 Prospekti, ev 48/54, mənzil 141 ünvanında yerləşən (Reyestr nömrəsi: **********283- 05***-*******, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016-cı il) mənzil BOKT "xxxx" MMC-də ipoteka (girov) ilə yüklü edilmişdir. İlk dövrlər kredit vəsaiti ödənilsə də, oğlunun maddi durumu pisləşmiş, həmçinin onun səhhətində ciddi pozuntular olduğundan kredit ödənişində gecikmələr olmuşdur. Bu yaxınlarda, daha dəqiq 20 may 2024-cü il tarixdə 38 saylı Notariat Kontorunda əldə etdiyi surət sənədlərindən anlamışlar ki, onun yüklü olan əmlakına tutmanın yönəldilməsi haqqında icra qeydi verilmiş və bununla bağlı Nərimanov İcra Şöbəsində icraat başlanılmışdır. Maraqlı şəxs olan BOKT ərizə ilə 38 saylı Notariat Ofisinə müraciət edərək ipoteka ilə yüklü edilmiş əmlakın icra qeydi ilə tutmanın yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli 8İ-2778 saylı icra qeydi verilmişdir. İcra qeydi barədə məlumatı Nərimanov rayon icra şöbəsindən əldə etmişlər. Daha sonra Notariusa yaxınlaşaraq icra qeydi ilə bağlı materialı tələb etsələr də, onlara yalnız surətlər təqdim edilmişdir və tərəflərindən müvafiq qanun pozuntularının aparılması aşkarlanmışdır. Notariusun icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir. Həmin qanun pozuntularını qeyd edirlər: 1. Borcun mübahisəsiz olduğunun araşdırılmaması; 2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icra qeydinin aparılacağı barədə bildirişin bank tərəfindən təqdim edilməməsi; 3. İcra qeydinin elektron qaydada verilməməsi; 4. İpoteka haqqında qanunun 36.4.1 və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin kobud pozulması. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin iş materialları ilə müəyyən olunur ki, notariat ofisi borcun ödənilməsi barədə ərizəçiyə yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və ipoteka müqaviləsinə əsaslanmaqla, həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir. Bundan başqa tələbkar borcu təsdiq edəcək maliyyə arayışını icra qeydinin verilməsinə dair ərizəyə əlavə etməmişdir. İcra qeydi və tutma bildirişindən də görünür ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 09/512-2022 saylı kredit müqaviləsi üzrə əsas borc 30228.41 manat, faiz borcu üzrə 10583.21 manat, dəbbə pulu 14701 manat, cəmi 55512.62 manat təşkil edir. Dəbbə pulunun və faizlərin hansı üsulla hesablanması da yoxlanılmamış və bununla da borcun süni surətdə artırılması halı baş vermişdir. Tələbkar borcluya müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada bildiriş göndərməli olduğu halda sadə ümumi əsaslarla bildiriş göndərməklə kifayətlənmişdir. Hətta həmin bildiriş ona və ya ailə üzvlərinə belə çatdırılmamışdır. Əgər həmin bildiriş barədə məlumatı olsaydı mütləq qaydada yaranmış borc öhdəliyini məhkəmə qaydasında mübahisələndirərdi. Bir daha vurğulayır ki, BOKTdan ona heç bir bildiriş gəlməyib. Halbuki, qanun birbaşa tələbkarın üzərinə qanunvericiliklə müəyyən edilmiş bildirişin göndərilməsi öhdəliyini qoymuşdur. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Notariat materialından görünür ki, guya bildiriş poçt vasitəsilə ona çatdırılmışdır. Halbuki, poçt qəbzində olan imza ona məxsus deyil. O, xəstədir və hazırda yeriməkdə də çətinlik çəkir. Sənədə imza etməsi belə yaxınlarının köməyi ilə baş verir. Hesab edir ki, bildirişin çatdırılması qəbzi saxtalaşdırılmışdır. Həmçinin bu qəbz saxta olmasaydı belə qanunvericiliklə müəyyən edilmiş müddətlər ötürülmüşdür ki, bu hal icra qeydinin aparılmasının davam etdirilməsinin qeyri mümkün edir. İcra qeydinin verilməsinə dair müraciət elektron qaydada təqdim edilməməsinə dair qanunvericiliyin və təlimatın tələblərinə əsasən icra qeydinin verilməsi ilə əlaqədar tələbkarın müraciəti fiziki şəxslər istisna olmaqla bütün hüquqi şəxslər və dövlət orqanları yalnız elektron qaydada həyata keçirməlidir. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Göründüyü kimi bu hissədə də tələbkar (hüquqi şəxs) tələskənliyə yol verərək icra qeydinin verilməsini elektron formada deyil yazılı qaydada şəxsən notariat orqanına təqdim etmişlər. Ona təqdim edilməyən bildiriş 19 fevral 2024-cü il tarixdə guya ona təqdim olunub, amma xx.xx.2024 tarixdə tutma bildirişinin qeydiyyata alınması ilə bağlı 1 saylı Ərazi İdarəsinə müraciət olunub. Bu prosedur qayda da pozulmuşdur. Məhkəmə tərəfindən X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, bildirişin göndərilməsi üçün 20 günlük müddət cavabdeh tərəfindən pozulmuşdur. İddiaçı qəbzə imza çəkməyib. İddiaçı özü xəstədir, hərəkət qabiliyyəti yoxdur. Belə olan halda iddiaçının qəbzə imza çəkməsi ağlabatan deyil. Ola bilər ki, iddiaçının əvəzindən başqa şəxs imza çəksin. Digər qanun pozuntuları da vardır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 bildirmişdir ki, onun icra qeydinin aparılmasından xəbəri olmamışdır. Heç bir sənədi imzalamamışdır. BOKT-un nümayəndəsinin onlara gəlmə səbəbi bildirişlə bağlı olmamışdır. Poçt qəbzində olan imza anasına məxsus deyil. Anası xəstədir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X8 bildirmişdir ki, iddiaçı bildirişi özü qəbul edib və imza çəkib. 1 ay əvvəl də bildiriş göndərilən zaman imza çəkilərək qəbul edilmişdi. O özü də iddiaçının ünvanında olmuşdur və onun sağlamlığında problemi yox idi. Borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdi. Hazırki iddia yalnız işi uzatmaq məqsədi daşıyır. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X6 bildirmişdir ki, iddiaçı bildirişi özü qəbul edib və imza çəkib. İcra qeydi tam qanunauyğun şəkildə aparılmışdır. İddiaçının da prosesdən xəbəri olmuşdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov Rayon İcra Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iclasda iştirak edən proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - BOKT "xxxx" MMC ilə X3 arasında bağlanmış 09/512-2022 saylı, xx.xx.2022-ci il tarixsli kredit müqaviləsinə əsasən MMC 36 ay müddətinə, illik 28 faiz şərti ilə 32000 manat məbləğində pulu X2 verməyi, X3 isə müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə pulu qaytarmağı öhdəsinə götürmüşdür; - “İpoteka Saxlayan” BOKT "xxxx" MMC, “İpoteka qoyan” İddiaçı və “Borc alan” X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 09/512-2022 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 48/54, 141 ünvanında yerləşən mənzili xx.xx.2022-ci il tarixli, 09/512-2022 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə “İpoteka Saxlayan”ın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 2.4-cü bəndinə görə ipoteka predmetinin dəyəri 170000 manat, likvid dəyəri 150000 manat müəyyənləşdirilmişdir; - İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, borcalan X3 və zamin İddiaçı kredit müqaviləsi üzrə öhdəliklər 21 gün ərzində icra edilmədiyi halda notariusun icra qeydi əsasında tutma yönəldiləcəyi barədə bildiriş göndərilmişdir; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinin BOKT "xxxx" MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixil məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 48/54, 141 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; - xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X1 xx.xx.2024-cü il tarixə BOKT "xxxx" MMC-yə olan borcu əsas borca görə 30228,41 manat, faiz borcuna görə 10583,21 manat, cərimə borcuna görə 14701 manat olmaqla, cəmi 55512,62 manat təşkil edir; - Bakı şəhəri 38 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2778 saylı icra qeydinin surətindən görünür ki, BOKT "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 48/54, mənzil 141 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi barədə qeyd aparılmışdır. Ödənilməmiş əsas borc 30228,41 manat, 10583,20 manat faiz borcu, 14701 manat dəbbə pulu olmaqla, tutulmalı məbləğ 55512,61 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borclu X3 ilə borc verən BOKT "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilənin təminatı olaraq bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 48/54, 141 ünvanında yerləşən mənzili "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmişdir. Öhdəliyin icrası gecikdirildiyindən ipoteka saxlayan "xxxx" BOKT MMC-nin müraciəti əsasında, notarus tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi verilmişdir. Hazırda iddiaçı ipotekaya tutma yönəldilməsi barədə icra qeydinin qanunvericilik tələblərinə uyğun şəkildə aparılmadığına, bildirişin göndərilmədiyinə əsaslanaraq mənzilə dair tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsini xahiş edir. İcra qeydlərinin aparılması əsasları və qaydaları “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın qeyd edilən bəndində həmçinin göstərilir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Hazırki iş üzrə iddiaçı-ipoteka qoyan, notariusun icra qeydi verilərkən qanunvericiliyin aşağıda qeyd edilən tələblərinin pozulduğunu iddia edir: 1. Borcun mübahisəsiz olduğunun araşdırılmaması; 2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icra qeydinin aparılacağı barədə bildirişin bank tərəfindən təqdim edilməməsi; 3. İcra qeydinin elektron qaydada verilməməsi; 4. “İpoteka haqqında” Qanunun 36.4.1 və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin kobud pozulması. İddiaçı tərəfindən mübahisələndirilən məsələlərdən biri olan icra qeydinin aparılacağı barədə bildirişin kredit təşkilatı tərəfindən ipoteka qoyana təqdim edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, notariat işinin materiallarından göründüyü kimi, xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildirişlər ipoteka qoyana və borcluya göndərilmişdir. Hazırki iş üzrə ipoteka müqaviləsində ipoteka qoyanın ünvanı kimi ünvan 5eyd edilmişdir. İpoteka saxlayan tərəfindən “Azari express” Sürətli Poçt Xidməti vasitəsilə borclu və ipoteka qoyanın ünvanına bidirişlər göndərilmişdir. Bildirişlərdən 740883 kodu ilə göndərilən bildiriş Mirzəyev Eldəniz, 740884 kodu ilə göndərilən bildiriş isə İddiaçı tərəfindən imzalanaraq xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Qəbzdə olan ünvan iddiaçıya məxsusdur, bu ünvanda kənar şəxslərin yaşaması ehtimalı azdır, qeydiyyatda olduğu ünvanda qəbzi başqa şəxsin imzalamasını sübuta yetirmək cavabdeh tərəfin deyil, ünvan sahibi olan iddiaçının üzərinə düşür. Eyni zamanda nəzərə alınmalıdır ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsində ipoteka müqaviləsi əsasında tutmanın ipotekaya yönəldilməsi barədə icra qeydinin aparılması üçün, başqa əsaslar üzrə yaranmış borcların tutulması qaydalarından fərqli qayda nəzərdə tutulmuşdur. Belə ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yəni ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydaları, “Notariat haqqında” Qanunun 76-cı maddəsində nəzərdə tutulmuş tənzimləmədən istisna təşkil edir. Bu qaydalar “İpoteka haqqında” Qanunun 36-cı maddəsi ilə tənzimlənir. Həmin normaya görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir (39.2-ci maddə). Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 36-cı maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin borcluya “çatdırılması”ndan bəhs olunmur və onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması barədə tələb nəzərdə tutulmamışdır. Qanunda ipoteka qoyana bildiriş göndərilməsi tələb olunur ki, həmin bildiriş də onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda da ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün təqdim olunmalı sənədlərin sırasında, “ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd” nəzərdə tutulmamışdır. Həmin Siyahının 1-1-ci bəndinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. İddiaçının borcun mübahisəli olması dəlili ilə bağlı qeyd olunmalıdır ki, icra qeydinin verilməsi üçün zəruri şərtlərdən biri - borcun mübahisəsiz olmasıdır. “Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci maddəsinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2-ci hissəsində borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər sadalanmışdır. Həmin sənədlərə a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı aiddir. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasını müəyyən edən “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin 7.3-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın hüquqlarından biri kimi göstərilmişdir. Həmin müqavilənin 7.1-ci maddəsində aylıq annuitet ödənişlərinin 60 gündən çox gecikdirilməsi və yaxud 12 ay ərzində 3 dəfədən çox gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verən hal kimi müəyyən edilmişdir. Müqavilənin 9.1-ci maddəsinə əsasən isə ipoteka saxlayanın bütün tələbi kredit və faiz borcları, cərimə faizləri, dəbbə pulu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi ilə əlaqədar yarana biləcək xərclər ipoteka predmeti olan əmlak hesabına ödənilir. Hazırki iş üzrə borcun 60 gündən çox müddətə gecikdirilməsi, borc 60 təqvim günü və daha çox müddətə gecikdirildiyi halda ipoteka predmetinə tutma yönəldiləcəyi barədə müqavilə şərtinin olması, bildirişin ipoteka qoyana göndərilməsi və ipotekaya tutmanın yönəldilməsi barədə 21 təqvim günü ərzində məhkəməyə şikayət etməməsi işin mübahisələndirilməyən hallarıdır. Eləcə də BOKT tərəfindən icra qeydi alınarkən yuxarıda qeyd edilən Siyahıda göstərilən sənədlər (müqavilənin əsli, maliyyə arayışı, bildirişin ipoteka qoyana göndərilməsini təsdiq edən sənəd və s.) təqdim edilmişdir. Göstərilənlər, mövcud qanunvericilik normaları baxımından borcun mübahisəsiz olduğunu təsdiq edən hallardır. Belə ki, “İpoteka haqqında” Qanunun 37.1 və 37.3-cü maddələrinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Maddənin məzmunundan göründüyü kimi, məhkəməyə şikayət etmək hüququna ipoteka qoyan və ipoteka predmeti üzərində hər hansı hüququ olan şəxs malikdir. Hazırki iş üzə ipoteka qoyan ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişi aldıqdan sonra 21 gün ərzində məhkəməyə şikayət verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hər bir halda tələbkar (ipoteka saxlayan) kredit təşkilatı tərəfindən iddiaçıya (ipoteka qoyana) və borcluya borcun ödənilməsi, eləcə də ipoteka predmetinə tutma yönəldiləcəyi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin onlara göndərildiyini təsdiq edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirərək icra qeydi vermişdir. İddiaçının digər dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 36.4.1-ci maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə davam edə bilməz. Hazırki iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" BOKT MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixil məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 48/54, 141 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Bildirişin müvafiq dövlət qurumunda qeydə alındığı nəzərə alınarsa, həmin bildirişin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas iş materiallarında mövcud deyildir. İddiaçının dəlilləri formal olmaqla qanuni şəkildə aparılmış bildirişin və icra qeydinin ləğvi üçün əsas ola bilməz. Həmçinin icra qeydinin verilməsinə dair müraciətin elektron qaydada təqdim edilməməsi ilə bağlı qeyd olunmalıdır ki, Təlimatın 161-ci hisəsinə əsasən, dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Nəzərə alınmalıdır ki, elektron qaydada müraciət edilibedilməməsi məsələnin texniki tərəfi olmaqla icra qeydinin aparılmasına mane olan hallar olmadığı təqdirdə, həmin icra qeydinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, icra qeydi aparılarkən qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı (Nərimanov Rayon İcra Şöbəsi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bildirişin etibarsız sayılması və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bildirişin etibarsız sayılması və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2680/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2680/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver