Məhkəmə qərarları › İş №e-2(005)-2839/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2839/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2839/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnа qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borc müqaviləsi üzrə 700 manat qalıq borc, 269 manat faiz borcu olmaqla, cəmi 969 manat borcun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onunla əsaslandırdı ki, 16 fevral 2022-ci il tarixdə ailəsinə məxsus nəqliyyat vasitəsi ilə cavabdehin idarə etdiyi **-XB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin toqquşması zamanı ona dəymiş zərəri aradan qaldırmaq üçün cavabdehin xahişi ilə onun avtomobilinin təmiri üçün cavabdehə 1000 (bir min) manat borc vermiş və razılaşmışlar ki, sığorta hadisəsi üzrə kompensasiyanı alan kimi onun 1000 manatını geri qaytarsın. O, 1000 manatı 19 fevral 2022-ci il tarixdə cavabdehin xahişi ilə onun bank kartına ödəmişdir. Cavabdeh sığorta hadisəsi üzrə kompensasiyanı alsa da (bu barədə 16 mart 2022-ci il tarixdə cavabdeh özü ona “WhatsApp”la yazaraq məlumat vermişdir) ona olan borcunu geri qaytarmır. Yalnız 09 aprel 2022-ci il tarixdə onun kart hesabına 300 manat qaytarmışdır. Dəfələrlə vədinə baxmayaraq, cavabdeh qalan borcunu ödəməkdən yayınır və ona ziyan vurur. 13 iyun 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmiş və ona qarşı qanunvericiliyə uyğun olaraq hüquqi proseduru başlayacağı barədə xəbərdarlıq etmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilməsinə bахmаyаrаq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumаt vеrməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarında olan 19 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə Cavabdeh "xxxx" ASC-dəki kart hesabına 1000 (bir min) manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 09 aprel 2022-ci il tarixli qəbzə və iddiaçının izahatına əsasən müəyyən olunur ki, Cavabdeh “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə İddiaçı kart hesabına 300 (üç yüz) manat məbləğində pul ödəmişdir. İşin məhkəmə iclasında araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi borc müqaviləsinə əsasən iddiaçı cavabdehin avtomobilinin təmiri üçün sonuncuya 1000 (bir min) manat borc pul vermiş, cavabdeh isə aldığı borc pulu sığorta hadisəsi üzrə kompensasiyanı alan kimi iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Eyni zamanda, tərəflər arasındakı “WhatsApp” sosial şəbəkəsindəki yazışmalar zamanı müəyyən olunmuşdur ki, cavabdehə sığorta hadisəsi üzrə kompensasiya ödənilsə də, (16 mart 2022-ci il tarixli yazışma) o, aldığı borc pulu iddiaçıya qaytarmamış, iddiaçının dəfələrlə etdiyi müraciətlərdən sonra borc məbləğinin 300 manatını 09 aprel 2022-ci il tarixdə iddiaçının kart hesabına ödəmiş, qalan pulu isə hal-hazıradək qaytarmamışdır. Bununla da Cavabdeh şifahi borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş, nəticədə iddiaçıya ödənilməmiş 700 manat məbləğində borcu qalmışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericilyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdeh İddiaçı xeyrinə 700 manat məbləğində pul vəsaitinin tutulması hissəsinin təmin olunması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla yanaşı, iddiaçı Cavabdeh 269 manat faiz borcunun tutulmasını tələb etmiş, lakin məhkəmə araşdırması zamanı öz tələbinin qeyd olunan hissədə əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqi tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 700 manat məbləğində pul vəsaiti tutulmalı, о cümlədən, iş üzrə məhkəmə xərci cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əsasən məhkəmədə hazırkı iddianın qaldırılması üçün İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə, 700 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar