Məhkəmə qərarları › İş №e-2(005)-2713/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2713/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2713/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********53 nömrəli kredit müqaviləsi üzrə 3171.62 manat əsas borc olmaqla, 3171.62 manat borc, xx.xx.2020-ci il tarixli BPM**********63 nömrəli X9 müqaviləsi üzrə 341.57 manat əsas borc olmaqla, 341.57 manat borcunun və ödənilmiş 55.14 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2022-ci il tarixli BPM**********53 nömrəli kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli BPM**********63 nömrəli X9 müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən X5 illik 22 %-lə, 48 ay müddətinə 3700 manat məbləğində kredit verilmiş və illik 24 %-lə, 36 ay müddətinə 500 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Elektron informasiya sistemindən əldə olunmuş məlumata əsasən, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 1 saylı Bakı Asan Xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh vərəsəlik işi açılmışdır. Bankın Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2022-ci il tarixli BPM**********53 nömrəli kredit müqaviləsi üzrə X4 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 3171.62 manat əsas borc olmaqla, 3171.62 manat borc, xx.xx.2020-ci il tarixli BPM**********63 nömrəli X9 müqaviləsi üzrə xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 341.57 manat əsas borc olmaqla, 341.57 manat borcu qalmışdır. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 55.14 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-8018/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********53 saylı kredit müqaviləsinə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən borc verən "xxxx" ASC borc alan X5 48 ay müddətinə, illik 22% hesablanmaqla 3700 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********53 saylı X9 müqaviləsinə əsasən Bank Müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, Müştərinin adına bank hesablarını açmağı, Müştəriyə Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15 000 manat məbləğinədək kreditdən istifadəyə görə illik 24 %-dək ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə Tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan İstifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixində vəfat etmişdir; - xx.xx.2022-ci il tarixli kassa məxaric orderinə əsasən "xxxx" ASC tərəfindən X5 1302,8 manat pul verilmişdir; - "xxxx" ASC-nin təqdim etdiyi X4 hesabından çıxarışa əsasən, o bank hesabı üzrə müvafiq xərcləmələr həyata keçirmişdir; - "xxxx" ASC-nin X4 vərəsəsi Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən o, miras qoyanın borcunun olması, onun 5 gün ərzində ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; - "xxxx" ASC-nin təqdim etdiyi maliyyə arayışına əsasən X4 xx.xx.2024-cü il tarixə xx.xx.2020-ci il tarixli müqavilə üzrə "xxxx" ASC-yə 341,57 manat əsas borcu yaranmışdır; - "xxxx" ASC-nin təqdim etdiyi maliyyə arayışına əsasən X4 xx.xx.2024-cü il tarixə xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" ASC-yə 3171,62 manat əsas borcu yaranmışdır; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 55,14 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 1 Saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin 1105 nömrəli xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 176/2023 nömrəli vərəsəlik işi ilə bağlı 1 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2023-cü il tarixdə reyestrdə 2V- 917,918 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr rəsmiləşdirilmişdir; - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD457675 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHDH41EBCU291937, mühərrikin nömrəsi G4NBBU923916 və buraxılış ili 2011-ci il olan Hyundai Elantra minik markalı, **-MN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir; Dövlət rüsumu haqda qəbzdən görünür ki, 55,14 manat məbləğində pul və 0,40 xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, miras qoyan ilə iddiaçı arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsi və X9 müqavilələrinə əsasən X1 illik 22 %-lə 48 ay müddətinə 3700 manat məbləğində kredit verməyi, eləcə də illik 24 %-lə, 36 ay müddətinə 500 manat məbləğində kredit limiti ayırmağı, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə “borcalan” olan X6 xx.xx.2023-cü il tarixində vəfat etmişdir və iş üzrə cavabdeh onun vərəsəsidir. Cavabdeh miras əmlak olan nəqliyyat vasitəsini qəbul edərək xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsi almışdır. Hazırda iddiaçı borclunun öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək mərhum X4 vərəsəsi Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3171.62 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 341.57 manat pulun məhkəmə qaydasında tutulmasını xahiş edir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin bağlanması və "xxxx" ASC tərəfindən miras qoyana illik 22 %-lə 48 ay müddətinə 3700 manat məbləğində pulun verilməsi və illik 24 %-lə,36 ay müddətinə 500 manat məbləğində kredit limitinin ayrılması yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, həmçinin hesabdan çıxarış, məxaric qəbzi ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğlər verilmiş, mərhum borcalan və onun vərəsəsi olan cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən iddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Vərəsələrin məsuliyyəti məsələsinə gəlincə qeyd edilməlidir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, o, miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyır. O da qeyd edilməlidir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (maddə 1307). Hazırki mülki işdə miras qoyanın borclarının miras əmlakdan çox olduğunu təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə, mərhum X6 tərəfindən öhdəlik icra edilmədiyindən iddiaçının miras qoyanın vərəsəsindən öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, borclu müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən Cavabdeh vərəsəsi olduğu miras qoyanın risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün miras həddində cavabdehdir və miras qoyanın öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 341,57 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3171,62 manat pulu iddiaçıya ödəməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 341,57 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 3171,62 manat məbləğində pul, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 55,54 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 341,57 (üç yüz qırx bir manat, əlli yeddi qəpik) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 3171,62 (üç min yüz yetmiş bir manat, altmış iki qəpik) manat məbləğində pul, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 55,54 (əlli beş manat, əlli dörd qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar