Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-278/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2010-cu il tarixli AK-030 saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 88921.42 manat – bundan 47150.44 manat əsas, 41770.98 manat faiz borcunun və iş üzrə ödənilmiş 356.76 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 08 iyul 2010-cu il tarixli, AK-030 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 210 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 52648.31 manat məbləğində kredit verilmişdir. Kreditorun Borcluya Zamindən fərdi yaşayış sahəsinin/mənzilin alınması məqsədi üçün kredit verməsindən və Zaminin Kreditor qarşısında Borclunun Müqavilə üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə "xxxx" ASC arasında 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən, bu müqavilə ilə müəyyən edilən öhdəliklərinin icrasının Kreditor qarşısında təminat üsulu Zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 13-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" ASC ilə İddiaçı ASC arasında bağlanmış 08 iyul 2010-cu il tarixli “Zaminlik” müqaviləsinin 4.2-ci maddəsinə əsasən, borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə Kreditorun ilk yazılı müraciətinə əsasən Zamin Borclunun Kreditora olan əsas və faiz borcunu 20 iş günü müddətində Kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.4-cü bəndində qeyd edilmişdir ki: “Zamin bu Müqavilənin 4.2-ci bəndində qeyd olunmuş müddət ərzində borclunun öz üzərinə düşən öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditorun müqavilə üzrə tələblərini tam ödəməyə görə məsuliyyət daşıyır”. Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmuş və **********731 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən **********800 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-yə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Nəticədə 14 iyul 2023-cü il tarixinə cavabdehlərin banka hesablanmış 47150.44 manat əsas, 41770.98 manat faiz, cəmi 88921.42 manat borcu yaranmışdır. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Kreditor İddiaçı ASC-nin “Binəqədi” filialı ilə borcalan Cavabdeh1 arasında 08 iyul 2010-cu il tarixli, AK-030 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Kreditor Borcalana 210 ay müddətinə 52648,31 manat məbləğində kredit vermişdir. Eyni zamanda 08 iyul 2010-cu il tarixdə Kredidor İddiaçı ASC, Zamin “X5” ASC və borcalan Cavabdeh1 arasında üçtərəfli zaminlik müqaviləsi bağlanılmışdır. 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndində qeyd olunur ki, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının kreditor qarşısında təminat üsulu zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Hesab edirik ki, zaminlik müqaviləsinə əsasən Akkordun məsuliyyəti subsidiar məsuliyyət olduğu üçün iddiaçı əvvəlcə əsas borcluya, Cavabdeh1 qarşı tələb irəli sürməli, yalnız borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etdikdən sonra öhdəliyin icra edilməsi ilə bağlı subsidiar məsuliyyət daşıyan zaminə qarşı tələb irəli sürülə bilər. Beləliklə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı iddia tələbi "xxxx" ASC-yə aid hissədə əsassız olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır. İddiaçı LPO İddiaçı ASC etiraz ilə bağlı mülahizə təqdim edərək bildirmişdir ki, kreditorun borcluya zamindən fərdi yaşayış sahəsinin/mənzilin alınması məqsədi üçün kredit verməsindən və zaminin kreditor qarşısında borclunun müqavilə üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə "xxxx" ASC arasında 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən, bu müqavilə ilə müəyyən edilən öhdəliklərinin icrasının kreditor qarşısında təminat üsulu zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinin 4.2-ci maddəsinə əsasən, borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə kreditorun İlk yazılı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz borcunu 20 iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 22 sentyabr 2022-ci il tarixli **********477 saylı xəbərdarlıq məktubu ilə 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinin yuxarıda qeyd edilmiş bəndinə əsaslanaraq, zamin kimi öhdəliklərinin yerinə yetirməsi tələb edilmişdir. iddiaçı tərəfindən həmçinin zaminin subsidiar məsuliyyəti ilə bağlı qaydalara da riayət edilərək, borcludan borcun ödənilməsi tələb edilmişdir, borclu öhdəliyi icra etmədikdən sonra borclu və zaminə qarşı iddia qaldırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil müqavilə üzrə onların ödənişlər etdiyini və həmin ödənişlərin nəzərə alınmadığını əsas gətirərək iddia tələbinə etiraz etdiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, iştirak edən tərəflərin izahatlarını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2007-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı “X5” ASC Bakı şəhərində, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa etdirdiyi 5 saylı binanın, 1-ci blok, 190 saylı, 2 otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənzili “alıcı” Cavabdeh1 satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 144200 manat təşkil edir; - “Texnikabank" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, AK- 030 nömrəli kredit müqaviləsi və ödəniş cədvəlinin surətindən görünür ki, borc verən İddiaçı ASC borc alan Cavabdeh1 210 ay müddətinə, illik 12% hesablanmaqla, 52648,31 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - İddiaçı ASC ilə borclu Cavabdeh1 və zamin "xxxx" ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC xx.xx.2010-cu il tarixli, AK-030 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində bank qarşısında borcalanla eyni şərtlər daxilində subsidiar məsuliyyət daşıyır; - AK/İ-030 saylı, xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan ünvanda yerləşən 103 kv.m olan, 2 otaqlı mənzili xx.xx.2010-cu il tarixli, AK-030 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir; - Cavabdeh1 adına olan çıxarışdan görünür ki, bank tərəfindən borclunun hesabına xx.xx.2010-cu il tarixdə 52648,31 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 borcunun olması və onun 3 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" ASC borcunun olması və onun 3 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - LPO İddiaçı ASC tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixli, AK-030 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə əsas borcu 47150,44 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 41770,98 manat olmaqla, cəmi borcu 88921,42 manat təşkil edir; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 357 manat məbləğində dövlət rüsumu ödənilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7851 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı ASCyə olan borcu xx.xx.2023-cü il tarixə 46605,66 manat əsas, 40655,67 manat faiz borcu, xx.xx.2023-cü il tarixə 46605,66 manat əsas, 41090,66 manat faiz borcu məbləğində müəyyən edilir. Ekspertiza xərci 100 manat təşkil edir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-278/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş əlavə ekspertiza təyin edilməsi barədə vəsatət rədd olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi "xxxx" ASC ilə bağlanmış xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin "xxxx" ASC borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icrası üçün cavabdehdir. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tutulmasını məhkəmədən xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hüquq münasibətlərinin yarandığı zaman mövcud olan və iddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh1 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmışdır. Kredit müqaviləsinin bağlanması və İddiaçı ASC tərəfindən Cavabdeh1 210 ay müddətinə, illik 12 faiz olmaqla, 52648,31 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur. Digər cavabdeh "xxxx" ASC isə xx.xx.2010-cu il tarixində bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə cavabdeh – Cavabdeh1 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının digər cavabdeh - "xxxx" ASC-yə (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidirlər. Əsas və faiz borcunun məbləğinə gəlincə məhkəmə qeyd edir ki, iddiaçı əsas borca görə 47150,44 manat, faiz borcuna 41770,98 manat pul tələb etsə də, məhkəmə tərəfindən keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə 14 iyul 2023-cü il tarixinə (maliyyə arayışında göstərilmiş tarixə) əsas borcun məbləği 46605,66 manat, faiz borcunun məbləği isə 41090,66 manat olaraq müəyyən edilmişdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, əsas borca görə 46605,66 manat, faiz borcuna görə 41090,66 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Cavabdeh "xxxx" ASC-nin etirazı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 453-cü maddəsinə uyğun olaraq kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. Əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. Əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz. Hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borcluya zamindən fərdi yaşayış sahəsinin/mənzilin alınması məqsədi üçün kredit verməsindən və zaminin kreditor qarşısında borclunun bu müqavilə üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsindən ibarətdir. Həmin müqavilənin 4.1 və 4.2-ci bəndlərinə görə bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının kreditor qarşısında təminat üsulu zaminin üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə kreditorun ilk yazılı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz borcunu 20 iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür. Müqavilənin 7.4-cü bəndinə əsasən isə zamin bu müqavilənin 4.2-ci bəndində qeyd olunmuş müddət ərzində borclunun öz üzərinə düşən öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditorun müqavilə üzrə tələblərini tam ödəməyə görə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsi yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2016-cı il tarixində olmuş, iddiaçı tərəfindən Cavabdeh1 borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixində yazılı xəbərdarlıq ünvanlanmışdır. Bu hal Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi, Cavabdeh1 müqavilənin 4.2-ci bəndinin tələblərinə görə müəyyən olunmuş müddətlərdə borcunu ödəməmiş, pozuntuya yol vermişdir. Bununla bağlı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə xx.xx.2010-cu il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən öhdəliklərin yerinə yetirilməsi tələb olunmuşdur. Beləliklə, iddiaçı tərəfindən zaminin subsidiar məsuliyyəti ilə bağlı qaydalara riayət edilərək, borcludan borcun ödənilməsi tələb edilmiş, borclu tərəfindən bu tələb yerinə yetirilmədikdən sonra, müqavilənin 4.2 və 7.4-cü maddələrinə əsasən zaminə qarşı tələb irəli sürülmüşdür. Digər Cavabdeh1 ödənişlərin nəzərə alınmaması barədə etirazı ilə bağlı isə məhkəmə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi 08 iyul 2010-cu il tarixində bağlanmışdır. Hesabdan çıxarışdan görünür ki, müqavilə ilə müəyyən edilmiş pul borclunun hesabına köçürülmüşdür. Cavabdeh tərəfin təqdim etdiyi qəbzlər isə xx.xx.2007-xx.xx.2009-cu illər aralığında olan ödənişləri əks etdirir. Odur ki, təqdim edilən sənədlər tərəflər arasında müqavilə münasibətlərinin yaranmasından əvvəlki tarixlərə aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 46605,66 manat əsas borc, 41090,66 manat faiz borcu olmaqla, cəmi 87696,32 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 357 manat pulun 352 manatı tutularaq LPO İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən 46605,66 manat əsas borc, 41090,66 manat faiz borcu olmaqla, cəmi 87696,32 (səksən yeddi min altı yüz doxsan altı manat, otuz iki qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 357 manat pulun 352 (üç yüz əlli iki) manatı tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X3, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-278/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-278/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver