Məhkəmə qərarları › İş №e-2(005)-2722/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2722/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2722/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 994.31 manat əsas borc, 127.57 manat cari faiz borcu və 71.00 manat cari dəbbə borcu olmaqla, cəmi 1 192.88 manat kredit borcunun və 32.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 18 avqust 2023-cü il tarixli ACAM2-3793- 23264 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik 23% faizlə 12 ay müddətinə 1300.00 (bir min üç yüz) manat kredit verilmiş və kreditin aylıq 121.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 arasında 18 avqust 2023-cü il tarixli ACAM2-3793-23264+BAKU1- 76282 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 27 may 2024-cü il tarixinədək verilmiş kredit üzrə 994.31 manat əsas borc, 127.57 manat cari faiz borcu və 71.00 manat cari dəbbə borcu olmaqla, cəmi 1 192.88 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qəbul etdiyini, maddi problemləri olduğuna görə borcu vaxtında ödəməyə imkanı olmadığını, iddia tələbində qeyd olunan məbləği ödəməyə hazır olduğunu bildirdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, digər cavabdeh və iddiaçı məhkəmə iclaslarında iştirak etməmişlər. Eyni zamanda iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yazılı ərizə təqdim edərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasının və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ACAM2-3793-23264 saylı Kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh2 illik 23% faizlə 12 ay müddətinə 1300.00 manat kredit verilmiş, Cavabdeh2 müqavilədə müəyyən olunmuş müddətdə və qaydada borcunu ödəməyi öhdəsinə götürmüşdür. Kredit sazişinə əlavə olunan ödəniş qrafikinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 121 manat, sonuncu ay isə 125,23 manat ödənişlər etməli idi. xx.xx.2023-cü il tarixli ACAM2-3793-23264+BAKU1-76282 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. 01 may 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC Cavabdeh2 öhdəliyi icra etməyi, əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll olunacağı ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 "xxxx" MMC-yə 994,31 manat əsas, 127,57 manat faiz, 71 manat cərimə borcu olmaqla, cəmi 1192,88 manat borcu yaranmışdır. "xxxx" ASC-nin hesabdan çıxarışından müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 hesabına 1300 manat pul məbləği köçürülmüşdür. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2023-cü il tarixli 351243-CNS-44861 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh2, Cavabdeh1nın xx.xx.2022-ci il tarixli 351243-CNS-37900 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 5.068,77 manat məbləğində borcu illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda borcalanın kredit müqaviləsi üzə öhdəliklərinin icrasına təminat olaraq Cavabdeh1 və "xxxx" MMC arasında zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh2 müqavilə üzrə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüş və öhdəlikləri yerinə yetirmədiyindən banka borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Qeyd olunan faktları cavabdeh də məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, 994.31 manat əsas və 127.57 manat faiz borcun tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin borc məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, 71.00 manat cari dəbbə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış və tələb edilən dəbbə borcu 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan 1 192.88 manatın 1131,88 manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 32.40 manat dövlət rüsumunun 30 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 994.31 manat əsas, 127.57 manat faiz, 10 manat dəbbə pulu borcu olmaqla, cəmi 1131,88 manat borc pul məbləği və 30 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 994.31 manat əsas, 127.57 manat faiz, 10 manat dəbbə pulu borcu olmaqla, cəmi 1131,88 (bir min yüz otuz bir manat, səksən səkkiz qəpik) manat borc pul məbləği və 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar