Məhkəmə qərarları › İş №e-2(005)-2758/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2758/2023

17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2758/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1722.81 məbləğində dəymiş zərərin əvəzi, 37,30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1760,11 manat məbləğində pul vəsaitinin İddiaçı MTK-nın xeyrinə Cavabdeh tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 8 noyabr prospekti, 15 ünvanında yerləşən binaya İddiaçı MTK xidmət göstərir. xx.xx.2023-cü il tarixdə 8 noyabr prospekti, 15 ünvanında yerləşən binanın 3-cü blokunda yerləşən liftin idarəetmə lövhəsində mövcud olan qurğulara qəsdli şəkildə Cavabdeh tərəfindən zərər yetirilmişdir. Nəticədə liftin idarəetmə lövhəsi mexanikizədə almış və sakinlərin istifadəsi üçün tam yararsız hala düşmüşdür. Binanın digər sakinlərinin liftdən istifadəsini bərpa etmək məqsədilə dərhal xarab olmuş detallar yenisi ilə əvəz olunaraq liftin istifadəsi bərpa edilmişdir. "xxxx" MMC tərəfindən liftə təmir-bərpa xidməti göstərilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən verilən qiymət təklifinə əsasən liftin təmir xidməti üçün dəyərin 1722.81 manat məbləğində olması müəyyən edilmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək, "xxxx" MTK-nən çevrilmə yolu ilə yenidən təşkil edildiyini və "xxxx" MMC-nin yarandığını bildirərək 1722.81 manat məbləğində dəymiş zərərin əvəzi, 37,30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1760,11 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə Cavabdeh tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək etirazında bildirmişdir ki, cavabdeh "xxxx" MTK tərəfindən inşa olunan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 3-cü blok. 14-cü mərtəbəsində yerləşən 103 saylı mənzilin sakinidir və qeyd edilən ünvanda yaşayır. Sözügedən bina 09 fevral 2007-ci ildə təsis edilmiş "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmişdir. Binanın tikintisi çoxdan tam başa çatmış və 2016-cı ildə binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə onların mülkiyyət hüquqlarını qeydə alınmasına dair çıxarışlar verilmişdir. Başqa sözlə, 2016-cı ildə həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələri üzrə mülkiyyət hüquqları "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinə (sahə mülkiyyətçilərinə) keçmişdir. Buna baxmayaraq, bina "xxxx" MTK-ya faktiki sahiblik edən şəxsin göstərişinə əsasən müxtəlif şirkətlər tərəfindən qanunsuz idarə edilmişdir. Belə ki, həmin bina 2022-ci ilin 31 dekabr tarixinədək "xxxx" MMC tərəfindən (sonradan adı dəyişdirilərək "xxxx" MMC olmuşdur), xx.xx.2023-cü il tarixdən isə İddiaçı MTK tərəfindən qanunsuz idarə edilməyə başlanmışdır. Qeyd edilən şirkətlərin binanı idarə etmək üçün heç bir səlahiyyəti olmamış, binadakı mənzil mülkiyyətçilərinin ümumi yığıncağı çağırılmamış və onlar tərəfindən hər hansı qərarlar qəbul edilməmişdir. Yalnız özünü binanın faktiki sahibi hesab edən şəxsin istəyinə və göstərişinə əsasən onun təyin etdiyi şirkətlər tərəfindən qanunsuz idarə edilmişdir və hazırda da bu davam etdirilir. Bina sakinlərindən qanunsuz olaraq kommunal ödəniş adı altında pullar yığılır. Həmin ödənişləri etməyən mənzillərin sakinlərinin liftdən istifadələrinə qadağalar qoyulur və bu hala sakinlər binanın 14-cü, 15-ci mərtəbəsinə piyada qalxmaq məcburiyyətində qalır. Həmçinin, mənzillərə verilmiş istilik sistemləri də dayandırılır. Binanın liftindən cavabdehin də istifadəsinə dəfələrlə məhdudiyyət qoyulmuşdur. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi və 3-cü şəxslərə müraciət edərək binanın saxlanması üçün çəkilən xərclər barədə məlumat verilməsini, binanın saxlanmasında öz payına uyğun iştirak etmək istədiyini bildirməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin məlumatlar təqdim edilməmiş və əsassız olaraq sakinlərdən mənzilin hər kvadratmetrinə görə 1.30 manat xidmət haqqı tələb edilmişdir. 2023-cü ildən yanvar ayından isə "Güvenli-Servis Ménagement” MTK qanunsuz olaraq binanı idarə etməyə başlamışdır. "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması və sair tələblərlə bağlı Xətai Rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin xx.xx.2023-cu il tarixli və xx.xx.2023-cü il tarixli e-16(011)-391/2023 saylı qərardadları ilə cavabdehin faktiki yaşadığı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15, X1 3-cü blokunda yerləşən 103 saylı mənzildən istifadəyə məhdudiyyət qoyulmasına yönəlmiş hərəkətlər, o cümlədən də liftlərdən istifadə etmək üçün kartlara məhdudiyyətin qoyulması, işıq, su və istilik təchizatının mənzilə daxil olmasına maneələrin yaradılması cavabdeh "xxxx" MTK, üçüncü şəxslər: “Azure Management" MMC, İddiaçı MTK və digər şəxslərə qadağan edilmişdir. Lakin buna baxmayaraq İddiaçı MTK tərəfindən həmin məhkəmə qərardadları qərəzli şəkildə icra edilməyərək mənzilə qalxmaq üçün liftdən istifadəyə qoyulan məhdudiyyət saxlanılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə cavabdehin sağ körpücük sümüyün çıxığına görə əməliyyat olunaraq sağ çiyninə implant qoyulmuşdur. O, xx.xx.2023-cü il tarixdə qol və çiyin nahiyəsi sarıqlı vəziyyətdə həkim müayinəsindən gəlib yaşadığı mənzilə qalxmaq istəyərkən liftdən istifadəyə qoyulan məhdudiyyətin hələ də aradan qaldırılmadığını müəyyən etdikdən sonra, blokda mühafizəni həyata keçirən şəxsə mənzilə qalxmaq üçün kart oxuyucusuna kartı vurmasını xahiş etsə də, mühafizəçi tərəfindən ona İddiaçı MTK-nın rəhbərliyi tərəfindən liftdən istifadənin qadağan olunduğunu, ona görə də yaşadığı 14-cü mərtəbəyə pilləkənlər vasitəsi ilə qalxa biləcəyini bildirmişdir. Cavabdeh məhkəmə qərardadı ilə liftdən istifadəyə qoyulmuş qadağanın aradan qaldırıldığını nəzərə alaraq mənzilə qalxmaq üçün qanunsuz quraşdırılmış lift kartını çıxartmışdır. Lakin, ondan sonra da liftdən istifadə etmək mümkün olmamış və isti yay günündə xəstə halda, 14-cü mərtəbəyə pilləkənlə çıxmaq məcburiyyətində qalmışdır. Bundan sonra iddiaçı yenə də binanın liftinə qoyulan məhdudiyyəti aradan qaldırmamışdır. Yalnız Xətai Rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən polislərin iştirakı ilə məcburi icra tədbirləri həyata keçirilərək mütəxəssis dəvət edilərək liftdən istifadəyə qoyulmuş məhdudiyyət xx.xx.2023-cü il tarixdə aradan qaldırılmışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddia ərizəsi tamamilə əsassızdır. Bundan əlavə, ümumiyyətlə İddiaçı MTK-nın sözügedən binanı idarə etməsi qanunsuzdur. Digər tərəfdən, qanunsuz quraşdırılan qurğunun yenidən bərpa edilərək qanunsuz hərəkətin davam etdirilməsi üçün xərclənən vəsait qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçıya dəymiş zərər hesab edilə bilməz. Yəni ki, qanunsuz fəaliyyətə sərf olunan vəsait zərər deyildir. Bundan başqa, yuxarıda da qeyd edilən maddədən də (maddə 35) göründüyü kimi lift bina sahə mülkiyyətçilərinin ümumi mülkiyyətidir. Liftlə bağlı dəymiş zərəri (əgər varsa) tələb etmək hüququ da məhz bina mülkiyyətçilərinə məxsusdur. Belə olan halda, iddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüquqa da malik deyildir. Bu fakt özü-özlüyündə iddia tələbinin rədd edilməsi üçün müstəqil əsasdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə liftin təmiri üçün tələb olunan xərcin iddiaçı tərəfindən ödənildiyini bildirərək, iddia tələbində qeyd olunan zərər məbləğinin cavabdehdən tutulmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim etdiyi yazılı etiraz ərizəsinə uyğun izahat verərək, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət emək hüququnun olmadığını bildirdi və iddia tələblərinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları 01 sentyabr 2022-ci il tarixli HM-C02-220901-0/6 saylı xidmət müqaviləsi üzrə qiymət razılaşma protokolundan görünür ki, “Azure Residence” yaşayış kompleksində və “Yeni hayat” Plazada liftlərin kart sistemində aylıq texniki xidmət göstərilməsinə dair "xxxx" MTK və "xxxx" MMC arasında müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Nəsirov Sərxan, Məhərrəmov Nizami və Maşov Əhməd bu aktı tərtib edirlər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə saat 23:40 radələrində Xətai r., 8 Noyabr pr., Blok 3, Mənzil 103-ün sakini Cavabdeh, Xətai r., Noyabr pr. 15 ünvanında yerləşən “Azure Residence” yaşayış kompleksinin 3-cü blokunun liftinə daxil olaraq liftin kart oxuma mexanizmini qəsdən sındıraraq əmlaka qəsdən zərər vuraraq ərazini tərk etmişdir. Bundan sonra binada yaşayan sakinlər liftdən istifadə də bilməmiş və çoxsaylı narazılıqlar yaranmışdır. xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, 843,59 manat dəyərində ZKTeko EC-kontroller, 106,42 manat dəyərində kart oxuyucu, 510 manat dəyərində quraşdırma və proqram təminatının yeri qurğuya yüklənəsi xidməti üçün cəmi 1722,81 manat dəyərində işin görülməsi sifarişçi Güvenli servis tərəfindən icrası "xxxx" MMC-yə təklif olunmuşdur. xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı MTK tərəfindən "xxxx" MMC-yə avans olaraq 262,8 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MTK tərəfindən "xxxx" MMC-yə 1460,01 manat ödəniş etmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Cavabdeh "xxxx" MTK tərəfindən inşa olunan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 3-cü blok. 14-cü mərtəbəsində yerləşən 103 saylı mənzilin sakinidir və qeyd edilən ünvanda yaşayır. xx.xx.2023-cü il tarixdə Cavabdeh, Xətai r., Noyabr pr. 15 ünvanında yerləşən “Azure Residence” yaşayış kompleksinin 3-cü blokunun liftinin kart oxuma mexanizminə zərər vurmuşdur. Bu zərərin aradan qaldırılması üçün İddiaçı MMC "xxxx" MMC-yə müraciət etmiş və aralarında olan razılığa əsasən "xxxx" MMC-yə cəmi 1722,81 manat ödəniş edilmişdir. Hazırda İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin məbləğin zərəri vurmuş Cavabdeh tutulmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin : 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitartexniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 122.1.1-ci maddəsinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqları sırasına daxidir; 123.0.4-cü maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri sırasına daxildir. 132.2.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti çoxmənzilli binanın daşınmaz əmlakına xidmət, onun istismarı, təmiri növündə təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı MMC-ni hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, mənzilin yerləşdiyi binada heç bir sahəyə və ya əmlaka iddiaçının hüquqları və bu əmlaklara texniki xidmət göstərilməsi kimi vəzifələri yoxdur. Bu səbəbdən də binada yerləşən liftə texniki xidmət göstərilməsi, liftin təmir edilməsi üçün çəkilmiş xərcin ödənilməsi barədə iddianı tələb hüququ olmayan şəxs - İddiaçı MMC verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmaması əsası ilə onun bu iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar