Məhkəmə qərarları › İş №e-2(005)-2836/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2836/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2836/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (açar sözlər: kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12821.71 AZN əsas; 1254.07 AZN faiz;cəmi 14075.78 AZN məbləğində vəsaitin və ödənilmiş 132.23 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK0250393C239 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 23.9 faiz dərəcəsi ilə 13162 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, borcdan məlumatlıdır, vəsaiti özü üçün deyil, işlədiyi yerdə müdiri üçün götürmüşdür, kreditdən müdiri istifadə etmişdir. Müdiri bildirmişdir ki, maliyyə problemləri var, məbləği götürür üç gün ərzində kredit ödəniləcək. Lakin ödənilməmişdir. Ondan başqa bir neçə nəfər də kredit götürmüş, lakin rəhbər vəfat etdiyinə görə borc ödənilmədi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçın məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK0250393C239 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 23.9 faiz dərəcəsi ilə 13162 AZN məbləğində kredit verilmişdir. -xx.xx.2024-cü il tarixli, GTZK0250393C239 saylı kredit müqaviləsinə əlavə ödəniş qrafikindən görünür ki, kreditin məbləği 13162 AZN , faiz dərəcəsi 23.9 % illik, müddəti 48 aydır. - xx.xx.2024-cü il tarixli kassa məxaric orderi ilə müəyyən olunur ki, Cavabdeh 13162AZN məbləğində krediti Bankın Zəfər filialından təhvil almışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK0250393C239 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 23.9 faiz dərəcəsi ilə 13162 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli, GTZK0250393C239 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 12821.71 AZN əsas; 1254.07 AZN faiz; cəmi 14075.78 AZN borcu yaranmışdır. - İddiaçı ASC Bank tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən borcun tam ödənilməsi tələb olunmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında cavabdehə 48 ay müddətinə illik 23.9 % olmaqla 13162 AZN məbləğində kredit verilməsinə dair xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin iddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh aylıq ödənişləri etməyərək müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubu ünvanlanmışdır. Bununla belə borc ödənilməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqavilələri üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq 12821,71 (on iki min səkkiz yüz iyirmi bir manat yetmiş bir qəpik) manat əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə nəzərdə tutulmuş illik 23.9 % faiz dərəcəsinə görə hesablanan faiz borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK0250393C239 saylı kredit müqaviləsinə əsasən (1.1.4-cü bəndi), kreditin illik faiz dərəcəsi 23.9 % müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan hallara əsasən cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə götürdükləri öhdəlikləri tam yerinə yetirməmişdir. Belə olan halda cavabdeh əsas məbləğ üzrə qalıq borcu ilə bərabər hesablanmış faiz borcunu da ödəməlidir. Odur ki, hazırda iddia tələbi üzrə 1254,07 (min iki yüz əlli dörd manat yeddi qəpik) manat faiz borcu hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 132,23 (yüz otuz iki manat iyirmi üç qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12821,71 (on iki min səkkiz yüz iyirmi bir manat yetmiş bir qəpik) manat əsas, 1254,07 (min iki yüz əlli dörd manat yeddi qəpik) manat faiz olmaqla, cəmi 14075,78 (on dörd min yetmiş beş manat yetmiş səkkiz qəpik) manat pul vəsaiti və 132,23 (yüz otuz iki manat iyirmi üç qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216-220, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 12821,71 (on iki min səkkiz yüz iyirmi bir manat yetmiş bir qəpik) manat əsas, 1254,07 (min iki yüz əlli dörd manat yeddi qəpik) manat faiz olmaqla, cəmi 14075,78 (on dörd min yetmiş beş manat yetmiş səkkiz qəpik) manat pul vəsaiti və 132,23 (yüz otuz iki manat iyirmi üç qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar