Məhkəmə qərarları › İş №e-2(005)-2827/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2827/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2827/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6348 (altı min üç yüz qırx səkkiz) manat borc məbləğinin, borcı gecikdirilməsinə görə illik 5% hesablanmaqla (4 il, 1 ay) 1296.05 (min iki yüz doxsan altı manat, beş qəpik) manatın, ödənilir dövlət rüsumunun əvəzi olaraq 30(otuz)manatın və göstərilmiş hüquqi xidmətə görə 1200 (min iki yüz) manatın, cəmi 8.874 (səkkiz min səkkiz yüz yetmiş dörd manat, beş qəpik) manatın tutularaq "İddiaçı" MMC-yəödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 6348 (altı min üç yüz qırx səkkiz) manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 1296.05 (min iki yüz doxsan altı manat beş qəpik) manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın və göstərilmiş hüquqi xidmətə görə 150 (yüz əlli) manat, cəmi 7824,05 (yeddi min səkkiz yüz iyirmi dörd manat beş qəpik) manatın Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aramızda 26 fevral 2014-cü il tarixində 211.00539 saylı (alqı-satqı) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları almış və qeyd olunan borcu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra isə 28 mart 2016-cı il tarixində tərtib oluna və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktına əsasən Cavabdeh müqavilə üzrə “xxxx LT MMC-yə 6348 (altı min üç yüz qırx səkkiz) manat məbləğində borcun olduğu müəyyən olunmuşdur. Lakin bu günə kimi cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Əlavə olaraq bildirmək istəyir ki, tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı-satqı münasibətləri müntəzəm şəkildə davam etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 211.00539 nömrəli, 26.02.2014-cü il tarixli müqavilədən məlum olur ki, Satıcı İddiaçı MMC ona məxsus qiymət cədvəlində göstərilən materialları (bundan sonra hazırki Müqavilədə “Mal” adlandırılacaq) Alıcı Cavabdeh Məhəmmmədəli oğlunun mülkiyyətinə verməyi, Alıcı isə həmin Malı qəbul etməyi və onun əvəzində Malın satış qiymətini qiymət cədvəlində müəyyən edilən məbləğdə və şərtlərlə Alıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 28.03.2016-cı il tarixli üzləşmə aktının surətindən görünür ki, biz aşağıda imza edənlər, “xxxx” MMC-nin satış nümayəndəsi Ramil Səmədov (bundan sonra satıcı) və Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh (bundan sonra alıcı) bu aktı tərtib edirik ondan ötəri ki, aramızda olan alqı-satqı müqaviləsinə əsasən yaranmış borca dair üzləşmə apardıq və birlikdə müəyyən etdik ki, hal-hazırda alıcının satıcıya altı min üç yüz qırx səkkiz manat məbləğində borcu vardır. Alıcı Cavabdeh “xxxx” MMC-yə hal-hazırda 6348 (altı min üç qırx səkkiz) manat məbləğində borcu olduğunu etiraf edir. Aktın məzmunu hər iki tərəfə tam məlumdur və doğruluğunu öz imzalarımızla təsdiq edirik. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan 6348 (altı min üç yüz qırx səkkiz) manat məbləğində borcunun 3 (üç) gün ərzində ödənilməsi xahiş edilir. Borcun həmin müddətdə ödənilmədiyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 26.02.2014-cü il tarixli müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, tərəflər arasında Üzləşmə aktı tərtib olunmuş, bundan sonra da cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilə üzrə hazırda əsas borcu 6348 manat təşkil edir. Bundan başqa məhkəmə, iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 1296,05 manat faiz borcunun tutulması ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə hesab edir ki, İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz ödənilməsini tələb etməkdə haqlı olmuşdur, bu səbəbdən də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş 150 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 150 manat xərcin cavabdehdən tutulmasını əsaslı hesab edir və ağlabatan məbləğdə, yəni hüquqi yardıma görə 150 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 26.02.2014-cü il tarixli müqavilə üzrə 6348 manat əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 1296,05 manat faiz borcu, 30 (otuz) manat dövlət rüsumu və göstərilmiş hüquqi xidmətə görə 150 (yüz əlli) manat, cəmi 7824,05 (yeddi min səkkiz yüz iyirmi dörd manat beş qəpik) manat tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 26.02.2014-cü il tarixli müqavilə üzrə 6348 manat əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 1296,05 manat faiz borcu, göstərilmiş hüquqi xidmətə görə 150 (yüz əlli) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7824,05 (yeddi min səkkiz yüz iyirmi dörd manat beş qəpik) manatın tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar