Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2699/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-ci il tarixində kredit müqaviləsi ödənilməli olan 300000 ABŞ dolları (510000 manat) məbləğində pul vəsaiti və eyni zamanda həmin vəsaitin gecikdirilmiş 1 illik müddət üçün 5 faiz (1 il üçün beş faiz olmaqla 510000x5/100=25.500) 25.500 manat olmaqla, ümumilikdə 204000 manat (cəmi: 714000 (yeddi yüz on dörd min) manat) məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-ci il tarixində kredit müqaviləsi bağlanmışdır və həmin müqavilə xx.xx.2016-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən təsdiq edilmişdir. Həmin müqavilə üzrə İddiaçı Cavabdeh 300000 ABŞ dolları (510000 manat) məbləğində borc pul vermişdir. Müqavilədə həmin borcun cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixinədək bütöv şəkildə ödənilməsi öhdəliyi müddəalarda öz əksini tapmışdır. xx.xx.2016-ci il tarixli kredit müqaviləsində göstərilən öhdəliyin son icra tarixindən, yəni xx.xx.2021-ci il tarixindən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh öhdəliyi icra etməmişdir. Belə ki, 28 fevral 2023-cü il tarixində İddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi ilə bağlı bildiriş xx.xx.2023-cü il tarixində cavabdehin ünvanına çatdırılmışdır. Buna baxmayaraq, hələ də cavabdeh borcunu ödəməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək tərəflər arasında kredit müqaviləsinin olmasının kredit məbləğinin verilməsi anlamına gəlmədiyini, iddiaçı tərəfindən kredit müqaviləsindən başqa heç bir sübut təqdim edilmədiyini və cavabdehin borc məbləğini iddiaçıdan almadığı üçün bu borcu qaytarmaq öhdəliyinin də yaranmadığını bildirərək iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları “borcverən” İddiaçı və “borcalan” Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin 1-ci bəndinə əsasən borcverən borcalana 300000 ABŞ dolları məbləğində borc verir; 2-ci bəndinə əsasən borcalan krediti xx.xx.2021-ci il tarixədək bütöv şəkildə olmaqla borcverənə qaytarmağı öhdəsinə götürür; 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər. xx.xx.2023-cü il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, borcun 20 gün ərzində ödənilmədiyi halda yaranmış borc məbləği barəsində notarusun icra qeydinin aparılacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı və Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən İddiaçıCavabdeh borc pul məbləği verir, Cavabdeh isə bu borc məbləğinin müqavilədə razılaşdırılmış vaxtədək ödəməyi öhdəsinə götürür. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh verdiyi borc məbləğinin, əsas borca görə hesablanmış faiz məbləğinin ondan tutulmasını tələb edir, Cavabdeh isə kredit müqaviləsinin predmeti olan borc məbləğini almadığını bildirir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı borc müqaviləsinin bağlanması mübahisələndirilmir, hər iki tərəf bu müqavilənin öz sərbəst iradələri ilə bağlandığını qeyd edir. Tərəf arasında mübahisə bu müqavilənin məzmunu ilə, yəni müqavilə bağlandıqdan sonra tərəflərin öz üzərlərinə götürdükləri hüquq və vəzifələrlə bağlıdır. Məhkəmə hesab edir ki, hazırda baxılan mübahisə borc müqaviləsindən irəli gəldiyindən məhkəmə tərəfindən tətbiq edilməli əsas hüquq normalarından biri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində əksini tapmış normadır. Həmin normanın məzmunundan aydın olur ki, borc müqaviləsinin bağlanması ilə müqavilənin tərəfləri aşağıdakı öhdəlikləri öz üzərlərinə götürürlər: - Borverən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. - Borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş üzrə məhkəmə tərəfindən araşdırılan sübutlar isə 1) tərəflər arasında bağlanmış kredit müqaviləsi 2) tərəflərin məhkəmə iclas zalında verdikləri izahatlardır. Məhkəmə sübutlarla bağlı qeyd edir ki, kredit müqaviləsi Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən məhz kreditin verilməsi öhdəliyi və bu kredit məbləğinin razılaşdırılmış müddətdə və qaydada qaytarılması öhdəliyi barədə tərəflərin qarşılıqlı razılığına əsasən bağlanmış ikitərəfli əqd, müqavilədir. Normanın mənasından da aydın olduğu kimi kredit müqaviləsi müqavilənin predmeti olan kredit məbləğinin verilməsini deyil, bu məbləğin verilməsi öhdəliyinin borcverən tərəfindən öz üzərinə götürüldüyünü təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin iddia ərizəsinə ilk münasibətini onun tərəfindən kredit müqaviələsinin predmeti olan kredit məbləğini almadığı barədə etirazları olmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinin əsaslılığına dair məhkəməyə təqdim olunmuş yeganə yazılı sübut kredit müqaviləsi və icra qeydinin aparılacağına dair cavabdehə ünvanlanmış xəbərdarlıq məktubu olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən kredit müqaviləsinin kreditin verilməsi faktını təsdiq etmədiyi nəzərə alınarsa, iddiaçı tərəfindən bu pul məbləğinin cavabdehə verildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Kredit müqaviləsi tərəflər arasında nisbi hüquq münasibətinin (hər iki tərəfin qarşılıqlı hüquq və vəzifələr daşıdığı münasibət) yaranmasına səbəb olan hüquqi fakt olmaqla, borcalanın müqavilə predmeti olan pul məbləğini qaytarmaq vəzifəsini borcverən tərəfindən bu məbləğin verilməsi ilə şərtləndirir. Yəni kredit məbləğinin borcalana verilmədiyi halda borcalanın bu məbləği qaytarmaq öhdəliyi də yaranmır. Borc məbləğinin verildiyini sübut etmək vəzifəsi mülki məhkəmə icraatının çəkişmə prinsipinə əsasən iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh verdiyini iddia etdiyi 300000 ABŞ dolları pulun qaytarılmasından ibarət tələbini əsaslandıran, pulun və vaxt, hansı yolla verilməsi faktının özünü təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. İddiaçının istinad etdiyi yeganə hal olan tərəflər arasında kredit müqaviləsinin bağlanmış olmasıdır. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi obyektiv həqiqət prinsipini deyil, formal həqiqət prinsipini əsas götürməkdədir; bu prinsipə əsasən, bir tərəfdən hakim yalnız tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır; başqa yandan isə hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirməsin. Formal həqiqət prinsipi belə əsaslandırılır ki, kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (publik) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür və nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir: yalnız tərəflər faktları (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan və məhkəmə tərəfindən araşdırılmış sübutlar tərəflər arasında borc pul məbləğinin alınması və qaytarılmasına dair öhdəliklərin tərəflərin öz üzərlərinə götürmələrini sübut edir, lakin öhəliyin icrasını, yəni borc məbləğinin verilməsini və bununla da qaytarılması öhdəliyinin yaranmasını sübut etmir. Mülki qanunvericiliyə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddiaçı isə məhkəməyə heç bir sübut təqdim edə bilmədiyindən hazırki iddia tələblərinin təmin edilməsi qanuni və ədalətli deyil. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı öz tələblərini əsaslanıran hər hansı sübut təqdim edə bilmədiyindən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2699/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2699/2023
20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver