Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2764/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4203,90 (dörd min iki yüz üç manat 90 qəpik) manat məbləğində zərərin və 62,04 (altmış iki manat 04 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4265,94 (dörd min iki yüz altmış beş manat 94 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AKX-00262xx/xx-2018 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********20000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X6”nın tələblərinə əməl etmək) və “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X6nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4665,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə olunub). Cavabdeh həmin zərərdən 461,70 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gazrep üzrə ümum 4203,90 (dörd min iki yüz üç manat 90 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin rədd edilməsini və “Təbii X6nın pozulması” haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğv edilərək, hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, bir müddət əvvəl qazdan istifadəyə görə böyük məbləğdə borcunun olduğu məlum olmuşdur. Bu səbəbdən “Azəriqaz" İB-yə nə qədər borcun olması və borcun nəyə əsasən hesablanmasına dair ərizə ilə müraciət etmişdir. Uzun süründürməçilikdən sonra cavab verilmişdir ki, mənzilə sayğacsız təbii qazdan istifadə olunması aşkar edilmiş və “Təbii X6nın pozulması" haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həyət evində yaşayırlar və kommunal xətlər qarışıq çəkilmişdir. Evə heç bir kənar xətt çəkilməmişdir. İddiaçı İB-nin əməkdaşları yalandan bir deyişdə görünən boru və klapan şəkli təqdim etmiş, guya ki bu onun evidi. “Təbii X6nın pozulması” haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt qanuna müvafiq formada tərtib edilməmişdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı İB ilə ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında xx.xx.2018-ci ildə müqavilə bağlanılmışdır. İş materiallarında olan Təbii X6nın pozulması haqqında ******* saylı 15 dekabr 2022ci il tarixli aktın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. İş materiallarında olan abonentin saldosundan görünür ki, Cavabdeh (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, ev 37B; abonent kodu: **********20000) 2022-ci ilin dekabr ayına İddiaçınə 2332,80 manat borcu vardır. İş materiallarında olan İddiaçı İB-nin 30 dekabr 2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə cəmi 38880 kubmetr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Cavabdeh (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, ev 37B; abonent kodu: **********20000) 2023-cü ilin aprel ayına İddiaçınə 2332,80 manat borcu vardır. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş, “X6”nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, tərəflər arasında qazın alqı-satqısı ilə bağlı müqavilənin bağlandığı və iddiaçının cavabdehi qaz ilə təmin etdiyi və bununla bağlı xidmətləri göstərdiyi işin mübahisəsiz halıdır. Hazırda tərəflər arasındakı mübahisə “X6”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşularaq qanunsuz təbii qazdan istifadəyə görə hesablanmış borcla bağlıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri, yəni istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamasını sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu səbəbdən yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Bu səbəbdən iddiaçının əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir. Cavabdeh etirazında Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsində yerləşən 37B saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə daimi əsaslarla yaşadığını bildirsə də, bir müddət həmin evdə təmir işləri getməsi səbəbindən yaşayış olmadığını qeyd edir. Lakin həmin etirazlarının dəlillərini təsdiq edən heç bir sübut təqdim etmir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müvafiq müqaviləyə əsasən cavabdehə məxsus ev iddiaçı tərəfindən təbii qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla iddiaçıya **********20000 nömrəli abonent kodu verilmişdir. Abonentin saldosuna əsasən həmin fərdi yaşayış evində təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsinin (PQ-4), 1 ədəd samovar və 1 ədəd qızdırıcı radiatorun istifadə edildiyi göstərilmişdir. Qeyd edilənlər öz növbəsində hər ay təbii qazdan istifadə edildiyini təsdiq edir. İddiaçının əməkdaşları tərəfindən həmin evdə olan qaz sayğacına xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində ümumilikdə 38.880 m³ həcmində ziyanın vurulması əsası ilə eyni tarixli akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən 4665,60 manat məbləğində maddi ziyan dəyməsi müəyyən olunmuş, həmin məbləğdən cavabdeh tərəfindən 461,70 manat ödənildiyi üçün 4203,90 manat pulun iddiaçıdan tutulması barədə qərar qəbul edilmişdir. Aktda abonentin qapını açmadığı göstərilmişdir. Lakin mövcud vəziyyətdə həmin akt birbaşa olaraq iddiaçının təbii qazdan qaz xəttindən kənar istifadə etməsini təsdiq etmir, belə bir qənaətə gəlmək üçün yalnız bu aktların mövcudluğu kifayət deyil. Məhkəmə o halı da nəzərə alır ki, baxış zamanı iddiaçının əməkdaşları tərəfindən fotoşəkillər, video görüntü də çəkilmişdir. Cavabdeh fotoşəkillərdə əks olunmuş görüntülərdə hər hansı pozuntunun olmadığını bildirir. Bu fotoşəkillərdən və video görüntüdən qaz xəttindən başqa bir xəttin ayrıldığı açıq və aşkar görünür. Fotoşəkillərdə əks olunmuş qaz sayğacının tipi və nömrəsi iddiaçıya aid abonent saldosunda əks olunmuş sayğac barədə məlumatlarla eynilik təşkil edir. Hər bir halda, cavabdehə məxsus tikilidə qanunsuz xətt aşkar edilmişdir (cavabdeh fotoşəkillərdə əks etdirilmiş tikilinin onlara məxsus olduğunu qəbul edir, lakin iddiaçı tərəfin təqdim etdiyi fotoşəkillərdəki görüntünün nə olduğunu anlamadığını, özünün daha sonra çəkdiyi fotoşəkillərdə belə görünütünün olmadığını bildirir) Qeyd edilənlər də öz növbəsində fotoşəkillərdə əks olunmuş kənar xəttin cavabdehə aid olduğunu təsdiq edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh iddia tələbinə etirazında haqlı olmamışdır. Cavabdeh tərəfindən şəbəkəyə qanunsuz qoşulması və təbii qazdan sayğacdan kənar istifadə etməsi aktdan başqa, iş materiallarında olan sənədlərlə, o cümlədən abonentin saldosu və fotoşəkillərlə tam sübuta yetir. Başqa sözlə, cavabdeh sayğacdan kənar xətt çəkmiş və təbii qazdan məhz həmin xətt üzrə istifadə etmiş və onun təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti) nəticəsində iddiaçıya maddi zərər vurmuşdur. Başqa sözlə, cavabdeh təbii qazdan sayğacdan kənar istifadə etmiş, onun bu təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti) nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur və həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə aktda və akt əsasında qəbul edilmiş qərarda göstərilmiş müddətlə razılaşır, lakin aparılmış hesablama, yəni vurulmuş maddi zərərin məbləği ilə razılaşmır və müddətlə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh zərər məbləğini 360 gün əvvəli əhatə etməklə hesablayır. Məhkəmə aktda göstərilən müddəti qanunsuz qoşulma müddəti kimi qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” Qaydalarının 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1.1.-ci, 6.5-1.2-ci, 6.5-1.3-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-4-cü bəndinə əsasən, Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə zərər məbləği ilə bağlı qeyd edir ki, abonentin saldosuna əsasən evdə təbii qazdan işləyən 3 cihaz mövcuddur, lakin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ziyanın həcmi hesablanarkən 2 cihaz nəzərə alınmışdır. Cavabdeh tərəf bu məsələdə başqa mövqeydən çıxış etmir. Lakin akta əsasən hesabat nominal qaz sərfi, yəni 4,5 m3/saat əsas götürülməklə və 24 saat üzrə aparılmışdır. Halbuki, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur. Kombi isə konkret olaraq qış aylarında istilik tələb olunduğu üçün istifadə edilir) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Ümumiyyətlə bu cihazların təyinatı təhlükəsizlik baxımından da onların bütün gün ərzində istifadə edilməsini istisna edir. Bu səbəbdən məhkəmə təbii qazdan sayğacdan kənar istifadə edilməsi səbəbindən qənaət edilməməsi və nəticədə hər cihazdan 24 saat ərzində, fasiləsiz olaraq istifadə edilməsi barədə mövqeyini əsassız hesab edir. Belə olan halda, mövcud vəziyyətdə cavabdeh tərəfindən qaz xəttindən kənar istifadə edilmiş təbii qazın həcminin müəyyən edilməsi üçün məhz abonentin saldosunda olan məlumatlar araşdırılmalıdır. Məhkəmə, yuxarıda qeyd olunan qaydaların tələbini, habelə cihazların təyinatına və istifadə edilməsinə dair yuxarıda nümayiş etdirilmiş mövqeyi, habelə tələbnamə üzrə dəymiş zərər müəyyənləşdirilərkən iş rejiminin 24 saat hesabı ilə hesablandığını nəzərə alıb, qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, itirilmiş qazın bərpası üçün məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı tətbiq edilməli olduğundan, 24 saatlıq iş rejimi nəzərə alınmaqla hesablanmış cəmi 38880 m³ itirilmiş qazın yarısı yəni 19440 m³ həcmində zərər itirilmiş qazın bərpası üçün əsas götürülməli və bu qaydada aparılmış hesablama nəticəsində əldə edilmiş 4665,60 manat zərərin yarısı 2332,80 manat iddiaçıya vurulmuş maddi zərər məbləği kimi qəbul edilməli və həmin məbləğdən cavabdehin ödədiyi 461,70 manat pul cərimə məbləğindən çıxılmalı (2332,80 – 461,70 = 1871,1), qalan 1871,1 manat məbləğində pul cavabdeh tərəfindən vurulmuş maddi zərər kimi iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq, cavabdehdən 27 manat dövlət rüsumu alınaraq iddiaçının hesabına keçirilməlidir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1871,1 (bir min səkkiz yüz yetmiş bir manat 10 qəpik) manat məbləğində zərər və 27 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1871,1 (bir min səkkiz yüz yetmiş bir manat 10 qəpik) manat məbləğində zərər və 27 manat dövlət rüsumu İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2764/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2764/2023
22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver