Məhkəmə qərarları › İş №e-2(005)-2759/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2759/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2759/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC -nin Cavabdeh qarşı “borcun ödənilməsi” qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun ödənilməsi” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Tələb:

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə 256.45 AZN əsas, 18.75 AZN cərimə, 51.29 AZN fazi borcu, cəmi 326.49 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İF/05303 saylı kredit müqaviləsinə əsasən, 12 ay müddətli, 400 AZN məbləğində illik 36% olmaqla kredit verilmişdir. Verilən kreditin təminatı kimi xx.xx.2019-cu il tarixli girov müqaviləsinə əsasən cavabdehə məxsus kombi aksesuarları girov qoyulmuşdur. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş barədə dəfələrlə şifahi, o cümlədən xx.xx.2023-cü il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəmir. Hazırda cavabdehin 256.45 AZN əsas, 18.75 AZN cərimə, 51.29 AZN fazi borcu, cəmi 326.49 AZN borcu qalmışdır. Tərəflərin iştirakı və izahatlar:

3. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Lakin iddiaçının nümayəndəsi EMİS vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materialları:

5. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 09 avqust 2019-cu il tarixli № 05303 saylı müqavilədən görünür ki, “Kredit verən” “Kredit alan”a 12 ay müddətinə, 400 AZN məbləğində illik 36% olmaqla kredit verməyi, “Kredit alan” isə aldığı krediti qəbul edib müəyyən olunan qaydada istifadə edib qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.

6. 24.05.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli İF/05303 saylı kredit müqaviləsi üzrə 256.45 AZN əsas, 18.75 AZN cərimə, 51.29 AZN fazi borcu, cəmi 326.49 AZN borcu yaranmışdır.

7. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcun 3 (üç) gün müddətində banka ödənilməsini təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İşin faktiki halları:

8. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMCilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İF/05303 saylı kredit müqaviləsinə əsasən, 12 ay müddətli, 400 AZN məbləğində illik 36% olmaqla kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin qiymətləndirməsi:

11. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır.

12. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

13. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir.

14. Məhkəmə iddiaçı tərəfindən borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən cavabdehin iddiaçıya olan borcunu əks etdirən sübutları əsas götürüb, hesab edir ki, iddia tələbi əsas və cərimə borcuna aid hissədə əsaslı olduğundan iddia həmin hissədə təmin edilməlidir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

16. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 51,29 manat əldən çıxmış fayda hissəsini qismən əsaslı hesab edərək, həmin hissədə iddia tələbinin qismən, yəni 38,4 manat məbləğində (illik 5% 12,80 manat x 3 il =38,4) təmin edilməsini qanunauyğun hesab edir.

17. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 256,45 manat əsas, 18,75 manat cərimə və illik 5 faizlə hesablanmış 38,4 manat faiz borcu olmaqla, cəmi 313,6 manat borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri:

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

20. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 09 avqust 2019-cu il tarixli, 05303 saylı müqavilə üzrə 256,45 manat əsas, 18,75 manat cərimə və illik 5 faizlə hesablanmış 38,4 manat faiz borcu olmaqla, cəmi 313,6 manat borc və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar