Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2741/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndələri X9 və Vəkil2 (eyni zamanda vəkili) iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində yaranmış pulun və təmirə çəkilmiş xərcin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 29.500 (iyirmi doqquz min beş yüz) manatın, həmçinin ödədiyi dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, qətnamənin nəticə hissəsində cavabdeh tərəfindən həmin məbləğin ona ödənilməsi ilə onun həmin evdən çıxarılmasının eyni vaxtda icra edilməsinin göstərilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli e-2(005)-1337/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası tənm edilərək, onun, həyat yoldaşı X2 və oğlu X13 ünvan 1ndə yerləşən 3 saylı evdən çıxarılması qərara alınmışdır. Cavabdeh onun keçmiş qudasıdır. Onun oğlu ilə cavabdehin qızı bir-birlərini bəyənmiş və evlənmək istəmişlər. Onlar da oğlunun xoşbəxtliyi üçün onların bu qərarını dəstəkləmişlər. 2012-ci ilə qədər onlar Salyan rayonunda yaşamışlar. Nişan ərəfəsində qudası onlara təklif etmişdir ki, bəlkə elə onlar da oğlanlarını evləndirib Bakıya köçsünlər və birlikdə yaşasınlar. Qudası həmçinin bildirmişdir ki çox ucuz və sərfəli qiymətə elə onların yaşadığı Nərimanov rayonunda uşaqlara ev alsınlar və kirayədə yaşamasınlar. Həmin vaxt onların maddi imkanı ev almağa çatmadığından aralarındakı razılaşmaya görə cavabdeh mübahisəli evi 2012-ci ilin yay ayında 17.000 manata almış və onlar həmin evə köçərək orada yaşamağa başlamışlar. Aralarındakı razılıq bundan ibarət olmuşdur ki o, cavabdehin evə görə ödədiyi pulu ona tam qaytardıqdan sonra cavabdeh evin sənədlərini onun adına keçirəcək. Həmin ərəfədə onun əlində az pul olduğundan o, maklerə 150 manat, cavabdehə isə ilkin olaraq 2100 manat vermiş, qalan pulu isə hissə-hissə qaytaracağını bildirmişdir. 2017-ci ilə qədər o, cavabdehə 13100 manatı hissə-hissə qaytarmşdır. Borcunu ödəmək üçün Salyandakı evini də satmışdır. Pulların çox hissəsini də məhz cavabdehin qızı-keçmiş gəlininə vermiş, o da anasına vermişdir. 2018-ci ildə cavabdeh yaşadıqları evi təmir etdirmək istədiklərini, ustaların təmirə 2000 manatdan çox pul istədiklərini bildirmiş, o isə təklif etmişdir ki, 1500 manata o təmiri edə bilər və cavabdeh razılaşmışdır. Cavabdehin qardaşı oğlu və bacısının yeznəsi ilə birlikdə onun evini təmir etmişlər və cavabdeh ona olan borcundan təmirə görə 1500 manat çıxdığını bildirmişdir. Mübahisəli ev alınanda cəmi 1 otaq və qarşısında balaca mətbəx olmaqla, sahəsi təxminən 48 kv.m olardı. O, 2014-cü ildə həmin evi sökərək yerində 2 yataq otağı, 1 qonaq otağı və 1 mətbəx tikmiş, təmir etmişdir. Hazırda evin sahəsi 96 kv.m-ə yaxındır. Bütün bunlara isə 12650 manat xərci çıxmışdır. O, özü usta olduğundan tikintinin çox hissəsini özü həyata keçirmiş, bu işdə ona qonşu, oğlunun dostları kömək etmişdir, bəzi işlərin görülməsinə isə fəhlə bazarından bir neçə fəhlə çağırmışdır. O, cavabdehdən həmin evin sənədlərini onun adına keçirməsini tələb etdikdə, cavabdeh evin çıxarışı olmadığı üçün sənədləşməni edə bilməyəcəyini bildirmişdir. Onun həmin pulları verməsi ilə bağlı telefon danışıqları da var ki, onların köçürüldüyü disk də iddia ərizəsinə əlavə edilmişdir. Mübahisəli evdə həmişə o, həyat yoldaşı, oğlu və gəlini yaşamış, cavabdeh heç vaxt həmin evdə yaşamamış, həmişə özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 45 A, mənzil 37-də yaşamışdır. Son illər cavabdehin qızı ilə oğlunun münasibətləri pisləşdiyindən və nikahları pozulduğundan cavabdeh onlardan evi boşaltmağı tələb etmiş, o isə cavabdehə demişdir ki, gətirib pullarını ödəsin, o da evdən çıxsın. Lakin cavabdeh onun evə görə çəkdiyi xərcləri ödəmədən onu məhkəməyə vermiş və məhkəmə tərəfindən də yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Hesab edir ki, alınması, sökülüb yerində daha böyük ev tikilməsi və təmiri ilə birlikdə ona 29500 manata başa gələn evdən onun çıxarılması qərara alındığından və həmin ev cavabdehə qaldığından, bununla da cavabdeh onun hesabına həmin məbləğdə əsassız yerə varlandığından həmin məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır. Onun cavabdehdən tələb etdiyi məbləğ mübahisəli evlə bağlı olduğundan, cavabdehdən fərqli olaraq, onun başqa evi olmadığından, qətnamənin nəticə hissəsində cavabdeh tərəfindən həmin məbləğin ona ödənilməsi ilə onun həmin evdən çıxarılmasının eyni vaxtda icra edilməsi göstərilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, o, uşaqlıqdan ömürlük gözdən 1 qrup əlildir (əlillik haqqında arayışın surəti təqdim olunur). Uzun illər ərzində əllilik pensiyasını toplayıb xx.xx.2012-ci il tarixində hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 3 saylı evi almışdır. Evin texniki pasportunun əsli itdiyi üçün evin sahibi Sədəf Həmzəyeva ilə alqı-satqı müqaviləsi imzalamışlar, lakin notariat kontorunda təsdiq etdirə bilməmişlər (texniki pasportun surəti əlavə olunur). Evin texniki pasportunun əslinin itməsi ilə bağlı Respublika qəzetinin xx.xx.2012-ci il tarixli buraxılışında elan vermişdir (qəzetin elan hissəsindən çıxarış əlavə olunur). Evin sahibi Sədəf Həmzəyeva xx.xx.2012-ci il tarixində iltizam yazaraq evi ona satdığını bildirmiş və ona 50 il müddətinə baş etibarnamə vermişdir (“Evin alqı-satqı müqaviləsi”, evin sahibinin iltizamı və ona verdiyi etibarnamə əlavə olunurlar). 2012-ci ildə evə dair Bakı şəhəri Nərimanov İcra Hakimiyyətinin Nərimanov rayon MKTB 55 saylı MKİS tərəfindən “X36 küçəsi ev 3 X1 evinin sxemi” tərtib edilmiş və möhürlə təsdiq edilmişdir (sxem əlavə olunur). Evin bütün kommunal xidmətlərinə dair müqavilələr onun adınadır. Evdə o və oğlu qeydiyyatda olsalar da, qızı X18 qeydiyyatda yoxdur. Lakin evdə qızı öz ailəsi (iddiaçının oğlu, sonradan isə qudaları) ilə birgə yaşamışdır (2021-ci il tarixli yaşayış yerindən arayışın surəti əlavə olunur). İddiaçı onun keçmiş qudası, qızı Günayın qaynatasıdır. Qızı xx.xx.2013-cü il tarixində iddiaçının oğlu X23 ilə ailə qurmuşdur. Birgə nikahdan İlkin adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh X23 ailəsi ilə Salyan rayonu Qarabağlı kəndindən yaşadığı üçün və Bakı şəhərində yaşamağa yeri olmadığı üçün ona öz evində yaşamağa icazə vermişdir. İlkin anadan olandan sonra qudaları, qızının qayınatası - İddiaçı və qayınanası - X5 nəvələrini görmək üçün tez-tez Bakı şəhərinə gəlməyə başladılar. Bakıda yaşamağa yerləri olmadıqları üçün Bakıya gələndə ona məxsus evdə qalırdılar. Lakin onlar orda qalanda qızının ailəsinə müdaxilə edirdilər və bu səbəbdən də, evdə tez-tez mübahisələr olurdu. Bu mübahisələrin dözülməz hala çatması səbəbindən qızı Günay 2019-cu ildə 1 dəfə sirkə turşusu, 2 dəfə isə dərmanlar qəbul edərək intihara cəhd etmişdir (epikrizlər əlavə olunurlar). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-260/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim G.Əsədova) iddiaçının oğlu X23 ilə qızı arasında bağlanmış nikahın pozulması, uşağın anasının yanında saxlanması və uşağın saxlanılması hər ay 175 (bir yüz yetmiş beş) manat sabit məbləğdə aliment tutulması qət edilmişdir. Nikah pozulandan sonra iddiaçı və onun ailə üzvləri qızını evdən qovmuşlar. Onların evdən çıxarılması üçün o, Bakı şəhəri Nərimanov Rayonu 17 saylı Polis Şöbəsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 17 saylı PŞ tərəfindən cavabdehlər AR İXM-nin 563.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilsə də, bunun da heç bir nəticəsi olmamışdır (Bakı şəhəri Nərimanov RPİ-nin 17 saylı PŞ-nin xx.xx.2020-ci il tarixli məktubunun surəti əlavə olunur). Bakı şəhəri Nərimanov rayon 55 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışına əsasən X23, İddiaçı və X5 ünvan 2 ünvanında qeydiyyatsız yaşayırlar. Evin sahibi xx.xx.2012-ci il tarixindən qeydiyyatda olan Cavabdehdır (Bakı şəhəri Nərimanov rayon 55 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışın surəti əlavə olunur). İddiaçı və onun ailəsi qanunsuz olaraq onu yaşadığı evdən mərhum etdikləri, əllilik pensiyası ilə əziyyətlə aldığı evə sahiblik və istifadə hüquqlarını pozduqları üçün o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmiş və hazırkı etiraza əlavə etdiyi sənədlərin əsillərini məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1337/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun cavabdehlər İddiaçı, X5 və X19 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddiası təmin edilmiş, X23, İddiaçı və X2 ona məxsus Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxarılması qət edilmişdir (qətnamənin surəti əlavə olunur). Həmin qətnamədən sonra İddiaçı ona qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsassız olması ilə bağlı qeyd etmək istəyir ki, iddia ərizəsində yazılanlar həqiqəti əks etdirmir, iddiaçının uydurmasıdır və hər hansı hüquqi əsası yoxdur. Belə ki, iddiaçı qeyd edir ki, guya aralarında olan razılaşmaya görə iddiaçı ona məxsus mübahisəli Bakı şəhəri Nərimanov rayonu. X.R.Ulutürk küçəsindəki 3 nömrəli evi 17000 manata ondan almalı, ödənişləri tam ödədikdən sonra o, evi onun adına keçirməlidir. Bildirir ki, iddiaçı ilə hər hansı razılaşmaları olmamışdır, bu iddiaçının uydurmasıdır. Mübahisəli evin sənədləri olmadığı üçün o, evin alqı-satqı müqaviləsini notariat qaydada təsdiq etdirə bilməmişdir. Lakin evin sahibindən iltizam və evlə bağlı baş etibarnamə almışdır. İddiaçı o zaman qudası kimi bu proseslərdə iştirak etmiş və gözdən əlil olduğu üçün yanında olmuşdur. Əgər iddiaçı ilə belə bir razılaşmaları olsaydı, öz aralarında müvafiq ilkin müqavilə bağlaya bilərdilər, və ya digər yazılı formada bu razılaşmanı qeyd edərdilər. İddiaçı ilə belə bir razılaşmaları olmadığı üçün aralarında hər hansı sənəd imzalamamışlar. İddiaçı istənilən dəlil uydura bilər, lakin bunu sübut etmək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür. Bundan başqa, iddiaçı öz ərizəsində qeyd edir ki, guya 150 manat maklerə, 2100 manat ona, 2017-ci ilədək ona 13100 manat pul vermişdir. Məhkəməyə bildirir ki, iddiaçının bu dəlili də digəri kimi əsassızdır. Çünki alqı-satqı müqaviləsi onunla bağlanmışdır və iddiaçı da oğlu ilə birlikdə şahid kimi həmin müqaviləni imzalamışlar. Əgər bu zaman iddiaçı 150 manat maklerə və 2100 manat evin pulunu vermiş olsaydı, onda müqavilə iddiaçının adına bağlanardı və müqavilə üzrə hissə-hissə ödəniş olardı. Digər tərəfdən, iddiaçı əgər ona pul versəydi, bunun yazılı qəbzini tələb edərdi və o da, təbii ki, verməli idi, çünki gözdən əlil olsa da sənədləşmə işlərinə çox həssasdır. Lakin belə bir hal olmamış, bu iddiaçının növbəti əsassız uydurmasıdır. Evin təmiri ilə bağlı, həqiqətən ev təmir olunmuş, lakin bütün mal materialın pulunu o ödəmişdir. İddiaçı həmin pullarla malmaterial almış və evi təmir etmişdir. Evin təmiri ilə bağlı iddiaçı ilə aralarında hər hansı danışıq olmamışdır. İddiaçı qeyd edir ki, pullarla bağlı disk və şahidlərin ifadələri mövcuddur, lakin həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, onlara dair münasibət bildirə bilmir. Yeganə onu bildirmək istəyir ki, “evdən çıxarılmaya dair” işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən iddiaçı hazırkı iddia ərizəsində qeyd edilənləri bildirsə də, məhkəməyə hər hansı disk təqdim edə bilməmişdir. Həmin məhkəməyə şahid qismində qonşular dəvət olunmuşlar və onlar bildirmişlər ki, mübahisəli evdə onu görməmişlər, həmin evdə iddiaçını və onun ailə üzvlərini və onun qızını görmüşlər. Həmçinin evin təmir olunduğunu da təsdiq etmişlər. Məhkəməyə bildirir ki, bu faktları o da etiraf edir, həqiqətən həmin evdə o yaşamamışdır, evi qızı üçün almış və orada qızı öz ailəsi ilə yaşamışdır. Sonradan qudaları-iddiaçı və arvadı onun razılığı ilə həmin evə köçmüşlər. Evin iddiaçı tərəfindən təmir edildiyini də inkar etmir, çünki iddiaçı usta olduğu üçün evin təmirində köməklik göstərmiş, lakin bütün xərcləri o ödəmişdir. Beləliklə, məhkəməyə dəvət olunan şahidlər onun qeyd etdiyi faktları təsdiq etmişlər, işin mahiyyəti ilə bağlı heç nə deyə bilməmişlər. Qeyd olunan məsələlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1337/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Məhkəmədə şahid qismində ifadə verən, evin əvvəlki sahibi Qocayeva Sevincin əri Qocayev Nəbi məhkəmədə bildirmişdir ki, evi ona satıblar, evin pulunu ondan alıblar, başqa şəxslərdən pul almayıblar. Bu qətnamədə öz təsdiqini tapmışdır. Əlavə olaraq onu məhkəməyə bildirir ki, iddiaçının özünə məxsus olmayan bir ev üçün 29500 manat pul xərcləməsi real deyildir. O, gözdən əlil, köməksiz, yaşlı və xəstə qadın ev üçün ödədiyi 18600 ABŞ dolları üçün alqı-satqı müqaviləsi, iltizam, etibarnamə və s. sənədlər tərtib etdirmiş, bütün bunlar iddiaçının yanında olub, lakin 29500 manat pul xərcləyən iddiaçı bir dənə belə sənəd tərtib etməmişdir. Bütün bunlar onu göstərir ki, iddiaçının öz ərizəsində qeyd etdiyi dəlillər əsassızdır və təmin oluna bilməz. Göründüyü kimi, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək imkanı yoxdur. Əksinə, hazırkı etiraza əlavə olunan sənədlərlə etirazda istinad olunan hallar tam sübuta yetirilir. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi X18 iddia tələbini etiraf etmədi, etirazda qeyd edilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi, etirazda qeyd edilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, o, X7 əridir. X3 ilə birlikdə evi Cavabdeh satmışlar, amma neçəyə satdıqlarını xatırlamır. Ev satılan zaman yaşayış üçün yararlı olmuşdur. Əvvəllər həmin evdə arvadının bibisi yaşamışdır. Ev giriş və iki otaqdan ibarət olmuşdur. Orada əlavə otaq olmayıb. Sadəcə üç divardan ibarət tikili kimi bir yer var idi, hansı ki üstü açıq idi, amma kənar divarları vardı. Həmin tikiliyə otaq demək olmazdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, iddiaçı onun qonşusudur. Özü X.R.Ulutürk küçəsi ev 9B ünvanında qeydiyyatdadır, 42-ci ildir ki, həmin ünvanda yaşayır. Mübahisəli ev alınanda evə bənzəmirdi, tövləyə oxşayırdı. İddiaçı evi aldıqdan sonra tikib təmir etmişdir. Belə ki, iddiaçı özü ustadır. Ev yararsız vəziyyətdə olmuş, iddiaçı ustalarla birlikdə evi yenidən tikmişdir. Sonra oğlunu evləndirmiş, lakin oğlunun ailəsi dağılmışdır. İddiaçı ilə münasibətləri yaxşıdır. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının keçmiş gəlininin anasını tanımır, heç vaxt mübahisəli evdə görməmişdir. Gəlinini həmin evə gəlib gedəndə görüb. Belə ki, gəlini maşını ilə işə gedirdi. Bir uşaqları dünyaya gəlmişdir.Cavad müəllimdən qabaq həmin evdə bir ləzgi qadın yyaşaırdı. əri də həbsdə idi. Həmin qadını bir qızı vardı, Qəbələli bir oğlanla ailə qurmuşdu. Amma onlar da heç həmin ünvanda yaşamadılar. Cavad müəllim həmin evdə fəhlələrlə işləyirdi, ora pis gündə olub. İddiaçı oranı yenidən tikib qurub. Adi usta evin tikintisinə elə ürək yandırmazdı. Özü gecələr daşı daşıyırdı. Deyirdi ki evi oğlumu evləndirəcəm, ona görə almışam. Onun evi ilə iddiaçının evi arasında bir ev var. Həmin yerdə ünvanlar sıra ilə müəyyənləşməyib. Onun evi yolun kənarındadır. Həmin evi əvvəllər qonşu qadının əri rəhmətə gedəndə görmüşdü. Yoldan keçəndə də evi kənardan görürdü ki, ev pis gündədir. Evin təmiri üçün xərclərin kimin tərəfindən aparılmasını bilmir. Evin əvvəllər neçə otaqlı olmasından məlumatı yoxdur. İddiaçı həyəti təmiz dağıdıb yenidən ev tikmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, iddiaçı onun qonşusudur. Özü 1992-ci ildən X.R.Ulutürk küçəsi ev 3B ünvanında yaşayır. Qonşuluqda qəzalı tikili olmuş, iddiaçı oranı sökərək ev tikmişdir. Həmin yerə ev demək olmazdı, uçuq yer idi. Həmin evlə aralarında bir divar vardı. Öz həyətlərindən baxanda həyətdə taxtadan ibarət bir tikili görünürdü.İddiaçıdan əvvəl həmin tikilidə kimin yaşadığını bilmir. İddiaçı özü usta kimi işləmişdir. Zülfiyyə xanımı tanımır. Əvvəllər məhkəmədə şahid olanda görmüşdü. Hazırda həmin yerdə tikilmiş yeni evi görür, lakin evə gediş-gəlişi yoxdur. Cavad müəllimin ailəsini həmin uçuq ev sökülüb yerində yenisi tikiləndən sonra ailəsi ilə yaşadığını görüb. Lakin evin tikilməsi üçün materiallara kim xərc çəkib bilmir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 noyabr 2020-ci il tarixli qərardan görünür ki, X2 və X20 qarşılıqlı şikayətləri əsasında toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X2 və X20 inzibati qaydada məsuliyyətə cəlb edilmələrini təmin etmək məqsədilə qəbul edilmiş qərarın surətinin Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin rəisinə təqdim edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-260/2021 №-li 25 yanvar 2021-ci il tarixli qətnaməsinə əsasən X23 ilə X26 arasında 18 iyun 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində 445 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 28 mart 2013-cü il təvəllüdlü X16 X20 yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X11 hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq X22 verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1337/2022 №-li 25 aprel 2022ci il tarixli qətnaməsinə əsasən X13, İddiaçı və X2 Cavabdeh məxsus Bakı şəhəri Nərimanov rayonu X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5549/2022 №-li 09 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1337/2022 №-li 25 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7785/2021 №-li 05 oktyabr 2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 45a, 37 saylı mənzildən üçüncü şəxs X13 qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə dair 1983cü il tarixli pasportun surətindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu X.R.Ulutürk küçəsi ünvanında yerləşən 3 saylı evin mülkiyyətçisi X12 olmuşdur. X12 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli yazılı iltizamdan müəyyən olunur ki, o, Bakı şəhəri Nərimanov rayonu X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evi 18600 ABŞ dollarına Cavabdeh xx.xx.2012-ci il tarixdə öz razılığı və təşəbbüsü ilə satmışdır. Aralarında qalan 500 manat pul qalığı həmin ünvanda qeydiyyatda olan X14 həmin ünvandan qeydiyyatdan çıxdıqdan sonra ödəniləcəkdir. Evin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X14 Bakı şəhəri Nərimanov rayonu X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evi xx.xx.2012-ci il tarixdə 18600 ABŞ dollarına Cavabdeh satmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışdan müəyyən olunur ki, X12 adına olan evin texniki pasportunun tapılması barədə Bakı Şəhəri Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. xx.xx.2012-ci il tarixli etibarnamədən müəyyən olunur ki, X12 ünvan 4 ünvanında yaşayan Cavabdeh onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə şərtlər müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı etibar etmişdir. Bakı şəhəri Nərimanov İcra Hakimiyyətinin Nərimanov rayon MKTB 55 saylı MKİS tərəfindən tətib olunmuş sxemdən görünür ki, “X36 küçəsi ev 3 X1 evinin sxemi” tərtib edilmiş və möhürlə təsdiq edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nərimanov Rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısından müəyyən olunur ki, ünvan 5 ünvanı üzrə abonent Cavabdeh olmuş və ödənişlər onun tərəfindən edilmişdir. 55 saylı MKİS tərəfindən verilmiş 022851 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu X.R.Ulutürk küçəsi ev 3 ünvanında X23, onun atası İddiaçı, anası X5 qeydiyyatsız yaşayır. Cavabdeh isə ev sahibi olmaqla xx.xx.2012-ci il tarixdən həmin ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, cavabdehin Bakı şəhəri Nərimanov rayonu X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evi 2012-ci ilin yay ayında 17.000 manata alması, aralarındakı razılığa əsasən evin pulunu cavabdehə tam qaytardıqdan sonra sonuncunun evin sənədlərini iddiaçının adına keçirəcəyi ilə bağlı aralarında razılıq olması, maklerə 150 manat, cavabdehə isə ilkin olaraq 2100 manat, 2017-ci ilə qədər hissə-hissə olmaqla 13100 manat qaytarması, 2018ci ildə mübahisəli evi təmir etməsi və ümumilikdə təmirə 12650 manat məbləğində pul vəsaitinin xərcləməsini, cavabdehdən evin sənədlərini onun adına keçirməsini tələb etdikdə, sonuncunun evin çıxarışı olmadığı üçün sənədləşməni edə bilməyəcəyi, nəticədə Cavabdeh əsassız varlanması ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində göstərdiyi halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu X.R.Ulutürk küçəsində yerləşən 3 saylı ev Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə 18600 ABŞ dollarına X6 alınmış, cavabdeh xx.xx.2012-ci il tarixdən həmin ünvanda pasport qeydiyyatındadır. İddiaçının oğlu X23 ilə cavabdehin qızı Qaracayeva (Əzizova) Günay Adil qızı birgə nikahda olduqları müddətdə Bakı şəhəri Nərimanov rayonu X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdə yaşayaraq birgə təsərrüfat idarə etmiş, iddiaçı və arvadı X5 da cavabdehin razılığı ilə həmin mənzilə köçərək orada yaşamışlar. X4 ilə qızı Qaracayeva (Əzizova) Günay Adil qızının ailə münasibətləri pisləşmiş və aralarındakı nikah pozulmuşdur. Bundan sonra cavabdeh iddiaçının və ailə üzvlərinin özünə məxsus evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. Eyni zamanda, cavabdeh tərəf iddiaya etirazında həqiqətən evin təmir olunduğunu, lakin bütün mal-materialın pulunu özü ödədiyini, iddiaçının isə onun verdiyi pullarla malmaterial alıb evi təmir etdiyini, evin təmiri ilə bağlı iddiaçı ilə aralarında hər hansı danışıq olmadığını, evi qızı üçün aldığını və orada qızının öz ailəsi ilə yaşadığını, qudaları-iddiaçı və onun arvadının onun razılığı ilə həmin evə köçdüyünü, sonradan iddiaçının oğlu ilə qızının nikahı pozulduğundan, iddiaçının, X13 və X2 mübahisəli mənzildən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini və məhkəmə qətnamələrinə əsasən iddiasının təmin edildiyini bildirmişdir. Bundan başqa, iddiaçının izahatından görünür ki, o, evi təmir etməsini özü cavabdehə təklif etmiş, sonuncu da bu təkliflə razılaşmışdır. Məhkəmə baxışı zamanı iddiaçının evi təmir etməsi üçün 1500 manat usta xərcinin evi almasına görə cavabdehə olan borcundan çıxılması barədə sonuncu ilə razılığa gəlməsi halı da öz təsdiqini tapmamışdır. Məhkəmə, iddiaçının evin alınması üçün pulların çox hissəsini cavabdehin qızı-keçmiş gəlininə verməsi ilə bağlı iddiaçının dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən CD disk dinlənilmiş və iddiaçı ilə Qaracayeva (Əzizova) Günay Adil qızı arasındakı telefon danışıqları zamanı iddiaçının mübahisəli evin alınması üçün Qaracayeva (Əzizova) Günay Adil qızına hər hansı məbləğdə pul verməsi, sonuncunun həmin pulları iddiaçıdan almasını təsdiq etməsi müəyyən edilməmişdir. Əksinə həmin danışıqlar zamanı iddiaçı tərəfindən yönləndirici suallar verilməklə, həmin sullara təsdiqedici cavabların verilməsinə cəhd etmişdir. Bununla belə həmin CD diskdəki səs yazısı hazırki mübahisəli halın təsdiqlənməsi üçün hər hansı qənaətə gəlməyə imkan vermir. Мəhkəmə şahid ifadələrinə hüquqi qiymət verərək qeyd edir ki, həmin ifadələr işin məhkəmə iclasında araşdırılan digər halları ilə üst-üstə düşmür, həmçinin məhkəmə, şahidlərin iddiaçı ilə tanışlıq əlaqəsində olmasını nəzərə alaraq, həmin ifadələri iddiaçının tələbinin əsaslılığını göstərən sübut mənbəyi kimi qəbul etmir. Digər tərəfdən də iddiaçı tərəfindən təqdim edilən şahid ifadələri ilə evin alqı-satqısı zamanı tərəflərin arasındakı danışıqların nədən ibarət olması, eyni zamanda evin təmiri üçün çəkilən xərclərin məhz iddiaçı tərəfindən qarşılanması müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə edərək əsassız varlanması sübuta yetirilmədiyindən, bununla da İddiaçı iddiasının hüquqi əsası olmadığına görə onun Cavabdeh qarşı irəli sürdüyü hazırkı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində yaranmış pulun və təmirə çəkilmiş xərcin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2741/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2741/2022
29.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver